Azərbaycanda Salarilər (Salaroğulları ) sülaləsinin hakimiyyətə gəlməsi
941-ci ildə Azərbaycanda Sacoğluların sonuncu hökmdarı Deysəm taxtdan salınmış və Salaroğulları (Salar türkcə “yurd tutan” deməkdir) adlanan sülalə hakimiyyətə gəlmişdi. Kəngərli türk soyundan olan Salar nəsli Azərbaycanla Mazandaran sərhəddində olan Deyləm vilayətini idarə edirdi. Sülalənin ilk nümayəndəsi Mərzban ibn Məhəmməd (941 - 957) əvvəlcə Azərbaycanın cənubunu, sonra qısa müddətdə bütün ərazisini öz hakimiyyəti altında birləşdirə bilmışdi. Şirvanşah Əhməd, Şəki hakimi Əbdülmalik, Bərdə hakimi İbn Savad, Əhər hakimi Əbülhica Rəvvadi, Sünik, Hayzan hakimləri ona tabe olub, xəzinəsinə vergi ödəyirdilər. Mərzbanın dövründə Azərbaycan dövlətinin xəzinəsinə daxil olan illik verginin miqdarı 500 min dinara çatırdı.
Salarilər dönəmində də Azərbaycan dövlətinin paytaxtı Ərdəbil şəhəri olaraq qalırdı. Mərzban ibn Məhəmməd Azərbaycanın şimal - qərb torpaqlarını, o cümlədən Şirvanşahlığın ərazisini özünə tabe edib, Dərbənd şəhərinə də yiyələnmişdi. Ərməniyyə və Şərqi Gürcüstan (Kartli - Kaxetiya) dövlətimizin sərhədlərinə qaytarılmışdı. Salarilər dönəmində Azərbaycan dövlətinin ərazisi daha da böyümüşdü: şimalda Dərbənd keçidindən başlayaraq cənubda Dəclə və Fərat çaylarının yuxarı axarlarınadək, şərqdə Gilan da daxil olmaqla, Xəzər sahilindən qərbdə Kartli - Kaxetiya, Dvin, Van ətrafı torpaqlar da daxil olmaqla çox böyük ərazi Azərbaycanın nəzarəti altında idi. Bu o anlama gəlir ki, Salarilər dövründə də bütün Azərbaycan torpaqları bir vahid mərkəzdən idarə olunurdu. Salarilər dövründə Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başlamışdı.
X əsrin əvvəllərində Azərbaycanın şimalında Xəzər xaqanlığının getdikcə zəifləməsi şəraitində bölgədə gəmiçiliklə məşğul olan, xəz dərilərini “isti ölkələrin” tacirlərinə satan, İdil çayını asanlıqla keçib Xəzər dənizi sahillərində quldurluq edən, əhalini soyub-talayan ruslar ərazilərimizdə görünməyə başladılar. Rusların 909 - 910-cu illər, 914-cü il quldur basqınları Xəzər sahilindəki şəhər və kəndlərimizə böyük fəlakətlər gətirmişdi. 944-cü ildə ruslar tərəfindən Bərdə şəhərinin tutulması və 20 min insanın öldürülməsi nəinki Azərbaycanda, hətta bütün İslam dünyasında böyük həyəcanla qarşılanmışdı. Çünki Bərdə Xilafət dönəmində bölgənin ən böyük şəhəri idi və hər il yüzlərlə ticarət karvanının gəlib - getdiyi bir mərkəz rolunu oynayırdı. Mərzban ibn Məhəmməd doğma şəhərini ruslardan xilas etmək üçün dərhal qoşunla hərəkətə keçib Bərdəni mühasirəyə aldı. Şəhərin içində əhali ilə, şəhər ətrafında isə Mərzbanın qoşunu ilə savaşda ağır itkilər verən ruslar Bərdəni tərk edib geri qayıtmağa məcbur oldular. Ancaq kafir rusların Bərdəyə bu basqını qədim şəhərimizə böyük fəlakətlər gətirdi. Şəhər öz əvvəlki əhəmiyyətini itirdi. “Bərdə faciəsi” XII əsr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi Nizami Gəncəvinin əsərində də təsvir olunmuşdur.
Mərzban Mosul hakimlərinin Azərbaycana yürüşlərini dəf etdikdən sonra Azərbaycanın güneyində Rey uğrunda türk xanədanı Buveyhilərlə toqquşmuş, ancaq 948 - 949-cu ildə Qəzvin döyüşündə məğlubiyyətə uğramışdı.
Tarixi qaynaqlarda Mərzban ağıllı, bacarıqlı və adil bir hökmdar kimi qiymətləndirilir. O, ölkə daxilində çəkişmələrə son qoyaraq asayişi təmin etmişdi. Onun dövründə tabe edilmiş ərazilərlə birlikdə dövlətimizin illik gəliri 1 milyon dinara çatmışdı. O, Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə qızını Buveyhi hökmdarı Rüknüddövləyə ərə verərək onunla dostluq və qohumluq münasibəti yaratmışdı. Onun ölümündən sonra hakimiyyətə qardaşı Vəhsudan (957 - 1059) gəlmişdi. Mərzban ibn Məhəmmədin oğulları varisliklə bağlı atalarının vəsiyyətinə əməl etməmiş, bu isə hakimiyyət uğrunda gedən savaşda dövlətimizi zəiflətmişdi. Bundan istifadə edən Rəvvadi nəsli 981-ci ildə hakimiyyəti ələ keçirmiş, ancaq onlar Azərbaycanın yalnız Araz çayından cənubdakı hissəsinə nəzarət etməklə kifayətlənmişdilər.
Dostları ilə paylaş: |