MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə34/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   30   31   32   33   34   35   36   37   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Ədəbiyyat.

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2019

2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı, 1996, 2009

3. Azərbaycan tarixi üzrə qaynaqlar. Seminar və təcrübə məşğələləri üçün müntəxabat. S.S.Əliyarov və Y.M.Mahmudovun redaktəsi ilə. Bakı, 2007

4.Ibrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958.
MÖVZU 9: AZƏRBAYCANDA SƏFƏVİLƏR SÜLALƏSİNİN HAKİMİYYƏTƏ GƏLMƏSİ. ŞAH I İSMAYILIN VƏ ŞAH I TƏHMASİBİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİ.

Səfəviyyə dini dərviş ordeninin əsası Şeyx Səfiəddin tərəfindən (1254 - 1334) XIII əsrin sonlarında qoyulmuşdur. Şeyx Səfiəddin Azərbaycanın Ərdəbil şəhərində doğulmuşdu və bütün Ərdəbil əhalisi Şeyxin müridləri hesab olunurdu. Ərdəbil şeyxlərinin Azərbaycandan başqa Kişik Asiyada, İraqda, Farsda da çoxlu ardıcılları vardı. Böyük fateh Əmir Teymur Ankara savaşında (1402) onun tərəfində vuruşaraq böyük şücaət göstərmiş Ərdəbil şeyxi Xoca Əliyə xüsusi ehtiramla yanaşaraq Rum və Şamdan əsir apardığı xeyli sayda əhalini xidmət üçün onun ixtiyarına vermişdi. Ədalətli səltənət qurulması yalnız şiə məzhəbli hökmdarların, yəni Səfəvilərin hakimiyyətə gəlməsindən asılıdır. Ərdəbil hakimi Şeyx Cüneyd (1447 - 1460) siyasi sahədə nüfuz qazanmaq uğrunda mübarizəyə Şirvandan keçməklə, Şimali Qafqaza kafirlərə qarşı "cihad yürüşünə" çıxmaqla başladı. Ancaq 1460-cı ildə Samur şayı sahilindəki döyüşdə Azərbaycan hökmdarı Cahanşah və Şirvanşah I Xəlilullah tərəfindən məğlubiyyətə uğradılaraq öldürüldü. Şeyx Cüneydin oğlu Şeyx Heydərin dövründə (1460 - 1488) Səfəvi təriqətinin müridləri başlarına 12 imamın şərəfinə 12 zolaqlı çalma qoyduqlarından onlar qızılbaş adlanmağa başladılar. Üç dəfə Şirvana və Dağıstana yürüş edən Şeyx Heydər 1488-ci ildə Şamaxıda böyük dağıntılar və qırğınlar törətsə də, Şahdağın ətəyində Tabasaran yaxınlığında Sultan Yaqubun və Şirvanşahın birləşmiş qüvvələri tərəfindən məğlub edilərək öldürüldü. Şeyx Heydərin oğlu Sultan Əli isə 1494-cü ildə Bayandurlu Sultan Rüstəm tərəfindən Şəməsi döyüşündə öldürüldükdən sonra Səfəviyyə ordeninin başçısı olan İsmayılı qızılbaşlar Lahicanda yerli hakim Mirzə Əlinin sarayında gizlətdilər. Sultan Rüstəmin adamları İsmayılı tələb etdikdə, Mirzə Əli onu səbətə qoyub ağacdan asaraq rahatlıqla Qurana əl basıb and içmişdi ki, İsmayılın ayağı Gilan torpağında deyildir və bu yolla yaxın gələcəyin böyük Azərbaycan hökmdarını ölüm təhlükəsindən xilas etmişdi.

XV əsrin sonunda Azərbaycanda siyasi sabitliyin pozulmasından və Bayandurlu nəslindən olan Sultan Əlvənd və Sultan Muradın yeritdiyi yarıtmaz siyasət nəticəsində əhalinin narazılığının gündən - günə artmasından qızılbaşlar məharətlə istifadə edərək siyasi səhnəyə çıxdılar. Dövrün salnaməçisi Əbdi bəyin yazdığına görə “Bayandurlu səltənətinin pozulması, yəni hakimiyyətin iki əmioğlu Əlvənd və Murad arasında bölünməsi xəbəri” də qızılbaşları İsmayıl başda olmaqla, Azərbaycan taxt - tacı uğrunda daha qətiyyətlə siyasi mübarizə aparmağa ruhlandırmışdı.

1499-cu ildə Lahicanı tərk edən İsmayıl onun ətrafında birləşən qızılbaş müridləri ilə tərəfdarlarının çox olduğu Şərqi Anadoluya gəlib, 1500-cü ilin yazında Ərzincanda müşavirə keçirtdi. Müşavirədə Şirvanşahlıq üzərinə yürüş haqqında qərar çıxarıldı. 1500-ci ilin payızında İsmayılın başçılıq etdiyi qızılbaş qoşunu Şamaxını tutdu. Gülüstan qalasının yaxınlığındakı Cabanı adlı yerdə baş verən döyüşdə qızılbaşlar qalib gəldilər, Şirvanşah Fərrux Yasar öldürüldü və Şirvan xəzinəsinin bir hissəsi ələ keçirildi. 1501-ci ilin yazında Bakı şəhəri mühasirəyə alındı, üç həmlədən sonra şəhər tutuldu və Şirvanşahların Bakı sarayında saxlanılan zəngin xəzinəsi ələ keçirildi. Bayandurlu sultanı Əlvənd Mirzənin Təbrizdən qoşunla Araz çayından şimala doğru yürüşə başlaması qızılbaşların Gülüstan qalasının mühasirəsini yarımçıq saxlayıb, bütün əsas hərbi qüvvələrini ona qarşı yönətməsinə səbəb oldu. Bu zaman cəmi 14 yaşı olan gənc İsmayıl silahdaşları olan qızılbaş əmirlərindən soruşmuşdu: ”Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?” İsgəndər bəy Münşi yazır ki: “Müqqədəs Səfəvi xanədanının etiqad sahibləri belə cavab vermişdilər: “Azərbaycan taxtı.” Bu bilgilər sübut edir ki, gəncliyinə baxmayaraq İsmayıl hansı taxt - taca sahib olacağını və hansı dövlətdə iqtidara gələcəyini aydın şəkildə dərk edirdi. Əlvənd Mirzənin 30 minlik ordusu 1501-ci ilin yayında Şərur düzü döyüşündə darmadağın edildi. Bu döyüşün əhəmiyyəti onda idi ki, qızılbaş qoşunu üçün Təbrizə yol açıldı və 1501-ci ilin payızında Təbriz şəhərinə daxil olan İsmayıl özünü təntənəli şəkildə şah elan etdi. Bununla da, Azərbaycanda Səfəvi sülaləsinin uzunmüddətli hakimiyyət dövrü (1501 - 1736) başlandı.

I Şah İsmayıl (1501 - 1524) 12 imamın adına və öz adına xütbə oxutdurub, pul kəsdirdi. Səfəvilər dövründə dövlətimizin paytaxtı 1555-ci ilə qədər Təbriz şəhəri olmuşdur. Dövlətimizin ordusu qızılbaş türk soylarından təşkil olunmuşdu. Mərkəzi dövlət aparatında - şah sarayında bütün vəzifələr, hərbi rəhbərlik, maliyyə idarələri, vilayətlərin idarəçiliyi Azərbaycan Türk əyanlarının əlində idi. Şah sarayında, dövlət işlərində, orduda və qismən diplomatik yazışmalarda Azərbaycan Türk dili işlədilirdi.

Bayandurlu səltənətindən fərqli olaraq mənbələrdə “Dövləti qızılbaş”, çox zaman isə “Səfəvi” adlandırılan dövlətimizin ərazisi bəylərbəyiliklərə bölünmüşdü. Siyasi pərakəndəliyi aradan qaldıraraq Azərbaycan torpaqlarını vahid mərkəzləşmiş bir dövlətdə birləşdirməklə Səfəvilər tariximizdə müqayisə olunmayacaq dərəcədə əvəzsiz rol oynadılar.

