MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Tunc dövrü (e. ə. IV - II minilliklər)



Yüklə 418,25 Kb.
səhifə7/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   2   3   4   5   6   7   8   9   10   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Tunc dövrü (e. ə. IV - II minilliklər). Qəbilə icmasının təsərrüfat həyatında böyük dəyişikliklərin baş verməsi və metal istehsalının təkmilləşməsi şəraitində e.ə. IV minilliyin sonlarında Azərbaycanda tunc dövrü başlandı. İcma təsərrüfatının yeni yaranmış sahələrindən biri metal istehsalı oldu. E. ə. III minillikdə sənətkarlar misi əritməyi, mis-mərgümüş (arsen) qatışığından tunc almağı, bu ərintini qəliblərə töküb hazır məhsul əldə etməyi bacarırdılar. Onlar bu yolla daha möhkəm, davamlı və məhsuldar əmək alətləri, müxtəlif silahlar (baltalar, nizələr, xəncərlər) düzəldirdilər. Əkinçilik və maldarlıq məhsullarının tayfalararası miqyasda mübadiləsi də bu dövrdə meydana çıxmışdır.

Təxminən 2 min il davam edən tunc dövründə məhsuldar qüvvələr daha da inkişaf etmiş, təsərrüfatın bütün sahələrində və ictimai həyatda köklü dəyişikliklər baş vermişdir. Qəbilə icmasının dağılması və erkən dövlət qurumlarının yaranması prosesi də bu dövrdə başlamışdı.

Tunc dövrü erkən, ortason adlanan üç mərhələdən keçmişdir. Azərbaycan türkləri onunla öyünməlidirlər ki, Cənubi Qafqazın əsas eneolit və tunc dövrü mədəniyyətini onlar yaratmışlar. Cənubi Qafqazda tapılmış 150-dən çox eneolit və tunç dövrünə aid abidənin üçdə ikisindən çoxu Azərbaycanın payına düşür.

Erkən tunc dövründə (e. ə. IV minilliyin sonları - e. ə. III minilliyi əhatə edir və arxeoloji baxımdan “Kür - Araz mədəniyyəti” adlanır.) insanlar sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə, dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış əkinçiliyinə verməyə başlamışdı. Bununla bağlı olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış əkinçiliyi dağətəyi bölgələrdə əkinçiliyin inkişafına yeni imkanlar açaraq əmək məhsuldarlığının yüksəlməsinə şərait yaradırdı. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq yerlərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdı. Bu zaman buğdanın yumşaq növü, arpa, darı, noxud və kətan əkinləri üstün yer tuturdu.

Azərbaycanda erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu ərazilərə yayılması xüsusilə qoyunçuluğun inkişafı ilə bağlı idi.

Köçmə (yaylaq) maldarlığına keçilməsi ilə əlaqədar yalnız heyvandarlıqla məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və maldarlığın bir birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü hesab edilir.

E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə olunur. Bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdı.

Orta tunc dövründə (e. ə. III minilliyin sonu - e. ə. II minilliyin I yarısı) qəbilə icmasının təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.

Orta tunc dövründə cəmiyyətin həyatında yeni ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə, dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Naxçıvanda II Kültəpə abidəsində dörd kürəsi olan dulus emalatxanaları tapılmışdır. Həmin emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlarında zəngin naxışlara malik boyalı qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun qalığı-dörddişli alət sənətkarlıq texnikasının xeyli təkmilləşdiyini göstərir. Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq toxuculuq sənətini əsas xammal olan yunla təmin edirdi.

Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana çıxması ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu. Buradakı evlər müəyyən plan üzrə sıra ilə kvadrat kərpiclərdən tikilirdi. Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.

Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayrılması nəticəsində sənətkarlıq məhsulları satlıq məhsula - əmtəəyə çevrilməyə başlamışdı. Alqı - satqının genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru aparırdı. Bu dövrdə Azərbaycanda pul yerinə xırdabuynuzlu mal - davar işlənilirdi.

Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi tətbiq edilir, buğda, arpa və darı becərilirdi. Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kənd təsərrüfatında üzümçülük də mühüm yer tuturdu. Arxeoloji qazıntılar zamanı tapılmış mədəni üzüm tumları, şirəsıxan daş təknələr orta tunc dövründə Azərbaycanda üzüm emalının və şərabçılığın yarandığını göstərir.

Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq məhsul, zinət əşyaları, sürülər, otlaqlar və s. tayfa başçılarının və əyanların əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar, sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar) zümrəsinə bölünməyə başlayırdı. İcmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini təşkil edirdilər. Suvarma arxlarının çəkilməsi, müdafiə qurğularının tikilməsi və tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.

Son tunc - erkən dəmir dövründə (e. ə. XIV - e. ə. VII əsrlər) təsərrüfatın və mübadilənin daha da inkişaf etməsi tayfa başçılarının və əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr arasında əmlak bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai icma quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var - dövlət və sərvət əldə etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E. ə. II minilliyin ortalarına aid külli miqdarda çoxnövlü hücum və müdafiə silahlarının tapılması tayfalararası müharibələrin geniş miqyası və amansızlığından xəbər verir. Dəmir istehsalının başlanğıc mərhələsində (e. ə. XII - e. ə. XI əsrlər) əmək alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına imkan yaratmışdı. Müharibələr zamanı tutulmuş əsirlər qul edilərək istehsala cəlb olunurdular.

Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı, bağçılıq, bostançılıqüzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə iki at qoşulmuş döyüş arabası təsvir edilmişdir.

E. ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfürmə texnikasına əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön - dəri), toxuculuq sahələri də mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış yun və kətan parça qalıqları toxuculuğun və boyaqçılığın yüksək inkişafından xəbər verir. Saxsı qab istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın həcmini və məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində qara və boz rəngli qab - qacaq, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan və Urmiya bölgələrində insan, heyvan, quş təsvirləri olan birrəngli və çoxrəngli boyalı qablar geniş yayılmışdı. Saxsı nehrələrə də rast gəlinir.

Son tunc - erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı - satqı davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsulları ilə aparılırdı. Davarla yanaşı, müəyyən çəkisi olan metal parçaları, silah və s. pul kimi işlənilirdi. Azərbaycanın Ön Asiya, xüsusilə Mesopotamiya (İkiçayarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E. ə. II - I minilliklərdə Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi.

1.Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Mehman Abdullayevin elmi redaktorluğu ilə. Ali məktəblər üçün dərslik, Bakı, 2015,2016, s.5-11.

2.Hüseynov. M.M, İsmayılov,Q.S.Azərbaycanın arxeoloji abidələri (qədim daş dövrü-orta əsrlər). Dərs vəsaiti, Bakı.1981,ADU nəşri,s.5-9;19-22

3.Cəfərov Ə.Quruçay dərəsində.Azərbaycan Dövlət nəşriyyatı,Bakı,1990,27-40 s.


MÖVZU 2. AZƏRBAYCANIN QƏDİM DÖVLƏTLƏRİ. MANNA, ATROPATENA VƏ ALBANİYA


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin