Cavanşirin xarici siyasətinin əsas məqsədi Albaniyanın bütövlüyünü və müstəqilliyini qoruyub saxlamaqdan ibarət idi. Cavanşir ərəblər tərəfindən məğlubiyyətə uğrayan Sasani qoşunlarının Alban torpaqlarına dağıdıcı basqınlarının qarşısını almaq üçün bir neçə dəfə savaşa girərək qalib gəlmiş, Girdman, Uti, Sakasen və digər vilayətləri, paytaxt şəhəri Bərdəni sasanilərdən təmizləmişdi. Cavanşirin Sasanilərə qarşı müttəfiqi İberiya idi. Ərəblərin Azərbaycanın cənubundan-Atropatenadan Albaniyaya basqınlarının güclənməsi Cavanşiri güclü bir dövlətə - Bizansa sığınmağa məcbur etmişdi. Albaniyanın strateji əhəmiyyətini əsas götürən və ərəb hücumları qarşısında özünün şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi güdən Bizans hökmdarı II Konstantin 660-cı ildə Cavanşiri himayəsinə qəbul edərək onunla «səmimi» ittifaqa girmişdi. Bizans hökmdarının Albaniya ölkəsi ilə bağlı verdiyi fərmanda Cavanşir Girdman hakimi və Aqvan (Alban) knyazı adlandırılmışdır. O, Cavanşirə söykənəcəyi qızıldan olan bərbəzəkli qızıl taxt, öz belindən açdığı mirvarilərlə bəzədilmiş qılınc göndərmiş və 1200 Aqvan əsilzadəsinə patrisi və digər yüksək əyan rütbələri bağışlamışdı.
662-ci ildə Xəzərlərin qazanc və qənimət dalınca Albaniya üzərinə yürüşünün qarşısını almaq üçün Cavanşir onlarla Kür çayı sahilində döyüşə girdi və qalib gəldi. M.Kalankatlının yazdığına görə, Cavanşir böyük qələbə qazandığı üçün düşmənə belə söyləmişdi: «Get, Çola qapılarından (Dərbənd keçidi) geri qayıt və bir də buraya gəlmə, çünki Tanrı sənin gücünü yox etmişdir».
«Alban tarixi»nə görə 665-ci ildə Türküstanın və ya Hunların hökmdarının saysız-hesabsız qoşunla Alban torpaqlarına çox təhlükəli yürüşlərini dayandırmaq üçün Cavanşir hunların düşərgəsinə getmiş, onlarla sülh bağlayıb Hun hökmdarının qızı ilə evlənmişdi. Cavanşir bu yolla əsir alınmış 1200 nəfər kişini, çoxlu at və mal-qaranı geri qaytarmışdı.
Bizansın getdikcə zəifləməsi və Ərəb dövlətinin güclənməsi şəraitində Cavanşir ərəblərlə yaxınlaşmağa başladı. 667-ci ildə Ərəb xəlifəsi Müaviyənin Dəməşqdəki sarayında olan Cavanşir ondan vassal asılılığını qəbul edərək ölkəsini dağıntıdan xilas etdi. 670-ci ildə xəlifə Müaviyə ilə ikinci dəfə diplomatik danışıqlar apararaq Albaniyanın daxili müstəqilliyini qoruyub saxladı. Xəlifə onun ölkəsi üzərinə qoyulmuş ağır vergini ikiqat azaltmış və bundan sonra əvvəlki məbləğin üçdə birinin ödənilməsi ilə razılaşmışdı.
680-ci ildə Cavanşir tarixdə səbəbi dəqiq bilinməyən saray çevrilişi nəticəsində öldürüldü. Onun yerinə keçmiş qardaşı oğlu Varaz Trdat (680 - 699) mərkəzdən qaçan narazı qüvvələri zərərsizləşdirərək böyük knyaz hakimiyyətini bütün ölkə ərazisində bərpa etdi. Ölkə ərəblərə əvvəlki qaydada bac verirdi və ərəblər onu Albaniyanın və Uti vilayətinin hökmdarı kimi tanıyırdı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərin (hunların) ölkəyə hücumlarının qarşısını diplomatik yolla aldı və onlarla sülh bağladı.
VII əsrin 90-cı illərində Cənubi Qafqaz uğrunda Bizans - Ərəb qarşıdurması gücləndi. Varaz Trdat ərəblərlə yaxınlıq etdiyinə görə 699-cu ildə Bizans tərəfindən hakimiyyətdən salınmış və o, 5 il Konstantinopolda əsir həyatı yaşamalı olmuşdu. Bu zaman erməni katalikosu İliya Alban katalikosunun Bizansa meyllənməsi, Albaniyadakı xristianlıq məzhəbini Bizansdakı məzhəblə eyniləşdirməsi haqqında xəlifə Əbdül Malikə cəsusluq etməyə başladı. Əbdül Malikin 704-cü ildə göndərdiyi ərəb qoşunu Alban katalikosu və digər bizanspərəst qüvvələri qılıncdan keçirtdi. Bundan sonra Alban kilsəsi erməni kilsəsinə tabe edildi. 705-ci ildə hakimiyyətə qaytarılmış Varaz Trdat ərəb təəbəliyini qəbul etdi. Bu vaxtdan Albaniya faktiki və hüquqi baxımdan tamamilə ərəblərin hakimiyyəti altına düşdü. Varaz Trdatdan sonra Albaniyanı ərəb əmirləri idarə etməyə başladılar.
Erkən orta çağda Albaniyanın maddi və mənəvi mədəniyyətində mühüm dəyişikliklərin baş verməsi şəhər həyatının inkişafı, memarlıq abidələrinin inşası və xristian dininin yayılması ilə bağlı idi. Bu dövrdə ölkədə çoxlu qalalar, sədlər, saraylar, kilsə və məbədlər tikilmişdi. Belə abidələrdən Alazan çayı sahilindəki Torpaqqala, Ağdamdakı Govurqala, İsmayıllıdakı Cavanşir qalası, Şirvan səddi, Dərbənd səddi və başqaları Alban memarlığının çox yüksək səviyyədə olduğunu göstərir. Albaniya dünyada xristianlığın ən qədim mərkəzlərindən biri olduğundan cəmiyyətin mənəvi həyatına bu din güclü təsir göstərmişdir. Albanların öz yazısı, öz təqvimi və məktəbləri var idi. Alban əlifbası 52 hərfdən ibarət idi. V əsrdə bu əlifba qarqar ləhcəsinə uyğun şəkildə yenidən işlənib hazırlanmışdı. Alban əlifbasının hansı səsləri ifadə etməsi bəlli olsa da, alban dilində yazılmış dini və digər kitablar bizim dövrümüzə qədər gəlib çatmamışdır. Albaniyanın mənəvi mədəniyyət abidələrini erməni dilinə çevirmiş Qriqoryan kilsəsi sözsüz ki, həmin yazılı abidələri məhv etmişdir. Ona görə də ilkin orta çağda albanların dili haqqında tam dəqiq fikir söyləmək çox çətindir. Mingəçevirdə daş üzərindəki 70-ə yaxın hərfdən ibarət olan 1 sətirlik yazı, Dərbəndin qala divarındakı 10 işarədən ibarət başqa bir yazı hələ indiyədək oxunmamışdır.
Albanlar ilk vaxtlar Ay təqvimindən, IV əsrin ortalarından isə İsgəndəriyyə məktəbi üçün səciyyəvi olan təqvimdən istifadə edirdilər. Bu təqvimdə ilin başlanğıcı avqustun 29-u götürülürdü.
Albaniyada V əsrdə məktəblər fəaliyyət göstərirdi. M.Kalankatlının yazdığına görə, Alban hökmdarı Yesuagen uşaqların məktəblərə göndərilməsi və onlara yazmağın öyrədilməsi, məktəblərdə uşaqların, hətta yeməklə təmin olunması haqqında əmr vermişdi. Yesuagen Alban əlifbasının yeni variantını başa çatdırandan sonra, dini kitabların yunan dilindən alban dilinə tərcüməsinə xüsusi diqqət yetirirdi.
Albaniyanın mənəvi - dini dirçəlişi III Mömün Vaçaqanın adı ilə bağlı idi. Xristianlığı bütün ölkə ərazisində yaymaq üçün bütpərəst və atəşpərəstləri, kahinləri təqib edən, ölkədən qovan III Vaçaqan yeni kilsə və monastrlar tikdirir, məktəblər açırdı. O, kəndlərə gələrkən ilk növbədə məktəblərə baş çəkər və şagirdləri başına toplayardı. Uşaqların əllərində kitablar və yazı lövhələri olardı. M. Kalankatlının yazdığına görə, «hökmdar hamının ucadan kitab oxumasını əmr edər, özü isə buna xəzinə tapan adam kimi sevinərdi».
Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016,s.41-51.
2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı, 2009.130-138
3. Bünyadov Z. M. Azərbaycan VII-IX əsrlərdə. Bakı,2007. s.177-185
Dostları ilə paylaş: |