Afrikanın coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 60,83 Kb.
səhifə15/16
tarix12.04.2022
ölçüsü60,83 Kb.
#55215
1   ...   8   9   10   11   12   13   14   15   16
Afrika tam

Cənubi Afrika yaylası

Cənubi Afrika sahilləri qərbdə Atlantik, şərqdə və cənub-şərqdə Hind okeanı suları ilə əhatələnir. Şimal sərhəd bir qədər şərti olub Zambezi çayının aşağı axını üzrə dəniz sahilindən şimal-qərbdə Miçunqa dağlarının cənub kənarına oradan Katanqa və Lunda yaylalarının cənub kənarı ilə qərbə və cənub-qərbə uzanaraq Kunene çayının yuxarılarından keçib Mosamediş şəhəri yaxınlığında Atlantik okeanı sahilinə çıxır.

Cənubi Afrika morfostruktur xüsusiyyətinə görə daxili çökəklərə kənar yayla və massivlərə, Böyük pilləyə və sahil ovalığına ayrılır. Daxili hissə geniş Kalaxari çökəyindən ibarətdir. Kalaxari çökəyi sahəsində kristallik əsas və onun qədim çöküntü suxurları çökmüş və səthi kaynozoyun kontinental çöküntülərindən ibarətdir. Daha cavan çöküntülər çökəyin ən alçaq mərkəzi hissələrində, nisbətən qədim suxurlar isə onun maili kənarlarında yayılmışdır.

Kalaxarinin mərkəzi çökəkləri dəniz səviyyəsindən 900-1000 m yüksəkdədir. Ən çökək sahə Zambezi çayının yuxarılarından Narıncı çayının orta axınına qədər uzanır (burada yüksəklik 800 m-ə qədər azalır). Kalaxari çökəyindən şərqə Zambezi və Limpopo çayları boyu çıxış vardır. Lakin bunlardan yalnız Zambezi çayı daxili çökəyin şimal hissəsindəki sularını okeana çıxarır. Limpopo çayı hövzəsinə hazırda daxili Kalaxaridən axar yoxdur.

Kalaxarinin mərkəzi hissəsi qumlu,gilli səhralardan, yarımsəhralardan, bataqlıq və şoranlıqlardan ibarətdir. Okovanqo çayının deltasında geniş bataqlıq sahə vardır (Okovanqo bataqlığı).

Kalaxari qatının (paleogen yaşlıdır) qumlu, gilli çöküntüləri üzərində yaranmış mərkəzi Kalaxari çökəyinin hamar səthi üzərində paleozoy və arxey suxurları çıxıntılarından qurulmuş ara-sıra massivlər, qalıq dağlar və Damaralend yaylasından başlanan bir çox vadilər səthi yeknəsəkliyi pozur. Cənub-şərqdə və cənubda kənar yaylalar arasıkəsilməz morfostruktur zona yaratdığı halda, qərbdə və şərqdə bunlar ayrı-ayrı massivlərdən ibarətdir.

Kalaxari çökəyini qərbdən əhatə edən Syerra-da-Şela, Kaoko, Damaralend və Şvarsvald yaylaları arxey erasının kristallik, intruziv suxurlardan ibarətdir. Burada tektonik əyilmələrə paleozoy, dəniz sahili ensiz zolaqda tabaşir və kaynozoy dövrləri çöküntüləri yayılmışdır.

Atlantik okeanı sahilində qumlu Namib səhrası uzanır. Bu səhrada qədim suxur çıxıntılarından ibarət dağlar və massivlər də vardır. Səhranın cənub hissəsində dördüncü dövr qumları daha geniş ərazi tutur.

Cənubi Afrikanın cənub və cənub-şərqi müxtəlif yüksəkliyə malik olan yaylalardan, dağlardan və massivlərdən ibarətdir.

Cənubi Afrikada Qondvananın kontinental çöküntüləri geniş yayılmışdır. (Karru çöküntüləri). Karru yaylasında bu çöküntülərin qalınlığı 5000 m-ə çatır. Karru sistemi çox zəif deformasiyaya uğramış və onun üzərində geniş yaylalar əmələ gəlmişdir. Müxtəlif hündürlükdə yerləşən bu yaylalar qədim denudasiya mərhələləri nəticəsində yaranmış hamar səthə malikdir. Yaylaların səthi cənuba, cənub-qərbə və cənub-şərqə dik düşür. Kənara çevrilmiş bu dik yamaclar (Rocers pilləsi) tektonik mənşəllidir. Neogen və dördüncü dövrdə bu yaylalar xeyli yüksəyə qalxmış və bunların erozion relyefi də həmin dövrdə yaranmışdır. Kap yaylasında, Vaal çayının sağ sahili ilə Limpopo çayı arasında (Transvaalda) və aşağı Narıncıda arxey erasının kristallik və vulkanik suxurları geniş yayılmışdır. Həmin sahələrdə Karru sistemi çöküntüləri çox yerdə yuyulmuş və paleozoy peneplenlərinin səthi açılmışdır.

Cənubi Afrika yaylası və dağlıq sahə relyefinin böyük formaları yuxarı Karru, Kap, Yüksək Veld yaylaları və Əjdaha dağlarıdır. Əjdaha dağlarının suayırıcı zonada yüksəkliyi cənubda 3001m (Ben-Mak-Duy), Bazutolenddə 3657m-ə ( Katkin-Pik ) çatır. Transvaal ərazisində isə 2000-2200 m-dən artıq deyildir. Suayırıcıdan cənubda yerləşən yamaclar dərin və şaxəli çay dərələri ilə çox kəsilmişdir. 150-200 km məsafədə yüksəklik 2000-3000 m-dən 0 m-ə qədər azalır. Bu yamaclarda müxtəlif denudasiya mərhələlərinə uyğun gələn yaylalar, stolvari dağlar və massivlər yerləşir. Yuxarı Narıncı hövzəsində suayırıcıdan qərbdə və şimalda çayın qolları arasında uzanan paralel suayırıcı yaylalar və dağlar Narıncı, Kaledon çayları və Vaal çayının sol qolları ilə kəsilmişdir. Böyük çaylar geniş erozion, erozion-tektonik çökəklərə axır. Bəzi yerdə çaylar cavan antesedent dərələrlə öz yolundakı dağları və massivləri kəsir. Pretoriya yaxınlığında Maqalıs dağlarının, İohannesburq ətrafında Vitvatersrandın yarma dərələri xüsusilə şərqdə Sahil ovalığı sərhədində ucalan Lebombo monaklinal tirəsinin 13 antesedent yarma dərəsi buna misal ola bilər. Cənub-şərq sahil boyu uzanan ovalığın eni Delaqao körfəzindən şimala 400 km-ə çatır. Tabaşir və üçüncü dövrün qum və əhəngdaşlarından, sahildə dördüncü dövr qumdaşlarından və alluvisindən ibarətdir. Burada karst relyefi yaranmışdır.

Limpopo və Zambezi çayları arasında arxey kristallik və vulkanik çöküntülərindən qurulmuş qalxanvari Matabele yaylası yerləşir. Yaylanın vulkanik suxurlarından qurulmuş mərkəzi hissəsində hündürlük 1500 m-dən artıq deyil. Arxeyin kristallik suxurlarından qurulmuş şərq zonada yüksəklik 2500-2700 m-ə çatır.

Cənubi Afrikanın cənub kənarında yuxarı paleozoy və aşağı mezozoy qırışıqlığına aid edilən Kap dağları sistemi yerləşir. Dağların çox aşınmış özəyi arxeyin kristallik və vulkanik suxurlarından, sinklinal zonalar və daha alçaq tirələr isə paleozoy və tabaşir çöküntülərindən əmələ gəlmişdir. Bu dağlar mezozoyda çox aşınmış, peneplenə çecrilmiş, kaynozoyda xüsusilə neogendə yenidən qalxmış və dərin yarma çay dərələri ilə kəsilmişdir.

Kap qırışıqlığı vilayətinin ən mühüm morfostruktur elementləri enlik istiqamətdə bir-birinə paralel uzanan Zvarteberq (2324m) və Lanqeberq-Autinika (1500-1700m) dağlarıdır. Bu dağları Kiçik Karru yaylası bir birindən ayırır. Zvarteberqlə Rocers pilləsi arasında Böyük Karru yaylası yerləşir. Bu yaylalar Karru sisteminin üfüqi yatan qum, gil, şistdən ibarətdir.

Cənubi Afrika yaylasının iqliminə sahənin coğrafi mövqeyi ilə yanaşı Cənubi Atlantik və Cənubi Hind okeanı antisiklonlarının və ərazinin oroqrafik quruluşunun böyük təsiri vardır.

Cənub yarımkürəsi yayında Kalaxari çox qızır və burada Cənubi Afrika minimumu yaranır. Həmin dövrdə Kalaxarinin şimalına Konqo hövzəsindən ekvatorial mussonlar, cənub-şərqdən və cənub-qərbdən dəniz hava kütlələri daxil olur. Cənub yarımkürəsi qışında Kalaxari və Cənubi Afrika yaylaları üzərində yaranan yüksək təzyiq, ümumi atmosfer sirkulyasiyasına ciddi təsir göstərə bilmir və əraziyə Cənubi Hind okeanı antisiklonundan gələn havalar daxil olur. Kap vilayəti qışda rütubətli cənub-qərb dəniz havaları təsiri altında qalır.

İstər yayda istərsə də qışda Cənubi Afrikaya cənub-şərqdən gələn güclü, rütubətli dəniz hava kütlələri əsasən dağların cənub-şərq və şərq yamaclarına rütubət gətirir, daxili vilayətlərə isə (Kalaxariyə) havalar quru halda gəlir. Cənubi Atlantika maksimumundan gələn xüsusilə yayda Cənubi Afrikanın qərb sahillərinə daha çox daxil olan dəniz havaları soyuq Bengel cərəyanı üzərindən keçdikcə xeyli sərinləşir və qərb sahildə yağıntı verə bilmir.

Cənubi Afrikanın iqlimi şimaldan cənuba və qərbdən şərqə dəyişir. Bu təbii sahənin daxili rayonları ilə sahil rayonlarının iqlimi xeyli fərqlidir.

İyul ayının orta temperaturu şimalda 17-18, Kalaxarinin daxili və cənubunda 12-14, Kap və Yüksək Beld yaylalarında 7-8, qərb sahildə 12-16, şərq sahildə 16-20-dir. Şərq sahil isti qərb sahil isə soyuq cərəyan təsiri altındadır. Mütləq minimum temperatur Kalaxarinin şimalında (Zambezi və Okovanqo çayları hövzəsində) -2, daxili rayonlarda -4—7, cənub yaylalarda -11, şərq sahildə +6—9 müşahidə edilmişdir.

Yayda Kalaxari çökəyi kənar yaylalara və sahil rayonlarına nisbətən daha çox qızır. Yanvarın orta temperaturu Kalaxaridə 24-26, kənar yaylalarda 20, qərb sahildə 16-18 cənub və cənub-şərq sahildə 20-24, şərq sahildə isə 24-26 arasında dəyişir. Mütləq maksimum temperatur Kap vilayətində 36, qalan yerlərdə 40-44, Lorenso-Markişdə 46 müşahidə edilmişdir.

Cənubi Afrikada yağıntılar qeyri-bərabər paylanmışdır. Qərb sahil və daxili rayonlar az yağıntı alır. Cənub-şərq və şərq sahildə, xüsusilə Böyük Pillənin Hind okeanından gələn rütubətli dəniz hava axınları qarşısında ucalan yamacları daha çox yağıntı alır. Narıncı və Kunene çayları arasındakı Namib səhrasında ildə cəmi 15-17 mm, buradan şimal və cənubda isə 40-60mm yağıntı düşür. Bu sahə yağıntıların azlığına görə yalnız Böyük Səhranın şərq hissələri ilə (Asuan 7mm, Dəhlə 1mm və s) müqayisə edilə bilər. Lakin burada ensiz sahil zonasında dumanlı günlər çoxdur. Kalaxarinin şimal və şimal-şərqində illik yağıntılar 400-700 mm, cənub-qərbində isə cəmi 150-250 mm-ə qədərdir. Kalaxaridən cənub-şərq yaylalara tərəf yağıntıların miqdarı tədricən artır (450-500 mm). Şərq yamacda və Hind okeanı sahillərində 800-1000 mm, Kap vilayətində isə 400-600 (615mm) mm yağıntı düşür. Kap vilayətindəki çökəklərdə xüsusilə sahildən tirələrlə ayrılan Karru yaylasında yağıntıların miqdarı yenidən azalır (200-300 mm).

Kap vilayətində qış ayları daha yağıntılıdır. Şərq və cənub-şərqdə, Kalaxaridə yağıntıların maksimumu, ilin isti yarısında, xususilə dekabr-mart aylarında düşür. Kalaxarinin mərkəzi rayonlarından şimala yağıntılı dövr tədricən uzanır, cənub qərbə isə qısalır. Qışda cənub və cənub-şərqdə yüksək yayla və dağlarda qar yağır lakin davamlı örtük əmələ gətirə bilmir.

Cənubi Afrikanın mərkəz və qərb hissəsində daimi axarlı çaylar yoxdur. Lakin burada müvəqqəti axarlı quru dərə şəbəkəsi çox sıxdır (Kalaxarinin daxili cənub rayonları müstəsna olmaqla). Yaylanın cənub və şərq dağlıq ərazilərində və şimalda daimi axarlı çaylar daha çoxdur. Çayların əksəriyyəti Hind okeanı hövzəsinə aiddir (Zambezi, Limpopo, Sabi, Əjdaha dağlarının şərq və cənub-şərq yamacı çayları). Atlantik okeanına şimalda Kunene, cənubda Narıncı və Olifantes çayları tökülür. Daxili axmaz hövzəyə bir çox müvəqqəti axarlı quru dərələr çıxır. Bunların əksəriyyəti Damaralend yaylasından başlanıb (Qrote-Laxte və s) şimal-şərqə, Okovanqo hövzəsinə, şərqə və cənub-şərqə uzanır. Quru dərələrin əksəriyyətindən plüvial dövrdə kənara axar olmuşdur. Okovanqo və Kvando çayları isə yarıaxmaz hövzələrə aiddir. Yağıntılı dövrdə Okovanqo hövzəsinin şərqindən Zambezi çayına axar olur.

Cənubi Afrika çayları yayda çoxsulu olur. Yalnız Kap vilayəti çaylarının rejimi Aralıq dənizi çaylarının rejiminə uyğundur, yəni qışda daşırlar. Çaylar astanalı olduğundan nəqliyyat əhəmiyyəti azdır. Böyük çayların hidroenerji ehtiyyatı çoxdur. Zambezi üzərində bir çox astana və şəlalələr vardır. Bunlardan ən məhşuru Viktoriya şəlaləsi (170m), Nqambve, Qanye şəlalələri və Kebrabasa astanalarıdır. Zambezi çayı üzərində Kariba su hövzəsi yaradılmışdır.

Cənubi Afrikanın geniş sahəsi üçün arid və semiarid iqlim şəraitində inkişaf etmiş tropik və subtropik səhra torpaqları xarakterikdir. Tropik səhra torpaqları qərb yaylalarda və Namib səhrasında, subtropik səhra torpaqları isə Narıncı hövzəsində inkişaf etmişdir. Kalaxaridə səhralaşmış savannaların qumlu, gilli, qonur torpaqları, şimalda isə quru savannaların qonur torpaqları yayılmışdır. Yaylanın cənub-şərqində və dağlarda boz-qonur, dağ-boz-qonur, və dağ-qonur torpaqları, cənub və şərq yamaclarda, subtropik qonur torpaqlar inkişaf etmişdir. Şərqdə az sahələrdə qara torpaqlar, sahil ovalıqlarında qırmızı qonur və çəmən-qırmızı-qonur torpaqları yayılmışdır. Cənubi Afrikada səhra. Səhralaşmış savanna, quru savanna, subtropik, kollu-otlu savanna və seyrək meşələr ən geniş yayılmış bitki formasiyalarıdır. Cənub-şərq sahildə yağıntılar il boyu bərabər paylandığından burada zəngin subtropik və tropik xarakterli rütubətli meşələr yayılmışdır.

Kalaxari çökəyinin şimal hissəsi də savanna landşaftından ibarətdir. Okovanqo və Kvando çaylarının aşağı axımı, Limpopo çayının orta axımı boyu park halında savanna landşaftı yerləşir. Ağaclardan akasiyalar, terminalia, kombertum və s bitir. Bataqlıqlarda əsasən papirus, qamış bitir və tək-tək ağaclara rast gəlinir. Makarikari və Etoşa çökəklərində şoran səhra landşaftı, Kalaxarinin cənub-qərbində, ot bitkilərindən şiyavərin müxtəlif növləri bitən qumlu səhralar, geniş mərkəzi rayonlarda isə xırda kollu və alçaq otlu səhralaşmış savanna landşaftı hakimdir. Burada bitkilər torpağın səthində bütöv örtük yaratmır. Kolluq savanna fonunda seyrək halda akasiyalara və başqa xırda kolluqlara, baobaba rast gəlmək mümkündür.

Matabele yaylasında seyrək meşələr, cənub-şərq yaylalarda dağ-çöl və kollu-göl formasiyası hakimdir. Əjdaha dağlarının orta dağlıq şərq və cənub-şərq yamaclarında otlu-ağaclı-kollu qırışıq bitki formasiyası daha rütubətli dağətəyi zonada və sahildə rütubətli tropik meşələr, bəzi yerlərdə manqr meşələri inkişaf etmişdir. Kap yaylası, Böyük və Kiçik Karruda kiçik kolların, sukkulentlərin, alçaq boylu ağaclar və seyrək otların yayıldığı kollu səhra landşaftı geniş areala malikdir. Bu sahələrdə yağıntılı dövrdə efemerlər inkişaf edir.

Cənubi Afrikanın Kap vilayətində həmişəyaşıl kserofit kolluqlar formasiyası geniş yer tutur. Kap vilayəti bitki örtüyündə paleotropik flora elementləri ilə zənginləşmiş endemik növlər çoxdur ( şamsitlər, zanbaqlar, bərkyarpaqlı həmişəyaşıl kolların bir çox növləri). Burada bir qədər rütubətli yamaclarda olan meşələr qırılmış və nəticədə torpaq eroziyası çox yayılmışdır. Ümumiyyətlə torpaq eroziyası cənub və cənub-şərq dağlıq ərazidə sürətlə inkişaf edir.

Cənubi Afrika yaylasında morfostruktur və landşaft xüsusiyyətlərinə görə aşağıdakı vilayətləri ayırmaq olar.

1. Kalaxari

2. Cənub-qərbi Afrika yaylası

3. Cənubi Rodeziya yaylası

4. Veld və Bazutolend yaylası

5. Böyük Pillə

6. Mozambik ovalığı

7. Yuxarı Karru yaylası

8. Kap vilayəti


Yüklə 60,83 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin