MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Şimali Azərbaycan uğrunda İkinci Rusiya-Qacar savaşı. Türkmənçay sülhü



Yüklə 418,25 Kb.
səhifə57/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   53   54   55   56   57   58   59   60   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Şimali Azərbaycan uğrunda İkinci Rusiya-Qacar savaşı. Türkmənçay sülhü. Cənubi Azərbaycanın valisi Abbas Mirzə Qacar Gülüstan müqaviləsindən sonra bütün səylərini Azərbaycan ordusunun yenidən qurulmasına və müasir silahlarla təchiz edilməsinə yönəltmişdi. Bu işdə ona İngiltərə hökuməti köməklik göstərirdi. 1814-cü ildə bağlanan sazişə görə İngiltərə Qacarlara hər cür hərbi kömək göstərməli və şimal torpaqlarının geri qaytarılması üçün Rusiya ilə danışıqlar aparmalı idi. Qacarlar isə Hindistan üçün yarana biləcək hər hansı bir təhlükənin qarşısını almağa söz vermişdilər.

1825-ci ildə Sankt-Peterburqda baş vermiş dekabristlər üsyanı haqqında ingilis diplomatlarından məlumat alan Fətəli şah Qacar bu əlverişli fürsətdən istifadə edərək Rusiya ilə yeni savaşa girməyi qərara aldı. Fətəli şah hərbi qüvvə, sursat, ərzaq və maliyyə təminatı baxımından bütün müharibənin ağırlığı və məsuliyyətini Cənubi Azərbaycanın valisi və Azərbaycan ordusunun komandanı vəliəhd Abbas Mirzənin üzərinə qoymuşdu. Abbas Mirzə isə yetərincə maliyyə dəstəyi olmadığından ordudakı islahatları başa çatdırmamışdı və Rusiya ilə savaşa girməyin hələ tez olduğunu düşünürdü. Abbas Mirzəyə sığınan Şimali Azərbaycan xanları da müharibəyə tez başlamağın tərəfdarı idilər və Abbas Mirzəyə bildirmişdilər ki, onun qoşunu Araz çayını keçərsə, xanlıqların bütün əhalisi kafirlərə qarşı üsyana tamamilə hazır vəziyyətdədir. Fətəli şahın qərarı ilə 1826-cı ildə Rusiya ilə yeni savaş başladı. 1826-1828-ci illər ikinci Rusiya-Qacar müharibəsinin başlanğıcı ruslar üçün uğursuz oldu. Abbas Mirzənin başçılıq etdiyi ordu iyulun 26-da artıq Qarabağın böyük hissəsinə nəzarəti ələ keçirib, Şuşanı mühasirəyə aldı. Onun göstərişi ilə keçmiş Şamaxı hakimi Mustafa xan qoşunla Şirvana, Mirhəsən xan qoşunla Lənkərana, Uğurlu xan Ziyadoğlu - Gəncəyə, Səlim xanın oğlu Hüseyn xan - Şəkiyə yollandılar. İrəvanın sərdarı Hüseyn xan və Kartli-Kaxet çarı II İraklinin ruslara qəti düşmən olan şahzadə oğlu Aleksandr qoşunla Tiflis üzərinə hücuma başladılar. Şimali Azərbaycan xanları demək olar ki, öz keçmiş xanlıqlarında hakimiyyətlərini bərpa etdilər. Rusiyanın müstəmləkə zülmündən bezmiş əhalinin üsyana qalxması bu işdə az rol oynamadı. Məsələn Gəncədə iyunun 17-də bəy və ruhanilərin başçılığı ilə böyük bir üsyan baş vermiş və ruslar Gəncədən qovulub çıxarılmışdılar. Lənkəran, Şamaxı və Şəkidə də ruslar əleyhinə üsyanlar baş vermişdi. 1826-cı ildə rus müstəmləkə rejiminə qarşı bütün Şimali Azərbaycanı bürüyən üsyan heç də təsadüfi deyil ki, rəsmi mənbələrdə «ümummüsəlman üsyanı» adlandırılmışdır və bu üsyana görə çar Nikolay hətta 2 mart 1827-ci ildə Ali fərman verərək Qafqazın baş hakimi və baş komandanı general A.P.Yermolova şiddətli töhmət verərək vəzifəsindən uzaqlaşdırmışdı.

Ancaq Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq halda olan rus qoşunlarını əzmək, bütün qüvvəsini rus qoşunlarının çəkildiyi Tiflisə yönəltmək əvəzinə, 48 gün Şuşanı mühasirədə saxlamaqla böyük vaxt itkisinə yol verdi. Rus komandanlığı bundan yararlanaraq dağınıq qoşunlarını birləşdirdi və strateji təşəbbüsü ələ keçirib əks-hücuma başladı. 1826-cı il sentyabrın 3-də Abbas Mirzənin qoşunu Şəmkir yaxınlığında məğlubiyyətə uğrayaraq Gəncəyə çəkildi. İkinci döyüş sentyabrın 13-də Gəncə ətrafında baş verdi. İkinci Rusiya–Qacar müharibəsinin taleyində həlledici rol oynayan Gəncə döyüşündə Abbas Mirzə məğlubiyyətə uğradı. Beləliklə, düzgün hərbi taktika seçilmədiyindən Azərbaycanın şimal torpaqlarında kütləvi xalq üsyanlarının yaratdığı çox əlverişli imkan əldən verilmiş oldu. Abbas Mirzənin ordusu və qaçqın xanlar Şimali Azərbaycanı tərk etməyə məcbur oldular.

Yermolovu əvəz etmiş yeni baş komandan qraf Paskeviçin başçılığı ilə rus qoşunlarının 1827-ci il iyunun 26-da Naxçıvan qalasını ələ keçirtməsi Qacar ordusunun komandanı Abbas Mirzəni hərəkətə gətirdi. Lakin 1827-ci iyulun 7-də Cavanbulaq döyüşündə onun məğlubiyyətə uğraması Abbasabad qalasının taleyini həll etdi. İrəvan xanlığının əhalisinin də Qacar qoşunu ilə birlikdə müqavimət göstərməsinə baxmayaraq, Abbasabadın ardınca Sərdarabad qalası da rusların əlinə keçdi. Nəticədə İrəvana yol açıldı. Sentyabrın 26-da rus qoşunları İrəvan qalasını mühasirəyə aldılar. İrəvanın sərdarı Hüseyn xanın başçılığı ilə qalanın müdafiəçiləri ciddi müqavimət göstərsələr də, oktyabrın 1-də İrəvan ruslar tərəfindən ələ keçirildi. İrəvanın alınması Rusiya imperiyasının paytaxtı Peterburqda böyük sevinclə qarşılandı. Çar I Nikolay İrəvanın fəthi şərəfinə 1827-ci il noyabrın 4-də Ali fərman imzaladı. Ali fərmanla "rus silahının müsəlman xarabalıqları üzərində qələbəsi şərəfinə İrəvanın baş məscidinin provoslav-yunan-rus kilsəsinə çevrilməsi" qərara alınmışdı. "Erevanski" ləqəbi ilə mükafatlandırılan qraf Paskeviç yazırdı ki, şəhər alınarkən burada 10 min müsəlman ailəsi və 3 min erməni ailəsi yaşayırdı. Həmin ermənilər ruslara cəsusluq etməklə yanaşı, İrəvan qalasının qapılarından birini rus qoşununun üzünə açmışdı.

Rus qoşunları Cənubi Azərbaycan torpaqlarına daxil olaraq əvvəl Mərəndi, sonra isə Təbrizi ələ keçirtdilər. Təbrizin tutulması ilə Tehrana yol açıldı. 1828-ci il yanvarın 28-də Urmiyanın, fevralın 8-də isə Ərdəbilin tutulması Abbas Mirzə Qacar ilə Paskeviç arasında sülh danışıqlarının sürətlənməsinə səbəb oldu. 1828-ci il fevralın 10-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində müqavilə imzalandı. 16 maddədən ibarət Türkmənçay müqaviləsində Gülüstan müqaviləsinin bəzi maddələrinin məzmunu saxlanmış, təzminat və s. haqqında yeni maddələr əlavə edilmişdi. Yəni əslində Gülüstan müqaviləsinin qüvvədən düşdüyü və onun Türkmənçay müqaviləsi ilə əvəz olunduğu göstərilirdi (maddə 2). Müqavilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya keçməsini təsdiq edir (maddə 3), sərhədləri ayırır (maddə 4), Qacar hökumətinin Rusiyaya 20 milyon gümüş manat təzminat ödəyəcəyi bildirilirdi (maddə 6), Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ təsdiq edilirdi (maddə 8).

Türkmənçay müqaviləsinin 15-ci maddəsini xüsusi qeyd etmək lazımdır. Bu maddədə Qacar dövlətinin Azərbaycan vilayətinin (yəni Cənubi Azərbaycan) əhalisinə Rusiyaya sərbəst keçə bilmək, keçərkən daşına bilən əmlakını gömrük və vergi qoyulmadan özü ilə aparmaq və ya bir il ərzində satmaq hüququ verilirdi. Onların daşınmaz əmlakının satılması üçün isə beş ililk müddət müəyyən edilirdi. Bu maddədə əlbəttə, söhbət Azərbaycan türklərindən getmirdi. Açıq və konkret şəkildə müqavilədə ermənilərin adı çəkilməsə də, iki dövlət arasında ümumi razılıq belə idi.

1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsi də rusların qələbəsi ilə başa çatdı. 1829-cu il Ədirnə müqaviləsinə görə Osmanlı dövləti bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalını hüquqi baxımdan təsdiq etdi. Rusiya Qara dəniz sahillərini, xüsusilə Axalsıx vilayətinin bir neçə şəhərini ələ keçirtdi. Ədirnə müqaviləsi ilə Osmanlı dövlətindən erməni əhalisinin Rusiyaya sərbəst şəkildə keçməsinə icazə verildi.

Xalqımızın taleyində faciəvi rol oynayan Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı təsdiq olundu. Bu müqavilənin ən dəhşətli nəticəsi isə xalqımızı və vətənimizi iki yerə parçalaması oldu.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin