Neolit (e. ə. VII - VI minilliklər). Azərbaycanda neolit dövrü qəbilə icmasının həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu. Yeni daş dövründə istehsal təsərrüfatı və onun əsas sahələri olan əkinçilik və maldarlıq meydana çıxmışdır. İstehsal təsərrüfatının yaranması elmi ədəbiyyatda «neolit inqilabı» adlanır. Bu inqilabın nəticəsində insan ərzaq ehtiyatı üzərində ilk dəfə nəzarət etmək imkanı qazanmışdır.
Azərbaycanda istehsal təsərrüfatına keçid e. ə. VII minilliyə təsadüf edir. Qobustanda tapılan daş toxalar, dən daşları, biçin bıçaqları və çin dişləri ilk əkinçilik alətləri hesab olunur. Neolitdə insanlar daşların deşilməsi və cilalanması üsullarını mənimsəmişdilər. Gəncə - Xanlar bölgəsində arxeoloji abidələrin öyrənilməsi göstərir ki, Azərbaycandakı neolit adamı artıq daşı novçalı şəklə sala, burma üsulu ilə deşə bilirdi. Əsas əmək aləti kimi toxadan istifadə olunduğundan əkinçilik toxa əkinçiliyi adlanırdı. Bu dövrün maldarlığı isə ev maldarlığı olmuşdur.
Əhalinin oturaq həyata keçməsi üçün imkan yaranmışdır. Təbriz yaxınlığındakı Yanıqtəpə və Sulduz düzündəki Hacı Firuz abidələri son neolitdə (e. ə. VI minillik) Azərbaycanda oturaq əkinçi-maldar təsərrüfatının yayıldığını sübut edir. Bu zaman möhrə və ya çiy kərpiclə hörülmüş evlərdən kəndlər salınırdı.
Neolit dövrünün əsas nailiyyətlərindən biri də gil qab istehsalının - dulusçuluğun yaranmasıdır. Əkinçilik və heyvandarlıq məhsullarını uzun müddətə saxlamaq zərurəti saxsı qabların istehsalına böyük tələbat yaratmışdı. Bu çağacan insanlar suyu yığıb saxlamaq, yemək bişirmək üçün Qobustan qayaları üstündə indiyədək qalan daş oyuqlarından istifadə edirdilər. Neolitin sonunda saxsı qablar görünüşcə daha mükəmməl formada hazırlanırdı və hətta boya ilə naxışlanırdı. Azərbaycanda «ev peşələri» sayılan toxuculuq, tikinti və hörgü işi də neolit dövründə meydana çıxmışdır.
Dostları ilə paylaş: |