MÖVZU 4. XİLAFƏT ÇAĞINDA AZƏRBAYCAN TARİXİNİN PROBLEMLƏRİ. ƏRƏB AĞALIĞINA QARŞI AZADLIQ MÜBARİZƏSİ. BABƏK
Ərəb tarixçisi Təbəri və başqaları VII əsrin 30-cu illərində ərəb sərkərdələrinin Vətənimiz Azərbaycana ilk yürüşləri və burada yerli xalq olan türklərlə döyüşlər aparması haqqında məlumat vermişdilər. 639-cu ildə ərəb qoşunu cənubdan Azərbaycana soxulsa da, çox güclü müqavimətə rast gəldi. Ərəblər Ərdəbil şəhəri üzərinə hücum edib, qalib gəldiklərindən Azərbaycanın cənub torpaqlarının mərzbanı İsfəndiyar 644-cü ildə ərəb sərkərdəsi ilə müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə əhali tabe olub torpaq və can vergisi ödəməli idi. Ərəblər isə onların dini etiqad və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlərə aman verir, ərəb qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 639 - 642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar. 646-cı ildə Arana hücum edən ərəb ordusu Beyləqan və Bərdə şəhərlərini ələ keçirdi. Bu şəhərlərin də əhalisi xərac və cizyə vermək şərti ilə ərəblərlə sazişə girməyə məcbur oldular. Göründüyü kimi, ilk vaxtlar ərəblər ələ keçirdikləri ərazilərdə tam möhkəmlənmək gücündə olmadıqlarından öz hakimiyyətlərini saziş və müqavilələr şəklində rəsmiləşdirirdilər.
Dostları ilə paylaş: |