Ədəbiyyat
1. Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik. Dosent Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2019
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Prof. S.S.Əliyarlının redaktəsi ilə. Bakı, 2007.
3. Aşurbəyli S.B. Şirvanşahlar dövləti (VI - XVI əsrlər). Bakı, 1997.
4. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı, 1985.
MÖVZU 7. AZƏRBAYCAN XIII ƏSRİN ƏVVƏLLƏRİ - XIV ƏSRLƏRDƏ
XIII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz - üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. 1206-cı ildə Çingiz xan tatar uluslarını bir dövlət halında birləşdirmişdi. Uyğur türk dili uzun bir müddət Böyük Monqol dövlətinin divan - dövlət dili olmuşdu.1220 - 1223-cü illəri əhatə edən və kəşfiyyat xarakteri daşıyan birinci yürüşə 30 minlik qoşuna malik Cəbə və Subatay başçılıq etmişdi. Hökmdar Atabəy Özbək qaçıb gizlənsə də, ayrı-ayrı şəhərlərin və vilayətlərin əhalisi silahlanaraq işğalçılarla savaşa girməkdən çəkinmirdilər. 1221-ci ildə monqollar Təbrizə üç dəfə basqın etsələr də, əhalinin ciddi müqaviməti ilə rastlaşdıqlarından və şəhəri tuta bilmədiklərindən paltar və ərzaqdan ibarət bac almaqla kifayətləndilər. Aran hakiminin köməyilə gürcü Baqratuni çarlığının 60 minlik qoşununu məğlubiyyətə uğratdılar. Monqollara tabe olmayan Marağa şəhərini mühasirəyə alıb, ələ keçirdilər və əhalisini qırdılar. Sərabı tutub qarət etdikdən sonra Naxçıvan və Beyləqana saldırdılar. 1221-ci ildə Ərdəbili tutub böyük qırğın törətdilər və şəhərin böyük hissəsini dağıtdılar. Beyləqan əhalisi ilə sülh danışığına gedən nümayəndəni əhali öldürdükdən sonra monqol - tatarlar 1221-ci ilin ramazan ayında şəhəri çətinliklə də olsa, ələ keçirdilər. Qılıncı sıyırıb qoca, uşaq, qadın - hamısını qırdılar. O dövrdə Aran vilayətinin anası–mərkəzi olan Gəncəyə yürüdülər, ancaq şəhərin əhalisinin çoxluğunu, gürcülərlə olan savaşda mərdlik və şücaət göstərdiklərini, şəhərin müdafiəsinin möhkəmliyini bildikləri üçün oraya yaxın gedə bilmədilər. Adam göndərib, gəncəlilərdən pul və paltar tələb etdilər. İstədiklərini alaraq rədd olub getdilər. Şirvan Dərbəndinə getmək istəyən monqol - tatarlar əvvəlcə Şamaxı şəhərini mühasirəyə aldılar. Şəhəri alan monqollar çoxlu mal, pul qarət etdilər və burada da əhalinin kökünü kəsdilər. 1223-cü ildə rusları əzdilər və bulqar türklərindən yaxşı bir zərbə alıb vətənlərinə geri döndülər. Birinci yürüş kəşfiyyat xarakteri daşısa da, Azərbaycanda kənd təsərrüfatına, sənətkarlığa, ticarətə, şəhər həyatına, bütövlükdə iqtisadiyyata və mədəniyyətə böyük ziyan vurdu və ölkəmizin müdafiə gücünü daha da zəiflətdi.
İqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər artıq hər hansı bir düşmənə müqavimət göstərmək iqtidarında deyildilər. Bundan istifadə edən qıpçaqlar 1223-cü ildə Dərbənddən keçərək Azərbaycana soxulub Şirvan bölgəsini qarət etdilər. Hiylə yolu ilə Gəncəyə girib əhalini soyub taladılar. Eldənizlərdən əlini üzmüş Azərbaycan əhalisi birləşərək qıpçaqları Azərbaycandan qovdular. Ölkəmizin düşdüyü ağır vəziyyətdən bəhrələnən gürcülər də 1225-ci ildə torpağımıza soxulub, əhalimizə divan tutdular.
1225-ci ildə Vətənimiz daha bir fəlakət ilə üzləşdi. Monqolların yürüşünə tab gətirməyən Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin öz ölkəsini monqollara buraxıb Azərbaycana gəldi. Atabəy Özbək Cəlaləddinin yürüşü qarşısında Təbrizdən Gəncəyə, sonra Əlincə qalasına qaçdı və orada da öldü. Nəticədə 1225-ci ildə Azərbaycanda Eldənizlər sülaləsinin hakimiyyətinə son qoyuldu. Cəlaləddin əvvəlcə Marağa şəhərini tutdu. Təbriz şəhərinin əhalisi yeddi gün qəhrəmanlıqla vuruşsa da, 1225-ci ildə Cəlaləddin şəhəri ələ keçirtdi. Bunun ardınca Gəncə, Beyləqan və Şəmkiri ələ keçirib Tiflisə daxil oldular. Şirvanşahlar ildə 100 min dinar xərac vermək şərti ilə Cəlaləddindən vassal asılılığını qəbul etdilər. Açıq qarət siyasətindən bezmiş Təbriz əhalisi ayağa qalxıb üsyan qaldırdı. 1231-ci ildə Gəncə üsyanı bu hərəkatın zirvəsi oldu. Cəlaləddin çox böyük çətinliklə olsa da, üsyanı yatırdı. Üsyanın başçısı usta Bəndər ələ keçirilərək amansızlıqla tikə - tikə doğrandı. Cəlaləddinin Azərbaycandakı hərbi-siyasi fəaliyyətinin yeganə müsbət cəhəti Azərbaycanı və Şərqi Anadoludakı türk müsəlman əhalisini hədəfə alan və böyük qətliamlara səbəb olan gürcü təhlükəsini ortadan qaldırması hesab edilə bilər.
1231-ci ildə monqol qoşunları Çormoğon noyonun başçılığı ilə Azərbaycana soxuldular. Əhalinin ciddi müqavimətinə baxmayaraq Marağa şəhəri ələ keçirildi, Təbriz isə mühasirəyə alındı. Təbrizin əyanları qiymətli hədiyyələr verərək şəhəri talandan və qırğından xilas etdilər, ancaq bir çox adlı-sanlı sənətkarlar Monqolustanın paytaxtı Qaraqoruma aparıldı. 1235-ci ildə monqollar Gəncədə ciddi müqavimətlə qarşılaşdılar. Lakin bütün şəhər divarları uçuruldu. Gəncə şəhəri dörd il adamsız və dağılmış vəziyyətdə qaldı. Yalnız 1239-cu ildə şəhərin yenidən qurulması haqqında fərman verildi. Gəncədən sonra Şəmkir, Tovuz, Bakı uğrunda qanlı döyüşlər getdi. Ancaq bu şəhərlər də düşmənin əlinə keçdi. 1239-cu ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın monqollar tərəfindən işğalı başa çatdı. 1239-cu ildən 1256-cı ilə qədər Azərbaycan Ali Monqol xaqanının təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu.
Dostları ilə paylaş: |