S.C.Pişəvəri başda olmaqla Milli Hökumətin yaradılması və fəaliyyəti
Vaxtilə Səttarxan və Şeyx Məhəmməd Xiyabani kimi böyük tarixi şəxsiyyətlərin fədakar mübarizəsi ilə bütün dünyanı heyrətə salmış Azərbaycan xalqı üçüncü mühüm hadisənin - 21 Azər hərəkatının astanasında idi. Bu hərəkatın lideri Seyid Cəfər Pişəvəri vaxtilə Xiyabaninin başçılıq etdiyi milli - azadlıq hərəkatının (1917 - 1920) görkəmli xadimlərindən biri olmaqla, bütün ömrünü şah rejiminə qarşı mücadilədə keçirtmişdi. S.C.Pişəvəri hərəkatın genişləndiyi həmin noyabr günlərində yazırdı: "Biz öz haqqımızı öz millətimizin gücü ilə əldə etməliyik. Bu haqqı almaq üçün qurban verməyə hazır olmayan bir millət azad yaşamağa layiq deyildir".
1945-ci il noyabrın 21-də Təbrizdə xalqın tanınmış xadimlərinin təmsil olunduğu Azərbaycan Xalq Konqresi çağrıldı. Konqres özünü Müəssislər Məclisi elan edərək ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin təşkili və Milli Hökumətin yaradılması tələblərini irəli sürdü. 1945-ci il noyabrın 27-dən dekabrın 1-dək Cənubi Azərbaycanın hər yerində seçkilər keçirildi və nəticədə Milli Məclis formalaşdırıldı. Dekabrın 12-də (21 Azər günü) çağrılmış Milli Məclis tərəfindən S.C.Pişəvərinin başçılığı ilə Milli Hökumət təşkil edildi. Milli Hökumət on nazirlikdən, Ali Məhkəmə və Baş Prokurorluqdan ibarət idi. Bütün Cənubi Azərbaycana nəzarət edən Milli Hökumət muxtar statuslu hakimiyyət orqanı idi. Birinci mərhələdə İranın təkibindən ayrılaraq müstəqil dövlət yaratmaq məqsədi qarşıya qoyulmadığından Baş nazir S.C.Pişəvəri hökumətin tərkibində xarici işlər naziri vəzifəsini nəzərdə tutmamışdı. Ancaq milli - azadlıq hərəkatının gələcəkdə dərinləşməsi prosesində Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqil dövlətə çevrilməsi və yaxud Sovet Azərbaycanı ilə birləşdirilməsi perspektivi Moskvada SSRİ (İ.Stalin ) və Bakıda Azərbaycan rəhbərliyində (M.C.Bağırov) 1945-ci ildə artıq müzakirə mövzusuna çevrilmişdi. Moskva Cənubi Azərbaycana Monqolustan Xalq Respublikası nümunəsində idarəetmə forması təklif edirdi. Seyid Cəfər Pişəvərinin hazırladığı "Azərbaycan Xalqının Tələbləri" adlı sənəddə isə inqilabi hərəkatın son məqsədi haqqında belə yazılmışdı: "Biz İrandan tamamilə ayrılıb demokratik əsasda öz müstəqil dövlətimizi - Azərbaycan Milli Demokratik Respublikasını qurmalıyıq". Sonrakı mərhələdə hər iki - Cənubi və Şimali Azərbaycanın birləşməsi məsələsi Seyid Cəfər Pişəvəri və M.C.Bağırov arasında aparılan müzakirələrdə dəfələrlə vurğulanmışdı. İran Tudə (Xalq) Partiyasının liderlərindən biri, sovet cəsusu olan erməni əsilli Ərdəşir Ovanesyan milli hökumət haqqında yazırdı: "Azərbaycandakı hərəkat M.C.Bağırovun və S.C.Pişəvərinin şəxsi planları və diktəsi əsasında baş vermişdir. Bağırov istəyirdi ki, beş milyonluq Cənubi Azərbaycanla üç milyonluq Şimali Azərbaycanı birləşdirib, onu Ukraynaya qarşı qoysun və özü ağalıq etsin. Mən əvvəldən bu hərəkata qarşı çıxdığım üçün onlar mənim başımı yemək istəyirdilər. Ancaq buna nail ola bilmədilər".
Cənubi Azərbaycandakı proseslərin 1945-ci ilin sonları - 1946-cı ilin əvvəllərindən müstəqillik istiqamətinə yönəlməsi İranın bundan bərk qorxu keçirən siyasi dairələrində də aydın surətdə dərk edilirdi.
1945-ci il dekabrın 12-də təşkil edilmiş Milli Hökumətin əsas sosial bazasını və milli dayağını Azərbaycan türkləri təşkil edirdi. Bu hökumətin mürtəce İran rejiminin qəsd və müdaxiləsindən müdafiə olunması və təhlükəsiz fəaliyyət göstərməsinin təminatçısı isə yeni yaradılmış Milli Ordu hissələri və bölgədəki Sovet qoşunları idi.
Milli Hökumətin nəzarətindən kənarda qalan yeganə yaşayış məntəqəsi Rizaiyyə (Urmiya) şəhəri idi. Hökumət fədailərdən ibarət seçmə hərbi dəstələr göndərərək 1945-ci il dekabrın 19-da buradakı İran briqadasını tərk - silah etmişdi. Nəticədə Cənubi Azərbaycanda Milli Hökumətin nəzarətindən kənarda heç bir yaşayış məntəqəsi qalmamışdı.
1945-ci il dekabrın 21-də Azərbaycan Milli Məclisinin sesiyası "Xalq qoşunu haqqında" qanun qəbul etdi. Bu qanuna görə 20 yaşına çatmış vətəndaşlar il yarım müddətinə xalq qoşununda hərbi xidmətə çağrılmalı idilər. Qanun Azərbaycan hökumətinə İranın daxilindən və hətta xaricdən silah almaq səlahiyyəti vermişdi. Xalq Qoşunu Nazirliyinə Məclisin təsdiq etdiyi büdcəyə uyğun olaraq ordunun zəruri silah - sursatla təmin edilməsi və döyüş qabiliyyətinin müasir səviyyəyə qaldırılması qəti şəkildə tapşırılmışdı. Milli Hökumət Vətənin azadlığı uğrunda canını qurban vermiş və ya yaralanaraq əmək qabiliyyətini itirmiş döyüşçülərin ailələrinin təmin olunmasını öz üzərinə götürmüşdü. 3 ay müddətinə hərbi - səhra məhkəmələrinin yaradılması, amnistiya və vergilər haqqında qanunlar da qəbul edilmişdi.
Milli Hökumətin maarif naziri Məhəmməd Biriya 1945-ci il dekabrın 23-də Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin Azərbaycan dilində aparılması, I - IV siniflərdə tədris edilən bütün dərsliklərin Azərbaycanda nəşr olunması haqqında 1 saylı tarixi əmrini imzaladı.
1946-cı il yanvar ayının 6-sı Cənubi Azərbaycan Milli hərəkatının ən əlamətdar tarixi günlərindən biri oldu. Həmin gün Milli Hökumət Azərbaycan dilinin rəsmən dövlət dili elan edilməsi, bütün dövlət, hökumət idarələrində, orduda, müəssisə və təşkilatlarda, məktəb və mədəni maarif müəssisələrində bu dilin icbari şəkildə işlədilməsi haqqında on bənddən ibarət tarixi qərarını qəbul etdi. Elə həmin gün baş nazir Pişəvəri Təbrizdə Azərbaycan Dövlət Universitetinin açılması haqqında çox böyük əhəmiyyət daşıyan qərarını da imzaladı. Ciddi hazırlıq işləri aparıldıqdan sonra 1946-cı il iyun ayının 12-də Təbrizdə Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. Universitetin açılması Milli Hökumətin xalqımız qarşısında çox böyük tarixi xidməti idi.
1946-cı il yanvarın 29-da Təbrizdə Ali İncəsənət və Rəssamlıq məktəbi fəaliyyət göstərməyə başladı.
Milli Hökumət 1946-cı il yanvarın 6-da 3 yaşından 14 yaşınadək olan sahibsiz uşaqların Təbrizdə və digər şəhərlərdə açılacaq tərbiyə evlərinə cəlb edilməsi haqqında qərar qəbul etdi. Məclis yanvar ayında Rza şah Pəhləvinin heykəlinin Təbrizin Gülüstan bağından götürülərək yerində Səttarxanın heykəlinin, Ərk qalasının yanında isə Bağırxanın heykəlinin ucaldılması, Məhəmməd Rza şahın şəkillərinin isə bütün Cənubi Azərbaycandan yığışdırılması haqqında qərarlar qəbul etdi.
Milli Hökumət qarşısında duran birinci dərəcəli və ümdə vəzifələrdən biri də Cənubi Azərbaycanda yeni və demokratik idarə orqanlarının yaradılması idi. 1946-cı il yanvar ayının 8-də Milli Məclis vilayət, mahal və bölük əncümənlərinə (şuralara) və bələdiyyələrə seçkilər haqqında qanun qəbul etdi. Bu qanuna görə 20 yaşına çatmış bütün vətəndaşlar seçkilərdə iştirak edə, 25 - 70 yaşlı vətəndaşlar isə əncümənlərə nümayəndə seçilə bilərdilər. Qanunda qadınlara da kişilərlə bərabər seçki hüququ verilməsi nəzərdə tutulmuşdu. 1946-cı il yanvar ayının 14-dən 18-nə qədər Cənubi Azərbaycanın 213 şəhər və qəsəbəsində bələdiyyə əncümənlərinə 6 min nəfərə yaxın üzv seçildi. 1946-cı il fevral ayınadək Cənubi Azərbaycanda 10 vilayət, 21 mahal və 151 bölük əncüməninə seçkilər başa çatdırıldı. Ümumilikdə 1946-cı ildə bütün əncümənlərə xalq tərəfindən 39 min nəfər nümayəndə seçilmişdi. Bu qədər vətəndaşın seçkili orqanlarda təmsil olunaraq dövlətin idarəsində iştirak etməsi Şərq ölkələri üçün ilk hadisə idi.
1946-cı il fevral ayının 16-da Milli Məclis tərəfindən qəbul edilən və Cənubi Azərbaycanda torpaq islahatının keçirilməsini nəzərdə tutan iki qanun qəbul edildi. Bu qanunlara görə dövlət (xalisə) torpaqları və sular kəndlilər arasında heç bir əvəzi ödənmədən bölünməli, Azərbaycanın azadlığına və Milli Hökumətə qarşı mübarizə aparanların əkin yerləri, otlaqları, su və bağları müsadirə edilərək kəndlilərə verilməli idi. Milli Hökumətin rəhbərliyi altında keçirilən torpaq islahatının ilkin mərhələsində 260 min hektar əkinə yararlı torpaq sahəsi kəndlilər arasında bölüşdürülmüşdü. Milli Hökumətin fəaliyyəti dövründə ümumilikdə 500 min hektar torpaq sahəsi kəndlilərin ixtiyarına verilmişdi.
Sovet rəhbərliyinin razılığı əsasında qısa vaxt ərzində Bakı ilə Təbriz arasında hökumət telefon rabitəsi işə düşmüşdü. Azərbaycan SSR-in rəhbəri M.C.Bağırovun qətiyyətli addımları və Şimali Azərbaycandan göndərilən mütəxəssislərin yaxından köməkliyi ilə bir ay yarım ərzində Təbrizdə güclü ötürücü qurğularla təmin olunan radio verilişləri stansiyasının və studiyasının tikintisi başa çatdırıldı. 1946-cı il aprel ayının 7-də Təbriz radiostansiyasının ilk verilişi efirə çıxdı.
1946-cı il mayın 12-də Milli Məclis tərəfindən verilmiş "Əmək haqqında qanun"a görə Cənubi Azərbaycanda 8 saatlıq iş günü tətbiq edildi, fəhlələrə həmkarlar təşkilatları vasitəsilə müəssisələrin fəaliyyətinə nəzarət etmək hüququ verildi.
Milli Hökumət ordu quruculuğuna xüsusi əhəmiyyət verirdi. 1946-cı ilin fevral ayının əvvəllərindən Milli Ordu hissələrinin yaradılması prosesi rəsmən başladı. Azərbaycanın Milli Ordusunun qurulmasında və silah - sursatla təmin edilməsində Sovet Azərbaycanının böyük rolu oldu. M.C.Bağırovun təşəbbüsü ilə Cənubi Azərbaycana 104 azərbaycanlı zabit göndərilmişdi. Onların içərisində Sovet İttifaqı qəhrəmanları: kapitan Səlahəddin Kazımov və mayor Xıdır Mustafayev, habelə general Tərlan Əliyarbəyov kimi tanınmış hərbçilər də var idi. Həmin zabitlər Milli Ordunun qurulması ilə yanaşı, mürtəce qüvvələrə qarşı hərbi əməliyyatlarda da iştirak etmişdilər. Sovet Azərbaycanından göndərilən zabitlərin köməyi ilə Cənubi Azərbaycanda qısa müddətdə 17 min nəfərdən ibarət nizami Milli Ordu hissələri yaradılmışdı. Zabit kadrları hazırlamaq üçün Hərbi məktəb açılmış və bir qrup gənc hərbi təhsil almaq üçün Sovet Azərbaycanına göndərilmişdi.
Milli Hökumətin başçısı S.C.Pişəvəri yaxın gələcəkdə tam müstəqil dövlətə çevirmək istədiyi Cənubi Azərbaycanın Konstitusiyasını qəbul etməyə tələsməsə də, Milli dövlətin gerbi haqqında düşünməyə başlamışdı. S.C.Pişəvəri Dövlət gerbini belə təsvir edirdi: od, yaxud məşəl, açıq kitab və mavi fonda iki çarpaz qılınc. Bu vətənpərvər dövlət xadimi milli hökumətin pul nişanı kimi manatın dövriyyəyə buraxılması məsələsini də qaldırmışdı. Ancaq onun bu arzuları gerçəkliyə çevrilmədi.
1946-cı ilin fevralında İranın baş naziri təyin edilən və Azərbaycan türklərinə dərin nifrəti ilə tanınan mürtəce ruhlu Qəvam əs - Səltənə Sovet qoşunlarının İrandan çıxarılması məsələsinin BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilməsinə nail oldu. SSRİ-dən qətiyyətlə öz qoşunlarını İrandan çıxmağı tələb edən, Azərbaycan məsələsində ABŞ və Böyük Britaniyadan hərtərəfli şəkildə yardım alan baş nazir Qəvam 1946-cı ilin fevralında Moskvada Stalinlə danışıqlar apararaq istəyinə nail oldu. İki dövlət arasında Sovet qoşunlarının çıxarılması əvəzində SSRİ-yə İranın şimalında neftin axtarışı və çıxarılması haqqında konsessiya verilməsi haqqında müqavilə bağlandı. ABŞ prezidenti Trumenin müttəfiqlərin İrana geri qayıdacağı, bölgəyə və İran körfəzinə ABŞ hərbi qüvvələrinin yeridiləcəyi ilə bağlı hədə - qorxu dolu təhdidləri qarşısında SSRİ-nin dövlət başçısı İ.Stalin sovet qoşunlarının İrandan çıxarılması haqqında göstəriş verməyə məcbur oldu. Stalinin bu addımına nə S.C.Pişəvərinin, nə də Sovet Azərbaycanının rəhbəri M.C.Bağırovun qəti etirazları diqqətə alınmadı. Nəticədə 1946-cı il mayın 8-də İrandan və Cənubi Azərbaycandan sovet qoşunlarının çıxarılması prosesi başa çatdı.
Sovet dövlətinin təziqi altında Cənubi Azərbaycanın Milli Hökuməti İranın mərkəzi hökuməti ilə danışıqlara başlamağa məcbur oldu və 1946-cı il iyunun 13-də tərəflər arasında on beş maddədən ibarət saziş bağlandı. Bu sazişlə Milli Hökumət Tehran hökumətinə böyük güzəştə gedərək bundan sonra Azərbaycan Əyalət Əncüməni adlandırılmasına razılıq verdi. (maddə 3) Azərbaycanın gəlirlərinin 75%-i öz yerli ehtiyaclarına sərf olunmalı, 25%-i isə ümumdövlət ehtiyacları üçün mərkəzə - Tehran hökumətinə verilməli idi. (maddə 5) Könüllü fədai dəstələri jandarm dəstələrinə çevrilməli idi. (maddə7) Kəndlilər arasında bölüşdürülmüş torpaqlar onların ixtiyarında saxlanılırdı. (maddə 8) İranın 3-cü və 4-cü ostanları (vilayətləri) Azərbaycan əyalətinə daxil edilirdi. (maddə 10) Tehran hökuməti bütün əhalisi azərbaycanlılardan ibarət olan Zəncanın Azərbaycan əyalətinə daxil edilməsinə qətiyyən razılıq vermədi. Orta və ali məktəblərdə dərslər fars və Azərbaycan dillərində aparılmalı (maddə 12), ibtidai məktəblərin 5-ci sinfinədək dərslər ana dilində keçirilməli idi. (maddə 13)
Saziş bağlanandan sonra Tehran hökuməti Cənubi Azərbaycandakı milli azadlıq hərəkatını qan içərisində boğmaq üçün hazırlıqlara başladı. 1946-cı ilin oktyabr ayında Tehran hökuməti Cənubi Azərbaycanla sərhəd bölgələrinə 20 min nəfərdən ibarət hərbi qüvvə cəmləşdirdi və bu istiqamətdə əlavə qüvvələrin gətirilməsinə başlandı. İran hökumətinin başçısı Qəvam əs - Səltənə qayda - qanun yaratmaq və guya seçkilərə nəzarəti təmin etmək bəhanəsilə 1946-cı il dekabr ayının 4-də böyük ordu hissələri ilə Cənubi Azərbaycana hücuma başladı. İranın Baş Hərbi Qərargahı Cənubi Azərbaycanı tamamilə işğal etmək üçün xüsusi əməliyyat planı hazırlamış və bu planın həyata keçirilməsinə 40 mindən çox hərbi qüvvə cəlb etmişdi. İran ordusu tank, top, minaatanlarla və təyyarələrlə silahlanmışdı. Qüvvələrin qeyri -bərabər olmasına baxmayaraq, 1946-cı il dekabrın 7 - 8-də Azərbaycan Xalq Qoşunları və fədai dəstələri Zəncan - Miyanə cəbhəsində və Marağa yaxınlığında İran ordusunun hücumunun qarşısını almışdılar. Ancaq sayca çox olub, silah - sursat və hərbi texnika baxımından da Azərbaycan Milli Ordusundan qat - qat üstün olan İran ordusu sürətlə irəliləyərək dekabrın 14-də Təbrizi ələ keçirdi. Artıq dekabrın 20-də İran ordusu Cənubi Azərbaycanı tamamilə nəzarət altına ala bildi. Cənubi Azərbaycanda fövqəladə vəziyyət elan edildi, komendant saatı qoyularaq tam işğal rejimi yaradıldı. Bundan sonra düşmən Cənubi Azərbaycanda xalqa divan tutmağa başladı. Öz qəddarlığı ilə ad çıxarmış fars polkovniki Zəngənə Təbrizin hərbi qubernatoru təyin edilmişdi. Vaxtilə onun böyük amansızlıqla demokratların körpə uşaqlarını təndirə ataraq lavaş bişirtdirməsi heç kimin yadından çıxmamışdı. Onun əmri ilə Təbrizdə həbs olunanları yerləşdirmək üçün həbsxanalarda boş yer tapılmırdı. Bir neçə günün ərzində güllələnən demokratların sayı üç min nəfəri keçmişdi. Həbsxanada ağlasığmaz cəzalara məruz qalan demokratlar özləri tələb edirdilər ki, onları dərhal güllələsinlər. Azərbaycan Əyalət Əncüməninin sədri Şəbüstəri, baş vali Cavidi, Azərbaycan prokuroru Firudin İbrahimi həbs edilmişdi. Milli ordunun generalı Kəbirinin edam kürsüsündə özünü necə məğrur aparması prosesdə iştirak edən İranın baş nazirinin müavini Pirniyanı belə heyrətə salmışdı. Azərbaycanın qəhrəman oğulları edam kötüyü qarşısında ölümü Milli Himni oxumaqla qarşılayırdılar.
Azərbaycan Milli Hökumətinin ana dilində buraxdığı bütün dərsliklər fars vandalları tərəfindən tonqallara tökülüb yandırıldı. Məktəblərdə Azərbaycan dilində tədris qadağan edildi. Azərbaycan Universiteti, Milli Teatr, Filarmoniya və muzeylər bağlandı. Azərbaycan dilində mətbuata qadağa qoyuldu. Milli hökumət tərəfindən Səttarxana, Bağırxana və Ş.M.Xiyabaniyə ucaldılmış abidələr yerlə - yeksan edildi. İran hakimiyyət orqanlarının cəza və terror əməliyyatları nəticəsində minlərlə azadlıq mücahidi həbs edildi və qətlə yetirildi. 8 min soydaşımız İranın cənub bölgələrinə sürgünə göndərildi və onlar orada aclıq və susuzluqdan məhv oldular.
Mir Cəfər Bağırovun təkidli tələblərindən sonra SSRİ-nin rəhbəri İ.Stalin dekabrın 12-də Sovet - İran sərhədində toplaşmış demokratlara və onların ailələrinə sərhədləri keçərək Sovet Azərbaycanına gəlməyə icazə verdi. 1946-cı il dekabrın 12-dən 19-a qədər 5784 nəfər demokrat Sovet Azərbaycanına keçə bildi.
Milli azadlıq hərəkatının lideri S.C.Pişəvəri də sovetlərə mühacirət edənlərin arasında idi. Hərəkat kimi onun da taleyi faciə ilə bitdi. S.C.Pişəvəri 1947-ci ildə Sovet Azərbaycanında çox müəmmalı şəkildə avtomobil qəzası nəticəsində əbədiyyətə qovuşdu.
Beləliklə, Cənubi Azərbaycanda 1941 - 1946-cı illər milli azadlıq hərəkatı məğlubiyyətə uğradı. Hərəkatın məğlub olmasının əsas səbəbləri daha çox xarici amillərlə bağlı idi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası "Cənubi Azərbaycan məsələsi"nin həlli zamanı özünün təməl prinsiplərinə zidd olan mövqedən çıxış etdi. Bu nüfuzlu beynəlxalq təşkilat fars əsarətindən qurtulmağa çalışan mübariz xalqın milli haqlarını müdafiə etmək əvəzinə, şovinist Tehran hökumətinin xeyrinə qərarlar qəbul etdi. Dünyanın böyük dövlətləri olan ABŞ və Böyük Britaniya axıradək İranı müdafiə etdilər. ABŞ və Böyük Britaniyanın təzyiqləri qarşısında geri çəkilən Sovet İttifaqı isə Cənubi Azərbaycanı özünün neft maraqlarına qurban verdi.
1978 - 1979-cu illərdə baş vermiş və şah rejiminin devrilməsi ilə nəticələnən İran inqilabının qələbə qazanması üçün 25 min şəhid vermiş Cənubi Azərbaycan türklərinin hal - hazırda İran İslam Respublikasında heç bir milli hüquq və azadlıqları təmin olunmamışdır.
ƏDƏBİYYAT:
1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016, s.236-239,258-260,317-326..
2. Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə(XIX-XXI əsrin əvvəli) A.Ə.Rzayevin ümumi redaktəsi ilə. Bakı:Bakı Universiteti nəşriyyatı,2010,526-528;532-537
3.XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c., Bakı, 2004.s.366-371
MÖVZU 21. AZƏRBAYCAN SSR 1945 - 1970-CI İLLƏRDƏ
SSRİ-nin rəhbəri İ.Stalin müharibədə böyük qurbanlar bahasına qazanılmış böyük qələbədən özünün diktatura tipli avtoritar hakimiyyətini daha da möhməkləndirmək üçün istifadə etməyə başladı. Şəxsiyyətə pərəstişin daha da gücləndiyi bir şəraitdə "dahi rəhbər" obrazı yaradılan Stalinin şəxsiyyəti artıq böyük bir bütə çevrilmişdi. Sovet hökuməti müharibənin dəhşətlərini yaşamış və böyük qurbanlar vermiş SSRİ xalqlarının qayğısına qalmaq və onun çox ağır sosial - iqtisadi problemlərini həll etmək əvəzinə, bütün ölkədə cəza tədbirlərini daha da gücləndirmişdi.
Azərbaycanın Stalinə şəxsi sədaqəti ilə seçilən rəhbəri M.C.Bağırov respublikanı yenə köhnə və sərt metodlarla idarə edir və bu zaman azərbaycanlılara nifrətlə yanaşan və qəti düşmən münasibət bəsləyən qeyri - azərbaycanlı kadrlara daha çox arxalanırdı.
Xalqımızın ən qabaqcıl nümayəndələrindən biri olub, "Türkiyənin cəsusu" adlandırılan akademik Məmməd Arif Dadaşzadə, yazıçı Mirzə İbrahimov, Mikayıl Vəliyev, filosof Heydər Hüseynov, şair Səməd Vurğun, bəstəkar Üzeyir Hacıbəyov və başqaları təqib və təzyiqlərə məruz qalırdılar.
Azərbaycan alimləri mövcud rejimin ideologiyasından azacıq kənara çıxan istənilən fikrinə görə dərhal həbs və sürgün edilir, repressiyalara məruz qalır, onların əsərləri isə qadağan olunurdu. Akademik Heydər Hüseynov 1949-cu ildə çap edilmiş əsərində Şimali Qafqazda Şeyx Şamil hərəkatını düzgün olaraq çarizmin müstəmləkə siyasətinə qarşı azadlıq mübarizəsi kimi qiymətləndirdiyinə görə təqiblərə məruz qalmış, bu əsərə görə ona verilmiş "Stalin mükafatı" geri alınmışdı. M.C.Bağırov Şeyx Şamili heç bir əsas göstərmədən "ingilis cəsusu" adlandırmış və akademik H.Hüseynovu çox gülməli şəkildə Şamilin ardıcılı olmaqda təqsirləndirmişdi. H.Hüseynov bütün bu haqsızlıqlara dözməyərək intihar etmişdi.
Hakim ideologiyanın tarix elmi üzərində təzyiqi daha da güclənmişdi. Azərbaycan xalqının soykökü məsələsi qəsdən təhrif olunur, Şimali Azərbaycanın Rusiyaya könüllü birləşməsi haqqında qeyri - elmi və uydurma fikirlər irəli sürülür, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi tamamilə saxtalaşdırılırdı. Azərbaycan türklərinin ana abidəsi olan "Kitabi Dədə Qorqud"a mürtəce xan - bəy eposu damğası vurulmuşdu. Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy kimi görkəmli alimlərimiz istismarçı zümrələri müdafiə etməkdə günahlandırılırdılar.
Mövcud quruluşa nifrətlə yanaşan bir qrup vətənpərvər gənc tərəfindən 1947-ci ildə yaradılmış "İldırım" təşkilatı Azərbaycanın sovet rejiminin əsarətindən xilas edilməsini özünün əsas vəzifəsi kimi irəli sürmüşdü. Həmin təşkilatın 8 nəfər fəal üzvü dərhal həbs edilərək Sibirə sürgünə göndərilmişdi.
Konstitusiyada əhaliyə sözdə verilmiş "demokratik" hüquqların çoxu demək olar ki, təmin edilmirdi. "Xalq hakimiyyəti" orqanlarına seçkilər formal şəkildə və ciddi inzibati nəzarət altında keçirilirdi.
Sovet dövlətinin başçısı İ.V.Stalin 1953-cü il martın 5-də vəfat etdi. 1953-cü ilin sentyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə gətirilmiş N.S.Xruşşov SSRİ-yə rəhbərlik etməyə başladı. N.S.Xruşşov Stalinin şəxsiyyətinə pərəstişi kəskin şəkildə tənqid etməklə, özünə siyasi nüfuz qazanmağa çalışır, Sovet dövlətinin, Kommmunist Partiyasının və sosializm quruculuğunun bütün günah və qüsurlarını şəxsiyyətə pərəstişin nəticəsi kimi göstərərək mövcud quruluşu təmizə çıxarmağa çalışırdı.
SSRİ-də siyasi rəhbərliyin dəyişməsi dərhal Azərbaycan SSR-də də özünü göstərdi. Azərbaycanın rəhbəri M.C.Bağırov vəzifədən uzaqlaşdırılaraq həbs olundu. O, 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə repressiya dövründə törətdiyi cinayətlərə görə ən yaxın əlaltıları ilə birlikdə ölüm cəzasına məhkum edildi. Məhkəmə prosesində M.C.Bağırovun əlaltısı erməni Xoren Qriqoryanın 1937-ci ildə Bakıdan atasına yazdığı məktub hamını şoka salmışdı. Məktubda o, 100 nəfər azərbaycanlını güllələdiyini və 500 nəfərin isə növbə gözlədiyini bildirirdi. M.C.Bağırov Markaryan, Sumbatov, Qriqoryan kimi erməni cəlladları ilə azərbaycanlıları kütləvi şəkildə məhv etməsini əvvəlcə gülünc şəkildə özünün səhvi hesab etsə də, sonda bu işdə günahının çox böyük olduğunu etiraf etmiş və məhkəmədə belə söyləmişdi: "Xalq qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək və asmaq azdır, məni şaqqalamaq və parça - parça etmək lazımdır."
1937-1938-ci illərdə həyata keçirilən böyük terrorun əsas icraçılarından biri olan erməni Y.Sumbatov - Topuridze istintaq zamanı ağlını itirdiyinə görə məhkəməyə çıxarılmamışdı. Cinayətkar dəstənin digər üzvləri X.Qriqoryan, R.Markaryan, T.Borşev isə güllələnmə cəzasına məhkum edilmişdilər.
1954-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə İmam Mustafayev (1910 - 1997) seçildi. İ.Mustafayev Zaqatala qəzasının Qax kəndində anadan olmuşdur. O, bir görkəmli elm xadimi kimi 1950-ci ildə Azərbaycan EA-nın akademiki adını almışdı. 1930 - 1950-ci illərdə respublikanın dövlət və hökumət orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmışdı. İmam Mustafayevin respublikaya rəhbərlik etdiyi 1954 - 1959-cu illər tariximizdə Azərbaycanın ictimai-siyasi həyatında milli oyanışın başladığı yeni bir mərhələ hesab olunur. İmam Mustafayev Azərbaycana Sovet İttifaqında ictimai - siyasi həyatın mülayimləşdiyi, sovet rejiminin liberallaşdığı və cəmiyyətin müxtəlif təbəqələri içərisində partiya və dövlətə inam yaratmaq üçün müəyyən islahatların keçirildiyi şəraitdə rəhbərlik etmişdir. 1956-cı ildə Stalinin şəxsiyyətinə pərəstiş rəsmən tənqid olunmuş və bütün ölkədə humanist bəraətvermə prosesi başlamışdı. Bunun nəticəsində 100 minlərlə azərbaycanlının üzərindən qurama "xalq düşməni" adı götürülmüş və 1956-cı ilin ortalarından yüzlərlə partiya, dövlət, ədəbiyyat və incəsənət xadiminə bəraət verilmişdi. Bəraət alanların içərisində Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli kimi vətənpərvər şair və yazıçılarımız da var idi. Yüzlərlə kitab, o cümlədən "Kitabi Dədə Qorqud" dastanı, A.A.Bakıxanovun, akademik Heydər Hüseynovun əsərləri üzərindən qadağalar götürülmüşdü. Ancaq 1920 - 1930-cu illərdə Sovet rejiminə qarşı istiqlal mübarizəsi apardığına görə həbs olunmuş siyasi məhbuslar və xaricə getməyə məcbur olmuş siyasi mühacirlər bəraətvermə prosesindən kənarda qalmışdı. Türkçülük ideologiyasını və türk xalqlarının birliyi ideyasını yayan yüzlərlə əsər üzərindən isə qadağa götürülmədi.
SSRİ rəhbərliyi yeni şəraitdə müttəfiq respublikaların qanunverici və digər dövlət orqanlarının hüquqlarını müəyyən qədər genişləndirməyə başlamışdı. 1956-cı ilin mayında məhkəmə quruculuğu, mülki və cinayət məcəllələrinin qəbulu müttəfiq respublikaların səlahiyyətinə verilmişdi. İmam Mustafayev yaranmış əlverişli imkanlardan Azərbaycanın xeyrinə istifada edərək respublikamızın sənaye və kənd təsərrüfatını inkişaf etdirmək üçün çox mühüm addımlar atmışdı. Yeni sənaye müəssisələrinin açılması ilə rayonlardan və kəndlərdən gənclərin işləmək üçün Bakıya axını xeyli güclənmişdi. Nəticədə "beynəlmiləl" şəhər olan Bakıda azərbaycanlıların say üstünlüyü təmin olunmuşdu. Kənd təsərrüfatının, xüsusilə əhalini əsas ərzaq məhsulları ilə təmin edən sahələrinə diqqət artırılmışdı. Azərbaycan dilinin rəsmi dövlət sənədlərində və kargüzarlıqda işlədilməməsi respublika rəhbərliyini çox ciddi şəkildə düşündürməyə başlamışdı. Azərbaycan dilinin statusu məsələsi, hətta Mirzə İbrahimovun rəhbərlik etdiyi Azərbaycan SSR Ali Sovetinin sessiyasında xüsusi müzakirəyə çıxarılmış və nəticədə Azərbaycanın qüvvədə olan 1937-ci il Konstitusiyasına Respublikanın dövlət dilinin Azərbaycan dili olması haqqında maddə əlavə edilmişdi. Bu addım Moskvanı bərk qorxutmuş və SSRİ-nin rəhbəri N.Xruşşov bu "yeniliyi" Azərbaycanda millətçilik təmayülü kimi qiymətləndirmişdi. Nəticədə M.İbrahimov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmış, yeni maddə Konstitusiyadan çıxarılaraq rəsmi sənədləşdirmə və kargüzarlıq işlərinin ana dilimizdə aparılması prosesi dayandırılmışdı. Azərbaycanda milli oyanışın başlaması Moskvada rus şovinistləri tərəfindən kəskin etirazla qarşılanmış və mərkəzdən respublikaya xüsusi yoxlama komissiyası göndərilmişdi. Bu komissiyanın yalan üzərində qurulmuş "dəlilləri" əsasında 1959-cu ildə İmam Mustafayev millətçilikdə günahlandırılmış və respublika rəhbərliyindən uzaqlaşdırılmışdı. Moskvanın tövsiyəsi ilə Vəli Axundov Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirilmişdi. Vəli Axundov (1916 - 1986) Bakıda anadan olmuşdu. Tibb elmi sahəsində Azərbaycan SSR EA-nın akademiki idi. Respublikaya rəhbər təyin edilənədək dövlət və hökumət orqanlarında yüksək vəzifələr tutmuşdu. Özünün ziyalılığı və xarakterinin mülayimliyi ilə seçilən Vəli Axundovun respublikaya rəhbərliyi (1959 - 1969) SSRİ miqyasında 60-cı illərdə çox mürəkkəb ictimai - siyasi proseslərin getdiyi dövrə təsadüf etmişdi. N.Xruşşovun uğursuz islahatları, xüsusilə təsərrüfat orqanlarına partiya nəzarətinin zəiflədilməsi sahəsindəki addımları Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi daxilində kəskin narazılıqla qarşılanmışdı. 1964-cü ildə həmin narazı qüvvələr Xruşşovu hakimiyyətdən salaraq L.İ.Brejnevi Sovet dövlətinin başçısı vəzifəsinə gətirmişdilər. Sovet İttifaqı Kommunist Partiyasının avtoritar idarəetmə rejimini daha da gücləndirdiyi və mülayimləşmə dövründə respublikalara verilən bir çox səlahiyyətlərin geri alındığı bir şəraitdə Vəli Axundov respublikada Moskvanın qoyduğu tələblərə cavab verən siyasət yeritmək iqtidarında deyildi. V.Axundovun "müstəmləkə bitkisi" sayılan və qul əməyi kimi ağır zəhmət tələb edən, əhalinin sağlamlığına və təbiətə böyük ziyan vuran pambıq əkinlərinin respublikada daha da genişləndirilməsi haqqında SSRİ-nin rəhbəri L.İ.Brejnevin 1965-ci il tarixli göstərişinə qarşı çıxması vəziyyəti daha da mürəkkəbləşdirmişdi.
1964-cü ildə Moskvanın təzyiqləri altında Şimali Azərbaycanın guya Rusiyaya könüllü birləşməsi respublikamızda təntənə ilə qeyd olundu. Tarixin bu şəkildə saxtalaşdırılmasına qarşı çıxan tarixçi alimlərimiz Ziya Bünyadov, Mahmud İsmayılov, Süleyman Əliyarov tənqid və təqiblərə məruz qaldılar. 1962-ci ildə Xudu Məmmədov, Oqtay Rəfili, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı kimi bir qrup vətənpərvər ziyalılar və vəzifəli şəxslər tərəfindən gizli şəkildə yaradılmış "Milli Azərbaycan Qərargahı" respublikada rəhbər vəzifələrə azərbaycanlı kadrların təyin edilməsinə və Azərbaycanın büdcəsinin Moskvada deyil, Bakıda müəyyənləşdirilməsinə nail olmaq uğrunda mübarizə aparırdı. 60-cı illərin ortalarında Kommunist Partiyasının respublika həyatının bütün sahələrinə ciddi nəzarətinin gücləndiyi bir şəraitdə ayrı - ayrı dövlət xadimləri və ziyalılarımız milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və dirçəldilməsinə diqqət yetirməyə başlamışdılar. Bu sahədə 1966 - 1967-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyən Şıxəli Qurbanovun və onun həmfikirlərinin böyük xidməti olmuşdur. Onların səyi ilə 1967-ci ildə respublikamızda ilk dəfə olaraq Şərqdə yeni ilin gəlişinin rəmzi olan Novruz bayramı "Bahar bayramı" adı ilə rəsmən qeyd olunmuşdu.
SSRİ-nin rəhbəri L.İ.Brejnevin bütövlükdə respublika iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının inkişaf sürətindən narazı qalması 1969-cu ilin iyul ayında Vəli Axundovun Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edilməsi ilə nəticələndi. Sovet İttifaqı KP MK-nın tövsiyyəsi ilə həmin vəzifəyə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev təyin edildi.
Müharibə bitən kimi SSRİ-nin rəhbəri İ.Stalin və sovet dövlətində böyük vəzifə tutan A.Mikoyanın təşəbbüsü ilə Ermənistan SSR Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Ermənistan rəhbərliyi 1945-ci ildə İ.Stalinə müraciət edərək Dağlıq Qarabağ "əhalisinin arzusunu" və bu bölgənin Ermənistanın tərkibində daha əlverişli şəraitdə inkişaf edəcəyini nəzərə alıb, DQMV-nin Azərbaycanın tərkibindən çıxarılması və Ermənistana verilməsi məsələsinə baxılmasını xahiş etmişdi. Ermənistan rəhbəri Q.Arutinovun Mərkəzə ünvanladığı məktub 1945-ci il noyabrın 8-də məxfi qriflə Azərbaycanın rəhbəri M.C.Bağırova göndərilmişdi. M.C.Bağırov 10 dekabr 1945-ci ildə Moskvaya göndərdiyi cavab məktubunda Ermənistanın Dağlıq Qarabağa olan iddialarının tamamilə əsassızlığı, Yuxarı Qarabağın qədimdən Azərbaycan torpağı olması çox sanballı dəlillərlə sübuta yetirilmişdi. M.C.Bağırov Ermənistanın təklifi ilə bağlı Şuşanı çıxmaqla, DQMV ərazisinin Ermənistana verilməsinə bu şərtlə razılıq verirdi ki, Ermənistanın tamamilə azərbaycanlılar yaşayan və 3 rayonunu əhatə edən Zəngəzur bölgəsi bütövlükdə Azərbaycana qaytarılsın. M.C.Bağırov müdafiədən hücum taktikasına keçərək Dağlıq Qarabağın əvəzində müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana, hətta Rusiyaya (məsələn Dərbənd) güzəştə gedilmiş Azərbaycan torpaqlarının qaytarılmasını qətiyyətlə tələb etmişdi. M.C.Bağırovun bu cavabı təbii ki, nə mərkəzi, nə də Ermənistanı qane etməsə də, məsələ gündəlikdən çıxarılmış və sənədlər arxivə göndərilmişdi. Bu dövrdə Stalinin Türkiyədən də müəyyən ərazilər qoparmaq planı da baş tutmamışdı. Azərbaycan torpaqları hesabına Ermənistan ərazisinin genişləndirmək cəhdi uğursuz alındıqdan sonra SSRİ rəhbərliyi yeni və dəhşətli bir planı həyata keçirtməyə başladı. 1946-cı il oktyabrın 19-da xarici ölkələrdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə icazə verilməsi haqqında fərman imzalandı. Bu fərmanı icra etmək üçün ilk növbədə Ermənistanda azərbaycanlıların yaşadıqları torpaqlar boşaldılmalı idi. Yəni azərbaycanlılar ata - baba torpaqlarından çıxarılmalı və onların yaşadıqları ərazilərdə köçkün ermənilər yerləşdirilməli idi. Sovet rəhbərliyinin bu addımını xaricdə fəaliyyət göstərən Daşnaksütun partiyası və Ermənistanın Qriqoryan kilsəsi də alqışlamışdı. Bütün bunların nəticəsində azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə - baba torpaqlarından qovulmasının - deportasiya edilməsinin növbəti mərhələsi başladı. İlk növbədə 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti tərəfindən Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin "Kür - Araz ovalığına köçürülməsi haqqında" 4083 saylı qərar qəbul edildi. SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli daha bir qərarı ilə köçürmə tədbirlərinin konkret planı hazırlandı. Bu plana görə 1948-1950-ci illərdə 100 min azərbaycanlı Ermənistandan "könüllülük əsasında" Azərbaycana köçürülməli və onların boşaldılmış yaşayış evlərində xaricdən gələn ermənilər yerləşdirilməli idi. 1948-ci ildə, deportasiya başlayanda Ermənistan SSR-də 500 min nəfərə yaxın azərbaycanlı yaşayırdı. Ermənilər etnik təmizləməni ilk növbədə azərbaycanlıların yığcam şəkildə yaşadıqları bölgələrdə daha sürətlə aparmağa çalışırdılar. 1956-cı ilədək davam edən etnik təmizləmə dövründə 100 min nəfərdən çox azərbaycanlı Ermənistandakı dədə - baba torpaqlarından zorla qovulmuşdu. Onlardan hər 3 nəfərdən biri Aran bölgəsinin isti iqlim şəraitinə uyğunlaşa bilməmiş, aclıq və xəstəlikdən həlak olmuşdu. Köçürülənlərin bir hissəsi Ermənistana qayıtsa da, artıq bu ölkədə onların heç bir vətəndaş hüququ təmin olunmur və öz dədə - baba torpağında ikinci növ sakinə çevrilirdilər.
1950 - 1960-cı illərdə Ermənistanda azərbaycanlılara aid olan mədəniyyət abidələri də məhv edilir, yer adları erməniləşdirilirdi. Bizə məxsus yer adlarının dəyişdirilməsində digər qonşumuz gürcülər də ermənilərdən geri qalmırdılar. Azərbaycanda milli - mənəvi oyanış əlamətlərindən bərk qorxuya düşən və hər vasitə ilə bunun qarşısını almağa çalışan Moskva hökumətinin gözü qarşısında Ermənistanda daşnak Andronikə heykəl qoyulmuş və 1965-ci ildə "Osmanlı dövlətində ermənilərin genosidə uğramasının 50 illiyi" rəsmi şəkildə qeyd olunmuşdu.
1960-cı illərdə Ermənistanda "Qarabağ Komitəsi" açıq şəkildə antiazərbaycan və antitürk fəaliyyətini davam etdirirdi. 1964-cü ildə A.Mikoyanın səyləri ilə SSRİ rəhbərliyi qarşısında yenidən Dağlıq Qarabağ məsələsi qaldırılmışdı. SSRİ-nin rəhbəri N.Xruşşov ölkədə çoxlu sayda milli münaqişə ocağı yaranacağından ehtiyatlanaraq bu təklifi qətiyyətlə rədd etmişdi.
Azərbaycan müharibə dövründə hərbi əməliyyatlar meydanına çevrilməsə də, ölkəyə böyük ziyan dəymiş, respublikanın əhalisi 500 min nəfər azalmış, ölkə milli sərvətlərinin 1/3 hissəsindən məhrum olmuş, neft hasilatı və kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə azalmışdı.
Müharibədən sonrakı dinc quruculuq və bərpa dövründə həyata keçirilən tədbirlər nəticəsində 1948-ci ildə sənayedə məhsul istehsalı müharibədən əvvəlki səviyyəyə çatmışdı. SSRİ rəhbərliyi Azərbaycanda yenə əsas diqqəti ciddi ehtiyac duyduğu neft hasilatına yönəltmişdi. 1948-ci ildə hətta açıq dənizdə neft estakadası - Neft Daşları qurulmuş və 1949-cu ildə dünyada ilk dəfə Azərbaycanda dənizdə neft çıxarılmasına başlanılmışdı. Müharibədən sonrakı ilk 5 ildə 10 yeni neft emalı müəssisəsi tikilmişdi. 1953-cü ildə yeni bir sənaye nəhəngi Bakı Yeni Neftayırma zavodu işə düşmüşdü. 1955-ci ildə Azərbaycanda dərinliyi 5 min metrə çatan neft quyusu qazılmışdı. Bu, SSRİ-də ən dərin quyu idi. Ural və Sibirdə zəngin neft yataqlarının kəşf edilməsi ilə bağlı mərkəzin getdikcə daha çox xərc tələb edən Azərbaycan neftinə marağı xeyli azalmışdı. 1965-ci ildə Azərbaycanda neft hasilatı 21,5 milyon tona çatdırılsa da, mərkəzin bu sahəyə az vəsait ayırmasının nəticəsində hasilat azalaraq 1970-ci ildə 17 milyon tona düşmüşdü.
Azərbaycanda neftayırma sənayesi bu dövrdə xeyli inkişaf etmişdi və emal müəssisələri 80 adda məhsul istehsal edirdi. Qaz hasilatının ildən - ilə çoxalması nəzərə alınaraq 1961-ci ildə Azərbaycan Qaz Emalı zavodu istifadəyə verilmişdi. Azərbaycanın maşınqayırma sənayesi öz qiymətli məhsulları ilə nəinki respublikanı təmin edir, hətta istehsal olunan məhsulun çox hissəsi SSRİ-nin digər bölgələrinə göndərilirdi. 1966 - 1968-ci illərdə Leytenant Şmidt adına Maşınqayırma zavodu tamamilə yenidən qurulmuşdu. Müharibədən sonrakı dövrdə Azərbaycan sənayesinin inkişaf xüsusiyyətlərindən biri də kimya, energetika, qara və əlvan metallurgiya kimi qeyri - neft sənaye sahələrinin inkişafına xüsusi diqqət yetirilməsi hesab edilir. Bakıdan 40 km. aralıda Sumqayıt kimi yeni sənaye mərkəzi yaranmışdı. 1945-ci ildə Sumqayıtda Kimya zavodu, 1946 - 1948-ci ildə Boru Prokat zavodunun birinci növbəsi, 1953-cü ildə Sintetik Kauçuk zavodu işə başlamışdı. 1955-ci ildə Azərbaycanda əlvan metallurgiyanın ilk müəssisəsi sayılan Sumqayıt Alüminium zavodunun birinci növbəsi işə salınmışdı. 1966-cı ildə Gəncədə Alüminium zavodunun işə düşməsi Azərbaycanda yeni olan əlvan metallurgiyanın inkişafında mühüm rol oynadı.
1954-cü ildə Cənubi Qafqazda ən böyük olan Mingəçevir su - elektrik stansiyasının işə düşməsi Azərbaycanın xəritəsində Mingəçevir kimi yeni bir sənaye mərkəzinin yaranmasına səbəb oldu. 1954-cü ildə Bakıda, 1968-ci ildə Əli-Bayramlıda yeni və güclü elektrik stansiyalarının işə düşməsi nəticəsində Azərbaycan SSR-də elektrik enerjisi istehsalı 1970-ci ildə 12 milyard kilovatt saata çatmışdı ki, bu da 1945-ci ildəkindən 7 dəfədən də çox idi.
Müharibədən sonrakı dövrdə yaranmış yeni sənaye mərkəzlərindən biri də Daşkəsən oldu. Bu bölgədə çox zəngin dəmir filizi yataqlarını istismar etmək məqsədilə 1948 - 1954-cü illərdə Daşkəsən filizsaflaşdırma kombinatı tikilərək istifadəyə verilmişdi. Azərbaycanın kənd rayonlarında çoxlu iş yerlərinə ehtiyac olduğu halda, Moskvanın planı əsasında Daşkəsənin filizi ilə işləyən Metallurgiya zavodu Azərbaycanda deyil, Gürcüstanın Rustavi şəhərində tikilmişdi. Bu qiymətli sərvətimiz xüsusi kanatlarla Gürcüstana daşınırdı.
1951-ci ildə SSRİ miqyasında ən nəhəng müəssisələrdən biri olan Qaradağ sement zavodu işə salınmışdı.
1945 - 1960-cı illərdə respublika sənayesində struktur dəyişikliklərinin dərinləşməsi şəraitində yeni sənaye sahələri (məsələn cihazqayırma və s.) yaranıb inkişaf edirdi. 1958-ci ildə Bakıda poladəritmə, Mingəçevirdə kabel zavodları, 1959-cu ildə Bakı şin zavodu, 1960-cı ildə Bakı soyuducular zavodu istifadəyə verilmişdi.
1962-ci ildə Bakı - Krasnovodsk gəmi bərəsi işə başlamış, 1967-ci ildə isə Yevlax - Bərdə - Ağdam dəmir yolu xətti çəkilmişdi.
1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlamış, 1967-ci ildə isə Bakı Metropoliteninin ilk 6 stansiyası işə düşmüşdü.
1947-ci ildə əsas ərzaq məhsullarının bölüşdürülməsi üzrə kartoçka sistemi ləğv edilmişdi.
Müharibədən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının inkişafı sənayeyə nisbətən ləng gedirdi. Kənd təsərrüfatı daha çox ekstensiv yolla (əkin sahələrinin artırılması yolu ilə) inkişaf etdirilirdi. Bu zaman bütün istehsal planları və əkin növləri Moskvada müəyyənləşdirilirdi. Kənd təsərrüfatı məhsullarının istehsalı zamanı mərkəzin maraqları əsas götürülürdü.
60-cı illərin ortalarında mərkəzin pambıq əkinlərinin genişləndirilməsi tələbinə əməl olunmasa da, respublikamızda meyvə, tərəvəz, üzüm və çay istehsalı xeyli çoxalmışdı. Maldarlıq kənd təsərrüfatının ən geri qalan sahəsi idi. Respublikada taxılçılıq və heyvandarlıq sahələrində cüzi artıma nail olunsa da, kəndlilərin şəxsi təsərrüfatlarının zəifliyi şəraitində Azərbaycan əhalisinin əsas ərzaq məhsulları ilə təmin olunmasında ciddi problemlər yaşanırdı. Bu sahədə Azərbaycanın mərkəzdən asılılığı getdikcə güclənirdi. 1958-ci ildə Maşın - Traktor Stansiyaları (MTS) ləğv edilərək onların bütün texnika və avadanlıqları kolxozlara verilmişdi. 1959-cu ildə sovet hökuməti, nəhayət ki, kolxozçu kəndliləri də ölkənin vətəndaşı hesab edərək onlara pasport verilməsi haqqında qərar qəbul etdi. Həmin ildən kolxozçulara təqaüd də verilməsinə başlandı.
Bu dövrdə sosialyönlü binaların və yaşayış evlərinin tikintisi genişləndirilmişdi. Bakı şəhərində və onun ətrafında "Musabəyov", "8-ci kilometr" adlanan yeni yaşayış massivləri salınmışdı. 1950-ci illərdə Hökumət evi, Respublika stadionu, Respublika kitabxanası, Bakı Hava limanı, Dövlət sirki və Akademik Dram Teatrının binaları tikilib istifadəyə verilmişdi.
Bu dövrdə bütövlükdə təhsil sahəsində bir sıra yeniliklər baş vermişdi. 1945-ci ildə orta məktəblərdə buraxılış imtahanları tətbiq edilmiş və məktəbi əla qiymətlərlə bitirənlərə qızıl və gümüş medalların verilməsinə başlanmışdı. Azərbaycan SSR-də 1949-cu ildən icbari 7 illik, 1959-cu ildən icbari 8 illik, 1966-cı ildən isə icbari 10 illik təhsilə keçilmişdi.
Respublikamızda ali təhsil şəbəkəsi də genişlənmişdi. 1945-ci ildə Bakıda Teatr İnstitutu, 1948-ci ildə Xarici Dillər Pedaqoji İnstitutu, 1950-ci ildə Politexnik İnstitutu, 1952-ci ildə Rus dili və Ədəbiyyatı İnstitutunun açılması ilə respublikada ali təhsil ocaqlarının sayı 20-yə çatmışdı.
1945 - 1960-cı illərdə Azərbaycan elminin müxtəlif sahələrində böyük uğurlar qazanılmışdı. Qürurla söyləyə bilərik ki, bu dövrdə görkəmli Azərbaycan alimləri tərəfindən yeni elmi məktəblər yaradılmışdı. Bu elmi məktəblərə neft - kimya sahəsində Y.Məmmədəliyev, astronomiyada N.İbrahimov, riyaziyyatda Z.Xəlilov və Ə.Hüseynov, aqronomiyada İ.Mustafayev və H.Əliyev, genetikada F.Məlikov, dilçilikdə Ə.Dəmirçizadə və M.Şirəliyev, ədəbiyyatşünaslıqda M.Dadaşzadə, tarixdə Z.Bünyadov kimi tanınmış alimlər başçılıq edirdilər.
Müharibədən sonrakı dövr Azərbaycan ədəbiyyatında şair Səməd Vurğunun yaradıcılığı xüsusi yer tutur. Ədəbiyyatımızın inkişafında mühüm rol oynamış şairlər S.Rüstəm, R.Rza, B.Vahabzadə, yazıçılar M.Ordubadi, M.İbrahimov, İ.Əfəndiyev, S.Rəhman çətin sosializm realizmi çərçivəsində də öz bədii yaradıcılıqlarında vətənpərvərlik ideyalarını tərənnüm edirdilər.
Ötən əsrin 50 - 60-cı illəri sözün əsl mənasında Azərbaycan incəsənətinin çiçəklənməsi dövrü hesab olunur. Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaratdığı "Sevil" operası, Qara Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri ilə milli musiqimiz xeyli zənginləşmişdi. F.Əmirovun yaratdığı yeni simfonik muğam janrı respublikanın musiqi həyatında böyük hadisə kimi qarşılandı. Bəstəkarın "Şur" simfonik muğamının ardınca məşhur dirijor Niyazi "Rast", Süleyman Ələsgərov isə "Bayatı Şiraz" simfonik muğamlarını yazdılar. Böyük müğənnimiz Rəşid Behbudov bütün Sovet İttifaqında tanınırdı. Xalq musiqisinin gözəl ifaçıları olan Xan Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova və başqaları böyük şöhrət qazanmışdılar. 1945 - 1960-cı illərdə Azərbaycan teatrı səhnəsində klassik dramaturgiyanın ən gözəl nümunələri ilə yanaşı, o dövrün yazıçı - dramaturqlarının əsərləri də tamaşaya qoyulurdu. Teatr sənətinin böyük uğurlar qazanmasında rol oynamış rejissorlardan Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, aktyorlardan Ələsgər Ələkbərov, Mərziyyə Davudova, Hökumə Qurbanova, Rza Əfqanlı, Ağasadıq Gəraybəyli, Möhsün Sənani və başqaları xalqımıza əvəzsiz xidmət göstərirdilər.
1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi ilə Azərbaycan kinosu dünya ekranına çıxdı. Nəinki SSRİ-də, hətta bütün dünyada çox böyük uğurla nümayiş etdirilən bu film Dövlət mükafatına layiq görülmüşdü. Kino sənətinin inkişafında "O olmasın, bu olsun" (1956), "Uzaq sahillərdə", "Ögey ana" (1959) filmlərinin rolu böyük olmuşdur.
Rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyovun yaratdığı rəsmlər, heykəltəraşlardan Fuad Əbdürrəhmanov (Nizami və Azad qadın heykəlləri), Cəlal Qaryağdı (Sabirin və N.Nərimanovun heykəlləri), Tokay Məmmədov (Üzeyir Hacıbəyovun heykəli), Ömər Eldarovun (Natəvanın heykəli) Bakıda və digər şəhərlərdə qurub ucaltdıqları abidələr ilə Azərbaycan incəsənəti xeyli zənginləşmişdi. 1940 - 1960-cı illəri cəsarətlə Azərbaycan rəssamlığının və heykəltəraşlığının inkişafında yeni mərhələ hesab etmək olar.
Ədəbiyyat:
1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016, s.326-335
2. Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə(XIX-XXI əsrin əvvəli) A.Ə.Rzayevin ümumi redaktəsi ilə. Bakı:Bakı Universiteti nəşriyyatı,2010,s.372-373;380-381;384-387;395-397
3. XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c., Bakı, 2004.s.411-414;416-417;424-427
Dostları ilə paylaş: |