Quba xanlığı. Fətəli xanın birləşdirmə siyasəti. Quba vilayətinin hakimi Hüseynəli xan öz iqamətgahı Xudat qalasında otururdu. 1735-ci ildə iqamətgahını Quba şəhərinə köçürmüş və burada möhtəşəm saray tikdirmişdi. Hüseynəli xan Quba xanlığının müstəqilliyini 1747-ci ildə elan etmişdi. Hüseynəli xan irsilik hüququndan istifadə edərək 1756-cı ildə Salyan nahiyəsini Quba xanlığına birləşdirmişdi. Quba xanlığının yüksəlişi Hüseynəli xanın oğlu Fətəli xanın adı ilə bağlıdır. Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) xanlıq Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizənin mərkəzlərindən birinə çevrilmişdi. Fətəli xan bütöv Azərbaycan yaratmaq amalı ilə yaşayan nadir siyasi xadimlərimizdən biridir.
Fətəli xan xanlığı iqtisadi və maliyyə cəhətdən gücləndirmək üçün vergi sistemində olan özbaşınalıqları aradan qaldırdı. Xanlığın hərbi gücünü artırmaq üçün daimi qoşun, müharibə zamanı yığılan çəriklə yanaşı, muzdlu döyüşçülərdən də istifadə edilirdi. Dövlətin sərhədlərini möhkəmləndirmək üçün döyüşkən şahsevən tayfalarını Muğandan köçürüb, Şabranda və xanlığın sərhədboyu ərazilərində yerləşdirmişdi. Mənbələrdə həmin əhalinin qubalılar kimi türk dilində danışması haqda məlumatlar vardır.
Fətəli xan Azərbaycan torpaqlarını birləşdirmək prossesinə Dərbənddən başladı. 1759-cu ildə Dərbənd tabe edildi. 1767-ci ildə nigah diplomatiyası ilə Bakı xanlığını da öz siyasi təsiri altına aldı. Bundan sonra Fətəli xan Quba, Dərbənd, Bakı və Salyan hakimi kimi adlandırılırdı. 1768-ci ildə Quba və Şəki xanlıqlarının qoşunları Şamaxı xanlığını ələ keçirdilər və xanlığın ərazisi Fətəli xan və şəkili Hüseynəli xan arasında bölüşdürüldü. 1768-ci ilin avqustun 17-də Fətəli xan 15 min döyüşçü ilə Yeni Şamaxıya hücum edərək Şamaxı xanlığının Şəkinin payına düşən bütün mahallarını Qubaya birləşdirdi. Həmin il Cavad xanlığını da birləşdirməklə Fətəli xan artıq bütün şimal-şərqi Azərbaycan torpaqlarının hökmdarı kimi çıxış etməyə başladı. O, Şamaxı şəhərini birləşdirilmiş Azərbaycan torpaqlarının mərkəzinə çevirmək istədiyindən bu şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Çünki Şamaxı şəhəri vaxtilə Şirvanşahlığın mərkəzi olmuşdu, eyni zamanda, Qarabağ, Şəki xanlıqları uğrunda mübarizə aparmaq və Azərbaycan torpaqlarına irəliləmək üçün mühüm siyasi strateji məntəqə idi. Fətəli xan Şamaxıda öz dayaqlarını möhkəmlədirmək üçün buraya Dərbənddən əhali köçürmüşdü. Fətəli xan öz hakimiyyətini Azərbaycanın cənubuna da yaymağa çalışırdı. O, 1784-cü ildə Ərdəbil və Meşkini tutsa da, Rusiyanın narazılığı ucbatından həmin şəhərləri tərk edib getmişdi. Fətəli xan 1785-ci ildə Şəki xanlığını da özündən asılı vəziyyətə salmışdı. Fətəli xan 1785-ci ildə Lənkəran hakimi Qara xanı özündən asılı vəziyyətə salaraq, onunla birlikdə Qarabağ və Gilan xanlıqlarına yürüşlər təşkil etmişdi.
1783-cü ildə Fətəli xanın Qarabağ xanlığına böyük yürüşü İbrahim xanla onun müttəfiqi Kartli çarı II İraklinin qoşunları tərəfindən dəf edilmişdi.
Fətəli xanın 1759-cu ildən başlayaraq birləşdirmə siyasəti digər xanlıqların, habelə bölgədə maraqlı olan Rusiyanın, Dağıstan hakimlərinin və digər qonşu dövlətlərin mənafeyinə toxunduğu üçün düşmənləri tez-tez ona qarşı ittifaqlar yaradır və yürüşlər təşkil edirdilər. 1773-cü ildə Şəki, Avar və Qarabağın birləşmiş qüvvələri Fətəli xana qarşı yürüşə başlayaraq Şamaxını tutdular. 1774-cü ildə Xudat yaxınlığında baş vermiş Gavduşan döyüşündə Fətəli xan məğlubiyyətə uğrayaraq Salyana çəkildi, oradan gizli yolla Dərbəndə qayıdaraq şəhərin müdafiəsini təşkil etdi. 1775-ci ildə Dərbəndin mühasirəsinə son qoyuldu.
Fətəli xan Rusiyanın himayəsinə keçib mövqeyini möhkəmləndirən Kartli çarı II İrakli ilə Qafqaz və Cənubi Azərbaycan məsələlərini həll etmək üçün 1788-ci ildə Kür çayının sahilində görüşmüşdü. Görüşün əsas müsbət nəticəsi Şəmşəddil sultanlığının Gəncə xanlığına qaytarılması barədə razılığın əldə edilməsi oldu. Görüş zamanı qəflətən xəstələnən Fətəli xan Bakıya bacısı Xədicə Bikənin yanıına qayıtdı. 1789-cu ilin mart ayının 22-də 54 yaşında vəfat edən Fətəli xan Bakıda Bibiheybət məscidinin həyətində dəfn olunmuşdu. Həmin məscid XX əsrin 30-cu illərində yol çəkilişi bəhanəsi ilə partladılarkən Fətəli xanın baş daşı Azərbaycan Tarix muzeyinə verilmişdi. Mənbələrdə Fətəli xanın II İrakli tərəfindən zəhərləndiyi ehtimalına rast gəlinir. Çünki Fətəli xandan sonra onun yaratdığı dövlət birliyinin dağılması və Rusiya tərəfindən Şimali Azərbaycanın işğalı bu ölümün arxasında bir sui-qəsd cəhdinin dayandığını açıq-aydın göstərir.
Fətəli xan dövrünə görə çox savadlı və geniş dünyagörüşə malik olub, türk, fars və rus dillərini dərindən bilirdi. Siyasi əleyhdarlarına qarşı amansız olub, çox ağıllı, mərdanə, şöhrətpərəst, yorulmaz və güclü xarakterə malik idi. Fətəli xan Azərbaycan tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. Fətəli xanın ölümündən sonra Şimal-şərqi Azərbaycan dövlət birliyi dağıldı və onu əvəz edən oğulları Əhməd xan və Şeyxəli xan yalnız Qubanı və Dərbəndi öz hakimiyyətləri altında saxlaya bilmişdilər.
Dostları ilə paylaş: |