MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Azərbaycan Xalq Cümhuriyyətinin tarixi torpaqlarımızı erməni təcavüzündən qorumaq uğrunda mübarizəsi



Yüklə 418,25 Kb.
səhifə76/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   72   73   74   75   76   77   78   79   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi torpaqlarımızı erməni təcavüzündən qorumaq uğrunda mübarizəsi.

Ermənistan Respublikası yaranan kimi ermənilər onlara yaxınlıqda yerləşən Zəngəzur və Naxçıvan torpaqlarına təcavüzə başladılar. Türk xalqının qəddar düşməni Andronikin daşnak quldur dəstələri birbaşa Ermənistan hökumətinin göstərişləri əsasında 1918-ci ilin yay - payız aylarında Naxçıvan, Zəngəzur və Qarabağ bölgələrində Azərbaycan Cümhuriyyətinin sərhədlərini pozaraq dinc əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdilər. Nəticədə Zəngəzurda 115, Cavanşir, Cəbrayıl və Şuşa qəzalarında 21, İrəvan quberniyasında isə 60-dan çox Azərbaycan kəndi məhv edildi və 100 mindən çox türk - müsəlman əhalisi öz doğma yurdundan didərgin salınaraq qaçqın düşdü. Erməni təcavüzü nəticəsində yaranmış qaçqın problemi gənc Azərbaycan Respublikasının mövcud olduğu dövrdə ölkənin sosial - iqtisadi həyatına aid məsələlərə lazım olan qədər diqqət və qayğı göstərilməsinə imkan vermədi.

Cümhuriyyət hökuməti tarixi torpağımız olan Qarabağı erməni təcavüzündən qorumaq və bu bölgədə qayda - qanun yaratmaq üçün 1919-cu ilin əvvəllərindən çox qətiyyətli addımlar atmağa başladı. 1919-cu il yanvar ayının 15-də Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ general qubernatorluğu yaradıldı və fövqəladə səlahiyyətlər verilməklə, Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Xosrov bəy Sultanovunun qətiyyətli tədbirləri nəticəsində Andronikin və digər daşnak qüvvələrinin Qarabağa quldur basqınlarına son qoyuldu və separatçı qüvvələr buradan çıxarıldı. Cümhuriyyət hökumətinin sülhsevər və humanist siyasəti nəticəsində bölgənin dinc erməni əhalisi Azərbaycan hökumətinin hakimiyyətini tanıdı. Beləliklə, Qarabağda və onun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları təmin olundu. Xosrov bəy Sultanovun qətiyyətli addımları və müttəfiq dövlətlərin təzyiqi altında Andronik nəinki Azərbaycan, hətta Cənubi Qafqazdan qaçmağa məcbur oldu.

30 oktyabr 1918-ci il Mudros sazişinə görə Osmanlı qoşunları Azərbaycanı, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanı tərk etməli oldu. Bölgənin azərbaycanlı əhalisi özünü və torpağını qorumaq üçün hələ ki, güclü dövlət idarələrinə və nizami hərbi qüvvələrə malik deyildi. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci ilin noyabr ayında Araz-Türk respublikasını yaratdılar. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, Sərdərabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Mərkəzi isə Naxçıvan şəhəri idi. Araz - Türk respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı. Cümhuriyyət hökuməti Naxçıvanda öz suveren hüquqlarını və hakimiyyətini qəti şəkildə bərqərar etmək üçün 1919-cu il fevralın 28-də Araz - Türk respublikasının yerində Naxçıvan general qubernatorluğu yaratdı. Bəhram xan Naxçıvanski general qubernator təyin edildi.

Azərbaycan hökuməti ölkə iqtisadiyyatının əsas sahəsi olan neft sənayesini dirçəltmək üçün əks - milliləşdirmə tədbirlərinə əl atdı. 1918-ci il oktyabrın 1-də verilmiş fərmana görə hökümət Bakı XKS-nın neft sənayesi və Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqındakı dekretlərini ləğv edərək bütün mədənləri, zavodları və gəmiləri əvvəlki sahiblərinə qaytardı. Dövlət bu strateji sahəyə nəzarət qoymaqla yanaşı, daxili və xarici bazarda neft məhsullarının satış qiymətlərinin müəyyənləşdirilməsi hüququnu özündə saxlayırdı. 1919-cu ilin yayından hökumət xarici şirkətlərlə neftin satışına dair sazişlər bağlamağa başladı. Rusiya bazarı itirildiyindən Azərbaycan nefti əsasən qonşu ölkələrə və Avropaya ixrac olunurdu. Azərbaycandan Türkiyəyə, Gürcüstana, İngiltərə və İtaliyaya neft və neft məhsulları göndərilirdi. Neftin nəqli hələ 1907-ci ildə çəkilişi başa çatdırılmış Bakı-Batum kəməri Bakı - Tiflis dəmir yolu xətti ilə həyata keçirilirdi. Neftin Rusiyanın deyil, müstəqil Azərbaycanın ixtiyarında olmasını istəyən Versal Ali Şurası Batum limanından istifadə hüququnun Azərbaycan Cümhuriyyətinə verilməsi haqqında qərar çıxarmışdı. Neftin qiymətinə gəlincə, İtaliyaya göndərilən hər ton neftin qiyməti 35 dollar, mazutun tonu isə 25 dolar müəyyən edilmişdi.

Cümhuriyyət hökuməti qarşısında duran ən vacib vəzifələrdən biri respublikada ali təhsilin təşkiliali təhsilli milli kadrların hazırlanması idi. Odur ki, Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun verdi. Hökumətin böyük dövlət əhəmiyyəti verdiyi bu məsələ ilə bağlı xüsusi bir komissiya da yaradıldı. Universitetin normal fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən beş milyon manat pul ayrılmışdı. Universitet qanununa görə 4 fakültə: tarix - filologiya, tibb, fizika - riyaziyyat və hüquq fakültələri açılmalı idi. Universitetdə tədrisin rus dilində aparılması nəzərdə tutulsa da, bütün fakültələrdə Azərbaycan türk dili məcburi fənn kimi keçilməli idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Milli kadrların azlığı şəraitində Universitetdə tədrisin rus dilində olması parlamentdə ciddi mübahisələr doğurmuşdu. Görkəmli maarifçi Məmmədağa Şaxtaxtinskinin haqlı olaraq göstərdiyi kimi, "Universitet tədricən milliləşdirilərək və türkləşdirilərək Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir". 1919-cu ilin noyabrın 15-də tarix - filologiya və tibb fakültələrində ilk dərslərin başlaması ilə Bakı Dövlət Universiteti açıldı. Bu hadisə milli hökumətin mədəniyyət sahəsində çox böyük qələbəsi hesab olunur.

Azərbaycan Parlamentinin qərarı ilə 1919 - 1920-ci tədris ili üçün xarici ölkələrin qabaqcıl ali məktəblərinə 100 azərbaycanlı gəncin göndərilməsi və bunun üçün büdcədən yeddi milyon manat pul ayrılması nəzərdə tutulmuşdu. Türkiyə, İngiltərə, İtaliya, Fransa və Rusiyanın ali məktəblərində təhsil alacaq həmin gənclər qayıdandan sonra hökumətin təyin etdiyi yerdə hökmən 4 il işləməli idilər. Vətənpərvər və millətpərəst sahibkar Hacı Zeynalabdin Tağıyev xaricə oxumağa göndərilən həmin tələbələrdən 20 nəfərinin bütün xərcini öz boynuna götürmüşdü. Hökumətin həmin tələbələr üçün ixtisas seçimi də xüsusi maraq doğurur. Onlar Avropanın ən yaxşı universitetlərində memarlıqdan gəmiqayırma və təyyarə düzəldilməsinədək ən müasir peşələrə yiyələnmək üçün göndərilmişdilər.

ƏDƏBİYYAT:


1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016, s.249-258,260-279

2.Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə(XIX-XXI əsrin əvvəli) A.Ə.Rzayevin ümumi redaktəsi ilə. Bakı:Bakı Universiteti nəşriyyatı,2010,s.258-260

3.XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c., Bakı, 2004.s.182-190


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin