MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


MÖVZU 3. ALBANİYA III-VIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ



Yüklə 418,25 Kb.
səhifə14/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   10   11   12   13   14   15   16   17   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

MÖVZU 3. ALBANİYA III-VIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ

Albaniyanın siyasi tarixini üç dövrə bölmək olar:



  1. Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə qədər). Moisey Kalankatlının «Alban tarixi» əsərində Arşaki nəslindən olan on hökmdarın adı çəkilmişdir.

  2. Sasani mərzbanlığı dövrü (510 - 629-cu illər).

  3. Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630 - 705-ci illər).

I əsrdə Arşaki nəslindən olan I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini vahid dövlətdə birləşdirmişdi. Tarixdə onun və varislərinin hakimiyyət dövrü haqqında geniş məlumatlar yoxdur. 226-cı ildə yaranmış Sasani dövlətinin Roma ilə apardığı uğurlu müharibələrin nəticələri Albaniya üçün böyük təhlükə yaratmışdı. 262-ci ildə Albaniya Sasani dövlətinin nüfuz dairəsinə daxil edilsə də, 272-ci ildə onun asılılığından çıxa bilmişdi. Müxtəlif vaxtlarda Alban hökmdarlarının Sasanilərdən asılılığı nominal səciyyə daşıyırdı. Bəzi hallarda bu asılılıq qohumluq münasibətləri ilə pərdələnirdi. Albaniyanı öz hökmdarları idarə edir və onlar çox zaman müstəqil siyasət yeritməyə çalışırdılar. Alban hökmdarı I Urnayrın (313 - 371) dövründə bütpərəstliklə mübarizə güclənmiş, xristianlıq dövlət dini elan edilmiş və kilsələrə torpaqlar bağışlanmışdı. Ümumiyyətlə, xristianlıq Albaniyada I əsrdən yayılmağa başlasa da, ancaq Urnayrın dövründə Albaniya əhalisinin bir hissəsi xristianlığı qəbul etmişdi. Qalan əhali öz əvvəlki dinində qalmışdı. Alban dövlətinin və Alban katalikosluğunun mərkəzi V əsrə qədər Qəbələ şəhəri idi.

Sasani hökmdarı II Şapurun vassalı və müttəfiqi olan Urnayr Romaya qarşı Sasanilərin apardığı müharibələrdə hərbi qüvvə ilə iştirak edirdi, 359-cu il Amid və 371-ci il Dzirav döyüşlərində sasanilərin tərəfində çıxış etməkdə Urnayrın əsas məqsədi Albaniyanın müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaqdan ibarət idi. 359-cu il Amid döyüşündə Sasani - Alban qüvvələri qalib gəldiyindən Albaniya əvvəllər itirdiyi Arsax, Naxçıvan və Kaspiananı geri qaytarmışdı. Ancaq 371-ci il Dzirav döyüşündə müttəfiqlər məğlub olduqlarından Alban torpaqlarının bir hissəsi Romanın əlinə keçmişdi.

Urnayrdan sonra hakimiyyətdə olmuş Yesuagenin dövründə köhnə Alban əlifbası qarqar ləhcəsinə uyğun olaraq yenidən işlənib hazırlanmış və məktəb şəbəkəsi genişlənmişdi. 444-cü ildə hökmdar taxtında atası Yesuageni əvəz etmiş II Vaçenin hakimiyyəti dövründə (444 - 463) Partav (Bərdə) şəhəri salınmış və dövlətin paytaxtı bu şəhərə köçürülmüşdü. II Vaçenin dövründə Albaniyanın hərbi - siyasi və beynəlxalq vəziyyəti çox gərgin olmuşdur. Bu, Sasani hökmdarı II Yezdəgerdin (438 - 457) Cənubi Qafqazla bağlı siyasətini hədsiz dərəcədə sərtləşdirməsi ilə bağlı idi. Sasanilər Xəzər sahilləri boyunca bütöv bir müdafiə tikililəri silsiləsinin (Beşbarmaq, Gilgilçay və alınmaz Dərbənd) salınması işlərinə çoxlu Alban əhalisini cəlb edirdilər. Bu zaman əhali əsas məşğuliyyətindən ayrıldığından, ölkənin təsərrüfat həyatına ağır ziyan dəyirdi. Bu işlər üçün Alban əhalisindən çoxlu vergi də toplanırdı. Sasanilər ölkənin ən mühüm strateji bölgələrinə fars dilli əhali köçürüb yerləşdirirdilər və onlar yerli Alban əhalisinin hesabına ən yaxşı torpaqlarla təmin olunurdular. Bu yolla sasanilər etnik dayaq yaratmağa çalışırdılar. Cənubi Qafqazdakı xristianlara Romanın və Bizansın tərəfdarları kimi baxan sasanilər hər vasitə ilə albanları, iberləri və digər xalqları mədəni - ideoloji assimilyasiyaya uğratmağa yönələn siyasət yürüdürdülər. Bu zaman əsas diqqət Cənubi Qafqazda zərdüştlüyün yayılmasına verilirdi. II Yezdəgird 450-ci ildə Alban, İber hökmdarlarını və digər hakimləri paytaxt şəhəri Ktesifona çağıraraq onlara zorla zərdüştlüyü qəbul etdirmişdi. Onların arasında Alban hökmdarı və Yezdəgirdin bacısı oğlu II Vaçe də var idi. Sasani hökmdarı zərdüştlüyü Cənubi Qafqazda yaymaq üçün 700 kahin göndərmişdi və onlardan 300-ü Albaniya üçün nəzərdə tutulmuşdu.

Sasanilərin həyata keçirdiyi köçürmə, vergi və dini siyasət Azərbaycanda və ona qonşu olan ölkələrdə tez - tez üsyanların baş verməsinə səbəb olmuşdu. Albanların digər Qafqaz xalqları ilə birlikdə sasanilərə qarşı yönəlmiş 450-ci il üsyanına Alban katalikosu başçılıq edirdi. 450-ci il Xalxal döyüşündə üsyançılar sasanilərə qalib gəlsələr də, 451-ci il Avarayr düzündə baş vermiş döyüşdə ağır məğlubiyyətə uğramışdılar.

457-ci ildə II Yezdəgirdin ölümü ilə II Vaçe zərdüştlükdən imtina edərək xristianlıq məzhəbinə qayıtmış və həmin il II Vaçenin başçılığı ilə Albaniyada sasanilərə qarşı üsyan başlamışdı. Sasani hökmdarı Firuz 462-ci ildə hunları -onoqurları üsyanın yatırılmasına cəlb etdikdən sonra bir illik ağır döyüşlərdən sonra, 463-cü ildə üsyançılar məğlubiyyətə uğramışdılar. II Vaçe taxtdan salınmış və Albaniyada çar hakimiyyəti ləğv edilmişdi. Nəticədə ölkəni Sasani mərzbanı idarə etməyə başladı.

481- 484-cü illərdə Albaniya, İberiya və başqa bölgələrdə sasanilərə qarşı baş vermiş üsyan qələbə ilə başa çatdı. 485-ci ildə üsyançılarla Sasani hökmdarı Valaş arasında bağlanmış Nvarsak müqaviləsinə görə Albaniya daxili müstəqil idarəetmə hüququ qazanmışdı. Xristianların təqibi dayandırılmış, Albaniyadan Sasani xəzinəsinə daxil olan bacın miqdarı isə azaldılmışdı.

III Vaçaqanın hakimiyyətə gəlməsi. 487-ci ildə Albaniyada III Vaçaqan hakimiyyətə gəldi. III Vaçaqanın hakimiyyətdə olduğu 487 - 510-cu illər Albaniyanın siyasi, mədəni və dini dirçəlişi dövrü hesab edilir. III Vaçaqan Sasani zülmündən qaçıb dağılışmış kəndliləri, sənətkarları geri qaytardı, sadə xalqın dinc əməklə məşğul olmasına şərait yaratdı, kənd təsərrüfatı, sənətkarlıq və ticarət inkişaf etməyə başladı. Sasanilərə qarşı çıxdıqları üçün torpaq və əmlakları əlindən alınmış hakim zümrənin nümayəndələrinin mülkiyyət hüquqları bərpa edildi. Sasanilərə qulluq edən əyanların isə hüquqları məhdudlaşdırıldı. O, yeni kilsələr tikdirir, kilsə məktəbləri açdırır və digər dindən olanları sıxışdırırdı.

Müstəqil Alban kilsəsinin siyasi gücünü dövlət hakimiyyətinin möhkəmləndirilməsinə yönəltmək məqsədi ilə III Vaçaqan 488-ci ildə Aquen kilsə məclisini çağırdı. Məclisdə yüksək rütbəli din xadimləri və böyük torpaq sahibləri iştirak edirdi. Məclisin qəbul etdiyi 21 maddədən ibarət qanunlar toplusu kilsə xadimlərinin, dini və dünyəvi əyanların hüquqlarının və vergi münasibətlərinin tənzimlənməsinə həsr olunmuşdu.

III Vaçaqan Alban Arşaki sülaləsinin sonuncu nümayəndəsi oldu. 510-cu ildə onun ölümü ilə sasanilər Albaniyada hökmdar hakimiyyətini ləğv etdilər.

510-cu ildən 629-cu ilədək Albaniyanı Sasani canişinləri - mərzbanlar idarə edirdilər. Böyük mərzbanlıq adlanan bu dövrdə Azərbaycan dəfələrlə Bizansla Sasanilər arasında gedən müharibənin meydanına çevrildiyindən ölkənin iqtisadiyyatı tənəzzülə uğrayır, şəhərlərimiz və kəndlərimiz dağıdılır, əhalimiz qırılır və mədəniyyət abidələrimiz məhv edilirdi. Sonuncu Sasani - Bizans müharibəsi (603 - 628) Bizansın qələbəsi ilə başa çatdı. Bu qələbənin qazanılmasında Bizansla ittifaqda olan Xəzər xaqanlığı böyük rol oynamışdı. Buna görə də Bizansın razılığı ilə Albaniya ərazisi Xəzər xaqanlığının siyasi təsiri altına düşdü.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin