MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Azərbaycanda Sacilər (Sacoğulları) sülaləsinin hakimiyyətə gəlməsi



Yüklə 418,25 Kb.
səhifə24/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   20   21   22   23   24   25   26   27   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Azərbaycanda Sacilər (Sacoğulları) sülaləsinin hakimiyyətə gəlməsi

Sacilər Azərbaycan torpağında hakimiyyət sürmüş ilk müsəlman türk sülaləsi hesab olunur. Sülalə öz adını Mərkəzi Asiya köklü türk sərkərdəsi Əbu Sacdan götürmüşdür. Əbu Sac Xilafəti lərzəyə salan Babək hərəkatını yatırmaq üçün göndərilən ordunun baş komandanı, məşhur türk sərkərdəsi Afşinin ən yaxın silahdaşlarından biri olmuşdur. Əbu Sac Divdad Babəki və qardaşlarını ələ keçirməklə və Xilafətə qarşı Məzyərin başçılığı ilə baş vermiş üsyanı yatırmaqla xeyli məşhurlaşmışdı. Xəlifə 856 - 857-ci illərdə onu İraq-Məkkə yolunun rəisi təyin etmişdi. 879-cu ildə Sivasdan Bağdada dönərkən vəfat etmiş Əbu Sacın yerində Məhəmməd və Yusif adlı iki oğlu qalmışdı. Məhəmməd əvvəlcə Məkkə yollarının rəisi təyin edilmiş, Xəlifə sarayında bir neçə vəzifə daşıdıqdan sonra 889-cu ildə Azərbaycana vali təyin edilmişdi. Sacoğluların Azərbaycanda hakimiyyəti və dövlət quruculuğu məhz həmin tarixdən başlayır. Sacoğlu Məhəmməd 898-ci ildə Azərbaycanla birlikdə Ərməniyyə (indiki Türkiyənin ərazisində yerləşirdi.) və digər dağlıq ölkələrin idarə hüququnu Xəlifədən aldı. Azərbaycan hakimlərini özünə tabe etdikdən sonra Ərməniyyəni idarə edən Baqrat nəslinin üzərinə yürüdü. Məhəmməd hələ 896-cı ildə Ərməniyyə hakimi I Sumbatı məğlubiyyətə uğradaraq onun Qarsdakı bütün ailə üzvlərini əsir etmişdi və Sumbat onun bütün şərtlərini qəbul edərək təslim olmuşdu. Ərməniyyədən sonra Tiflisi də ələ keçirən Məhəmməd geri qayıtmışdı. 901-ci ildə Azərbaycanda dəhşətli vəba xəstəliyi yayılmış və o qədər çox adam qırılmışdı ki, kəfən çatmadığından ölüləri paltarlı şəkildə basdırırdılar. Vəbaya yoluxan Sacoğlu Məhəmməd Bərdə şəhərində vəfat etdi. 901-ci ildə Azərbaycan taxtında qardaşını əvəz edən Sacoğlu Yusifin dövrü (901 - 928) Azərbaycan dövlətçiliyinin yüksəliş dövrü hesab olunur. Sacoğlu Yusifin xəlifənin fərmanı olmadan taxt-taca yiyələnməsi və bunun heç bir etirazla qarşılanmaması artıq Xilafətdə mərkəzi hakimiyyətin tamamilə zəiflədiyini və Sacoğluların Azərbaycanı müstəqil şəkildə idarə etdiyini göstərir



Məhəmməd Sacoğlunun dövründə dövlətimizin paytaxtı Marağa idisə, Yusifin dövründə Ərdəbilə köçürülmüşdü. 902-ci ildə Yusif Ərdəbildə adına gümüş pul (dirhəm) kəsdirmişdi. O, 907-ci ildə xəyanətkar I Sumbata qarşı yürüşlərə başlamış, Şirakı, Dvini ələ keçirmiş, Tiflis şəhərini Cəfərlilərdən almış və Kaxetiyanı özünə tabe etmişdi. O, 914-cü ildə I Sumbatı Dvində ələ keçirib edam etdirmiş, Ərməniyyəni Azərbaycanın tərkibinə alaraq burada öz hakimiyyətini möhkəmləndirmişdi. Yusif Xəzərboyu bölgələrə quldur basqınları edən rusların Ərdəbil ətrafına hücumlarının qarşısını almışdı. Sacoğlu Yusif 915-ci ildə Azərbaycan dövlətini öz yüksəlişinin zirvəsinə çatdırmışdı. Bu zaman dövlətimizin sərhədləri şimalda Dərbənddən, cənubda Zəncanadək, qərbdə Ani və Dvindən, şərqdə Xəzər dənizinədək böyük bir ərazini əhatə edirdi. Sacoğlu Yusif 12 il ərzində Xəlifə sarayına hər il 120 min dinar xərac versə də, 912/913-cü ildən Bağdada xərac göndərməyi dayandırmışdı. Artıq tam müstəqilləşən Azərbaycan hökmdarı Rey, Qəzvin, Əhər və Zəncanın da idarə olunmasına iddiasını irəli sürmüşdü. Bundan bərk qorxuya düşən Xəlifənin göndərdiyi 20 minlik qoşun Yusifin 7 minlik hərbi qüvvəsi tərəfindən darmadağın edildikdən sonra o, Reyə daxil olmuşdu. Yusif Xəlifənin göndərdiyi daha bir ordunu məğlubiyyətə uğratsa da, 919-cu ildə Ərdəbil yaxınlığındakı döyüşdə yenilərək əsir düşmüş və Bağdadda zindana atılmışdı. Yusifin türk köklü qulamı Sebuk ordu toplayıb Xəlifənin ordusunu məğlubiyyətə uğratmış və Azərbaycanı müstəqil idarə etməyə başlamışdı. O, Xəlifənin 220 min dinar xərac tələbini yerinə yetirməyərək üstəlik Yusifin sərbəst buraxılmasını xəlifədən tələb etmişdi. Xəlifə Yusifi azad edərək Azərbaycanın hakimi kimi tanımış, əvəzində 500 min dinar xərac istəmişdi. Azad olmuş Yusif Ərdəbil şəhərinə çatanda sədaqətli qulamı Sebukun ölüm xəbərini almışdı. Yusifin Azərbaycandakı ikinci hakimiyyəti Karmatilərlə döyüşdə yaralanıb öldürüldüyü 928-ci ilədək davam etmişdi. Hakimiyyətinin son illərində Xəlifənin əmr və göstərişlərini heçə sayaraq əməl etməmiş və çevrəsində olan hakimləri öz hökmü altında saxlamağa çalışmışdır. 65 il ömür sürmüş bu görkəmli dövlət xadimi ömrünün 27 ilini rəsmən, 23 ilini felən Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına sərf etmişdir. Sacoğlu Yusifin siyasi fəaliyyətinin ən önəmli cəhətini bütün Azərbaycan torpaqlarını (həm Şimal, həm də Cənub) birləşdirməsi təşkil edir. Tarixi torpaqlarımız olmuş indiki Ermənistan və Şərqi Gürcüstan əraziləri də bu dövlətin sərhədləri daxilində idi. Azərbaycan formal olaraq Xilafət sərhədləri daxilində qalsa da, Sacoğlular daxili və xarici siyasətlərində tam müstəqil hərəkət edirdilər. Yusifin ölümündən sonra dövləti altı aylıq sürədə qardaşı oğlu, sonralar isə qulamları və sərkərdələri idarə etmişdilər. Onlardan Mufli və Deysəmin adına Bərdə və Ərdəbildə pul kəsilmişdir. Mənbələrdə X əsrin 30-cu illərində Azərbaycanın böyük qoşunla Bizans - erməni qüvvələrinə qarşı çıxması haqqında məlumatlara rast gəlinir. Azərbaycan Ərdəbildən başqa Marağa, Zəncan, Qəzvin, Muğan, Dvin, Təbriz, Bərdə, Dərbənd və Tiflis kimi çox önəmli şəhərlərə malik idi. Tarixi bilgilərdə adı keçən Muğan şəhəri Kür ilə Araz çayı arasında yerləşirdi. Sacoğluların hakimiyyəti dövründə ölkənin ümumi gəliri 4,5 milyon dirhəmə çatmışdı. Sacoğlulara qədər Azərbaycan, Arran (Albaniya), Ərməniyyə və Kartli - Kaxetiya fərqli siyasi qüvvələr tərəfindən idarə olunurdusa, Saci hökmdarları bütün bu torpaqları bir siyasi mərkəzdə birləşdirmişdi. Nəticədə bundan sonra Azərbaycan və Arran ayrı deyil, vahid siyasi və coğrafi məna daşımağa başlamışdı. Azərbaycanda Sacoğlular sülaləsinin hakimiyyətinə Salaroğlular tərəfindən son qoyulmuşdur.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin