1847-ci il «Kəndli Əsasnamələri». Azərbaycanın sahibkar kəndində bəy-kəndli münasibətlərinə tam hüquqi aydınlıq gətirmək və bu münasibətləri rəsmi şəkildə tənzimələmək üçün çar hökuməti 1847-ci ilin aprelin 20-si və dekabrın 28-də iki mühüm sənəd qəbul etdi. «Kəndli Əsasnamələri» adlanan bu sənədlərdən birincisi Şuşa, Şamaxı, Şəki, Bakı, Quba və Lənkəran qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax, Şəmşəddil və Borçalı məntəqələrinin ağa kəndlilərinə aid idi.
Yeni hüquqi sənədə görə 15 yaşından yuxarı kişi xeylağı olan kəndli 5 desyatinə qədər torpaq payı ilə təmin olunmalı, bunun qarşılığında kəndli taxıl məhsulunun onda birini, çəltik, meyvə-tərəvəz məhsulunun üçdə birini malcəhət vergisi şəklində bəyə verməli idi. Kəndli torpağı bəyin iş heyvanı, toxumu və alətlərindən istifadə edərək becərirdisə, malcəhət məhsulun beşdə birini təşkil edirdi. Otlaqlardan istifadə edən kəndlilər bəyə çöpbaşı adlı vergi ödəməli idilər. Bəy təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsi bir kişi ayırmalı idi. Biyara çıxan kəndli ildə 18 gün əkin-biçin işi aparmalı idi. Kəndli biyara çıxmaq istəmirdisə, əvəzində pul ödəməli idi. Bütün kəndlilər hamılıqla ildə iki gün bəyin təsərrüfatında əvrəz adlanan işi yerinə yetirməli idi.
Bəyin ev işlərini görmək üçün hər on kəndli ailəsi bir kişi, hər on beş ailə isə bir qadın qulluqçu ayırmalı idi. Bu sonuncu tələb əhali içərisində böyük narazılıq doğurdu. Azərbaycanda tarix boyu torpaq sahibinin evinə qadın qulluqçu göndərmək ənənəsi olmamışdı. Azərbaycan bəyləri əsil kişilik göstərərək hökumətdən bu qaydanın ləğv olunmasını qəti şəkildə tələb etdilər. Hökumət kəndlilərin bəyin evinə qadın qulluqçu göndərməsi mükəlləfiyyətini ləğv etdi.
«Əsasnamələr»lə kəndlilər üzərində bəylərə polis və məhkəmə hüququ, kəndlilərə isə yaşayış yerini dəyişib başqa kəndlərə keçmək hüququ verilirdi. Başqa bəyin kəndinə keçmək istəyən kəndli bütün vergi və mükəlləfiyyətləri əvvəlcədən ödəməli və onu qəbul edəcək bəyin də razılığını almalı idi.
Beləliklə, 1847-ci il «Kəndli Əsasnamələri» ali müsəlman zümrəsi ilə kəndlilər arasındakı qarşılıqlı münasibətləri rəsmiləşdirərək qanuni şəklə saldı.
1861-ci ildə Rusiyada kəndli islahatı keçirilmiş və təhkimçilik hüququ ləğv edilmişdi. Rusiyadan fərqli olaraq Azərbaycanda sahibkar kəndliləri torpağa təhkim olunmamışdılar və sahibkarlarla kəndlilər arasında yalnız asılılıq münasibətləri hökm sürürdü. Çar hökuməti XIX əsrin 60-cı illərinin əvvəllərində Şimali Azərbaycanda kəndli islahatının keçirilməsinə hazırlıq görməyə başladı. İslahatı keçirtmək üçün ilk növbədə dövlət, sahibkar və kəndlilərin pay torpaqlarının sərhədlərini müəyyənləşdirmək üçün 1861-ci ildə Zaqafqaziya Mərz Palatası yaradıldı. Mərzləşdirmə işi o qədər ləng gedirdi ki, 1862-ci ildən, yəni bu iş başlayandan keçən 25 il ərzində torpaqların cəmi 5 %-i mübahisəsiz hesab edilmişdi. İslahata hazırlıq sahəsində ikinci mühüm addım 1866-cı ildə bəy komissiyalarının yaradılması oldu. Bu komissiyalar Bakı, Tiflis, İrəvan quberniyalarında və Şuşa qəzasında ali müsəlman zümrəsinin tərkibini dəqiq müəyyənləşdirməli idi. Bəy komissiyalarının fəaliyyəti nəticəsində bütövlükdə Şimali Azərbaycanda 1188 bəy nəsli əsl - nəcabətli bəy nəsli kimi tanınmış, 1048 nəslə isə lazımi təsdiqedici sənədləri olmadığı əsas gətirilərək bəy titulu verilməsindən imtina edilmişdi.
Rusiya hökuməti nəhayət 1870-ci ilin may ayının 14-də Azərbaycanın sahibkar kəndində islahat keçirilməsini nəzərdə tutan Əsasnaməni təsdiq etdi. 14 may 1870-ci il Əsasnaməsində kəndliləri və bəyləri maraqlandıran üç əsas məsələyə - feodal aslı münasibətlərin ləğv edilərək kəndlilərə azadlıq verilməsi, torpaq, vergi və mükəlləfiyyət məsələlərinə toxunulmuşdu.
Əsasnamə ilə Azərbaycanın sahibkar kəndlilərinin feodal aslılıq münasibətlərinə son qoyulması və onlara azadlıq verilməsi elan edilirdi. Əsasnaməyə görə kəndlinin istifadəsində olan torpaq və əkin sahələri, meyvə, tut, üzüm bağları onun pay torpağı hesab edilirdi və həmin pay torpağı kəndlinin daimi istifadəsində saxlanılırdı. Kəndli öz pay torpağını hissə - hissə və ya bütöv şəkildə sahibkarla qarşılıqlı razılığa əsasən satın ala bilərdi, ancaq satın alınacaq torpaqlar bir ev və ya kəndli ailəsi üçün 15 desyatindən çox ola bilməzdi. Satınalma zamanı kəndliyə dövlət tərəfindən heç bir yardım göstərilmirdi.
Sahibkar kəndlilərinin satın alacaqları torpaqların qiymətləri çox yüksək müəyyən edilmişdi və bütövlükdə Rusiyadakından 7,7 dəfə baha idi. Üstəlik dövlət də «ödənc» əməliyyatının həyata keçirilməsinə heç bir maddi yardım göstərmirdi. Rusiyada torpağın satın alınması həm də məcburi idi. Kəndli bankları vasitəsilə torpaqların satın alınmasına borc pul ayrılırdı. Bunun nəticəsidir ki, 1870-ci il kəndli islahatı Azərbaycanın sahibkar kəndlisini torpaq mülkiyyətçisinə çevirmək əvəzinə, onların yalnız torpaqdan daimi istifadə hüququnu qanuni şəklə salmışdı. Ancaq tək elə bu cəhəti ilə də islahat burjua xarakteri daşıyırdı, çünki sahibkar kəndliləri praktiki olaraq öz pay torpaqlarının sahibləri kimi çıxış edirdilər, mülkədar heç cürə onu bu torpaqdan çıxara bilməzdi. İndi kəndli hər desyatin torpağa görə natural vergi olan onda bir (malcəhət) və yaxud otuz qəpik pul ödədikdən sonra məhsulun yerdə qalan hissəsindən sərbəst şəkildə istifadə edə bilərdi.
Ümumiyyətlə, 1870-ci ildən 1912-ci ilədək Şimali Azərbaycanın çox az - cəmi 40 sahibkar kəndində 2 min desyatin torpaq sahəsi kəndlilər tərəfindən satın alınmışdı. Buna görə də sahibkar kəndliləri 1912-ci il aqrar islahatına qədər öz pay torpaqlarının mülkiyyətçisinə çevrilə bilmədiklərindən uzun müddət "müvəqqəti mükəlləfiyyətli" hesab edilmişdilər.
Hər kəndli ailəsindən 18 gün müddətində mülkədarın təsərrüfatında işləmək üçün bir nəfər ayrılmasını nəzərdə tutan biyar mükəlləfiyyəti 1870-ci il islahatına görə ləğv edilmişdi. Biyar hər desyatin pay torpağına görə otuz qəpik pulla əvəz olunurdu.
1870-ci il islahatı ilə Azərbaycanın sahibkar kəndlilərinin azad elan edilməsi və qeyri-iqtisadi asılılıq münasibətlərinin ləğv olunması kənddə kapitalist münasibətlərinin inkişafına müəyyən yol açmışdı.
Dostları ilə paylaş: |