MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə84/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   80   81   82   83   84   85   86   87   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Əlifba islahatları. 1920-30-cu illərdə Azərbaycan SSR-də mədəni quruculuq adı altında həyata keçirilən tədbirlər içərisində əlifba islahatları özünəməxsus yer tutur. Azərbaycanda sovet hakimiyyəti qurulandan bir qədər sonra 1920-ci ilin noyabrında ərəb əlifbasının dəyişdirilməsi məsələsinin ortaya atılması ilk növbədə Azərbaycanı Müsəlman və Şərq dünyasından ayırmaq və xalqımızı bu dildə min ildən çox müddət ərzində yaratdığı çox zəngin mədəni irsdən məhrum etmək məqsədi güdürdü. 1922-ci ildə əlifba islahatının keçirilməsi ilə bağlı Xüsusi Komissiya da yaradılmışdı. 1926-cı il fevral ayının 26-dan martın 5-dək Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayında latın əlifbasına keçilməsi türk xalqları içərisində savadsızlığı ləğv etməyin və yeni sosialist mədəniyyətini mənimsəməyin əsas yollarından biri kimi qiymətləndirilmişdi.

Nəhayət, Azərbaycan hökumətinin qərarı ilə 1929-cu il yanvarın 1-dən Respublikada yeni latın əlifbasına keçildiyi rəsmən elan olundu. Bu islahatı həyata keçirmək üçün yaradılmış Xüsusi Komissiya 1932-ci ildə latın əlifbasının tam təkmilləşmiş variantını qəbul etdi. Çox keçmədən1938-ci ildə SSRİ rəhbərliyi qeyri - rus məktəblərində rus dilinin məcburi qaydada tədris olunması haqqında xüsusi qərar da qəbul etmişdi. Bunun ardınca, Azərbaycan SSR Ali Soveti 1939-cu ilin iyulunda latın əlifbasının rus - kiril əlifbası ilə əvəz edilməsi haqqında qanun vermiş və bu qanun 1941-ci il yanvarın 1-dən qüvvəyə minmişdi. Beləliklə, SSRİ rəhbərliyi on il ərzində heç bir zərurət olmadan, yalnız siyasi məqsədlə iki dəfə əsassız olaraq əlifbamızı dəyişdirdi.

Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 18 may tarixli dekreti ilə incəsənət sahəsindəki bütün müəssisələr milliləşdirilmişdi. 1918-ci il mart soyqırımı zamanı erməni daşnakları tərəfindən yandırılmış Tağıyev teatrı 4 illik təmirdən sonra, 1922-ci ildə M.F.Axundovun "Hacı Qara" komediyasının tamaşası ilə istifadəyə verilmiş və həmin ildən bu teatr Azərbaycan Dövlət Dram Teatrı adlandırılmışdı. 1924-cü ildə Azərbaycan Opera Balet Teatrı, 1931-ci ildə Kukla Teatrı, 1938-ci ildə isə Musiqili Komediya Teatrı fəaliyyətə başlamışdı.

1921 -ci ildə yaradılmış Konservatoriyaya azərbaycanlıların cəlb edilməsində Azərbaycanda peşəkar musiqinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov xüsusi rolu olmuşdur. 1927-ci ildə Ü.Hacıbəyov və M.Maqomayev "Azərbaycan türk xalq mahnıları" məcmuəsini nəşr etdirmişdilər.

1920 - 1930-cu illərdə Azərbaycan yazıçı və şairlərinin bir hissəsi yeni sosialist cəmiyyəti quruculuğunu və sovet rejimini tərənnüm edərək yeni proletar ədəbiyyatının yaradılması prosesinə fəal şəkildə qoşulmuşdular. Artıq Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşviq, Məmməd Rahim, Rəsul Rza, Mehdi Hüseyn və başqaları Kommunist Partiyasının direktiv göstərişlərinə əməl edərək öz əsərlərində sovet gerçəkliklərini və yenilikləri partiya və dövlətin tələb etdiyi şəkildə əks etdirirdilər, amma hər çeyə rəğmən 1937-ci ilədək Azərbaycan ədəbiyyatında real hakimiyyət yeni proletar yazarlarının deyil, Əhməd Cavad və Hüseyn Cavidin başçılıq etdiyi "köhnə" qələm sahiblərinin əlində idi.

1920-ci il aprel istilası nəticəsində Azərbaycanda yaradılmış sovet idarə sistemi sözün tam və əsl mənasında diktatura idi. Azərbaycanda siyasi hakimiyyət sərt mərkəzləşdirmə prinsipləri əsasında həyata keçirilirdi. Dövlət, hökumət orqanları və ictimai təşkilatlar Kommunist Partiyasının iradəsinə tabe edilmişdi. Bütün rəhbər orqanlarının qeyri - azərbaycanlıların əlində olduğu Azərbaycan Kommunist Partiyası heç özü də müstəqil qurum deyildi və Moskvanın - Sovet dövlətinin başçısı İ.Stalinin diktəsi altında fəaliyyət göstərirdi. 1933-cü ilin dekabrında Azərbaycan K(b)P MK-nın birinci katibi vəzifəsinə gətirilmiş Mir Cəfər Bağırov o vaxtlar partiyanın Zaqafqaziya Diyar Komitəsinin birinci katibi işləyən L.Beriyanın himayədarlığı və özünün sərt, amansız xarakteri və ciddi işgüzarlığı sayəsində Azərbaycanda vahid və güclü hakimiyyət qura bilmişdi. Xalqımızın amansız düşməni olan erməni Yuvelian Sumbatov - Topuridze 1934 - 1938-ci illərdə Azərbaycan Xalq Daxili İşlər Komissarlığına başçılıq edirdi. O, Respublikada avtoritar rejimin bərqərar edilməsi işində M.C.Bağırova sədaqətlə xidmət göstərirdi. Ümumiyyətlə, 1939-cu ilədək Azərbaycanın Daxili İşlər və Təhlükəsizlik orqanlarında işləyənlərin əksəriyyətini qeyri - azərbaycanlılar təşkil edirdi. Azərbaycan SSR-nin cəza orqanlarında o dövrdə çoxlu sayda erməni çalışırdı.

Azərbaycan SSR-də M.C.Bağırovun başçılıq etdiyi avtoritar sovet rejimi xalqımızın vətənpərvər oğullarına, görkəmli ziyalılara, bütün açıq fikirli adamlara, hətta sovet rejiminə sədaqətlə xidmət etmiş partiya və dövlət xadimlərinə qarşı da kütləvi şəkildə repressiyalar (divan tutma) həyata keçirirdi. Azərbaycanın 51 rayonundan 31-ində Respublika Xalq Daxili İşlər Komissarlığının yerli şöbələrinə ermənilər başçılıq edirdilər. Bu isə Azərbaycanda həyata keçirilən kütləvi repressiyaların başqa sovet respublikaları ilə müqayisədə daha amansız olmasına gətirib çıxartmışdı. Bolşeviklərin həyata keçirdiyi repressiyalarda əsas məqsəd əhali içərisində qorxu yaradaraq onu itaətkar kütləyə çevirməkdən və bir qrup bolşevik elitasının əlində olan Kommunist Partiyasının təkbaşına hakimiyyətini bərqərar etməkdən ibarət idi.

Tarixi mənbələrə görə, 1934-cü ildən 1939-cu ilədək Azərbaycanda Y.Sumbatovun başçılıq etdiyi Xalq Daxili İşlər Komissarlığı tərəfindən 27.458 nəfər repressiyaya məruz qalmışdı. Repressiya olunanlar içərisində adi fəhlə və kəndlidən tutmuş, ziyalılara qədər bütün zümrələr, hətta partiya və sovet orqanlarında çalışan şəxslər də var idi. Bolşevik sovet rejiminə sədaqətlə xidmət edərək Moskvanın xalqımıza qarşı yeritdiyi müstəmləkəçilik siyasətinin həyata keçirilməsində misilsiz rol oynayan və M.C.Bağırovla hakimiyyət uğrunda mübarizədə məğlub olmuş Əliheydər Qarayev, Ruhulla Axundov, Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ayna Sultanova kimi partiya və dövlət xadimlərinə də divan tutulmuş və onlar da repressiyanın zirvəsi sayılan 1937-ci ildə güllələnmişdilər. 1937 - 1938-ci illərdə uydurma ittihamlarla "xalq düşməni" kimi xəyanətdə, əksinqilabi fəaliyyət göstərməkdə, müsavatçı, pantürkizm və xarici dövlətlərə casusluq etməkdə “günahkar” bilinən minlərlə Azərbaycan ziyalısı, o cümlədən Əhməd Cavad, Tağı Şahbazi, Əli Nəzmi, Salman Mümtaz, Bəkir Çobanzadə, Mikayıl Müşfiq, Hüseyn Cavid və başqaları repressiyaya məruz qalmış, onların böyük hissəsi güllələnmiş, bir hissəsi isə sürgünə göndərilmişdi. Təkcə 1937-ci ildə 29 min günahsız adam "xalq düşməni" kimi güllələnmişdi. Bu dəhşətli illərdə on minlərlə Azərbaycan ziyalısının məhv edilməsi bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına ağır zərbə vuraraq onun inkişafını ləngitmişdi.

1920 - 1930-cu illərdə Kommunist Partiyası Azərbaycanda da terror və kütləvi divan tutma tədbirləri nəticəsində avtoritar - totalitar diktatura idarə üsulunu bərqərar etdi. Bolşeviklər Sovet rejiminə qarşı çıxan bütün milli qüvvələri “xalq düşməni” adı ilə sıradan çıxardaraq, xalqın bütün mülkiyyət hüquqlarını əlindən alıb, iqtisadiyyatı inzibati - amirlik üsulları ilə idarə etməyə başladılar. Bütün dəyişikliklər sosializm quruculuğunun qələbəsi kimi qələmə verilmiş və 1936-cı il dekabrın 5-də qəbul edilmiş SSRİ Konstitusiyasında qanuniləşdirilmişdi. Yeni Konstitusiyada zəhmətkeşlərin əmək, istirahət, təhsil, sosial təminat hüquqları və heç bir real təminatı olmayan siyasi hüquq və azadlıqları elan edilmişdi. Çoxpilləli seçki sistemi ümumi və birbaşa seçki ilə əvəz olunmuşdu. ZSFSR ləğv edilmiş və Azərbaycan SSR SSRİ-nin tərkibində müttəfiq respublika elan edilmişdi. 1937-ci il martın 14-də Azərbaycan SSR-nin ikinci Konstitusiyası qəbul olunmuşdu. Təkpartiyalı sovet siyasi sisteminin bərqərar olunduğu 1920 - 1930-cu illərdə Azərbaycan SSR-də yerli və Ali Sovet orqanlarına seçkilər Kommunist Partiyasının və dövlət orqanlarının sərt nəzarəti altında keçirilirdi. Stalin 1922-ci ildən 1953-cü ilə qədər SSRİ-ni bir diktator kimi təkbaşına 31 il idarə etmişdi. Nəticədə ölkədə onun şəxsiyyətinə pərəstiş yaranmış və Stalin bütə çevrilmişdi. Azərbaycanı isə onun və Beriyanın əlaltısı olan Mir Cəfər Bağırov 1933-cü ilin sonundan 1953-cü ilədək, düz 20 il idarə etmişdi.

1920-ci il aprel istilasından sonra Azərbaycanı işğal etmiş XI Qırmızı Ordu hissələri daşnak Ermənistanın Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan və başqa bölgələrinə təcavüzünün və erməni quldur dəstələrinin müsəlman əhalisinə qarşı törətdiyi qırğınların qarşısını almaq əvəzinə, azərbaycanlıların tərk - silah edilməsi ilə məşğul idi. Bu zaman Sovet Rusiyası Azərbaycan SSR-in iştirakı olmadan daşnak Ermənistanı ilə ərazi məsələləri ilə bağlı gizli şəkildə danışıqlar aparırdı. Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında 1920-ci ilin avqust ayının 10-da bağlanmış altı maddəlik sazişlə Azərbaycanın Şərur - Dərələyəz bölgəsinin Ermənistana məxsusluğu təsdiq edilmiş, Zəngəzur, Naxçıvan və Qarabağ bölgələri isə "mübahisəli ərazilər" hesab olunmuşdu. Azərbaycan hökumətinin başçısı N.Nərimanovun bu sazişlə bağlı qəti etirazları Sovet Rusiyasının rəhbəri V.İ.Lenin və həmin sazişin müəllifi olan Rusiya Xarici işlər naziri G.Çiçerin tərəfindən bir qayda olaraq qulaqardına vurulurdu.

Naxçıvana gəlincə, xoşbəxtlikdən 1920-ci ilin mayından burada o zaman Sovet Rusiyası ilə müttəfiq olan Türkiyənin qoşun hissələri yerləşmişdi. Veysəl paşanın başçılıq etdiyi türk qoşunları Naxçıvanın erməni təcavüzündən qorunmasında həlledici rol oynayırdı. Qırmızı Ordu hissələri isə Naxçıvan bölgəsinə 1920-ci il iyul ayında daxil olmuş və iyulun 28-də Naxçıvan SSR yaradılmışdı. Naxçıvan İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi elan etmişdi.

1920-ci il noyabr ayının 29-da Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Sovet Rusiyasının mübahisəli hesab etdiyi ərazilər uğrunda mübarizə yeni mərhələyə daxil oldu. Ermənistanda Sovet hakimiyyətinin qurulmasından vəcdə gələn N.Nərimanov Azərbaycan İnqilab Komitəsi adından çox ağılsız bir bəyanat hazırlayaraq 1920-ci il dekabrın 1-də elan etmişdi. Moskvanın Qafqazdakı emissarı, Qafqaz Diyar Komitəsinini başçısı S.Orconikidzenin diktəsi ilə hazırlanmış həmin bəyanatda deyilirdi: "Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur. Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Sovet Azərbaycanının qoşunları Zəngəzurun ərazisindən çıxarılır". Bu bəyanat Türkiyə tərəfindən qəti etirazla qarşılandı. Naxçıvanda isə əhali kəskin çıxışlara başladı. Azərbaycan hökuməti tərəfindən gərginliyi azaltmaq üçün bölgəyə göndərilən Ədliyyə Komissarı və Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud bəy Naxçıvanski 15 dekabr 1920-ci ildə Naxçıvan camaatı qarşısında böyük vətənpərvərliklə etdiyi çıxışında açıq şəkildə bildirmişdi: "Azərbaycan hökuməti sizi torpağınızla birlikdə Ermənistana satıb. Siz torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq istəyirsinizsə, burada arxalana biləcəyiniz yeganə qüvvə Türkiyə qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaq və sizi ağır fəlakətdən xilas edəcəklər".

Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında Sovet Rusiyası ilə Türkiyə arasında 1921-ci il mart ayının 16-da bağlanmış Moskva müqaviləsi mühüm rol oynadı. 16 maddədən və 3 əlavədən ibarət olan Moskva müqaviləsinin 3-cü maddəsi və birinci əlavəsi Naxçıvana aid idi. Müqavilə ilə hər iki tərəf əlavədə göstərilən sərhədlər daxilində Naxçıvan vilayətində Azərbaycanın himayəsi altında və Azərbaycanın həmin protektoratlığı heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil etməsinə razı olduğunu bildirirdi. Müqavilədə üçüncü dövlət dedikdə heç şübhəsiz Ermənistan nəzərdə tutulurdu. Moskva konfransında Naxçıvan məsələsinin ədalətli həlli Azərbaycanın maraqları və Türkiyənin təhlükəsizliyi baxımından Türkiyə diplomatiyasının böyük qələbəsi idi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin