MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Mövzu № 15. Azərbaycan XX əsrin əvvəllərində (1901-1917-ci illər)



Yüklə 418,25 Kb.
səhifə70/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   66   67   68   69   70   71   72   73   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Mövzu № 15.

Azərbaycan XX əsrin əvvəllərində (1901-1917-ci illər).

Azərbaycan XX əsrin əvvəllərində. Şimali Azərbaycanda sənayenin vəziyyəti. XX əsrin əvvəllərində Şimali Azərbaycan Rusiya imperiyasının müstəmləkəsi olaraq qalırdı və ölkəmizin iqtisadiyyatı Rusiya sənayesinin xammal və yanacaq tələbatının ödənilməsi məqsədinə tabe edilmişdi. Artıq Bakı şəhəri nəinki, Rusiyanın, bütün dünyanın neft sənayesi mərkəzinə çevrilmişdi. Ümumiyyətlə, Azərbaycanın neft sənayesi inkişaf sürətinə və məhsul istehsalına görə 1901- ci ildə dünyada birinci yerə çıxmışdı. Həmin ildə dünyada istehsal olunan neftin yarısından çoxunu (671,2 milyon pud) və Rusiyada istehsal olunan neftin isə demək olar ki, hamısını Şimali Azərbaycan verirdi.

1900-1903-cü illərdə dünyada baş vermiş iqtisadi böhran Azərbaycanın neft sənayesinə, neftlə bağlı olan digər istehsal sahələrinə və dağ-mədən sənayesinə mənfi təsir göstərmişdi. Neft hasilatı və emalı kəskin şəkildə aşağı düşmüşdü. Böhranla bağlı olaraq xırda və orta müəssisələrin iflasa uğraması neft sənayesində istehsalın təmərküzləşməsi prosesini sürətləndirmişdi. Belə ki, Bakıda çıxarılan neftin 50 %-i 6 nəhəng neft şirkətinin payına düşürdü. "Nobel qardaşları birliyi", Mantaşov və Rotşildin nəzarət etdikləri 3 neft şirkəti 1901-ci il məlumatlarına görə, Bakıda istehsal olunan neftin 25% - nə, ixrac olunan ağ neftin 40%-nə, Rusiyaya göndərilən neft məhsullarının 70%-nə nəzarət edirdi. 1904-cü il məlumatına görə İngiltərə ağ neftə olan tələbatının 47,1 %-ni, Fransa isə 71,1%-ni Bakının hesabına ödəyirdi. Hətta böhran dövründə də iri neft şirkətləri neftin ixracını daha da artıraraq neft satışında böyük gəlir götürürdülər. 1902-1904-cü illərdə "Nobel qardaşları" şirkəti 9,3 milyon manat, "Bakı Neft Cəmiyyəti" isə 1 milyon manatdan çox xalis gəlir əldə etmişdi.

Böhran əlvan metallurgiya sənayesinə də ciddi təsir göstərmişdi. 1900-1903-cü illərdə mis filizi çıxarılması 3,9 milyon puddan 3,2 milyon puda enmişdi. Üstəlik 1906-cı ildə Moskvada missaflaşdırma zavodu tikildiyindən Qalakənd zavodu bağlanmışdı. Alman Simens qardaşlarına məxsus Gədəbəy mis mədənlərində almazla qazma üsulu tətbiq olunmuşdu. 1902-ci ildə həmin mədənlərdə mis çıxarılmasında elektrik enerjisi ağır əl əməyini əvəz etmiş, Qalakənd çayı üzərində iki turbinli elektrik stansiyası tikilmişdi.

1900-cü ildə "Simens qardaşları " və "Voqau" şirkətləri arasında mis satışı üzrə bağlanmış müqavilədən sonra Şimali Azərbaycanın əlvan metallurgiya sənayesində inhisarlaşma prosesi başlanmışdı. Gədəbəy mis zavodu 1907- ci ildə yaradılan Rusiya "Mis" sindiqatının tərkibinə daxil edilmiş və 1917-ci ilədək bu inhisarın nəzarətində qalmışdı. Burada əridilmiş misin böyük hissəsi Rusiyanın zavodlarına satılmışdı. "Simens qardaşları" şirkəti Daşkəsəndə istehsal etdiyi bütün kobaltı Almaniya, İsveç, Norveç və başqa ölkələrə ixrac edirdi. İqtisadi böhran yüngül və yeyinti sənaye sahələrinə elə də ciddi təsir göstərməmişdi. Məsələn, təkcə xam ipək istehsalı 1900-1915-ci illər arasında 13 dəfədən çox, balıq istehsalı isə 8-10 dəfədən çox artmışdı.

Azərbaycanın pambıqtəmizləmə sənayesinə məxsus 100-dən çox zavodda hər il orta hesabla 1,5-2 milyon puddan çox mahlıc istehsal edilirdi. Ümumiyyətlə, 1914-cü ildə Cənubi Qafqazda istehsal edilən mahlıcın 75%-dən çoxu Şimali Azərbaycanın payına düşürdü. Bu sənaye sahəsinə qoyulan kapitalın çox böyük hissəsi- 80%-i milli burjuaziyaya (H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və b.) məxsus idi. Cənubi Qafqazda olan 5 pambıq-parça fabrikindən 4-ü azərbaycanlı sahibkarlar tərəfindən açılmışdı. Maraqlıdır ki, balıqçılıq və balıq emalı sənayesinin 70%-i azərbaycanlı sahibkarların - H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov, T.Səfərəliyev və b. əlində idi. Azərbaycanın balıq və kürü məhsulları Rusiya ilə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa və başqa ölkələrə ixrac edilirdi. Balıqçılıq da daxil olmaqla, Azərbaycanın yeyinti sənayesi kapital qoyuluşunun həcminə, məhsul istehsalının dəyərinə və fəhlələrin sayına görə neft sənayesindən sonra ikinci yeri tuturdu. Təkcə balıqçılıq sənayesində 40 min nəfərdən çox fəhlə çalışırdı. Şimali Azərbaycan açıq-aydın görünür ki, Rusiyanın təkcə "neft çəlləyi", pambıq və tütün plantasiyası deyildi, həm də çaxır çəlləyi idi. 1913-1914-cü illərin statistikasına görə, Cənubi Qafqazda istehsal olunan şərabın 1/3-ni, konyakın 45%-ni, pivənin isə 62%-ni Şimali Azərbaycan verirdi.

XX əsrin əvvəllərində Bakı şəhərinin sürətlə artan əhalisinin içməli su ilə təchiz olunması çox müşkül bir problemə çevrilmişdi. Bakı Şəhər Dumasında şəhərin su təchizatı ilə bağlı bir neçə layihə müzakirəyə çıxarılmışdı: 1. Dəniz suyunun duzdan təmizlənib içməli suya çevrilməsi. 2. Kür çayından Bakıya su kəmərinin çəkilməsi. 3. Bakının kəndlərində qazılacaq quyulardan toplanan suyun şəhərə gətirilməsi. 4. Şollar-Bakı su kəmərinin çəkilməsi. Dumanın xristian üzvləri olan ruslar və ermənilər daha ucuz başa gələn Kür çayından su kəmərinin çəkilməsi layihəsinin qəbulunda təkid edirdilər. Ancaq Duma üzvü olan görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Tiflis şəhərinin əhalisinin bir hissəsinin vərəm xəstəsi olmasını və şəhərin bütün kanalizasiya (çirkab) sularının Kür çayına axıdılmasını əsas gətirərək Şollar su kəməri layihəsi haqqında yekun qərarın qəbul edilməsinə nail oldu. H.Z. Tağıyevin böyük yardımı ilə Şollar su kəmərinin çəkilməsinə 1903-cü ildə başlandı. 1907-1910-cu illərdə işdə fasilə yaransa da, nəhayət, 1917-ci ilin əvvəllində Şollar su kəmərinin çəkilişi başa çatdı. Kəmərin təntənəli surətdə açılışı zamanı ilk su kranını H.Z.Tağıyev açdı. Şollar suyunun şəhərə gətirilməsi Bakıda həqiqətən böyük bir bayrama çevrildi. Bu münasibətlə, hətta kimin imkanı var idi, qurban kəsdi. Çünki Bakıya içməli su əsasən gəmilərlə Həştərxandan gətirilir və əhaliyə pulla satılırdı.

Kənd təsərrüfatının vəziyyəti. Birinci dünya müharibəsi ərəfəsində Şimali Azərbaycanda əkinə yararlı torpaq sahəsi 1,3 milyon desyatinə bərabər idi və bu torpaqların yarıdan çoxunda buğda, arpa, düyü, 12%-ində isə pambıq əkilirdi. 1913-cü il məlumatına görə bütün taxıl əkinlərinin 10%-ni təşkil edən qolçomaqlıların-yəni kənd burjuaziyasının təsərrüfatlarından 20 milyon pud və yaxud bütün ölkə taxılının üçdə biri qədər taxıl yığılmışdı.

Bütün Cənubi Qafqazda istehsal olunan çəltik (düyü) məhsulunun 85%-dən çoxu Şimali Azərbaycanda becərilirdi.

Sənaye pambıqçılığının inkişafının tələblərinə uyğun olaraq 1900-1913-cü illərdə Şimali Azərbaycanda pambıq əkin sahələri 5 dəfədən çox, pambıq məhsulu isə 15 dəfə artaraq 4,5 milyon pudu ötüb keçmişdi. Pambıqçılıqda maşın traktorlardan istifadə edilir və cərgəli əkin üsulu tətbiq olunurdu.

1914-cü il məlumatına görə Cənubi Qafqazda becərilən baramanın 81%- indən çoxunu Azərbaycan verirdi. Əldə olunan barama məhsulunun bir hissəsi yerli fabriklərdə emal edilir, bir hissəsi isə Milan, Marsel, Lion və başqa şəhərlərə ixrac olunurdu.

Şimali Azərbaycanda əsas tütünçülük plantasiyaları Nuxa qəzası və Zaqatala dairəsində idi. Şimali Azərbaycanda üzüm bağlarının böyük hissəsi mülkədarlara və ayrı -ayrı şirkətlərə, cəmi 9%-i isə qolçomaqlılara məxsus idi.

Yeni aqrar qanunlar. XX əsrin əvvəllərində Şimali Azərbaycanda bütün torpaqların 70%-ə qədəri dövlətin mülkiyyətində idi və bu torpaqlarda bütün kəndlilərin 68%- i yaşayırdı. Bütün kəndlilərin sayı 1,5 milyon nəfərə çatırdı ki, bunun da 1/3 hissəsi, yəni 500 min nəfəri mülkədar torpaqlarında məskunlaşmışdı. Bütövlükdə dövlət kəndlilərinin istifadəsində olan torpaq sahəsi sahibkar (mülkədar) kəndlilərinin istifadə etdiyi torpaqlardan 3 dəfə çox idi. Lakin çar höküməti dövlət kəndində torpaq münasibətlərinin nizamlanmasına çox gec başladı. "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında" 1900-cü il 1 may qanunu ilə rus höküməti bu sahədə ilk addımı ataraq dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququ vermişdi. Azərbaycanın sahibkar kəndində isə 1870-ci il 14 may aqrar islahatı yarımçıq qalmışdı. Rus höküməti Azərbaycanın sahibkar kəndində kapitalist münasibətlərinin, qolçomaq və kəndli fermer təsərrüfatlarının yaradılması yolunda əsas əngəl olan torpaq məsələsini tam həll etmək üçün 1905-ci ildən başladığı işi 1912-ci ildə tamamladı. Bu müddətdə hazırlanan qanun layihəsi III Dövlət Dumasında müzakirə edildikdən sonra 1912- ci il dekabrın 20-də çar tərəfindən imzalanaraq qüvvəyə mindi.1912-ci il 20 dekabr tarixli "Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında" qanuna görə Şimali Azərbaycanın sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad edilirdi və onların xüsusi mülkiyyəti elan olunmuş pay torpağını satın almalı idilər. Kəndli yalnız torpaq mizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. Əkinçilik üçün yararsız olan torpaqlar kəndlinin mülkiyyətinə pulsuz keçirdi. Pay torpaqlarında salınmış bağ yerlərinin əvəzində pul ödənilmirdi. Kəndli çəmən, otlaq və meşə sahələrini satın ala bilməzdi. Su arxları mülkədarların xüsusi mülkiyyətində qalırdı. Mülkədarlar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdı. Həmin pulu kəndlilər faizlə 28-56-il müddətinə dövlətə qaytarmalı idilər.

XX əsrin əvvəllərində Azərbaycanda ictimai - siyasi vəziyyət. Milli-azadlıq hərəkatının yeni mərhələsinin başlanması. Şimali Azərbaycanda sosial və milli əsarət rejiminə qarşı mübarizənin başlanması.

XX əsrin əvvəllərində Azərbaycanda və xüsusilə, Bakıda ayrı-ayrı sənaye sahələrinin fəhlələri ağır sosial-iqtisadi vəziyyətdən çıxış yolunu hökümət və sahibkarlara qarşı nümayiş və tətillərə başlamaqda görürdülər. 1902-ci ildə Bakıda baş vermiş ilk açıq nümayiş hətta siyasi xarakter aldı. Nümayişçilər "Rədd olsun mütləqiyyət!" və "Yaşasın azadlıq!" şüarları söyləmişdilər. 1903- cü il iyulun 1-də Bakı şəhərinin Bibiheybətdə mexaniki emalatxana fəhlələrinin başladığı tətilə iyulun 4-də şəhərin bütün rayonlarının fəhlələri və dəmiryolçular da qoşuldular. Neft maqnatlarının "Fəhlə höküməti" adlandırdığı Tətil komitəsinin hazırladığı tələbnamədə 8 saatlıq iş günü, əmək haqqının artırılması, fəhlələrlə nəzakətli rəftar edilməsi və s. kimi çox ciddi tələblər var idi. Tətilçilərin sayının 45-50 min nəfərə çatması və 42 şirkətin fəhlələrini əhatə etməsi sahibkarları və höküməti bərk qorxuya saldı. Hökümət ordunun köməyilə tətil hərəkatını 1903-cü il iyulun 22- də qəddarcasına yatıra bildi.

1904-cü il dekabrın 13-də Balaxanı mədənlərində başlayıb, digər mədənləri və emal müəssisələrini əhatə edən ümumi tətildə iştirak edənlərin sayı qısa müddətdə 50 min nəfəri keçərək ümumbakı tətili xarakteri aldı. Tətil komitəsinin hazırlayıb sahibkarlara təqdim etdikləri tələbnamə 34 bənddən ibarət idi. Tələblərin çoxu sosial- iqtisadi səciyyə daşısa da, siyasi tələblər də az deyildi: 8 saatlıq iş günü, əmək haqqının 25-30% artırılması, 1 may günü işin dayandırılması, söz, mətbuat, yığıncaq və ittifaqlar təşkil etmə azadlığının verilməsi, həftədə bir gün istirahət, əmək haqqı saxlanılmaqla ildə bir dəfə məzuniyyət verilməsi, gecə növbəsinin ləğvi, mübahisəli məsələlərin həlli üçün sənayeçilərin və fəhlələrin nümayəndələrindən ibarət mədən məhkəmələrinin təşkili və s.

15 nəfərdən ibarət komissiya yaradan neft maqnatları siyasi tələbləri rədd etdilər. Komissiya bəzi iqtisadi tələblərlə razılaşdığını və qəbul ediləcək tələblərin yalnız neft sənayesi fəhlələrinə aid olacağını bildirdi. Belə cavabdan narazı qalan fəhlələr hərbi vəziyyətə, polis və kazak hücumlarına məhəl qoymadan tətili davam etdirdilər. Dekabrın 23-də Balaxanıda polislə toqquşmada 15 nəfər fəhlənin öldürülməsi, hökümət xəfiyyələrinin dekabrın 25-dən 30-nadək 225 buruğu yandıraraq təqsirini fəhlələrin boynuna atması da tətilçiləri geri çəkilməyə vadar edə bilmədi. 1904-cü il dekabrın 30-da neft sənayeçiləri ilə fəhlələrin nümayəndələri arasında müştərək müqavilə bağlandı. Bu sənəd nəinki Azərbaycanın, bütün Rusiyanın tarixində ilk kollektiv əmək müqaviləsi hesab edilir. Fəhlələr isə bu hüquqi sənədi "Mazut konstitusiyası" adlandırırdılar. Məğlub olmuş sahibkarlar fəhlələrin 9 saatlıq iş günü, həftədə bir dəfə istirahət günü, ildə bir dəfə məzuniyyət verilməsi, əmək haqqının 20- 25% artırılması, xəstəliyə görə iki ay məzuniyyət verilməsi, mədən-zavod komissiyalarının yaradılması, Cənubi Azərbaycandan gələn işçilərlə yerli fəhlələr arasında qeyri-bərabərliyin aradan qaldırılması kimi çox mühüm sosial-iqtisadi tələblərini yerinə yetirməyə məcbur oldular.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin