Ədəbiyyat.
1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2019
2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı,1996, 2009
3. Bayramlı Z.H. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006.
4. Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. Bakı, 1993, 2007.
Mövzu 11. Azərbaycanın beynəlxalq rəqabət meydanına çevrilməsi. nadir şah
XVII əsrin son rübü – XVIII əsrin 30-cu illərində ölkəmizin iqtisadiyyatının tənəzzülə uğraması. XVII əsrin son rübündə dövlətimiz iqtisadi tənəzzül mərhələsinə daxil oldu: mərkəzi dövlət hakimiyyəti zəifləmiş; kənd təsərrüfatı ağır böhrana düşmüş; şəhər sənətkarlığına böyük ziyan dəymiş; maliyyə-pul sistemi dağılma həddinə çatmış, əmtəə-pul dövriyyəsi tamamilə pozulmuşdu; ölkənin daxili və xarici ticarəti mənfi təsirə məruz qalmış; Azərbaycan elmi-texniki səviyyəsinə görə Qərbi Avropa ölkələrindən çox geri qalırdı; cəmiyyət həm də mənəvi-ideoloji böhran keçirirdi; hakim zümrə, ruhanilər və dövlət məmurları həddindən artıq bədxərclik edir, dəbdəbəli və firavan həyat sürürdülər.
Səfəvilərin əsas taxıl anbarı olan Azərbaycanda 7 il dalbadal quraqlıq olduğundan ölkəni aclıq bürümüşdü. Səfəvi imperatorluğunun bütün bölgələrini, o cümlədən Azərbaycanı mərkəzi hakimiyyətə qarşı üsyan və çıxışlar bürümüşdü. 1707-1709-cu illərdə Təbriz, Şirvan və Carda silahlı çıxışlar baş verdi. 1711-ci ildə Carda Əli Sultanın başçılığı ilə başlayan üsyanı yatırmaq üçün şah tərəfindən göndərilən Şamaxı və Gəncə bəylərbəyilərinin qüvvələri üsyançılara məğlub olmuşdular. 15 minlik qoşuna malik Şirvan bəylərbəyi üsyançılarla döyüşdə öldürüldü. Azərbaycanın şimal torpaqlarında gedən proseslərə nəzarəti itirən Şah Sultan Hüseyn Dağıstanın baş hakimi Qazıqumuxlu Surxay xana 1720-ci ildə pul göndərərək qoşun yığıb üsyanları yatırmağı ona tapşırmışdı. Ancaq Qubanın Dədəli kəndinin sakini və bütün şimal-şərqi Azərbaycan torpaqlarının ali dini başçısı Hacı Davud Surxay xanı öz tərəfinə çəkərək Şirvan torpaqlarını Səfəvilərin nəzarətindən çıxarmaq kimi əsas niyyətini həyata keçirməyə başladı. 1721-ci ildə Şirvanda mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyandan istifadə edən Hacı Davud və Surxay xan qoşunla hücuma keçərək Şamaxını tutdular. Şamaxı uğrunda gedən savaşda xarici, xüsusilə rus tacirləri böyük ziyan gördülər. Çoxlu sayda rus taciri öldürüldü və onların 4 milyon manatlıq malı üsyançıların əlinə keçdi.
1722-ci ilin martın 8-də Mahmudun başçılığı ilə əfqanlar Gülnabad yaxınlığında Səfəvi ordusunu məğlubiyyətə uğratdılar və 6 aylıq mühasirədən sonra paytaxt şəhəri İsfahanı ələ keçirdilər. Şah Sultan Hüseyn əsir düşərək taxt-tacdan imtina etməyə məcbur oldu. Səfəvilərin hakimiyyətinin süqut həddinə çatması ilə Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda çox ciddi bir “siyasi boşluq” yarandı. Nəticədə ölkəmiz qonşu dövlətlərin xüsusilə, Rusiya və Osmanlı imperiyalarının rəqabət meydanına çevrildi.
Dostları ilə paylaş: |