MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə13/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   9   10   11   12   13   14   15   16   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

ŞamaxıdaQəbələdə tapılan böyük gümüş pul dəfinələri Albaniyada ticarətdə puldan geniş istifadə olunduğunu və pul kəsildiyini sübut edir.

Albaniyanın ictimai - siyasi tarixinin başlıca məsələləri. Albaniyanın ictimai quruluşu haqqında əsas məlumatlar arxeoloji abidələr və yazılı qaynaqların öyrənilməsi nəticəsində əldə edilmişdir. Alban hökmdarlarının qəbirləri indiyədək tapılmasa da, varlı və yoxsul zümrəyə məxsus yaşayış evlərinin qalıqları və qəbirlərdə tapılmış əşyaların müxtəlifliyi alban cəmiyyətində ictimai və əmlak bərabərsizliyinin mövcudluğunu sübut edir. Strabon e. ə. 60-cı illərin hadisələri ilə bağlı yazırdı ki, hazırda bütün alban qəbilələrini bir padşah idarə edir. Əvvəllər isə burada hər qəbilənin öz padşahı (çar) var idi. E. ə. I əsrdə Pompeyin yürüşləri zamanı Albaniyanı Oroys, Antoninin yürüşləri vaxtı isə Zober idarə edirdi. Alban Arşakilərinə qədər, yəni I əsrin ortalarınadək Albaniyanı onun ilk hökmdarı olmuş Aranın nəsli - Aranşahlar idarə etmişdir.

E. ə. I əsrdə romalıların hərbi planlarında Albaniya və qonşu İberiya önəmli yer tutmağa başlamışdı. Romalılar Albaniyada möhkəmlənməklə Hindistanı Qara dənizlə birləşdirən, bir hissəsi Kaspi dənizindən-Kür çayından və quru ərazidən keçən ticarət yollarını ələ keçirmək niyyətində idilər. Albaniyanın ələ keçirilməsi Romaya bu ərazidən Parfiyaya zərbələr endirmək və digər ölkələrə yürüşlər etmək imkanı verirdi. E. ə. 66-cı ildə Roma sərkərdəsi Pompey Alban torpaqlarına yürüşə başlayaraq Kür çayı sahilində hərbi düşərgə saldı. Alban hökmdarı Oroysun başçılıq etdiyi 40 minlik ordu romalılar üzərinə hücuma keçdi. Həmin ilin dekabrında Kür çayı sahilində baş vermiş qanlı döyüşdə daha güclü və təcrübəli olan Roma ordusu qalib gəldi. Albanlarla sülh bağladıqdan sonra Pompey İberiyaya yürüş etdi və qalib gəldi.

Romalılar İberiyaya yürüş edəndə albanlar onları arxadan təqib edərək Roma qoşunu üçün təhlükəli vəziyyət yaratdıqlarından Pompey e. ə. 65-ci ildə yenidən albanlar üzərinə yürüşə çıxdı. Albanlara gözlənilməz zərbə vurmaq üçün romalılar İori ilə Alazan çayları arasındakı susuz çöllə hərəkət etməyi qərara aldılar. Pompey bir neçə albanı əsir alaraq ordusunu daha qısa və rahat yolla aparmaq üçün onlardan bələdçilik etmələrini istədi. Maraqlıdır ki, ölümdən qorxmayan albanlar düşməni daha uzun və çətin yolla apararaq xeyli ləngitdilər. Alazan çayı sahilindəki susuz çöldə döyüş baş verdi. 60 min piyada və 12 min atlıdan ibarət Alban qoşununa Oroysun qardaşı Kozis başçılıq edirdi. Süvari qoşunda albanlar, piyada qoşunda isə romalılar daha güclü idilər. Pompeyin düşünülmüş hərbi taktikası əsasında Roma ordusunun önündə olan atlı dəstəsi qəsdən geriyə qaçaraq albanları öz arxasınca aparıb mühasirəyə saldı. Döyüş vaxtı Kozis Roma sərkərdəsi Pompeyə nizə ilə zərbə endirsə də, möhkəm zireh Pompeyi ölümdən qurtardı. Pompeyin cavab zərbəsi ilə Kozis ölümcül yaralandı. Döyüş romalıların qələbəsi ilə başa çatdı. Romalılara qarşı kişilərlə birlikdə alban qadınlarının da qəhrəmanlıqla vuruşması antik Roma müəlliflərinin heyrətinə səbəb olmuşdu. Döyüşdən sonra Pompeyin tələbi əsasında onun düşərgəsinə gəlməyən Alban hökmdarı Oroys məktub və hədiyyələr göndərməklə kifayətləndi. Pompey barışığa gəlmək və tabe olmaq haqqında Oroysun vədlərini qəbul edib, Xəzər dənizi sahillərinə çıxmaq üçün ölkənin içərilərinə doğru irəliləməyə başladı. Ciddi müqavimətlə qarşılaşan Pompey öz son məqsədindən əl çəkməyə məcbur olub, ölkəmizi tərk etdi. Roma müəllifləri bunun əsas səbəbini həmin ərazidə guya çoxlu zəhərli ilanların olması ilə əlaqələndirirlər. E. ə. 36-cı ildə Antoninin Atropatenə və Albaniyaya yürüşünün nəticəsi olaraq Alban hökmdarı Zober romalılardan asılılığı qəbul etmişdi. Roma hökmdarı Oktavian Avqustun hakimiyyətinin sonlarında tərtib olunmuş məşhur Ankir kitabəsində Alban hökmdarının Roma ilə dostluq etmək niyyətindən bəhs edilmişdir. Bu yazı göstərir ki, eramızın I əsrinin əvvəllərində öz ölkəsini müstəqil idarə edən Alban hökmdarları Roma ilə dinc münasibətlər qurmağa çalışırdılar. Qobustanda bir qaya üzərində Roma imperatoru Domisianın adı ilə bağlı olan kitabənin qalması eramızın I əsrində Roma-Alban əlaqələrindən xəbər verir. II əsrdə Roma imperatoru Adrian Alban dövləti ilə dostluq əlaqələri saxlanmasına xüsusi əhəmiyyət verirdi.

Bizim eranın 34-cü, 72 - 74-cü və 135 - 136-cı illərində şimaldan gələn sarmat-alan tayfalarının yürüşləri talançılıq məqsədi daşıdığından Albaniyaya böyük ziyan vurmuşdu.



Mədəniyyət. Albanlar zəngin maddi və mənəvi mədəniyyətə malik idilər. Alban dövləti yaranandan sonra ölkədə memarlıq və tikinti işləri genişlənmişdi. Şəhərlər salınır, müdafiə istehkamları qurulur, böyük ictimai binalar tikilirdi. Albaniyanın paytaxtı Qəbələnin ətrafında tikilmiş müdafiə qurğuları olan torpaq səddinin və xəndəyin qalıqları bir kilometr uzunluğundadır. Tikinti işlərində daş, çiy və bişmiş kərpic, ağac və kirəmitdən istifadə olunurdu. Albaniyanın rəssam - boyaqçıları gil, mis və digər metal qablar üzərində müxtəlif quş, heyvan və insan təsvirləri çəkir və gözəl naxışlar vururdular. Qızıl, gümüşdən və digər metallardan hazırlanan bəzək əşyalarının bir çoxu incəsənət əsəri sayıla bilər.

Alban əhalisi antik dövrdə yazı mədəniyyətinə malik olmuşdur. Mənbələrə görə albanlar dünyada yazısı olan on beş mədəni xalqdan biri idi. Xristianlığa qədər Albaniyada çoxallahlılıq olmuşdur. Strabona görə albanlar Səma, Günəş Ay allahlarına sitayiş edirdilər. Albanlar, hətta başqa xalqlarda olmayan çox yüksək əxlaqi dəyərlərin və davranış mədəniyyətinin yaradıcısı və daşıyıcıları idilər. Strabon yazırdı ki, albanlar öz gözəlliyi və hündür boylu olmaları ilə seçilirlər. Onlar xırdaçı olmayıb ürəyiaçıqdırlar. Albanlar nəinki valideynlərinə, hətta yad qoca adamlara belə həddindən artıq hörmət göstərirlər. Göründüyü kimi, albanlar çox az hallarda rast gəlinə bilən əxlaqi keyfiyyətlərə malik olmuşlar. Qədim əcdadlarımızdan biri olan türksoylu Albanların bu nadir əxlaqi keyfiyyətləri 2 - 3 minillik tarixin sınağından çıxaraq bu gün də xalqımız tərəfindən qorunub saxlanmışdır.

1Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik,Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016, s.11-30.

2. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı, 1996, 2009.s.14-17

3. Qaşqay S.M. Manna hökmdarlığının tarixindən. Bakı, 1980.s.48-53;58-64


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin