Milli azadlıq hərəkatının yüksəlişə başlaması. Milli partiyaların yaradılması. 1905-ci ildə Rusiyanın türk xalqlarının milli burjuaziyası və qabaqcıl ziyalıları imperiyaya qarşı birgə mübarizəni təşkil etmək üçün ümumi siyasi partiyanın yaradılmasını əsas vəzifə kimi irəli sürdülər. Rusiyanın müsəlman burjuaziyası və onunla birləşməyə çalışan Azərbaycan burjuaziyasının birgə səyləri ilə 1905-ci ildə Rusiya müsəlmanlarının "İttifaqı-müslimin" adlanan siyasi təşkilatı yaradıldı. Azərbaycandan Əlimərdan bəy Topçubaşov, Krım və Kazan tatarlarının burjua ziyalıları Əbdürrəşid İbrahimov, Yusif Akçura və İsmayıl Qaspiralının birgə səyləri nəticəsində 1905-ci il avqustun 15-də "İttifaqi-müsliminin" (Müsəlman İttifaqının) təsis qurultayı keçirildi. "Dildə, fikirdə və əməldə birlik" şüarının müəllifi İ.Qaspiralı qurultayın sədri seçildi. Qurultayda müsəlman burjuaziyasının hüquqlarının rus burjuaziyasının hüquqları ilə bərabərləşdirilməsi, müsəlmanların hüquq bərabərsizliyinin aradan qaldırılması və onların doğma ana dilində məktəblərin açılması və kitab-qəzetlərin buraxılması kimi çox mühüm tələblər irəli sürülmüşdü.
"İttifaqi-müslimin" təşkilatının 1906-cı il yanvar ayının 13-23-də Peterburqda keçirilən II qurultayında İttifaqın Nizamnaməsi qəbul edilmişdi.
Rusiya müsəlmanlarının 1906-cı il avqustun 16-21-də Nijni-Novqorodda keçirilən III qurultayına görkəmli ziyalımız Ə.Topçubaşov sədrlik etmişdi. Qurultayda İttifaqın Ə.Topçubaşov tərəfindən hazırlanmış Proqramı qəbul olundu. Qurultayda Rusiyada Konstitusiyalı monarxiya yaradılması, müsəlman xalqlarına milli-mədəni muxtariyyət verilməsi, xüsusi mülkiyyətin toxunulmaz elan olunması, mülkədarlara əvəzi ödənilməklə kəndlilərə torpaq verilməsi, müsəlman ruhanilərinin hüquqlarının rus-provaslav din xadimləri ilə bərabərləşdirilməsi, yeni tipli məktəblərin açılması, icbari ibtidai təhsilə keçilməsi və sair məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi. Partiyanın III qurultayında onun Mərkəzi Komitəsi seçildi. Komitənin daimi yeri Bakı şəhəri müəyyən olunmuşdu.
Azərbaycan milli-azadlıq hərəkatının önündə gedən Ə.Topçubaşov öz qabaqcıl ideyaları və qurultaylardakı səmərəli fəaliyyəti nəticəsində qısa müddətdə artıq bütün Rusiya müsəlmanlarının liderinə çevrilmişdi. O, Rusiyanın türk xalqlarını nəinki dini birlik, hətta milli birlik ideyası ətrafında birləşdirmək üçün əlindən gələni əsirgəmirdi.
Şimali Azərbaycanda siyasi təşkilatların yaradılmasına hələ XX əsrin əvvəllərində başlamışdı. İlk belə təşkilat 1902-ci ildə 17 yaşlı gənc Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılmış "Müsəlman gənclik təşkilatı" oldu. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi Rusiyanın müstəmləkə siyasətinə qarşı mübarizə aparmaqdan ibarət idi. Bir qədər sonra Azərbaycan ziyalılarının bir qrupu Məmməd Əmin Rəsulzadə başda olmaqla, 1904-cü ilin oktyabrında müsəlman dünyasında ilk sosial-demokrat təmayüllü "Hümmət" (Güc) təşkilatını yaratdılar. Özlərinin əsas sosial bazasını qeyri-azərbaycanlıların (rus, erməni və s.) timsalında görən Bakı bolşeviklərindən fərqli olaraq, hümmətçilər Bakı şəhər fəhlələrinin ən azı yarısını təşkil edən azərbaycanlılar arasında inqilabi və siyasi iş aparmağı qarşılarına məqsəd qoymuşdular. Hümmət təşkilatı bu sahədə mühüm rol oynadı. Ancaq M.Ə.Rəsulzadə 1908-ci ildən Rusiya imperiyasının saxlanılması şərtləri daxilində millətindən asılı olmayaraq bütün fəhlələrin sosial-iqtisadi hüquqları uğrunda mübarizəni əsas məqsədi elan edən bolşeviklərin təsirinin gücləndiyi Hümmət təşkilatından və sosial demokratiya ideyalarından uzaqlaşmağa başladı. Çünki onu və onun ideya dostlarını ilk növbədə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi və istiqlaliyyəti maraqlandırırdı.
Şimali Azərbaycanda sırf milli partiyanın yaranması prosesi Gəncədən başladı. 1905- ci ilin yayında Gəncədə "Qeyrət" partiyası yaradıldı. Bu təşkilat özünü "Türk sosialist, federalist inqilabçılar partiyası" elan edərək xalqımızı ümumi düşmən olan çarizmə qarşı mübarizəyə çağırırdı. "Qeyrət" partiyası Rusiyanın federativ dövlət quruluşunda Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürən ilk siyasi təşkilatdır. 1912-ci ilədək fəaliyyət göstərmiş partiyanın Şuşa və Bakıda da yerli özəkləri var idi. Partiyaya Ə.Rəfibəyov, Ə.Xasməmmədov və A.Quliyev rəhbərlik edirdilər.
Çar hökuməti inqilabi hərəkatın təzyiqi altında 1905-ci il 17 oktyabr Manifestini imzalayaraq imperiya ərazisində söz, mətbuat, yığıncaq, ittifaq azadlığı elan edərək ictimai-siyasi partiyalar yaratmağa icazə verdi və Rusiya tarixində ilk dəfə olaraq qanunverici məclis sayılan Dövlət Dumalarına seçkilər elan etdi.
17 oktyabr manifestindən sonra Şimali Azərbaycanda da siyasi partiyaların, digər yönlü təşkilatların və milli mətbuat orqanlarının yaradılması xeyli asanlaşdı. Çar hökumətinin milli ədavət və milli qırğın siyasəti Azərbaycanın demokratik qüvvələrini xalqımızı qətliamlardan müdafiə etmək üçün qətiyyətli addımlar atmağa vadar etdi. Milli - azadlıq hərəkatının daha bir lideri vətənpərvər ziyalımız Əhməd bəy Ağayev 1906-cı ilin avqust ayında Şuşada keçirilən müşavirədə "Difai" partiyasının (Dəf etmək, qorumaq mənasını verir) yaradıldığını elan etdi. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşsə də, Azərbaycanın qəzalarında da onun şöbələri fəaliyyət göstərirdi. Partiyanın yaradılmasında əsas məqsəd xalqımızı Daşnaksütunun başçılığı ilə həyata keçirilən erməni terrorundan müdafiə etməkdən və xalqı maarifləndirməkdən ibarət idi. Möhüründə iki çarpaz qılınc, aypara və ulduz təsviri olan partiya qan düşmənimiz olan erməni terrorçuları və onların havadarlarının üstünə ildırım kimi düşdü. "Difai" partiyası dinc maarifçilik fəaliyyətilə yanaşı, xüsusi silahlı döyüşçü dəstələri də yaratmışdı. Partiyanın Qarabağ şöbəsinin 400 nəfərlik hərbi dəstəsi var idi. Партийанын Эянъя тяшкилатына нцфузлу ахунд Мящяммяд Пишнамаззадя рящбярлик едирди. Gəncə şöbəsi Ələkbər bəy Rəfibəylinin başçılığı ilə erməni quldurlarına layiqli cavab verirdi. Partiyanın proqramında torpağın onu becərənlərə-kəndlilərə verilməsi nəzərdə tutulmuşdu. "Difai" partiyası Azərbaycan xalqının düşmənlərinə, xüsusilə ermənilərə havadarlıq edənlərə də amansızlıqla divan tuturdu. "Difai"nin qətliam törədənlərə qarşı amansız tədbirləri Rusiya hökumətini bərk sarsıtmışdı. Qafqaz canişinliyi 1908-ci il 4 mart tarixli fərmanı ilə "Difai" partiyasının fəaliyyətini qadağan etmiş, "İrşad" qəzeti bağlanmış və partiyanın lideri Əhməd bəy Ağayev Osmanlı dövlətinə mühacirət etməyə məcbur olmuşdu. Partiyanın üzvləri repressiyalara məruz qalmış və kütləvi şəkildə həbsə atılmışdılar. 1908-1909-cu illərdə partiyanın "Qarabağ məclisi təşkilatı" və Gəncə şöbəsi hökumət orqanları tərəfindən dağıdılmışdı. 1909-cu ildə fəaliyyətini dayandırmаğa məcbur olan Difai partiyasının üzvlərinin çoxu 1917- ci ildə proqramları uyğun gəldiyi üçün "Müsavat" partiyasına daxil olmuşdular. "Difai" partiyası xalqımızın düşmənlərinə amansız divan tutduğuna görə çar hakim dairələri bu partiyanı "Müsəlman döyüş partiyası" adlandırmışdı.
1907-ci ildə mərkəzi Gəncə şəhərində yerləşən "Müdafiə" partiyası yaradıldı. Bu partiyaya böyük ictimai siyasi xadim İsmayıl xan Ziyadxanov başçılıq edirdi. Əsas siyasi dayağını mütərəqqi fikirli mülkədar bəylərin və ziyalıların nümayəndələri təşkil edən "Müdafiə" partiyasının fəaliyyəti Yelizavetpol (Gəncə) quberniyasının qərb hissəsini və Tiflis quberniyasının Azərbaycan türkləri yaşayan bölgələrini, xüsusilə Borçalını əhatə edirdi. 1909- cu ilədək fəaliyyət göstərən bu təşkilat "Difai" partiyasının yolunu davam etdirir, müsəlman əhali içərisində geniş maarifləndirmə işi aparır, müsəlmanların hüquq və mənafelərinin qorunması üçün gərəkli addımları atırdı.
Azərbaycanda milli-azadlıq hərəkatına rəhbərlik etmək və milli zülm altında əzilən xalqların ümumi düşməni olan çar hökümətinə qarşı azadlıq mübarizəsinə cəlb etmək üçün daha güclü və nüfuzlu bir partiyanın yaradılması tarixi zərurətə çevrilmişdi. 1911-ci ilin oktyabrında Məmməd Əmin Rəsulzadənin ideya dostları Abbasqulu Kazımzadə, Tağı Nağıyev və Məmmədəli Rəsulzadənin yaradıldığını elan etdikləri "Müsavat" (Bərabərlik) partiyası xalqımızın milli haqlarını müdafiə etmək məqsədi ilə açıq mübarizə meydanına atıldı. 1909-cu ildə Cənubi Azərbaycana gedərək xalqımızın milli qəhrəmanı Səttarxan və Bağırxanla birlikdə inqilabi hərəkatda iştirak edən və çar hökumətinin təzyiqləri ilə buradan İstanbula mühacirət etməyə məcbur olan Məmməd Əmin Rəsulzadə bu partiyanın yaradılmasının əsas ideya rəhbəri idi və 1913-cü ildə Vətənə qayıdandan sonra "Müsavat" partiyasının daimi liderinə çevrildi. "Milli istiqlala malik olmayan bir millət öz mövcudluğunu saxlaya bilməz"-sözlərinin müəllifi olan M.Ə.Rəsulzadə partiyanın rəhbərliyinə keçdikdən sonra Azərbaycanda milli-azadlıq hərəkatı əvvəlki dövrdən öz məqsədyönlülüyü, mütəşəkkilliyi və ardıcıllığı ilə seçilirdi. "Müsavat" partiyası və onun mətbu orqanı kimi 1915-ci ildən M.Ə.Rəsulzadənin baş redaktorluğu ilə dərc olunan "Açıq söz" qəzeti Azərbaycan xalqında millətçilik və türkçülük düşüncəsinin formalaşmasında və inkişafında misilsiz rol oynamışdır. M.Ə.Rəsulzadə böyük mütəfəkkir Əli bəy Hüseynzadənin 1904-cü ildə irəli sürdüyü "Türk qanlı, İslam inamlı və Avropa qiyafəli" tezisini inkişaf etdirərək milli hərəkatın təməl prinsiplərinə çevirmişdi. M.Ə.Rəsulzadə yazırdı: "Biz türk və müsəlman qalaraq müstəqil yaşamaq istəyiriksə mütləq sözün bütün mənasında müasir ("Avropa qiyafəli"), yəni zəmanə adamı olmalıyıq." Böyük siyasi xadim müasirləşmək dedikdə, Avropada möcüzələr yaradan elm və texnikanın nailiyyətləri ilə silahlanmağı nəzərdə tuturdu.
Rusiya imperiyası əvəzinə federativ bir dövlət yaradılması ideyasını müdafiə edən Ə.Topçubaşovun başçılıq etdiyi Müsəlman fraksiyasının bütün tələbləri kağız üzərində qaldı. 27 aprel 1906-cı ildə işə başlayan və 5 il fəaliyyət göstərməli olan I Duma həmin ilin iyunun 9-da çar tərəfindən buraxıldı. Çarın qərarına etiraz üçün Vıborq toplantısında kadetlərlə birlikdə iştirak edən Ə.Topçubaşov və İ.Ziyadxanov həbs olundular və üç aylıq sürgünə göndərildilər. Məhkəmənin qərarına görə onlar bir daha Dumaya seçkilərdə iştirak edə bilməzdilər. Ə.Topçubaşov "Kaspi" qəzetinin redaktorluğundan da uzaqlaşdırıldı.
II Dumaya seçkilər 1907-ci ilin yanvar-fevral aylarında keçirildi. Cəmi 103 gün (20 fevral-2 iyun) fəaliyyət göstərən II Dumaya azərbaycandan 6 deputat seçilmişdi və azərbaycanlı deputatlar müsəlman fraksiyasının tərkibinə daxil olmuşdular. Deputatlardan Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov müsəlman- türk xalqlarının haqları ilə bağlı çox ciddi çıxışları ilə digər deputatlardan fərqlənirdilər.
Çar höküməti 3 iyun çevrilişi ilə II Dumanı qovdu və beləliklə II Duma müzakirəyə çıxardığı heç bir məsələni həll edə bilmədi.
III Dumaya seçkilər haqqında yeni qanun açıq-aşkar milli ayrı-seçkilik mahiyyəti daşıyırdı. Bütün Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməli idi. Çar höküməti Qafqaz, Mərkəzi Asiya və Sibir xalqlarını qəsdən "siyasi baxımdan qeyri yetkin sayaraq" əzilən xalqların seçki hüquqlarını xeyli məhdudlaşdırmışdı. 1907-ci ilin noyabrın 1-də açılmış III Dövlət Dumasına Bakı, Yelizavetpol, İrəvan quberniyalarının müsəlman əhalisindən seçilən yeganə deputat Xəlil bəy Xasməmmədov oldu. Dumada təşkil olunan 8 nəfərlik müsəlman fraksiyasına X.Xasməmmədov başçılıq edirdi. Parlaq zəka sahibi və görkəmli hüquqşünas olan X.Xasməmmədov Dumadakı çıxışlarında müsəlman-türk xalqlarına vətəndaş azadlıqları və siyasi hüquqların verilməsi, təhsil və məhkəmənin ana dilində aparılması, yerli özünüidarə orqanı olan zemstvoların yaradılması, millətlər arasında ayrı-seçkiliyin aradan qaldırılması, hərbi mükəlləfiyyətin müsəlman xalqlarına da aid edilməsi kimi mühüm tələblər irəli sürmüşdü.
1912-ci il noyabrın 15-də işə başlayan IV Dövlət Dumasına Azərbaycan əhalisindən yalnız bir deputat-Məmməd Yusif Cəfərov seçilmişdi. Moskva Universitetinin hüquq fakültəsini yenicə bitirərək vəkil işləyən 27 yaşlı M.Y.Cəfərov Dumada 7 nəfərdən ibarət Müsəlman fraksiyasına daxil olmuşdu. M.Y.Cəfərov Dumadakı çıxışlarında dəfələrlə Rusiya hökümətinin müsəlman və türk xalqları üçün qoyduğu bütün milli, dini və hüquqi məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmişdi. 1916-cı il 3 noyabr tarixində Dumadakı çıxışında M.Y.Cəfərov Müsəlman fraksiyası adından höküməti kəskin şəkildə aşağıdakı sözlərlə ittiham etmişdi: "İfrata varan milli despotizm ölkədə heç vaxt belə miqyas almamışdır. İndiyədək rəhmsiz mərkəzləşmiş bürokratik idarəetmə aparatı Rusiyanın digər xalqlarının milli hisslərini heç vaxt bu şəkildə ələ salmamış və onların sosial-mədəni xüsusiyyətlərini indiki dövrdəki kimi əzib çeynəyərək iflic etməmişdir."
Dostları ilə paylaş: |