MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Sənaye və nəqliyyatın inkişafı



Yüklə 418,25 Kb.
səhifə68/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   64   65   66   67   68   69   70   71   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Sənaye və nəqliyyatın inkişafı. XIX əsrin son 30 illiyində Şimali Azərbaycanın iqtisadiyyatı kapitalistcəsinə sürətli inkişaf yolu keçmiş, artıq fabrik - zavod mərhələsində olan sənaye istehsalında yeni mütərəqqi texnika və texnologiyalar tətbiqinə başlanılmış, iqtisadiyyatda bir sıra struktur dəyişiklikləri baş vermişdi. Belə struktur dəyişikliklərdən biri və ən mühümü neft sənayesi ilə bağlıdır. 1850-ci ildən 1870-ci ilə qədər iltizama verilən neftçıxarmada yeni texnika tətbiq etmək və bu sahəyə iri həcmli kapital qoymaq mümkün deyildi. Neft sənayesində iltizam sisteminin ləğv edilməsi haqqında 17 fevral 1872-ci il qanunu qəbul olunduqdan sonra neft yataqları hərrac yolu ilə, xüsusi adamlara uzun müddətə icarəyə verilməyə başlandı. 70-ci illərin sonlarından neft sənayesinə xarici kapitalın axını başlamışdı. 1879-cu ildə Bakıda İsveç təbəələri tərəfindən "Nobel qardaşları şirkəti"nin əsası qoyulmuşdu. 80-ci illərdə fransız kapitalını təmsil edən Rotşild, 90-cı illərdə isə ingilis kapitalının nümayəndəsi Vişau neft sənayesində müəyyən nüfuz qazanmışdılar. Bakı neft sənayesində Azərbaycan kapitalının Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları, rus kapitalını Kokarev, Qubonin, Şibayev və başqaları təmsil edirdilər. Bakıda 1873-cü ildə cəmi 12 neft şirkəti fəaliyyət göstərirdisə, 1899-cu ildə bunların sayı 140-a çatmışdı.

Neft hasilatına iri kapital qoyuluşları, bu sahədə sənaye-texniki çevrilişin baş verməsinə gətirib çıxartmışdı. 70-ci illərdə neft quyularının yeni buruq və zərbə üsulları ilə qazılmasına başlanılmışdı. 1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Bu texniki yeniliklər neft sənayesində manufaktura mərhələsinin fabrik - zavod mərhələsi ilə əvəz olunması demək idi.

Hesablamalara görə, 1865-ci ildən - 1901-ci ilədək Bakıda neft çıxarılması 1200 dəfəyə qədər artmışdı. Azərbaycanın neftçıxarma sənayesi 1898-ci ildə 489 milyon pud neft hasil etməklə bu sahədə dünyada birinci yerdə olan ABŞ-ı ötüb keçmişdi. 1901-ci ildə dünya üzrə bütün neftin yarıdan çoxu, Rusiya neftinin isə 90%-dın çoxu Bakıda çıxarılırdı.

Neft hasilatının çoxalması neft sənayesinin həm də yeni, neft emal edən sahələrinin yaranması və inkişafına təkan vermişdi. Belə ki, 1873-cü ildən sonra Bakının Qaraşəhər, Keşlə və Ağşəhər rayonlarında neftayırma zavodlarının tikintisinə başlanmışdı. Artıq 1890-cı ildə Bakıda 148 neft emal edən zavod var idi.

Bu dövrdə ağ neft məhsullarının daşınmasını asanlaşdırmaq üçün 1897-ci ildə Bakı - Batum neft kəmərinin çəkilişinə başlanılmış, ancaq bu tikinti 10 il sonra başa çatmışdı.

1884-cü ildə Bakıdakı iri neft şirkətləri ("Nobel qardaşları", Rotşild və b.) öz iqtisadi maraqlarını birlikdə qorumaq və yüksək gəlir əldə etmək məqsədi ilə Neft Sənayeçilərinin Qurultayı adlanan xüsusi bir təşkilat yaratmışdılar. Bu təşkilata başçılıq edən Qurultay Şurasına ən iri neft şirkətlərinin nümayəndələri seçilirdi.

1893-cü ildə neft sənayeçilərinin Peterburq müşavirəsində hökumətin himayəsi ilə yaradılan "Bakı ağ neft zavod sahibləri ittifaqı" 92 iri və xırda şirkəti birləşdirirdi. Bakı ağ neft sahibkarlarının demək olar ki, 90% -i həmin ittifaqa daxil idi və Bakıda emal edilən neft məhsullarının 97% -i onların zavodlarının payına düşürdü. İttifaqda aparıcı rol oynayan "Nobel qardaşları" şirkəti 1894 - 1895-ci illərdə ABŞ-ın neft maqnatı Rokfellerin "Standart oyl" neft şirkəti ilə dünyadakı ağ neft satışı bazarlarının bölüşdürülməsi üzrə saziş bağlamışdı.

Bu dövrdə neftayırma sənayesində də təmərküzləşmə prosesi güclənmişdi. 1899-cu ildə Bakıda 6 ən iri neftayırma zavodunda bütün neft məhsullarının 54%-i emal olunurdu.

Neft sənayesinin inkişafı bu sahə ilə bağlı olan gəmiçilik, mexaniki istehsal, kükürd kolçedanı və turşusu, soda və s. istehsalının da inkişafına təkan vermişdi. "Nobel qardaşları" şirkəti 1893-cü ildə "Simens qardaşları" cəmiyyəti ilə bağladığı müqaviləyə görə hər il bu cəmiyyətdən 80 min pud kükürd kolçedanı satın alırdı. Bakıdakı mexaniki zavodlar neft sənayesini buxar qazanları və digər məhsullarla təmin edirdi.

Azərbaycanın digər şəhər və qəzalarında kapitalist sənaye müəssisələri Bakıdan da xeyli əvvəl yaranmışdı. Zəngin filiz mədənlərinə malik Gədəbəydə Simens qardaşlarına məxsus mis əritmə zavodu və 1884-cü ildə onların tikdirdiyi Qalakənd misəritmə - missaflaşdırma zavodu 80 - 90-cı illərdə orta hesabla hər il 50 - 130 min pud mis istehsal edirdi. Simens qardaşları bu iki zavodu bir - biri ilə bağlamaq üçün darxətli dəmir yolu və Dəllər stansiyasından həmin müəssisələrə 21 verst uzunluğunda neft kəməri çəkdirmişdilər.

1879-cu ildə Bakıda cəmi bir, 1891-ci ildə isə dörd tütün fabriki, 1885-ci il məlumatına görə, Yelizavetpolda üç tütün fabriki işləyirdi. Cənubi Qafqaz üzrə demək olar, bütün tənbəki fabrikləri Azərbaycanda yerləşirdi.

1883-cü il mayın 8-də Bakı - Tiflis dəmir yolu xətti işə salınmışdı. 514 verst (1verst 1 kilometrdən bir az çoxdur) uzunluğunda olan bu yol Bakını Tiflis və Qara dəniz sahilindəki Batum şəhəri ilə birləşdirirdi. 1900-cü ildə Petrovsk (Mahaçqala) - Dərbənd - Biləcəri dəmir yolu xəttinin işə salınması ilə Cənubi Qafqaz dəmir yolu Ümumrusiya dəmir yoluna birləşdirilmişdi. Dəmir yollarının çəkilməsi ayrı - ayrı şəhər və məntəqələrin kapitalist sənayesi və ticarəti mərkəzinə çevrilməsinə, daxili bazarın daha da genişlənməsinə və xarici ticarətin inkişafına güclü təsir göstərmişdi.

XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın iqtisadi inkişafının əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, sənayenin bir çox sahələri (neftçıxarma, neft emalı, metallurgiya, yeyinti, yüngül sənaye sahələri və s.) kapitalist istehsalının fabrik - zavod mərhələsində olduğu halda, bəzi sənət və kustar sənaye sahələri (boyaqçılıq, ipəksarıma, dulusçuluq, xalçaçılıq və s.) hələ də manufaktura mərhələsinə yüksələ bilməmişdi.

Kapitalist ticarətinin təşkilinin ali forması olan birja Cənubi Qafqazda ilk dəfə Bakıda açılmışdı. Ticarət kapitalının təmərküzləşməsi nəticəsində bu sahədə ilk inhisarlar da məhz Bakıda meydana çıxmışdı.

XIX əsrin II yarısında Şimali Azərbaycanın sosial - iqtisadi həyatında baş vermiş burjua dəyişiklikləri Azərbaycan millətinin formalaşmasına şərait yaratmışdı. Millət, insanların elə birliyinə deyilir ki, burada ümumi tarixi ənənələrin daşıyıcısı olan insanlar eyni irqə və ya etnosa mənsub olmaqla yanaşı, dil, ərazi, mədəniyyət birliyinə və ümumi iqtisadi həyat birliyinə də malik olmalıdır. 1. Davamlı iqtisadi birliyin olması; 2. Xalqın iradəsinə tabe olan vahid siyasi hakimiyyət və 3. İnsan hüquqlarına hörmətlə yanaşan cəmiyyətin mövcudluğu da millətin formalaşmasında mühüm rol oynayır.

XIX əsrin II yarısında Şimali Azərbaycanda cəmiyyətin strukturunda baş vermiş ən mühüm dəyişikliklərdən biri yeni bir burjua zümrəsinin yaranması idi. Formalaşmaqda olan Azərbaycan burjuaziyasının tərkibinə neft sənayeçiləri, dağ - mədən, yüngül və yeyinti sənaye müəssisələri sahibləri və ticarət kapitalının nümayəndələri daxil idi. Azərbaycan burjuaziyasının tərkibi çoxmillətli idi. Bu zümrəyə Azərbaycan - türk, rus, erməni və digər xalqların nümayəndələri daxil idi. Azərbaycan milli burjuaziyasını isə H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Nağıyev və başqaları təmsil edirdilər. Azərbaycan kapitalı yüngül və yeyinti sənayesi sahəsində daha geniş şəkildə təmsil olunurdu.

Belə ağır şəraitdə Azərbaycan xalqı öz etnik türk kimliyinidilini qoruyub saxlamağa çalışırdı. Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi vətənpərvər, maarifçi ziyalılarımız bu dövrdə «Azərbaycan» və «Azərbaycan milləti» ideyasını ortaya ataraq geniş şəkildə təbliğ etməyə başlamışdılar. Çar hökumət orqanlarının Azərbaycanlıları gah müsəlman, gah türk, gah tatar adlandırdıqları bir şəraitdə Mirzə Fətəli Axundov ilk dəfə «millət» anlayışını irəli sürmüş, Tiflisdə Azərbaycan türk dilində 1883-cü ildən çıxmağa başlayan «Kəşkül» qəzeti isə ilk dəfə "Azərbaycan milləti" ifadəsini işlətmişdi.

Bu dövrdə Azərbaycanın vətənpərvər - maarifçi ziyalılarının fəaliyyətində üç mühüm məsələ aparıcı yer tuturdu: 1. Xalqı maarifləndirmək; 2. Milli şüuru oyatmaq; 3. Milli dili inkişaf etdirmək.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin