2. Aprel istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu. Milli hökumətimiz xarici siyasət sahəsində böyük uğurlar qazandığı bir şəraitdə Azərbaycan Respublikasının müstəqilliyi üçün Sovet Rusiyasının timsalında Şimal sərhədlərimizdən böyük təhlükə yarandı. Sovet Rusiyası elementar beynəlxalq hüquq normalarına məhəl qoymayaraq Azərbaycan Xalq Cümhurriyətinə qarşı 1920-ci ilin əvvəllərindən hərbi təcavüz planı hazırlamağa başladı. Lenin başda olmaqla, Sovet Rusiyası beynəlxalq hüquqa və diplomatik münasibətlərin etik normalarına məhəl qoymayaraq tanımaq istəmədiyi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə 1920-ci il yanvar ayının 2-də nota verdi. Həmin notada Azərbaycan hökümətinə Rusiyanın cənubunda-Azərbaycanla sərhəddə Denikin “hökumətinin” Könüllü ordusuna qarşı hərbi ittifaq təklif edilirdi. Xarici işlər nazirimiz Fətəli xan Xoyski "Denikin məsələsi"ni Rusiyanın daxili işi sayaraq təklifdən imtina etmişdi. Sovet Rusiyasının 23 yanvar 1920-ci ildə göndərdiyi sayca ikinci və daha təcavüzkar ruhda olan notasına Azərbaycan hökuməti Denikinə qarşı birgə mübarizə aparılması üçün Azərbaycanın tanınmasını əsas şərt kimi irəli sürdü. Sovet Rusiyasının əsl niyyəti Azərbaycanı Denikinin qüvvələri ilə toqquşdurub sıradan çıxarmaqdan ibarət idi. Maraqlıdır ki, Rusiyadan fərqli olaraq Denikin “hökuməti” Azərbaycanı rəsmən tanımışdı.
1920-ci ilin yazında Denikinçi qüvvələri məğlubiyyətə uğradan Sovet Rusiyası Azərbaycan sərhədlərinə qoşun toplamağa başladı. Azərbaycan daxilindəki ruspərəst və xəyanətkar qüvvələrin də səfərbər edilməsinə başlandı. 1920-ci ilin fevralında Moskvanın birbaşa göstərişi ilə yaradılmış Azərbaycan Kommunist (bolşeviklər) Partiyasından Rusiya ölkəmizin daxilində dövlət çevrilişi hazırlamaq və həyata keçirmək üçün istifadə etməyə çalışırdı. Milli hökumətin düşməni olan bolşevik Əliheydər Qarayev 1920-ci il martın 30-da Dağıstanda olan sovet qoşunlarının komadanına yazırdı: "ən yaxın günlərdə Bakıda çevrilişə hazırlaşırıq." Leninin göstərişi ilə Rusiyadan Azərbaycan Komunist (bolşeviklər) Partiyasına çevrilişi həyata keçirmək və hərbi məqsədlər üçün 15 milyon manat pul, 2 minə yaxın tüfəng və çoxlu silah göndərilmişdi. Sovet Rusiyasının Azərbaycana qarşı əvvəl diplomatik təzyiqdən istifadə etməsi, sonra hərbi hazırlıqlara başlaması ilk növbədə Bakı neftini ələ keçirtmək məqsədi ilə sıx bağlı idi. Sovet Rusiyasının başçısı V.İ. Leninin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinin Hərbi İnqilab Şurasına göndərdiyi teleqramda açıq şəkildə yazılmışdı: “Bakını ələ keçirtmək bizə (Rusiyaya) olduqca və olduqca vacibdir.”Sovet Rusiyası nəinki Bakını, Azərbaycanı, Gürcüstan və Ermənistan Respublikalarını da işğal etməyi planlaşdırmışdı. Bu məqsədlə Azərbaycanın şimalına 120-130 min nəfərə yaxın hərbi qüvvə, çoxlu döyüş texnikası cəmləşdirmiş, hətta aviasiya, zirehli qatarlar və Xəzər dənizindəki hərbi gəmilər hazırlıq vəziyyətinə gətirilmişdi.
Sovet Rusiyası ilə gizli danışığa girən Ermənistan daşnak hökumətinin bolşeviklərlə qurduğu plana görə Azərbaycanın şimaldan müdafiəsini zəiflətmək və xüsusilə, Bakı şəhərini müdafiəsiz qoymaq üçün 1920-ci ilin martında Qarabağda qiyamlar təşkil olundu. Eyni zamanda Ermənistanın ordusu Qazax və Naxçıvan bölgələrinə hərbi təcavüzə başladı. Azərbaycan Cümhuriyyətinin əsas hərbi hissələri erməni daşnaklarına qarşı savaş aparmaq üçün Qarabağa, Qazax və digər bölgələrə göndərildiyindən şimal sərhədlərimiz tamamilə müdafiəsiz qalmışdı. Bakıda saxlanılan çox kiçik - 2 minlik hərbi qüvvə isə dövlət idarələrini qoruyurdu. 1920-ci il aprel ayının son ongünlüyünə qədər Azərbaycanın milli ordusu erməni daşnak qüvvələrini həmin bölgələrdə tamamilə darmadağın etdi. Ermənistan hökuməti aprel ayının 26-da barışıq təklif etməyə məcbur oldu. Ancaq artıq Azərbaycanın taleyi Sovet Rusiyası tərəfindən həll olunmuşdu. Rusiyanın XI Qırmızı ordusu elə həmin gün Azərbaycanın sərhədlərini keçmiş və aprelin 27-də Quba və Qusar işğal edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasının əsas səbəblərindən biri Sovet Rusiyası kimi böyük əraziyə malik, iqtisadi və hərbi qüvvə baxımından çox güclü olan bir dövlətin açıq hərbi müdaxiləsinə məruz qalmasıdır. Qərbi Avropanın aparıcı dövlətləri gənc Respublikaya hərbi yardım göstərməkdən imtina etmişdilər. Üstəlik Sovet Rusiyasının tələbi ilə İngiltərə bölgədən və Xəzər dənizindən öz hərbi qüvvələrini çıxarmışdı.
Dostları ilə paylaş: |