Şamaxı xanlığı. Quba, Bakı, Şamaxı və Qarabağ xanlıqları ilə həmsərhəd olan Şamaxı xanlığının əsasını 1747-ci ildə Hacı Məhəmmədəli bəy (mərkəz Yeni Şamaxı), Məhəmməd Səid və Ağası qardaşları (mərkəz Köhnə Şamaxı) qoymuşdur. Digər xanlıqlardan fərqli olaraq yaranışında Şamaxıda ikihakimiyyətlik mövcud idi və bu iki qüvvə arasında mübarizə Məhəmməd Səid xanın qələbəsi ilə nəticələnmişdi. Məhəmməd Səid xan elatlardan topladığı qoşunla 1761-ci ildə Yeni Şamaxını ələ keçirdi və ikihakimiyyətliyə son qoydu. Xanlığın mərkəzi Köhnə Şamaxı şəhəri oldu.
Şamaxı xanlığı Salyan və Xançobanı vilayətlərini ələ keçirmək istəyən qonşu Quba, Qarabağ və Lənkəran xanlıqları ilə mübarizə aparırdı. 1767-1768-ci illərdə Qubalı Fətəli xanın hücumlarına məruz qalan Şamaxı xanlığı Quba xanlığına tabe edilmişdi. Fətəli xanın ölümündən sonra, 1790-cı ildə xanlıq yenidən müstəqil olmuşdu. XVIII əsrin sonlarında xanlıq 17 mahaldan ibarət idi.
Dostları ilə paylaş: |