Azərbaycan taxtına əyləşən I Şah İsmayıl əsas siyasi və təhlükəli rəqibi olan Bayandurlu Sultan Muradı sıradan çıxartmaq üçün yürüşə başladı və 1503-cü ildə Həmədan yaxınlığında Almaqulağı döyüşündə Sultan Muradın ordusunu darmadağın etdi. Kirman, Şiraz, İsfahan, Qum ələ keçirildi. 1508-ci ilədək demək olar ki, Əcəm İraqı və Ərəb İraqı qızılbaş ordusu tərəfindən ələ keçirilmişdi. 1510-cu ildə Bağdad şəhəri də Səfəvilərin tərkibinə daxil edildi. Xorasan uğrunda Özbək hakimi Şeybani xanla mübarizə başladı. Şeybani xan Mərv qalasında uzunmüddətli müdafiə tədbirləri görsə də, Şah İsmayılın hərbi taktikasına aldanaraq qoşunu qaladan çıxartdı. 1510-cu il dekabrın 1- də baş vermiş Mərv döyüşündə Özbək qoşunu məğlubiyyətə uğradıldı, Şeybani xan isə öldürüldü. Mərv döyüşü nəticəsində çox böyük strateji əhəmiyyətli Xorasan vilayəti dövlətimizin tərkibinə qatıldı. Fərat çayından Amudərya çayınadək geniş ərazilərdə Səfəvilərin hakimiyyəti bərqərar oldu. Bu qələbə nəticəsində dövlətimiz o dövrdə Şərqdə və bütün dünyada çox güclü olan Osmanlı dövləti ilə rəqabət apara biləcək böyük bir imperatorluğa çevrildi.

Şah İsmayıl bundan sonra əsas diqqətini Anadoluya yönəltdi. Bu ərazidə qızılbaşlığın yayılması dini müstəvidə Səfəvi - Osmanlı münasibətlərini kəskinləşdirən məsələlərdən biri oldu. Bu işin zahiri tərəfi idi. Əslində bu iki güclü türk müsəlman dövlətinin maraqları strateji bölgələr və Avropa - Şərq ticarətində üstünlük qazanmaq məsələsində kəskin şəkildə toqquşurdu. 1504-cü ildə Osmanlı sultanı II Bəyazid Şah İsmayıl Səfəvini Azərbaycan hökmdarı kimi tanımışdı. Ancaq Şah İsmayılın 1512-ci ildə Kiçik Asiyada Malatya və Qarahisarı ələ keçirməsi, Sultan Səlimin hakimiyyəti dövründə bu iki dövləti qarşı - qarşıya qoydu. I Şah İsmayılın Avropa siyasəti ipək ticarətindən daha çox siyasi məqsədlər güdürdü. 1507 - 1508-ci illərdə Venesiya, Neapol, Roma papalığı ilə əlaqələr saxlayan, 1510-cu ildə Səfəvi diplomatı Əli bəyi İtaliyaya göndərən Şah İsmayıl Qərb dövlətlərindən müasir odlu silahlar almaq və Osmanlıya qarşı müttəfiq qazanmaq niyyətində idi. Avropa dövlətləri də yeni bir güclü türk müsəlman imperatorluğunun Osmanlı ilə savaşa girməsində həddindən artıq maraqlı idilər və Səfəvilər vasitəsilə başlarının üstünü almış Osmanlı təhlükəsindən qurtulacaqlarını düşünürdülər. Heç də təsadüfü deyil ki, Osmanlı sarayındakı alman diplomatı açıq şəkildə yazırdı: “Bizimlə (yəni Avropa ilə) ölüm arasında “Böyük Sufi” (I Şah İsmayıl) dayanır”. I Sultan Səlim bütün hərbi gücünü Səfəvilərə qarşı səfərbər etmək üçün Avropada aparılan müharibələri dayandıraraq 1514-cü ildə Ədirnədə fövqəladə divan çağırdı. Divanda “din düşmənləri” elan edilmiş qızılbaşlara qarşı cihad qərarı verildi. Sultan Səlim yüz min nəfərlik qoşunla Səfəvilər üzərinə hücuma başladı. Əsas həlledici döyüş 1514-ci ilin avqustun 23-də Çaldıran yaxınlığında baş verdi. Döyüşdə Səfəvilərin məğlub olmasının əsas səbəbləri qüvvələr nisbətinin Osmanlının xeyrinə olması, döyüş texnikası, yəni odlu silah baxımından Osmanlının üstün olması və qızılbaşların həddindən artıq özlərinə güvənərək Osmanlıları saya salmaması hesab olunur. Daha çox soyuq silahla silahlanmış Səfəvi ordusu üçün 100 hərəkət edən topa və odlu silah olan 10 min tüfəngə malik Osmanlı ordusu qarşısında duruş gətirmək çox çətin idi. Çaldıran savaşını “Qardaş qırğını” da adlandırmaq olar. Bu döyüşdə qələbə nəticəsində Osmanlılar Ərzurum daxil olmaqla, Şərqi Anadolunu və Şimali İraqı ələ keçirdilər. Bağdad şəhəri daxil olmaqla Ərəb İraqı isə Səfəvilərdə qaldı. 1516-cı ildə Qoçhisar döyüşündə də qalib gələn Osmanlılar Təbrizə daxil oldular. Ancaq burada çox qala bilmədilər. Bir neçə min sənətkar ailəsini özləri ilə İstanbula apardılar. Qoçhisar döyüşü nəticəsində Səfəvilər Mosul, Xarput və Bitlisi itirdilər.

Çaldıran savaşı göstərdi ki, artıq bu dövrdə müasir odlu silahlar olmadan Osmanlı və ya hər hansı bir dövlətlə müharibədə qələbə qazanmaq çox çətin olacaqdır. I Şah İsmayılın odlu silah almaq istədiyi Portuqaliya onun ümidlərini doğrultmadı. Əksinə Şah İsmayılın ona xeyirxah münasibətindən istifadə edən Portuqaliya İran körfəzində möhkəmlənməyə başladı. 1515-ci ildə Hörmüz limanını ələ keçirən portuqallar Səfəvilərin Hind okeanına çıxış yolunu tamamilə bağladılar.

I Şah İsmayılın hakimiyyəti dövründə əslində Azərbaycanın bütün torpaqları dövlətimizin tərkibində idi. Şirvanşahlıq və Şəki hakimliyi mərkəzi hakimiyyətə tabe edilmişdi və sadəcə olaraq bu bölgələrdə yeli sülalələrin hakimiyyəti (statusu) tam şəkildə ləğv olunmamışdı.

1524-cü ildə I Şah İsmayılın gənc, 37 yaşında vəfat etməsi dövlətimizin mərkəzi idarəetmə sisteminə mənfi təsir göstərdi. Çünki hakimiyyətə gələndə oğlu I Şah Təhmasibin cəmi 10 yaşı var idi. I Şah Təhmasibin hakimiyyət dövründə (1524 - 1576) Azərbaycan torpaqlarının tam mərkəzləşdirilməsi prosesi başa çatdı. 1535-ci ildə Şirvanşah II Xəlilullahın ölümündən sonra Şirvanda yaranmış qarmaqarışıqlılıqdan, 1537-ci il “Qələndər” üsyanından istifadə edən I Təhmasib qardaşı Əlqas Mirzənin başçılığı ilə Şirvana qoşun göndərdi. 1538-ci ildə Şirvanşahlığın Səfəvilərdən vassal asılılığına da son qoyuldu və Şirvanşahların sülalə hakimiyyəti ləğv olundu. Nəticədə Şirvan ərazisi bəylərbəyiliyə çevrildi və Əlqas Mirzə ilk bəylərbəyi təyin olundu. 1547-ci ildə Əlqas Mirzənin mərkəzi hakimiyyətə qarşı qaldırdığı qiyam yatırıldıqdan sonra I Təhmasib oğlu İsmayıl Mirzəni, sonra isə qızılbaş əmiri Abdulla xan Ustaclını Şirvana bəylərbəyi təyin etdi.

1551-ci ildə mərkəzi hakimiyyətlə münasibətlərini pisləşdirən Dərviş Məhəmməd xanın qoşununun darmadağın edilməsi ilə Şəki hakimliyinə də son qoyuldu. Beləliklə, Azərbaycan torpaqlarının vahid mərkəzi dövlət tərkibində birləşdirilməsi prosesi tamamilə başa çatdı.

I Şah Təhmasib tərəfindən yeridilən iqtisadi siyasət sənətkarlığın və ticarətin inkişafına təkan vermişdi. Monqol dövründən qalma tamğa vergisinin 1565-ci ildə ləğv edilməsi sənətkarlığı və ticarəti canlandırmışdı.

I Təhmasibin dövründə öz imperatorluğunu Şərqə doğru daha da genişləndirmək, Bağdad daxil olmaqla İraqı ələ keçirtmək və Avropanın müstəmləkəçi dövlətlərinin işğal hədəfində olan Hind okeanı və İran körfəzi bölgələrini qorumaq məqsədi ilə Osmanlı sultanı Süleyman Qanuni Azərbaycan torpaqlarından keçməklə dörd yürüş həyata keçirtdi. Osmanlı Sultanı 1534, 1535 və 1548-ci il yürüşlərində dövlətimizin paytaxtı Təbriz şəhərini tutsa da, I Təhmasibin tətbiq etdiyi xırda həmlələr, əks - hücum və “yandırılmış torpaq” taktikası nəticəsində hər dəfə şəhəri tərk etməyə məcbur oldu. 1554-cü ildə həyata keçirilən dördüncü yürüş də uğursuz bitdi. Osmanlı qoşunları Naxçıvandan geri qayıtmağa məcbur oldular. 1555-ci il mayın 29-da iki dövlət arasında Amasya barışığı imzalandı. Amasya sülhünə görə Qərbi Gürcüstan Osmanlı dövlətinin, Şərqi Gürcüstan isə Səfəvilərin tərkibində qaldı.

1555-ci il Amasya barışığından sonra I Şah Təhmasib dövlətimizin paytaxtını dəfələrlə Osmanlının əlinə keçmiş Təbriz şəhərindən Qəzvinə köçürməyə məcbur oldu.

I Şah Təhmasib Xorasanı Özbək hücumlarından qorumaq üçün bu bölgədə xeyli qoşun saxlayırdı. Şah Hindistan ərazisində yaranmış Böyük Moğol türk imperatorluğu ilə hərtərəfli əlaqələr qurmuşdu. Bu Azərbaycan hökmdarı Əfqan yürüşlərini dəf etmək üçün Böyük Moğol hökmdarı Humayuna hər cür - hətta qoşunla hərbi yardım göstərmişdi. Bunun əvəzində Humayun çox mühüm strateji və ticarət əhəmiyyətli Qəndahara olan iddialarından Səfəvilərin xeyrinə əl çəkmiş və bir vassal kimi hər il Səfəvilərə 40 min tümən bac göndərməyə söz vermişdi.

I Şah Təhmasibin ölümündən sonra başlayan hakimiyyət uğrunda siyasi mübarizə dövlətimizin hərbi - siyasi və iqtisadi qüdrətini xeyli zəiflətdi. 1576-cı ildə taxta çıxan II İsmayılın sui - qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyətə Məhəmməd Xudabəndə gəldi. Məhəmməd Xudabəndənin dövründə (1578 - 1587) mərkəzi hakimiyyətlə hesablaşmayan qızılbaş əmirlərinin özbaşınalığı gücləndi və dövlət xəzinəsi tamamilə boşaldı. Şah Təhmasibin yarım əsr ərzində xəzinəyə topladığı sərvət qısa müddətdə talan edildi. İsgəndər bəy Münşi yazırdı ki, qızılbaş əmirləri xəzinədəki qiymətli şeyləri, hətta sandıqla daşıyıb aparırdılar. Belə bir şəraitdə 1578-ci ildə Osmanlı sultanı III Murad Səfəvilərə qarşı müharibəyə başladı. 1578-ci il avqustun 9-da Qars vilayətində Çıldır gölü sahilində baş vermiş ilk döyüşdə Səfəvi qoşunu məğlubiyyətə uğradı. Qüvvələr nisbəti, Ustaclı və Türkmən tayfaları arasında birliyin olmaması və qızılbaş əmirlərinin özlərinə həddindən artıq arxayın olub döyüşə yaxşı hazırlaşmaması Çıldır məğlubiyyətinin əsas səbəbləri hesab oluna bilər. Səfəvilər 1578-ci ilin sentyabrında Alazan çayı sahilindəki döyüşdə Osmanlılar, həmin ilin noyabr ayında Ağsu çayı sahilində Mollahəsənli döyüşündə Osmanlının vassalı olan Krım tatarları üzərində parlaq qələbə qazandılar. 1583-cü ildə Səfəvilər Şirvan ərazisində Niyazabad adlı yerdə osmanlılara qalib gəlsələr də, həmin il Samur çayı sahilində tarixə “Məşəl savaşı” kimi daxil olan gecə döyüşündə məğlubiyyətə uğradılar. 1585-ci il Sufiyan məğlubiyyətindən sonra Təbriz şəhəri də itirildi. Azərbaycan torpaqlarının böyük əksəriyyətinin itirilməsi şəraitində I Şah Abbas 1590-cı ildə Osmanlı dövləti ilə ağır şərtli İstanbul sülh müqaviləsini bağlamağa məcbur oldu. Bu müqaviləyə görə Ərdəbil, Qaracadağ, Xalxal və Lənkəranı çıxmaqla, qalan bütün Azərbaycan ərazisi, indiki Gürcüstanın şərqi və indiki İranın qərb vilayətləri Osmanlı imperiyasına güzəştə gedilmişdi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin