Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə13/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   ...   8   9   10   11   12   13   14   15   16
Afrika tam

Mərkəzi Afrika

Şimali Afrikadan fərqli olaraq Mərkəzi Afrika təbii-coğrafi hissəsi Afrika qitəsində ekvator boyunca mərkəz mövqe tutur. İstər relyef xüsusiyyəti, istərsə də iqlimi cəhətdən digər təbii hissələrdən kəskin fərqlənir. Əsasən Konqo çökəkliyi və kənar yüksəkliklərdən ibarət fiziki-coğrafi sahədən ibarətdir.


Konqo çökəyi və kənar yüksəkliklər

Konqo çökəyi və onu əhatə edən yüksəkliklər ekvatorial Afrikada ən böyük fiziki-coğrafi sahədir. Bu ərazinin çox geniş hissəsi Konqo çayı hövzəsinin sutoplayıcı sahəsidir. Yalnız Cənubi Qvineya yüksəkliyinin qərb yamacından, Kamerun, Adamaua, Azande yaylalarının şimal yamacından axan çaylar bu hövzəyə aid deyildir.

Konqo çökəyinin diametri 1000 km, sahəsi isə 3 mln. km2 -ə yaxındır. Kənar yüksəkliklərlə birlikdə sahəsi daha böyükdür.

Konqo çökəyi ərazinin ən böyük morfostrukturudur. O qərbdən Cənubi Qvineya yüksəkliyi, cənubdan Lunda (Anqoladadır), Katanqa yaylaları ilə, şərqdən Şərqi Afrikanın horst və vulkanik dağları ilə, şimalda Azande yaylası ilə əhatələnir.

Konqo çökəyinin orta hissəsində yüksəklik 300-400 m-dir. Bu sahədə kristallik süxurlar çox gömülmüş və çökəklik mezozoy, xüsusilə kaynozoyun dəniz, göl və çay çöküntüləri ilə dolmuşdur. Çökəkliyin Kva, Ubanqi və Ruki çaylarının Konqo ilə qovuşduğu hamar səthə malik olan batıq hissəsi çaylar daşan zaman su ilə örtülür və bataqlığa çevrilir. Relyefin ümumi meylini tektonik qırılmalar üzrə uzanan astanalar və çay dərələri pozur. Buna görə də relyefdə , zəif də olsa pilləvarılıq müşahidə olunur.

Konqo çökəyini cənubdan əhatə edən Lunda və Katanqa yaylaları kembridən əvvəlki dövrlərin kristallik və metomorfik süxurları üzərində yaranmış, qədim hamar peneplendir. Dağlardan ən böyüyü Mitumba dağlarıdır (1889 m). Bundan şərqdə Kundelunqu hosrt yaylası (1717 m), cənub-şərqdə Luapula yaylası yerləşir (1200-1500 m). Qrabnelərin əksəriyyəti dibində göl olan çökəklərdir. Çökəklər sistemi şimal-qərbdə Upemba (yaxud yuxarı Lualaba) çökəyi ilə başlayır. Burada bir çox xırda göllər və bataqlıqlar vardır. Mitumba və Kundelunqu horstları arasında Yuxarı Lufira çökəyi, şərqdə isə daha böyük morfoloji effekti olan Mveru çökəyi yerləşir (931 m). Bundan şərqə uzanan ensiz çökəklik Tanqanika gölünün Kamerun buxtasına çıxır. Şübhəsiz Tanqanika gölünün səviyyəsi çox yüksək olduqda (pleystosendə) o Mveru gölü ilə birləşmişdir. Katanqa yaylasının bu hissəsi faydalı qazıntılarla olduqca zəngindir (manqan filizi, mis, sink, kobalt, uran və s.).

Azande yaylası hündürlüyü 600-1000 m (şimalda 1400 m-ə qədər) olan geniş peneplendir. Kamerun, hündürlüyü 2679 m-ə çatan dağlıq yayladır. Kamerun dağlarının cənub-qərb davamında cavan vulkan massivləri ucalır. Bunlardan ən möhtəşəmi Biafra körfəzi sahilində allüvial ovalıq üzərində ucalan Kamerun vulkanıdır (4070 m).

Konqo çökəyini Atlantik okeanı sahillərindən ayıran Cənubi Qvineya yüksəkliyinin səthi dərin və geniş erozion tektonik mənşəli dərələrlə (Oqove, Kvilu, Kvanza və Konqo) kəsilmişdir. Qərb yamac bir qədər dik və pilləlidir. Yüksəkliyin səthi şərqə maili olan peneplendir (hündürlüyü 1000-1500 m-ə qədər, Qərbi Anqolada Moko massivi 2610 m).

Cənubi Qvineya yüksəkliyi ilə okean sahili arasında ensiz sahil ovalığı yerləşir. Sahil buxtalıdır (inqresion sahildir). Ən böyük buxta Qabon buxtasıdır.

Konqo çökəyi və kənar yüksəkliklər rütubətli ekvatorial iqlimə mailkdir. Şimal yarımkürəsinin qışında buraya şimal-şərq passatları vasitəsi ilə, cənub yarımkürəsinin qışında isə cənub-şərq passatları vasitəsilə tropik hava kütləsi daxil olur. Ərazinin qərb hissəsi il boyu Qvineya körfəzindən gələn rütubətli dəniz mussonlarının təsiri altında qalır. Cənuba getdikcə rütubətli musson zəifləyir və sahil zonasında soyuq Bengel cərəyanı üzərindən gələn az rütubətli havaların təsiri özünü daha kəskin göstərir. Passatlarla ekvatorial zonaya daxil olan tropik havalar burada öz fiziki xassələrini dəyişir və çox rütubətlənir.

İl ərzində Konqo hövzəsində orta temperatur 24-26° arasında dəyişir. Yalnız ərazinin şimal və cənub kənarlarında müvafiq yarımkürələrin yayında orta aylıq temperatur 28°-yə çatır. Cənubi Qvineya yüksəkliyində və Kamerunda isə orta illik temperatur 22-24°-dən yuxarı qalxmır. İl boyu rütubət çox olduğundan mütləq maksimum temperatur 40-41°-dən artıq olmur. Mütləq minimum temperatur Cənubi Qvineya yaylasının cənub hissəsində 12°, Konqo çökəyinin mərkəzində +14°, Adamaya yaylasında +8° müşahidə edilmişdir.

Konqo çökəyi və kənar yaylalar Afrikada bol yağıntı alan ən geniş ərazidir. Burada yağıntıların illik miqdarı 1500-2000 mm-ə çatır. Hövzə ərazisinin çox hissəsi 1300-1500 mm, Konqo çayının böyük əyrisi daxilində , Şərq dağlıq sahədə və Qvineya körfəzinin şərq sahilində 2000 mm yağıntı düşür. Kamerun vulkanı və massivinin qərb yamaclarında 3000-5000 mm, Debundcada isə 9655 mm yağıntı düşür.

Qvineya sahinin cənubunda, xüsusilə Konqo çayı mənsəbindən cənuba Bengel cərəyanı təsiri altında yağıntıların miqdarı kəskin azalır (Luandada cəmi 355 mm).

Konqo çökəyi və onu əhatə edən yüksəkliklərin çox hissəsinin suları Konqo çayında toplanır. Sərbəst halda okeana tökülən çayları Oqove, Njanqa və Kvanzadır. Konqo il boyu çox suludur. Konqo və onun qolları çox astanalı olub, böyük hidroenerji ehtiyatına malikdir.

Konqo çökəyi və onu əhatə edən yaylaların bitki örtüyü olduqca zəngindir. Konqo çökəyi və Qvineya sahili (cənubu müstəsna olmaqla) həmişəyaşıl rütubətli ekvatorial qileylərlə örtülüdür. 3 mindən çox bitki növündən 1000-ə qədəri ağac bitkiləridir. Qileylərdə bitki örtüyü mərtəbələr əmələ gətirir. Hündürlüyü 30-50 m və daha artıq olan iri gövdəli və qol-budağını yalnız yuxarıda (başında) dağıdan ağaclar işığa çox tələbkardır. Bu hündür ağacların dibində yarıqaranlıq şəraitdə müxtəlif kollar, iri yarpaqlı alçaq boylu ağaclar, lianların bir çox növü inkişaf edir.

Ekvatorial qileylərdə ən geniş yayılmış ağaclardan fikuslar, çörək ağacı, küstüm, iri meyvəli oflakarpium, terminalia, çox qiymətli gövdəsi olan sarı ağac, səndəl, kola, eben, yağ palmasını göstərmək olar. Banan və ağacabənzər lianlardan şərab palması, potanq, kauçuk verən landofilya, epifitlərdən müxtəlif fikuslar, səhləb çiçəkləri, aroidlər, ayıdöşəyilər, mamırlar və s. geniş yayılmışdır.

Konqo çökəyində meşələrin inkişaf şəraiti eyni deyildir. Çökəyin daşqın suları ilə örtülən ən alçaq və hamar sahəsində tropik bataqlıqlar geniş yayılmışdır. Müxtəlif ağac növləri ilə zəngin olan meşələr nisbətən yüksək sahələrdə daha intensiv həyat ritminə malikdir.

Qvineya körfəzi sahili ovalıqda ekvatorial qileylər və ensiz sahil zonasında isə manqr meşələri inkişaf etmişdir. Konqo çökəyinin ərkəzi hissəsindən şimala və cənuba tərəf ekvatorial qileylər tədricən öz xüsusiyyətini dəyişir.

3-4° cənub enləri (şimalda 4-5° şm.e.) arasında park meşələri yayılmışdır. Konqo çökəyinin cənub hissəsində bu meşələr üfüqi yatan trias çöküntülərinin üzərində inkişaf etmiş qumlu və qumluca qırmızı lateritlər üzərində bitir. Lunda və Katanqa yaylalarında müxtəlif tipli seyrək meşələr, hündür otlu savannalar, kollu savanna, çay dərələrində isə qalereya meşələri və hündür otlu zəngin savanna inkişaf etmişdir. Katanqanın çökəklərində və göllərin qırağında bataqlıq bitkiləri yayılmışdır. Azande yaylasının bitki örütyü də Cənubi Sudan zonasının bitki örtüyü kimidir.

Kamerun dağları çox yüksək olduğundan yuxarı qalxdıqca bitki örtüyü xeyli dəyişir. Rütubətli həmişəyaşıl qileylər dağətəyi və orta dağ yamaclarını tutur. Yuxarıda iqlim sərin olduğuna görə rütubətli meşələri dağ savannası əvəz edir.

Konqo çökəyi və onu əhatə edən yaylalar aşağıdakı fiziki-coğrafi vilayətlərə bölünür: 1. Konqo çökəyi; 2. Kamerun və Cənubi Qvineya yüksəkliyi (sahil ovalığı ilə birlikdə); 3. Lunda və Katanqa yaylaları; 4. Azande yaylası.


Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin