MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Mövzu № 16. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və daxili siyasəti



Yüklə 418,25 Kb.
səhifə74/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   70   71   72   73   74   75   76   77   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Mövzu № 16.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və daxili siyasəti.

Şimali Azərbaycanda milli - azadlıq hərəkatı 1917-ci ildən keyfiyyətcə yeni bir mərhələyə daxil oldu. 1917-ci ilin fevral ayının 27-də Rusiya imperiyasının paytaxtı Petroqradda qələbə ilə başa çatan inqilab nəticəsində Rusiyada mütləq monarxiya rejiminin devrilməsi və ölkəni "xalqlar həbsxana"sına çevirən Romanovlar sülaləsinə son qoyulması Şimali Azərbaycanda da böyük sevinclə qarşılandı.

Fevral inqilabı nəticəsində Rusiyada hakimiyyətə gəlmiş burjuaziya və mülkədarların nümayəndələri Müvəqqəti Hökuməti təşkil etdilər. Müvəqqəti Hökumətin 1917-ci il martın 9-da verdiyi qərarla Qafqaz canişinliyi ləğv edildi və onun yerində Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Cənubi Qafqazı idarə etməli olan bu komitənin tərkibinə IV Dövlət Dumasının beş yerli üzvü, o cümlədən bizim deputatımız Məmməd Yusif Cəfərov da daxil edilmişdi.

1917-ci il martın 17-də Müvəqqəti Hökumətin Bakıda yerli hakimiyyət orqanı olan İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı. Mart ayında Azərbaycanın əksər qəza mərkəzlərində və şəhərlərində belə icraiyyə komitələri təşkil olundu. İnqilaba qədər gizli fəaliyyət göstərən milli partiyalar açıq işə keçdilər. M.Ə.Rəsulzadənin başçılıq etdiyi "Müsavat" partiyası açıq fəaliyyətə keçərək Rusiyada burjua respublikası yaradılmasının tərəfdarı olduğunu bildirir.

1917-ci il martın sonunda Gəncədə Nəsib bəy Usubbəylinin başçılığı ilə daha bir milli təşkilat - "Türk federalistləri" partiyası yaradıldı.

1917-ci ilin mart ayının 27-də müsəlman milli təşkilatları öz qüvvələrini birləşdirərək Müsəlman Milli Şurasının İcraiyyə Komitəsini təşkil etdilər. Şurada ən böyük nüfuza malik təşkilat "Müsavat" partiyası idi.

Qafqaz müsəlmanlarının aprel ayının 15-dən 20-dək Bakıda keçirilən qurultayında "Müsavat" partiyası ilə "Türk federalistləri" partiyası eyni mövqedən çıxış edirdilər. Azərbaycanın milli demokratları yaxın gələcəkdə qurula biləcək Rusiya Respublikasının tərkibində türk və müsəlman xalqlarına birinci addım kimi milli - ərazi muxtariyyəti məhz bu qurultayda irəli sürmüşdülər. Ümumirusiya müsəlmanlarının 1917-ci il mayın 1-də Moskvada keçirilən qurultayında əsas məruzə ilə çıxış edən M.Ə.Rəsulzadə türk xalqları üçün milli - ərazi muxtariyyətinin tələb edilməsinin zəruriliyini tutarlı dəlillərlə əsaslandırmışdı. Tatar burjuaziyasının qurultayda iştirak edən nümayəndələrinin lideri Əhməd Salihov Rusiyanın bir millətli, yəni unitar dövlət kimi saxlanılması, müsəlman xalqlarına isə yalnız mədəni muxtariyyət verilməsi tələbi ilə çıxış edirdi. 1917-ci il may ayının 7-də qurultayda keçirilən səsvermədə M.Ə.Rəsulzadənin milli - ərazi muxtariyyəti təklifi mədəni muxtariyyət tərəfdarlarının 271 səsinə qarşı böyük üstünlüklə - 446 səslə qəbul edildi. 1917-ci il iyun ayının 20-də "Müsavat" və "Türk federalistləri" partiyaları məqsəd və mənafe ümumiliyinə görə bir partiyada birləşərək bundan sonra "Türk federalistləri Müsavat" partiyası adlandırıldı.

Fevral inqilabının verdiyi imkanlardan bəhrələnən sosial - demokrat yönümlü qüvvələr, bu dövrdə fəhlə hərəkatının genişlənməsindən istifadə edən və daha çox rusdilli əhali içərisində müəyyən sosial bazaya malik olan bolşeviklər, "vahid və bölünməz Rusiya" ideyasını təbliğ edən eser - menşevik - daşnak bloku xalqımızın milli - azadlıq mübarizəsi yolunda əsas maneəyə çevrilmişdi. İnqilabdan sonra Şimali Azərbaycanda genişlənən inqilabi hərəkatdan istifadə edən həmin antimilli qüvvələr 1917-ci il martın 6-da Bakıda Fəhlə Deputatları Soveti adlanan bir yabançı qurum yaratmışdılar. Bu Sovetin tərkibinə bir nəfər də olsun, azərbaycanlı seçilməmişdi.

Fevral inqilabından sonra Şimali Azərbaycanda genişlənən milli - azadlıq mübarizəsi 3 əsas yöndə aparılırdı. Milli - azadlıq hərəkatı ilk növbədə Mütərəqqi Hökumətin Cənubi Qafqazda Azərbaycan türkləri ilə bağlı milli ayrı - seçkilik və müstəmləkəçilik siyasətinin qarşısının alınmasına, ikincisi, Azərbaycan xalqının milli mənafeyinə zidd fəaliyyət göstərən, tərkibi və rəhbər heyəti rus və ermənilərdən ibarət olan Bakı Sovetinin fəaliyyətinin qarşısının alınmasına, üçüncüsü, imperiyanın dağılması ərəfəsində Azərbaycan türklərinə qarşı ruslarla eyni cəbhədə birləşən ermənilərin törətdiyi milli qırğınların qarşısını almaq üçün bütün təbəqələrin birliyinin təmin olunmasına yönəlmişdi.

1917-ci ilin oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat" partiyası düşmənlərimiz üçün çox gözlənilməz şəkildə qələbə qazanmışdı.

1917-ci ilin oktyabrın 25-də baş vermiş çevriliş nəticəsində Rusiyada Müvəqqəti Hökumət devrilmiş və V.İ.Lenin başda olmaqla bolşeviklər hakimiyyətə gəlmişdilər. Həmin gün Bakıda Müsavat Partiyasının I qurultayı öz işinə başlamışdı. Qurultayda partiyanın Mərkəzi Komitəsinin sədri seçilmiş M.Ə.Rəsulzadə azadlıq hərəkatının ilkin vəzifəsinin Rusiyanın tərkibində milli - ərazi muxtariyyəti statusunun əldə edilməsi, son məqsədinin isə müstəqil Azərbaycan dövlətinin yaradılması olduğunu açıq şəkildə bildirmişdi.

1917-ci il oktyabr çevrilişi nəticəsində hakimiyyətə gələn bolşeviklər Rusiya imperiyasının tərkibində olan xalqların sərbəst şəkildə ayrılaraq öz müstəqil dövlətlərini yaratmalarına hüquqi təminat verən bəyənnamələr elan etsələr də, reallıqda Sovet Rusiyası, əksinə Rusiyanın müstəmləkələrində, o cümlədən Şimali Azərbaycanda ona sadiq olan antimilli qüvvələrdən, xüsusilə bolşeviklərdən, daşnaklardan, erməni əhalisindən istifadə edərək keçmiş imperiyanı hər vasitə ilə qoruyub saxlamağa çalışırdı.

Oktyabr çevrilişindən ruhlanan bolşeviklər 1917-ci ilin noyabr ayının 2-də Bakıda Sovet hakimiyyətinin qurulduğunu elan etmişdilər. Sovetin İcraiyyə Komitəsinin sədri vəzifəsinə S.Şaumyan təyin olunmuşdu. Bolşevik Rusiyasının rəhbəri V.İ.Lenin S.Şaumyanı, hətta Qafqazın fövqəladə komissarı təyin etmişdi.

Oktyabr çevrilişi nəticəsində Müvəqqəti Hökumətin Qafqazı idarə edən orqanı - Xüsusi Cənubi Qafqaz Komitəsi fəaliyyətini dayandırmalı oldu. Cənubi Qafqazın gələcək taleyini düşünən bütün siyasi qüvvələr və təşkilatlar yeni bir müstəqil hökumət orqanı - 1917-ci il noyabrın 15-də Zaqafqaziya Komissarlığı adlandırılan bir qurum yaratdılar. Cənubi Qafqazda yaşayan hər üç millət - Azərbaycan türkləri, gürcülər, ermənilər Komissarlıqda təmsil olunmuşdular. Rusiyada keçiriləcək Müəssisələr Məclisinə qədər özünü Cənubi Qafqazın hökuməti elan etmiş Zaqafqaziya Komissarlığında azərbaycanlılardan F.Xoyski, M.Cəfərov, X.Xasməmmədov, X.Məlikaslanov müxtəlif nazirliklərin başçısı vəzifəsini tutmuşdular. 1917-ci il noyabr ayının 26-da Rusiyanın Müəssisələr Məclisinə keçirilən seçkilərdə gürcü menşevikləri 11, müsavatçılar 10, daşnaklar 9, müsəlman sosialist bloku 2, bolşeviklər, eserlər və ittihadçılar hərəyə 1 yer əldə etmişdilər. Seçkilər bütün Zaqafqaziya seçki dairəsində, yalnız Bakının hesabına 4,4 % səs toplayaraq cəmi 1 yer qazanan bolşeviklərin bölgədə çox zəif sosial bazaya malik olduğunu və Azərbaycan türklərinin böyük əksəriyyətinin siyasi mübarizədə "Müsavat" partiyasına inanıb və onu müdafiə etdiyini göstərdi.

Zaqafqaziya Komissarlığının xarici siyasətdə ilk müstəqil addımı 1917-ci il dekabr ayının 5-də Osmanlı dövləti ilə Ərzincan barışığını imzalaması oldu. 14 maddədən ibarət olan barışıq sazişinin bağlanması ilə Qafqaz cəbhəsində olan rus qoşunları bölgədən çəkilməli idi. Lakin, Rusiya qoşunlarının tərkibində Osmanlı dövlətinə qarşı döyüşmüş çoxlu sayda erməni və gürcü hərbi dəstələri də var idi. Tiflis - Bakı dəmir yolu ilə cəbhədən qayıdan rus qoşunları öz silah - sursatlarını erməni və gürcülərə dərhal təhvil verir, Bakı bolşeviklərini silahlandırırdı. Bir çox rus əsgər və zabitləri, hətta vətəni Rusiyaya geri dönməyib, Bakı Sovetində hərbi qulluğa girirdilər. Cəbhədən dönən başıpozuq rus hərbi dəstələri 200 müsəlman - türk kəndini tamamilə dağıtmış və əhalisini soyub talamışdılar. Rus qoşunlarının silahlarının Bakı bolşeviklərinin əlinə düşməsindən ehtiyatlanan Zaqafqaziya Komissarlığı onların Azərbaycanın Şəmkir stansiyasında tərk - silah edilməsi, silahların isə azərbaycanlılara təhvil verilməsi haqqında qərar qəbul etmişdi. Komissarlığın tərk-silah üçün göndərdiyi qüvvələrlə silahını vermək istəməyən rus əsgərləri arasında Şəmkir stansiyasında silahlı toqquşma oldu. Şəmkir stansiyası ətrafına silahları təhvil almaq istəyən 10 minə yaxın azərbaycanlı toplaşmışdı ki, onlar da bu toqquşmada iştirak etmişdilər. Azərbaycan türkləri həmin silahların bütün Azərbaycanı ələ keçirməyi planlaşdıran Bakı Sovetinin və bolşeviklərin əlinə düşəcəyindən haqlı olaraq həyəcan keçirirdilər.

Cənubi Qafqazda 1918-ci il fevral ayının 10-da Ali Qanunverici orqan olan Zaqafqaziya Seymi açıldı və Seym fəaliyyətə başlayan kimi Zaqafqaziya Komissarlığı özünü buraxılmış elan etdi. Azərbaycanın siyasi partiyaları Seymdə 44 yer əldə etmişdilər. Həmin yerlərin 30-u seçkilərdə Cənubi Qafqaz müsəlmanlarının 63%-nin səsini qazanmış "Müsavat" partiyasına məxsus idi. Beləliklə, Seymdə ən çoxsaylı fraksiya kimi müsəlman partiyaları bloku çıxış edirdi. 1918-ci il martın 3-də Sovet Rusiyası ilə Almaniya arasında bağlanmış Brest - Litovsk müqaviləsi Cənubi Qafqazdakı proseslərə çox ciddi təsir göstərdi. Çünki bu müqaviləyə görə vaxtilə Rusiyanın Osmanlıdan qopardığı türk torpaqları olan Ərdəhan, Qars və Batum Türkiyəyə qaytarılırdı. 1918-ci il martın 14-də Seymdə təmsil olunan Azərbaycan, gürcü və erməni millətlərinin nümayəndələrindən ibarət diplomatik heyət Trabzonda Osmanlı dövləti ilə danışıqlara başladı. Osmanlı dövləti Seym qarşısında belə bir tələb qoydu ki, Seym Rusiyadan ayrılaraq öz müstəilliyini elan etməli və Qars, Batum və Ərdəhana olan iddialarından əl çəkməlidir. Bir çox tarixi türk torpaqlarını gələcək dövlətlərinin tərkibində görmək arzusu ilə yaşayan erməni və gürcüləri bu qane etmədiyindən Trabzon konfransını yarımçıq tərk etdilər. Martın 19-da Ərdəhanı geri alan türklər burada müsəlman əhalini terrora məruz qoyan erməni hərbi hissələrini tərk - silah etdilər.

Azərbaycan fraksiyasının qəti etirazlarına baxmayaraq, Zaqafqaziya Seyminin erməni - gürcü çoxluğu 1918-ci il aprelin 13-də Osmanlı dövləti ilə müharibəyə başlamaq haqqında qərar qəbul etdi. Trabzon konfransı öz işini dayandırdı və müharibə başladı. Müharibədə erməni - gürcü qüvvələri biabırçı şəkildə məğlubiyyətə uğradılar. Aprelin 15-də türklər Batumu geri aldılar.

Zaqafqaziya Seymi Türkiyənin tələblərini yerinə yetirməyə məcbur oldu və Brest sülhünün şərtləri qəbul edildi. Seym 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Demokratik Respublikasının yarandığını elan etdi. Bu respublika ilə Osmanlı dövləti arasında mayın 11-də Batumda başlayan danışıqlar mayın 26-da Seymin buraxılması ilə yarımçıq qaldı.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin