Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə1/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
  1   2   3   4   5   6   7   8   9   ...   16
Afrika tam


Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti

Afrika böyüklüyünə görə Avrasiyadan sonra materiklər arasında 2ci yerdə durur. Sahəsi 29.2 milyon kv.km, adalarla birlikdə 30.3 milyon kv.km-dir. Ucqar nöqtələri; şimalda Əl-Əbeyd (Engela) burnu, cənubda İynə burnu, qərbdə Yaşıl burnu, şərqdə Rashafun burnudur.

Afrikanın coğrafi mövqeyinin başlıca xüsusiyyəti onun ekvatora nisbətən simmetrik yerləşməsidir. Ən geniş yerində Afrikanın eni 7500 km (Yaşıl burnundan Qvardafuy burnuna qədər), cənubda isə 3100 km-dir. Materik qərbdə Atlantik, şərqdə Hind okeanı ilə əhatələnir. Şimalda Aralıq dənizi onu Cənubi Avropadan, şimal-şərqdə Qırmızı dəniz Asiyadan (Ərəbistan yarımadasından) ayırır. Hələ üçüncü dövrün sonynda və dördüncü dövrün əvvəllərində Atlas dağları Pireney yarımadası ilə, Tunis isə Siciliya adası və Apenin yarımadası ilə bitişik olmuşdur. Hazırda Afrika Pireney yarımadasından ensiz (14km) və dərinliyi 300 m olan Cəbəllüttariq boğazı, Ön Asiyadan isə Babəlməndəb boğazı (eni 26 km) ilə ayrılır. Şimal-şərqdə Suveyş kanalı açılana kimi eyni adlı bərzəx (eni 120 km) Afrikanı Asiya ilə birləşdirirdi.

Afrikanın sahil xətti zəif parçalanmışdır. Sahillər çox yerdə tektonik strukturlara uyğun olaraq düz xəttlə uzanır. Sahil dayazlığı ensizdir. Buna görə Afrika sahillərində əlverişli körfəzlər və buxtalar, həmçinin yarımadalar və adalar azdır. Ən böyük körfəzləri şimalda Qabes və Sidra, qərbdə Qvineya, Benin və Biafra, cənub-şərqdə Frensis Bey, Alqoa, Delaqoa və Beyra buxtalarıdır. Kiçik buxtalar və adalara qərbdə yaşıl burundan Palmas burnuna qədər, şərqdə isə Mombasa və Mozambik şəhərləri arasındakı sahildə rast gəlinir. Şərqdə Madaqaskar, Zənzibar, Sokotra, Mafiya, Pemba, Komor, Maskaren, Amirant və Seyşel adaları, qərbdə Madeyra, Kanar, Yaşıl burun, Annobon, San-Tome, Fernanda-Po, Merac, Müqəddəs Yelena, Tristan-da-Kunya adaları Afrikaya aiddir. Materikin ən böyük yarımadası Somalidir.

Beləliklə Afrika üfüqi istiqamətdə olduqca zəif parçalanmışdır. Adalar qitə ərazisinin cəmi 2%-ni təşkil edir.

Geoloji quruluşu və inkişafının əsas mərhələləri

Afrika qitəsi geoloji quruluşuna görə ilk baxışda çox sadə görünür. Şimal-qərb və cənub ucqar hissələri müstəqil olmaqla Afrika paleozoydan əvvəl platforma rejiminə keçmiş və sonrakı dövrlərdə onun ərazisində əsasən zəif rəqsi hərəkətlər olmuşdur.

Afrikanın geoloji inkişafının ən əlamətdar cəhətlərindən biri onun qədim Qondvana qitəsinin mərkəzində yerləşməsi demək olar ki öz yerini Qondvananın başqa hissələri ilə müqayisədə ilkin vəziyyətinə nisbətən olduqca zəif dəyişməsidir. Afrika yer qabığının xarakterinə görə də başqa qitələrdən fərqlənir. Qitənin şimal və şərq dağlıq sahəsi müstəsna olmaqla qalan ərazisi yer qabığının eyni strukturlu olması ilə səciyyələnir. Bunun qalınlığı geniş sahədə 38-40 km-dir. Hündür Afrikada yer qabığının qalınlığı 45 km-ə qədərdir. Atlas dağlarında və Həbəşistan yaylasında bu rəqəm 50-55 km-ə çatır. Qitənin kontinental tipli yer qabığı artıq paleozoyun başlanğıcına qədər təşəkkül tapmışdır.

Qitə ərazisinin 1\3-də qədim kristallik və metomorfik suxurlar yer səthinə çıxır. Qalan sahələrdə isə bu paleozoy, mezozoy və kaynozoyun o qədər də qalın olmayan kontinental və dəniz çöküntü suxur qatları və kaynozoyun vulkanik suxurları ilə örtülüdür.

Afrika platforması müxtəlif yaşlı kristallik suxurlardan ibarətdir. Əsasən qranit, qneys, kristallik şist, qumdaşı və s ibarət olan arxey və proterozoy çöküntüləri paleozoydan əvvəlki dövrdə müxtəlif qırışıqlıq mərhələləri keçirmişdir. Afrikanın qədim kristallik və metomorfik suxurları bir neçə qata bölünür. Sebakvin sistemi adlanan (Rodeziyada) serpentinitlər və qneyslərlə kəsilmiş ən qədim metomorfik və vulkanik suxurların yaşı 3 milyard ildən artıqdır. Bunun üzərində yatan suxurların yaşı 2800 mln il (Bulavay sistemi), Şamavay sisteminin arkoz qumdaşı qatlarının yaşı isə 2600 mln ildir. Şamavay sistemi qatlarını yaşı 1900-1250 mln il olan qranit intruziyaları kəsir, Konqo hövzəsi ətrafında üzə çıxan kristallik suxurlar daha cavandır (1400-600 mln il). Kabara və Katanqa sistemi adı ilə məşhur olan bu suxurlar proterozoy erasına aid edilir. Şimali Qvineya yüksəkliklərindən Kamerun və Azande yüksəkliyinə uzanan qalxma sahəsi də qədim arxey kristallik və metomorfik suxurlarından ibarətdir. Arxeyin suxurları çox yerdə proterozoyun kristallik və metomorfik suxurları ilə örtülür.

Proterozoyun axırında Cənubi Afrikada baş verən Katanqa qırışıqlığı yaş etibarı ilə Asiyanın Baykal qırışıqlığı ilə müqayisə edilir.

Paleozoy erasında qitənin cənub və şimal hissələri müxtəlif yollarla inkişaf etmişdir. Cənubi Afrikada paleozoyda qalxma və denudasiya prosesləri ilə yanaşı bəzi yerlər əyilməyə məruz qalmış və burada çox qalın (10 km-ə qədər) kontinental çöküntü kompleksi toplanmışdır. Qalınlığı 3km-ə çatan alt paleozoyda toplanmış kontinental kap çöküntüləri paleozoyun axırlarında qırışıqlığa məruz qalmışdır. Paleozoyun ikinci yarısı və alt mezozoyda (trias dövründə) Cənubi Afrikada, Konqo hövzəsinin və Şərqi Afrikanın cənubunda tektonik əyilmələr sahəsində karru sisteminin buzlaq, kontinental, göl çöküntü kompleksi toplanır. Kap qırışıqlığının şimal ətəyində hertsin dövründə yaranmış dağətəyi əyilmə sahəsində bu çöküntülər daha qalındır. (10km). Gil, qum, qumdaşı və buzlaq çöküntülərindən (tillitlərdən) ibarət olan karru sistemi çöküntüləri qırışıqlıqda iştirak etmir. Lakin bəzi yerlərdə onları tektonik qırılmalar kəsir.

Karbon dövründə Cənubi Afrikada bir neçə buzlaşma mərkəzi olmuşdur. Güman edilir ki ekvatora yaxın sahələrdəki buzlaşma mərkəzlərində relyefin yüksəkliyi 3000 m və daha artıq olmuşdur.

Cənubi Afrikanın kaynozoy çöküntüləri əsasən müasir relyefin alçaq sahələrində o cümlədən burada ən böyük əyilmə sahəsi olan Kalaxaridə daha geniş yayılmış və Kalaxari sistemi çöküntüləri adlanır (kontinental çöküntülərdir- göl, allüvial, eol və s). Cənubi Afrikada üst paleozoy, mezozoyun dəniz çöküntülərinə qitənin kənarlarında ensiz zolaq şəklində rast gəlinir.

Şimali Afrikada platformanın kristallik suxurları (ərazinin 2\3 və daha çox hissəsində) paleozoy və mezokaynozoyun kontinental və dəniz çöküntüləri ilə örtülüdür. Paleozoy çöküntüləri (devon, karbon dövrləri) Tunduf sineklizinin şimal kənarında, Ahaqqar və Tibesti qalxanlarının ətrafında geniş sahə tutur. Bunlar kuest tirələri və maili səthli yaylalar əmələ gətirmişdir. Silur və devon dövrü çöküntüləri həmçinin Syerra-Leone qalxanından şimalda və Volta sineklizində yayılmışdır. Çox yerdə xüsusilə Şimali Qvineya yaylasında paleozoy çöküntüləri qumdaşı qatlarından ibarətdir.

Böyük Səhra tavasında mezozoyda baş verən əyilmə nəticəsində yura və xüsusilə təbaşir dövründə geniş dəniz transqressiyası olmuşdur. Bu dənizlər çəkildikdən sonra yerində üfüqi yatan və sonralar bəzi yerlərdə çox zəif platforma qırışıqlarında yığılmış əhəngdaşı, qumdaşı, gil və s çöküntü layları qalmışdır. Böyük Səhranın sineklizlərində üçüncü və dördüncü dövrdə də kontinental, bəzi yerlərdə dəniz çöküntüləri toplanmışdır. Aralıq dənizinə yaxın sahələrdə bu çöküntülər daha geniş yer tutur. Konqo çökəyinin kənarlarında Karru sisteminin cavan qatları (trias), daxili hissələrində isə üçüncü-dördüncü dövrlərin dəniz, göl və çay çöküntüləri yığılmışdır.

Şərqi Afrikada qədim kristallik suxurlar çox yerdə mezozoy və xüsusilə kaynozoyun effuziv suxurları ilə örtülüdür. Somali yarımadasının cənub yamacı üçüncü dövrün, Halla yaylasının qərbi isə yura dövrünün dəniz çöküntülərindən ibarətdir. Hind okeanı sahil ovalıq və düzənlikləri mezozoy və kaynozoyun dəniz çöküntülərindən əmələ gəlmişdir.

Atlas dağları Afrikanın başqa sahələrindən fərqli olaraq kristallik suxurlardan tutmuş dördüncü dövrə qədər müxtəlif dövrlərin çökmə və vulkanik suxurlarından ibarət olub hertsin və alp qırışıqlığına məruz qalmışdır.

Afrika qitəsi tektonikasının ən başlıca xüsusiyyəti onun proterozoyun axırlarından başlamış platforma rejiminə keçməsidir. Afrika yer səthinin ən qədim sabit platformalarından biridir. Geosinklinal sahələr qitənin yalnız şimal və cənub kənarlarında yerləşən Atlas və Kap vilayətlərini əhatə edir.

Afrikanın başlıca tektonik strukturları böyük sahə tutmaqla əksərən dairəvi və ya oval formalı anteklizlər və sineklizlərdir. Böyük Səhra və Sudanda qərbdən-şərqə Regibat, Ahaqqar, Tibesti və Nubiyə-Ərəbistan anteklizləri (qalxanları), Seneqal, Tunduf, Çad sineklizləri, bundan cənubda Syerra-Leone qalxanı, Cos massivi, Kamerun və Azande qalxanları yerləşir. Bu sırada cənub-qərb, şimal-şərq istiqamətli əyilmələr sahəsi (sinekliz və qrabenlər) Volta və Benye çayları üzrə uzanır.




Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin