Albanlar. Gündoğar Transqafqazda «Albaniya» adlı ölkənin adını ilk dəfə yunan coğrafiyaçısı Strabon çəkmişdir. Bu ölkədə yaşayan çeşidli boy və tayfaların adı isə «albanlar» şəklində E. ə. 331-ci il Qavqamela döyüşü ilə bağlı olaraq Flavi Arrian tərəfindən yazıya alınmışdır. Alban etnosunun adı Transqafqazda məskunlaşan və Strabonun «madyan sağanlar» adlandırdığı sak/saka tayfalarının içərisində çəkilmişdir.
«Kitab-i Dədə Qorqud» boylarının tarixi baxımdan araşdırılması Azərbaycanın uzaq keçmişinin albanlarla bağlı yeni bir səhifəsini üzə çıxarmışdır. IV boyda qonşu Gürcüstan taqavorunun casusu oğuz bəylərbəyi Qazan xan haqqında belə bir xəbər gətirir: «Hey, nə oturursan, alpanlar başı Qazan oğlancuq ilə sərxoş olub yatırlar». Kitabın VII boyunda «alpanlar» soy adı ilə yenidən qarşılaşırıq: «Ağ boz atlar çapdurur alpanlar gördüm. Ağ işıqlı alpları yanıma soldum». Burada «alpanlar» sözünün boy adı (etnonim) kimi işlənməsi şübhə doğurmur.
Burada iki mühüm cəhət nəzərə alınmalıdır. Birincisi, Dədəm Qorqud kitabında qarşımıza çıxan oğuz toplumu, oğuz boy birliyi əslində qohum tayfaların birliyindən başqa bir şey deyildir. Bu toplumun içində yad, yabançı boylara yer yoxdur. Oğuzların döyüş-əsgəri qurumu yağılarla qarşılaşarkən sağ qolda Daş oğuzlar, (Aruz Qocanın və «Balqar bir ər» Bəkdüz minbaşısı Əmən bəyin bölükləri), sol qolda Qazan xanın qardaşı oğlu Dəli Budağın bölükləri, mərkəzdə isə İç Oğuz bəylərinin bölükləri ilə bəylərbəyi Qazan xan özü yer tuturdu. İç Oğuz döyüşçüləri oğuz elinin bütün əsgəri təşkilatında aparıcı yer tuturdu. Beləliklə, bütün Oğuz, «Qalın Oğuz» birliyinin mərkəzi olan İç Oğuz, həm də albanların vətəni idi. Tarixi - coğrafi araşdırmalar «Kitab-i Dədə Qorqud» boylarındakı İç Oğuzun da, xanlar xanı Bayandır xanın və bəylərbəyi Qazan Alpın divanlarının da Qafqaz Albaniyasının mərkəzi torpaqlarında: Kür ilə Araz çaylarının əmələ gətirdiyi təbii üçbucaqda yerləşdiyini aydın etmişdir.
İkincisi, miladdan sonrakı III yüzillikdə tarixi qaynaqlarda adı çəkilən Aran, ərəb yazılışında “Arran ölkəsi” Albaniyanın əski yerli adıdır. Bununla yanaşı, Aran ölkə adı deyil, həm də boy adı, dil mənsubluğu bildirmişdir, çünki orta çağ tarixçi və coğrafiyaçıları «Aran dili» anlayışını işlətmişlər. X yüzil müəllifi Əl-Müqəddəsi yazmışdır: «Ərməniyyədə (indiki Türkiyə ərazisindədir - Red.) ermənicə, Arranda Aran dilində danışırlar». Eyni bilgiyə X yüzilin başqa iki müəllifi Əl-İstəxri və İbn Havqəlin yazılarında rast gəlirik. Sara Aşurbəylinin fikrincə «Aran» sözü əski türk dilindən başqa heç bir Şərq dilində işlənməmişdir. O yazır ki, «Aran dili» dedikdə «X yüzilə kimi yaranmış olan Azərbaycan türk dili» nəzərdə tutulurdu. Deməli «Aran» sözünün «Alban» sözü ilə sinonim olması, aranlıların isə dil baxımından türkcə danışması Qafqaz Alban əhalisinin başlıca kütləsinin soykök baxımından türk olmasını göstərir. Uzaq keçmişdən başlayaraq miladın IV - V yüzillərinə kimi Azərbaycanda bulqar, buntürk, saka, alban /aran/, dondar, tərtər və bu kimi onlarca türk soyköklü boy və toplumlar yaşamaqda idi. Onların çoxunun adlarına antik ədəbiyyatda rast gəlirik. Yeni araşdırmalar görə bu toplumların demək olar hamısı həm Şimali, həm də Cənubi Azərbaycan torpaqlarında yerləşmişdilər. Bununla yanaşı, onların bir qismi Cənubi Qafqazın başqa bölgələrində, indiki Gürcüstan və Ermənistan ərazisində yaşayırdı. Azərbaycan türklərinin bir xalq kimi yaranışı indiki Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşmamış, Cənubi Qafqazın çox böyük hissəsində baş vermişdir.
Qarqarlar. Azərbaycanda məskunlaşmış qıpçaq toplumlarını araşdırarkən qarqar etnonimi diqqəti cəlb edir. Əxsikəndinin «Məcmu ət - təvarix» əsərində «qarqar qıpçaqları»nın adı çəkilir. Mərkəzi Asiyada qədimdən yaşayan qarqar qıpçaq toplumu Albaniyada da məskunlaşmışdır. Qarqarlar haqqında ilk məlumat Strabona məxsusdur. Daha sonra erməni tarixçisi M.Xorenli, alban tarixçisi M.Kalankatlı və başqaları Albaniyada yaşayan etnoslar içərisində qarqarlar haqqında məlumat verir.
Strabona görə «Metrodor Skepsiyalı və Hipsikrat, həmçinin bu yerlərlə tanış olanlar məlumat verirlər ki, amazonlar Qafqaz dağlarının şimal ətəklərində, Kerauniya adlanan yerdə qarqarlarla yanaşı yaşayırlar». Bu məlumata əsaslanan K.V.Trever qarqarların e. ə. III əsrdə Qafqaz dağlarında məskunlaşdığını, sonra dağlardan Qarabağ düzünə yayıldığını göstərir. Samur çayının mənsəbində Qarqar dağı məlumdur. Ölkənin qədim sakinləri haqqında, başlanğıcını Qarabağ dağlarından götürən Qarqarçay da danışır; çay Ağdamın şimalından axaraq şərqə Ağcabədiyədək istiqamətlənir və Kür yaxınlığında bataqlıq yerə tökülür. Təsadüfi deyildir ki, alban əlifbası qarqar dili əsasında tərtib edilmişdir. Bu isə qarqarların Albaniya əhalisinin siyasi, iqtisadi və mədəni cəhətdən ən çox inkişaf etmiş etnosu olduğunu göstərir.
Qarqar etnotoponiminin Şimali Azərbaycanla yanaşı, Cənubi Azərbaycanda da yayılması diqqəti cəlb edir. Hazırda burada Qarqar, Qərqər - Nəsir, Baba Qarqar, Qarqarak Kərkərə, Kərkər yaşayış məntəqələri mövcuddur.
Dostları ilə paylaş: |