MÖVZU 20. CƏNUBİ AZƏRBAYCAN XX ƏSRİN I YARISINDA (SƏTTARXAN, Ş.M.XİYABANİ, S.C.PİŞƏVƏRİ)
Cənubi Azərbaycan Qacar - türk sülaləsi tərəfindən idarə olunan və Cənubi Qafqazda bəzən "İran" kimi tanınan dövlətin tərkibində idi. Qacar şahlarının yarıtmaz daxili siyasəti nəticəsində Cənubi Azərbaycanda kəndlilərin ağır istismara məruz qalması, ölkənin sərvətlərinin bir ovuc şəxsin əlində cəmləşməsi, iş yerlərinin azlığı şəraitində 300 min nəfərdən çox qan qardaşımızın Vətəndən didərgin düşərək Şimali Azərbaycana, Mərkəzi Asiyaya və Rusiyanın mərkəzi quberniyalarına iş dalınca - kəsbkarlığa getməsi, bütövlükdə ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə çevrilməsi, əhalinin böyük hissəsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması nəticəsində sosial tarazlığın tamamilə pozulması 1905 - 1911-ci illər inqilabının əsas səbəbləri hesab olunur. 1905- ci ildə əhalinin passiv mübarizə üsulu kimi qoşulduğu "bəstə oturmaq"la (oturaq etiraz forması: narazı əhali məscidlərdə, xarici konsulluqların qarşısında oturaraq oranı tərk etmirdilər) başlayan inqilabın əsas tələbləri bunlar idi: 1. Konstitusiya (məşrutə) verilməsi; 2. Məclisin çağrılması; 3. Xarici məmurların və xarici kapitalın ölkədən çıxarılması.
Qacarların paytaxtı Tehranla yanaşı, bütün Cənubi Azərbaycanı bürüyən inqilabi hərəkatda əhalinin aşağı zümrələri (fəhlələr, şəhər yoxsulları, sənətkarlar) ilə yanaşı, milli burjuaziyanın, ziyalıların, demokratik ruhlu ruhanilərin nümayəndələri də iştirak edirdilər. İnqilabi hərəkatın güclənməsi Müzəffərəddin Şah Qacarı 1906-cı il avqustun 5-də Konstitusiya haqqında və bunun ardınca Məclisə seçkilər haqqında fərman imzalamağa məcbur etdi. Cənubi Azərbaycandan olub, Bakıda işləyən inqilabçıların iştirakı ilə yaradılan Təbriz sosial - demokrat təşkilatı və onun "Gizli Mərkəz" adlandırılan rəhbər orqanı inqilabın əvvəlindən sonunadək Cənubi Azərbaycanda bütün demokratik qüvvələrin şah rejiminə qarşı birləşdirilməsində və silahlandırılmasında mühüm rol oynamışdı. 1906-cı ildən 1911-ci ilədək Cənubi Azərbaycanda Məşrutə (konstitusiya) uğrunda azadlıq hərəkatına rəhbərlik etmiş bu təşkilata xalqımızın qəhrəman oğlu Əli Müsyö başçılıq edirdi. Məclisə seçkiləri təşkil etmək üçün ilk növbədə hərəkatın 20 nəfər siyasi liderinin daxil olduğu "Azərbaycan əyalət əncüməni" (əncümən "şura" deməkdir - seçkili nümayəndəli orqan) yaradıldı. Azərbaycan əyalət əncüməni müxtəlif vaxtlarda hakimiyyət orqanı kimi fəaliyyət göstərmiş, bəzən isə hətta inqilabi hökümət funksiyasını daşımışdı. Təbrizin ardınca Cənubi Azərbaycanın demək olar ki, bütün şəhərlərində əncümənlər yaradılmışdı. Məclisə nümayəndələrin seçilməsi Təbrizdə 1906-cı ilin noyabrın 5-də, bütün Azərbaycanda isə dekabrın əvvəllərində başa çatdırılmışdı.
1906-cı il dekabrın 30-da ölüm yatağında olan Müzəffərəddin şah Konstitusiyanın hazır şəkildə olan birinci hissəsini imzaladı. 1907-ci ilin yanvarın 19- da taxta çıxmış Məhəmmədəli şah Qacar inqilaba qarşı çox amansız mövqe nümayiş etdirərək Konstitusiyanın fəaliyyətini dayandırdı. Şahın bu ağılsız addımı 1907-ci il fevralın 8-də Təbrizdə üsyana səbəb oldu. İnqilabçılar qalib gəldilər və şəhərdə real hakimiyyət Azərbaycan əyalət əncüməninin əlinə keçdi.
1907-ci il fevralın 8-də Azərbaycan nümayəndələrinin Tehranda açılmış ölkə Məclisinə qatılması inqilabi hərəkatda yüksəlişə səbəb oldu. Azərbaycan nümayəndələrinin şahdan əsas tələbi bütün ölkədə konstitusiyalı idarə üsulunun bərqərar edilməsi və Konstitusiyanın 107 maddədən ibarət tamamlayıcı hissəsinin qəbul edilməsi idi. Konstitusiyaya demokratik məzmun verən həmin maddələrdə insanların şəxsiyyətinin və mülkiyyətinin toxunulmazlığı, söz, mətbuat, yığıncaq və ittifaq yaratmaq azadlığı, Məclisin və şahın hüquqları, əncümənlərin statusu kimi çox mühüm taleyüklü məsələlər əksini tapmışdı. Məhəmmədəli şah 1907-ci il oktyabrın 7-də inqilabçılar qarşısında geri çəkilərək Konstitusiyaya əlavələri imzalamağa məcbur oldu.
Şah höküməti 1908-ci ildə inqilabi hərəkatı boğmaq üçün bütün mürtəce qüvvələri səfərbər etdi. 1908-ci il iyunun 23-də şah kazak briqadası rus polkovniki Lyaxovun başçılığı altında hücuma keçərək Tehranda Məclisi dağıtdı. Əksinqilabi çevriliş həyata keçirildi və demokratik qüvvələrə divan tutuldu. 300 nəfər konstitusiyaçı öldürüldü, Məclis nümayəndələrinin çoxu həbs edildi və ya sürgünə göndərildi.
İrticaçı qüvvələrin Təbriz inqilabçıları üzərinə hücumları gücləndi. İnqilabın aparıcı qüvvəsini təşkil edən fəhlələr, şəhər yoxsulları, sənətkarların orta təbəqəsi, xırda burjuaziya və ziyalılar inqilabçıların sıralarını axıradək tərk etmədilər. Təbriz döyüşçüləri əksinqilabi qüvvələrə qarşı döyüşdə on bir ay mətanətlə müqavimət göstərdilər. Şah irticası ilə qeyri - bərabər döyüşlərdə Cənubi Azərbaycan türkləri içərisində Səttarxan kimi çox istedadlı xalq sərkərdələri yetişmişdi. Səttar 1867-ci ildə Qaradağda xırda tacir ailəsində anadan olmuşdu. Atası Hacı Həsən və qardaşı İsmayıl azadlıqsevər şəxslər olduğundan şah sarayı tərəfindən təqiblərə məruz qalırdılar. Qardaşı İsmayıl Təbriz valisi olan vəliəhd Müzəffərəddinin əmri ilə öldürülmüşdü. Şah rejiminə qarşı dərin nifrət bəsləyən Səttar silahlı qaçaq dəstəsi yaradaraq zəhmətkeş əhalini ədalətsiz məmurların zülmündən müdafiə edirdi. Nəticədə xalqın sevimlisi olmuşdu və hörmət əlaməti olaraq onu "Səttarxan" adlandırırdılar. Səttarxan öz silahdaşları Bağırxan, Hüseynxan, "Gizli mərkəz"in başçıları Əli Müsyö və Hacı Əli Davafuruşla birlikdə Təbrizin on bir aylıq müdafiəsinə rəhbərlik etmişdi. Hökumətin tələbi ilə təslim rəmzi olan ağ bayrağın Təbrizin ona doğma olan Əmirəxız məhəlləsində qaldırılmasını qadağan edən Səttarxan ilk əvvəl Hərbi Şura yaratmışdı. Hərbi Şura Təbrizin müdafiəsində iştirak edən 20 minə yaxın fədai və mücahiddən ibarət silahlı qüvvəni yenidən təşkil etmişdi. Həmin qüvvələr 1908-ci ilin oktyabr ayının 12-də Təbriz şəhərini əksinqilabi qüvvələrdən tamamilə təmizləmişdi. Azərbaycan əyalət əncüməni xüsusi qərarla Səttarxana "Sərdare - milli", Bağırxana isə "Salare - milli" yəni "milli sərkərdə" adının verilməsini rəsmiləşdirmişdi.
Şah rejimi üzərində bu böyük qələbə nəticəsində 1908-ci ildə inqilabın mərkəzi Təbrizə - Cənubi Azərbaycana keçdi. 1908-ci il noyabr - 1909-cu il yanvar ayları ərzində Makunu cıxmaqla, Cənubi Azərbaycanın bütün qərb vilayətləri əks-inqilabçılardan təmizləndi. Bu işdə Azərbaycan milli burjuaziyasının ən görkəmli nümayəndəsi Hacı Zeynalabdin Tağıyev xüsusilə fərqlənirdi. Bakıda nəşr edilən "İrşad", "Həyat", "Tazə həyat" qəzetləri və "Molla Nəsrəddin" jurnalı inqilabçılara böyük mənəvi yardım göstərmişdilər. Şah hökumətinin Cənubi Azərbaycanda inqilabi hərəkata qarşı mübarizədə məğlubiyyətə uğraması ölkəni yarımmüstəmləkəyə çevirmiş Rusiya və İngiltərəni bərk təşvişə salmışdı. 1909-cu il aprelin 25-də Rusiya höküməti "xarici təbəələri qorumaq" bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeritmişdi. Hər yerdə inqilabçıların hərbi qüvvələri rus qoşunları tərəfindən tərksilah olunur və inqilabçılara amansızlıqla divan tutulurdu.
1909-cu ildə Konstitusiya bərpa edilərək ikinci Məclis açılsa da, Azərbaycan nümayəndələrinin də iştirak etdiyi bu məclisin əksəriyyəti Tehran hökümətinin əksinqilabi mövqeyini müdafiə edirdi. Tehran hökuməti İngiltərə və Rusiyanın təzyiqləri altında fədai dəstələrini Təbrizdən çıxarmağa çalışırdı. İmperialist dövlətlərin bütün xalqımızı məhv etmək üçün müharibə hazırlığına başlaması haqqında xəbər 1910-cu ilin martın 19-da Səttarxanı 100 nəfər fədainin müşayiəti ilə rəsmi hökumət dəvəti əsasında danışıqlar aparmaq üçün Tehrana yola düşməyə məcbur etdi. Dövrün mətbuatının yazdığına görə, Səttarxan və Bağırxanı Tehran əhalisinin bütün təbəqələrindən ibarət möhtəşəm bir izdiham son dərəcə böyük bir ehtiramla qarşılamışdı. "Bu vaxtadək heç bir siyasi xadim, heç bir ruhani və xarici qonaq, hətta şah da Tehranda belə təntənə ilə qarşılanmamışdı." Fədai dəstələrinin tərksilah edilməsi haqqında razılığa gəlinməsinə baxmayaraq, Tehran hökuməti tərəfindən Səttarxan və onun fədailərinə qarşı erməni daşnak Yefremin başçılıq etdiyi 6 min nəfərlik quldur dəstəsinin xaincəsinə basqını təşkil edildi. 18 fədai öldürüldü, 40 fədai, o cümlədən Səttarxan yaralandı. Səttarxan və Bağırxanın bir daha Təbrizə qayıtmasına icazə verilmədi və onlar Tehranda ev dustağı edildilər.
1911-ci ilin dekabr ayında rus qoşunları fədailərə qarşı savaş açaraq Təbriz şəhərini işğal etdilər. Rus zabitləri tərəfindən təşkil edilmiş hərbi məhkəmələrin hökmü ilə inqilabın görkəmli rəhbərlərindən Hacı Əli Davafuruş, Səttarxanın qardaşı və qardaşı oğlanları, gizli mərkəzin rəhbəri olub, 1910-cu ildə vəfat etmiş Əli Müsyönün, hətta kiçik oğlan uşaqları, onlarla görkəmli ictimai xadim, iri ruhani Siqqətulislam, Qafqazdan inqilaba köməyə gəlmiş xeyli sayda mücahid edam edildi. Cənubi Azərbaycanın bütün şəhərlərində əncümənlər dağıdıldı, inqilab rəhbərlərinə divan tutuldu. Şah hökumətinin qarşısında aciz qaldığı Cənubi Azərbaycan azadlıq hərəkatı xarici müdaxiləçilərin, ilk növbədə Rusiyanın hərbi qüvvələri tərəfindən qan içərisində boğuldu.
Birinci Dünya müharibəsi (1914 - 1918) Qacar (indiki İran) səltənətinin tərkibində olan Cənubi Azərbaycana böyük fəlakətlər gətirdi. Qacar hökumətinin yarıtmaz siyasəti nəticəsində Cənubi Azərbaycan əvvəl - 1915-ci ildə ruslar, 1917 - 1918-ci illərdə isə ingilis qoşunları tərəfindən işğal olunmuşdu. Ölkədə iqtisadi böhran dərinləşmiş, əhalinin sosial vəziyyəti xeyli ağırlaşmışdı. Xarici işğalçıların ağalıq etdiyi bir şəraitdə Qacar hökuməti Azərbaycan türklərinin, nəinki hüquqlarını qoruya bilmirdi, hətta onların təhlükəsiz yaşamaq hüququnu belə təmin etmək iqtidarında deyildi. 1918-ci ilin yaz - yay aylarında erməni daşnak qüvvələri Cənubi Azərbaycanın Urmiya, Xoy, Salmas və Təbriz şəhərlərində müsəlman türk əhaliyə qarşı kütləvi qırğınlar və talanlar törətmişdilər.
Cənubi Azərbaycanda milli - azadlıq hərəkatı 1917-ci ilin mayında şah rejiminə və xarici işğalçılara qarşı Təbrizdə keçirilən mitinq və nümayişlərlə başladı. Milli - azadlıq hərəkatı 1917-ci il avqustun 24-də İran Demokrat Partiyasından ayrılaraq özünü müstəqil elan edən Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən yönləndirilirdi. Partiyaya məşrutə hərəkatı dövründə (1905 - 1911) Səttar xanın döyüş səngərlərində mətinləşmiş böyük siyasi xadim Şeyx Məhəmməd Xiyabani (1880 - 1920) başçılıq edirdi. O, 1917-ci ildə nəşrinə başlanan "Təcəddüd" (Yeniləşmə) qəzetinin baş redaktoru idi.
1919-cu ilin avqustun 9-da İngiltərə - Qacar (İran) sazişinin bağlanması ilə ölkənin iqtisadi və siyasi cəhətdən ingilislərdən asılılığının daha da güclənməsi şah rejimi və xarici işğalçılara qarşı azadlıq mübarizəsinin yüksəlişinə səbəb oldu. Hərəkatda fəhlələr, kəndlilər, sənətkarlar, tacirlər, ziyalılar və milli burjuaziyanın nümayəndələri iştirak edirdilər.
Hökumətin hərəkat üzvlərinə divan tutmaq cəhdlərinə qarşı 1920-ci il aprelin 7-də Təbrizdə üsyan başladı. Şəhərdə ümumi sayı iki minə çatan şah kazak dəstələrindən başqa silahlı qüvvələrin hamısı üsyana qoşuldu. Üsyana rəhbərlik etmək üçün Şeyx Məhəmməd Xiyabani başda olmaqla İctimai İdarə Heyəti (İİH) yaradıldı. Üsyançılar iki gün ərzində Təbrizdəki bütün dövlət idarələrini ələ keçirdilər və üsyan qan tökülmədən qalib gəldi. Qalibiyyətli Təbriz üsyanı qonşu ölkələrdə, xüsusilə Rusiya və Türkiyədə böyük əks - səda doğurmuşdu. Sovet Rusiyası Sovet Azərbaycanı vasitəsilə Təbriz hərəkatının lideri Ş.M.Xiyabaniyə silah - sursat, maliyyə yardımı təklif edərək bu hərəkatdan ingilisləri bölgədən çıxartmaq üçün istifadə etməyə çalışırdı. Bolşevizmi "çar hökumətinin astar üzü" adlandıran və Sovet Rusiyasının "inqilab ixracı" yolu ilə Şərq ölkələrini işğal etmək planlarından yaxşı xəbərdar olan Ş.M.Xiyabani bu təklifi qətiyyətlə rədd etdi. Yalnız öz xalqının gücünə arxalanan Xiyabani, hətta Mustafa Kamal Atatürkün də kömək təklifinə müsbət cavab verməmişdi.
Cənubi Azərbaycandakı hərəkatın milli - azadlıq xarakteri daşıması Ş.M.Xiyabaninin Tehran hökumətinə göndərdiyi tələblərdən daha aydın görünür. Qacar hökumətindən ölkənin respublika elan edilməsi, Azərbaycana muxtariyyət verilməsi, Konstitusiyanın Əncümənlər (Şuralar) haqqında maddəsinin həyata keçirilməsi, bütün xarici qoşunların ölkədən qovulması, ingilispərəst hökumətin istefaya göndərilməsi, 1919-cu ildə İngiltərə ilə bağlanmış sazişin ləğv edilməsi tələb olunurdu. 1920-ci ilin aprel üsyanı zamanı Xiyabaninin dönməz iradəsi hərəkata ümumilli xarakter verdi və əvvəl Tehranın nümayəndələri, sonra isə ingilis komandanlığında olan hind sipahi dəstələri Təbrizdən çıxarıldılar. İrəli sürülmüş tələblərlə bağlı Tehran hökumətindən heç bir müsbət cavab gəlmədiyindən 1920- ci il iyunun 23-də Azərbaycan Demokrat Partiyası İctimai İdarə Heyəti əsasında tam muxtar hüquqlara və silahlı qüvvələrə malik olan Milli Hökuməti təşkil etdi. Ş.M.Xiyabaninin başçılıq etdiyi Milli Hökumət Cənubi Azərbaycanın sosial-iqtisadi həyatına aid bir sıra mühüm islahatlar keçirdi. Dövlətə məxsus torpaqların kəndlilər arasında bölünməsi haqqında qərar verildi. Təbrizdə aztəminatlı ailələrin uşaqları məktəblərə cəlb olundu, bir neçə məktəbdə qızlar üçün siniflər açıldı. Məktəblərdə tədris doğma türk dilində aparılırdı. Təbrizdə xalça fabrikinin tikintisinə başlanıldı, milli bank açılması və pul islahatı keçirilməsi planlaşdırılmışdı. Milli hökumət Təbriz şəhərinin əhalisindən iki min nəfərdən ibarət yeni jandarm və polis dəstələri təşkil etmişdi. Ümumi sayını 12 min nəfərə çatdırılması nəzərdə tutulan Milli qvardiyanın yaradılmasına başlanmışdı.
Şeyx Məhəmməd Xiyabani 1920-ci il 7 aprel Təbriz üsyanından sonra quracağı dövləti "Azərbaycan" deyil, "Azadıstan" adlandırmışdı. O, bunu dünyada artıq Azərbaycan adlı dövlətin mövcud olması ilə əsaslandırmışdı. Ümumiyyətlə, Şeyx Məhəmməd Xiyabani Şimali Azərbaycana çox ehtiyatla yanaşırdı. Bu, cənubdakı hərəkatın ilk dövrlərində Azərbaycan Xalq Cümhuriyyətinin İngiltərə ilə sıx əlaqədə olması, sonrakı dövrdə isə aprel istilası nəticəsində yaradılan Sovet Azərbaycanının Rusiyanın müstəmləkəsinə çevrilməsi ilə bağlı idi.
Azadlıq hərəkatı nəticəsiz qalmadı. İngilispərəst Tehran hökuməti yenisiylə əvəz edildi. İngiltərə ilə əsarətli şərtlərlə bağlanmış 1919-cu il sazişi 1921-ci ildə ləğv olundu.
1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda İran özünü bitərəf ölkə elan etsə də, faşist Almaniyası ilə iqtisadi sahədə sıx əməkdaşlıq edirdi. 1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə qarşı başladığı müharibənin ilk döyüşlərində faşistlərin uğur qazandığını görən Rza şah açıq şəkildə almanpərəst mövqe tutaraq ölkəni Hitlerin kəşfiyyatçılarının fəaliyyət meydanına çevirmişdi. Buna görə də 1941-ci il avqustun 25-də SSRİ və Böyük Britaniya öz qoşunlarını İrana yeritdilər. Sovet qoşunları İranın şimalında, yəni Cənubi Azərbaycanda, ingilis qoşunları isə İranın cənubunda yerləşdirildi. 1942-ci ilin sonlarında ABŞ-ın da hərbi hissələri İrana gətirildi. Nəticədə İran, xüsusilə Cənubi Azərbaycan müttəfiqlərin İran körfəzi vasitəsi ilə SSRİ-ni hərbi sursat, texnika və ərzaqla təmin edən ən mühüm nəqliyyat dəhlizinə çevrilmişdi. Bu üç dövlət Tehran hökuməti ilə bağlanan sazişlərə əsasən müharibə bitəndən sonra ən geci altı ay ərzində öz qoşunlarını İrandan çıxarmağa söz vermişdi.
Sovet - İngilis qoşunlarının İrana yeridilməsi Rza şahın hərbi - polis rejiminin iflasa uğraması ilə nəticələndi. Rza şah oğlu Məhəmməd Rzanın xeyrinə taxtdan əl çəkdi və ölkədə real hakimiyyət parlamentə və hökumətə keçdi. Konstitusiyada nəzərdə tutulmuş bir sıra siyasi azadlıqların bərpası və siyasi məhbusların həbsdən azad edilməsi ölkədə demokratik hərəkatın canlanmasına şərait yaratdı. Əvvəllərdə olduğu kimi, Təbriz yenə də bu hərəkatın mərkəzlərindən birinə çevrildi. Pəhləvi rejiminin zəifləməsi Cənubi Azərbaycanda milli - azadlıq mübarizəsinin genişlənməsinə gətirib çıxartdı. Hərəkatın 1941-1945-ci ilin yayınadək davam edən birinci mərhələsinin əsas xüsusiyyətini milli şüurun oyanması və milli dərketmənin güclənməsi şəraitində ictimai - siyasi həyatın bütün sahələrində Azərbaycan türk dilinin geniş şəkildə işlədilməsi təşkil edir. 1942-ci ildə məktəblərdə, dövlət idarələrində Azərbaycan dili sərbəst şəkildə işlədilməyə, bu dildə qəzetlər buraxılmağa və teatr tamaşaları göstərilməyə başlandı. Cənubi Azərbaycanda milli ideyaların yayılmasında Şimali Azərbaycandan göndərilən yüzlərlə partiya sovet işçilərinin, elm, ədəbiyyat və incəsənət xadimlərinin misilsiz xidmətləri olmuşdur. Müharibə başlayan kimi Qərbi Ukrayna və Qərbi Belarusiyanı ələ keçirən SSRİ-nin rəhbəri İ.Stalinin Cənubi Azərbaycanla bağlı xüsusi planı var idi və bu zaman "bölünmüş xalqlar" kartından məharətlə istifadə edilirdi. Sovet qoşunları İrana yeridiləndən sonra, İ.Stalin Sovet dövlətinin İranda ərazi və iqtiadi maraqlarını təmin etməyə başladı. Stalin tərəfindən Sovet Azərbaycanının rəhbəri M.C.Bağırov başda olmaqla bütün partiya, dövlət işçiləri, ziyalılar və hərbi qulluqçular üzərinə Cənubi Azərbaycanda milli, mədəni və siyasi dirçəlişə hər cür yardım göstərmək kimi fövqəladə bir missiya qoyulmuşdu. Fars şovinizmi və milli zülm altında əzilən Cənubi Azərbaycanın milli və demokratik qüvvələrinin Moskvanın hansı məqsədi güdməsindən asılı olmayaraq yaranmış əlverişli şəraitdən və yeni imkanlardan fars əsarətindən qurtulmaq üçün istifadə etməyə çalışması təbii qarşılanmalıdır.
1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənən ikinci mərhələsi başlandı. Tehranda cəmləşmiş mürtəce qüvvələr demokratik hərəkatı boğmaq üçün Cənubi Azərbaycanda milli hərəkatın barışmaz düşməni olan qüvvələrlə əlbir hərəkət edirdilər. Onlar silahlı dəstələr yaradaraq dinc əhaliyə qarşı kütləvi terror həyata keçirirdilər. Cənubi Azərbaycanın demokratik qüvvələri əhalini müdafiə ermək üçün 1945-ci ilin iyul - sentyabr aylarında silahlı fədai dəstələri yaratmağa başladılar. Belə mürəkkəb şəraitdə hərəkata rəhbərlik etmək üçün 1945-ci il sentyabrın 3-də Azərbaycanın tanınmış demokratlarından bir qrupu tərəfindən başda Seyid Cəfər Pişəvəri olmaqla Azərbaycan Demokrat Partiyası (ADP) yaradıldı. Milli zəmin üzərində qurulan Azərbaycan Demokrat Partiyasının Bəyanatında onun əsas məqsədinin İran dövlətinin tərkibində Azərbaycana inzibati, təsərrüfat və mədəni muxtariyyət verilməsi, bütün İranın siyasi həyatının demokratikləşdirilməsi və geniş xalq kütlələrinin mənafeyi naminə sosial - iqtisadi islahatların keçirilməsi olduğu açıq şəkildə bildirilmişdi. 1945-ci il sentyabrın 5-dən ADP-nin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzeti ana dilində çıxmağa başladı. Bir neçə həftə ərzində partiyaya minlərlə fəhlə, kəndli, ziyalı, xırda və orta sahibkarlar, hətta bəzi mülkədarlar da daxil oldular.
ADP-nin 1945-ci il oktyabrın 2-4-də keçirilən birinci qurultayında partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi və S.C.Pişəvəri başda olmaqla Mərkəzi Komitəsi seçildi. ADP açıq şəkildə fədai dəstələri yaratmağa başladı. Artıq 1945-ci il oktyabrın əvvəllərində Təbrizdə bütün hakimiyyət faktiki olaraq demokratların əlinə keçmişdi. 1945-ci il noyabrın 17-dən dekabrın əvvəllərinədək demək olar ki, Cənubi Azərbaycanın bütün ərazisində demokratik hakimiyyət orqanları yaradılmışdı. Tehran hökumətinin Təbrizə və Cənubi Azərbaycana ordu yeritmək cəhdləri puça çıxmış, Qəzvin yaxınlığında dayanan hökumət qüvvələri Həmədana göndərilmişdi.
Dostları ilə paylaş: |