Madaqaskar adası
Madaqaskar adası Afrika qitəsinin cənub-şərq sahilində yerləşir. Sahəsi 590 min kv.km-dir. Dünya adaları içərisində böyüklüyünə görə 4cü yerdə durur. Cənub-şərqi Afrikadan Madaqaskarı geniş (540km) və dərin (2000-3000m) Mozambik boğazı ayırır. Mozambik boğazının şimal hissəsində Komor, Qloryez və Aldabra adaları, cənub hissəsində isə Mərcan adaları, Avropa adası və s adalar yerləşir.
Madaqaskar adasından cənubda onun tektonik davamı sualtı ilə 1000 km-dən artıq bir məsafədə uzanır və bu istiqamətdə o tədricən alçalır (Madaqaskar sualtı dağları). Adanın şimal-şərqə davamı ensiz və qısadır. Onun üzərində bir neçə kiçik adalar ucalır (Farkuar, Providens və s). Amirant və Seyşel adaları Madaqaskar tektonik zonasından şimal-şərqdədirlər. Amirant adaları ensiz və çox dik yamaclı sualtı silsilələr, Seyşel adaları isə geniş və dayaz (dərinliyi 200 m-dən az) sualtı yayla üzərində yerləşir. Madaqaskardan şərqdə yerləşən Maskaren adaları okean dibində ucalan dairəvi, yaxud ellipsvari qalxmaların suüstü hissələri olub hündürlüyü 3000 m-ə çatır. (Reyunyon 3069m).
Afrikanın şərqdə Hind okeanında böyük məsafədə səpələnmiş bu adaların əksəriyyəti əsasən arxeyin kristallik suxurlarından əmələ gəlmişdir.
Madaqaskar adası geoloji quruluşuna görə Afrikanın cənub-şərqindən az fərqlənir. Adanın bütün şərq və mərkəzi dağlıq və yayla hissələri arxeyin kristallik və vulkanik suxurlarından qərb ovalıq sahə mezozoyun kontinental və dəniz çöküntülərindən, cənub hissəsi paleogen və neogenin dəniz laylarından ibarətdir. Dördüncü dövrün çöküntüləri sahil zonasında yayılmışdır. Adanın şimal hissəsində və mərkəzi yaylanın ən yüksək zirvələrində dördüncü dövrün lavaları örtük əmələ gətirir.
Madaqaskar adasını meridian istiqamətində bir çox tektonik qırılmalar kəsir. Bunlardan şərqdə daha 2 böyük qırılma zonası qeyd olunur. Qərbi və mərkəzi sahələrdə regional qırılmalar da vardır. Adanın relyefində müşahidə edilən bu qırılmalar üzrə qədim peneplenin müxtəlif yüksəkliyə qalxması ilə əlaqədardır.
Adanın relyefi nisbətən sadədir. Burada ensiz qərb və şərq sahil ovalıqlarından başqa yerdə qalan daxili sahələr qalıq dağları, vulkan zirvələri və kiçik tektonik çökəkləri olan yayladır.
Şərq sahil ovalığı ensiz (10-20km) sahil isə düzxətlidir. Yalnız şimalda kiçik buxta, burun və adalar vardır (Antonjil körfəzi, Sent-Mari adası, Masoala burnu ).
Mərkəzi yayla şərq sahilə dik yamaclı pillələrlə alçalır. Yaylanın geniş səthinin üzərində möhkəm suxurlardan ibarət olan qalıq dağlar və vulkan zirvələri olan qədim peneplen yerləşir. Peneplenin səthi 1000-2000 m yüksəkliyə malikdir. Ən yüksək dağlar (Saratanana 2886m, Ankaratra 2639m) dördüncü dövrdə fəaliyyətdə olmuş vulkanlardır. Mərkəzi yaylanın şərq kənarı düz xətt üzrə uzanır qərb kənarı isə girintili-çıxıntılıdır. Burada şərq sahil ovalığı ilə sərhəddə Bemaraxa, daxildə isə Bontolava yaylaları yerləşir.
Madaqaskar tropik iqlimə malikdir. Adaya rütubətli hava kütlələri əsasən cənub-şərqdən, hind okeanı antisiklonunun qərb kənarından daxil olur. Buna görə onun şərq yamacı mərkəzi yaylaya və sahilə nisbətən daha çox yağıntı alır. Qərb sahildə yanvarın orta temperaturu 30-33, iyulunku cənubda 19-20, şimalda 25-26, şərq sahildə temperatur müvafiq olaraq 27 və 20-dir. Daxili yaylada temperatur bir qədər azalır. Tananarivedə (1400 m yüksəkdə yerləşir) yanvarın orta temperaturu 18-20, iyulunku 12-13-dir.
Şərq sahildə illik yağıntıların miqdarı 3000 mm-ə çatır (Tamatavedə 3372mm). Burada ən çox yağıntılar yanvar-aprel aylarında ( mart maksimum yağıntılı aydır- 500 mm-ə qədər), ən az yağıntılar avqust-noyabr aylarında (oktyabrda 100 mm) düşür.
Mərkəzi yaylada yağıntıların illik miqdarı 1300 mm-ə qədərdir (Tananarivedə 1337 mm). Qərb sahilin şimal hissəsində yağıntılar 1500 mm-ə qədər olduğu halda, cənuba tərəf azalır. Tulearda 379 mm yağıntı düşür.
Şərq sahil çayları çox qısa sulu və astanalıdır. Adanın çaylarının əksəriyyəti Mozambik körfəzinə tökülür. Bunlardan ən böyükləri Sofia, Beiboka, Onilaxi və Manqoki çaylarıdır.
Madaqaskarda şərq sahilin şimal yarısında qırmızımtıl-sarı laterit torpaqlar, quraq fəslin özünü göstərdiyi cənub yarısında isə qırmızı laterit torpaqlar, dağlıq sahənin rütubətli şərq yamaclarında dağ lateritləri, daxili yaylada dağ-qırmızı torpaqlar, qərbi ovalığın cənubunda qəhvəyi-qonur, mərkəzi və şimal hissələrində qəhvəyi-qırmızı torpaqlar inkişaf etmişdir.
Adanın rütubətli şərq sahilində manqr meşələri, dağların şərq yamacında və sahil ovalığında rütubətli tropik meşələr geniş yer tutur. Cənuba getdikcə çox rütubət sevən ağac növləri azalır, quraq dövrdə yarpağını tökən növlərin sayı artır. Tipik ağacları “səyahətçilər ağacı”, pandan, tamarind və palmalardır. Tropik meşələr dağ yamacında 800-1000 m yüksəyə qalxır. Daha yüksək sahələrdə isə meşələrdə kserofit ağac növləri artır, ağacların boyu qısalır, meşə seyrəkləşir.
Madaqaskarın təbii bitki örtüyü insan tərəfindən çox dəyişilmişdir. Zəngin tropik meşələr çox yerdə qırılmışdır. Savannalarda baş verən yağıntılar onların bitki tərkibini çox kasıblaşdırmışdır. Mədəni bitkilərdən çəltik, qəhvə, kakao, qənd qamışı, vanil, tropik meyvələr və s yetişdirilir.
Adanın heyvanları endemikdir. Burada iri vəhşi heyvanlar və zəhərli ilanlar yoxdur, lemur adlanan yarımmeymunlar olduqca çoxdur.
Dostları ilə paylaş: |