Çarizmin köçürmə siyasəti. Ermənilərin kütləvi şəkildə Şimali Azərbaycana köçürülməsi. Daxili və xarici siyasəti antitürk və antimüsəlman səciyyə daşıyan Rusiya imperiyası Şimali Azərbaycanın işğalı prosesində və işğaldan sonra bölgədə özünə xristian dayağı yaratmağa çalışırdı. Maraqlıdır ki, Rusiya Cənubi Qafqaza, o cümlədən Azərbaycana yad, özgə xalqların köçürülməsinə ruslardan deyil, digər xristian xalqlardan başlamışdı. Napaleonun müharibələri və ağır feodal zülmü nəticəsində müflisləşib vətənini tərk edərək xilas yolunu müqəddəs torpağa-Qüdsə getməkdə görən Almaniyanın Vürtenberq əhalisi Qara dəniz sahillərində cəmləşmişdi. Alman kolonistləri rus hökumətindən Qüdsə getməkdə onlara köməklik göstərilməsini xahiş etmişdilər. Rusiya hökuməti əvvəlcə kolonistlər içərisində iş apararaq onları müqəddəs torpağa guya çox yaxın olan Cənubi Qafqaza köçürülmələrinə razı sala bilmişdi. 1818-ci ildən başlayaraq hökumət Vürtenberq kolonistlərinin 300 ailədən ibarət səkkizinci dəstəsini Yelizavetpol dairəsində iki alman koloniyası şəklində yerləşdirmişdi. Çar hökumət orqanları belə bir mülahizəni əsas götürmüşdülər ki, alman kolonistləri bölgədə «Avropa əkinçilik mədəniyyətinin yayılmasında» mühüm rol oynayacaqdır. Bu iki koloniyanın yerləşdirilməsinə altı ayda Azərbaycanın gəlirləri hesabına 500 min manatdan çox xərc çəkilmişdi. Bizim əhaliyə heç bir yeni əkinçilik üsulları öyrətməyən kolonistlər onlara çəkilən xərcləri heç XIX əsrin 30-cu illərində də ödəyə bilməmiş, hərbi əməliyyatlar və taun xəstəliyi nəticəsində xeyli əhali itirərək müflis olmuşdular. Yelenendorf və Annenfeld adlanan koloniyalarında qalan 179 ailə üzərinə düşən borcun bir hissəsi 1832-ci ildə bağışlanmış və iyirmi il müddətinə onlar dövlət vergilərindən azad edilmişdilər. Amansız şəkildə xalqımızı istismar edən hökumət bölgəyə yad olan əhaliyə yerli xalqın gəlirləri hesabına hərtərəfli yardım göstərirdi.
Şimali Azərbaycanın ayrı-ayrı bölgələrində xristian əhalidən ibarət sosial dayaq yaratmaq siyasətində çar hökuməti müxtəlif üsullardan istifadə edirdi. Məsələn, 1827-ci ildə Şəmşəddil və Qazax distansiyalarında müsəlman bəylərinin sahiblik etdikləri müsəlman kəndlərinin idarəçiliyi erməni arxiyepiskopu Nersesin ixtiyarına verilmişdi və buna qəti etiraz edən müsəlman əhali hökumətin bu addımından dəhşətə gəlmişdi. Çünki bu, Azərbaycan torpağında görünməmiş və tarixdə analoqu olmayan hadisə idi.
Rusiya dövləti tarixi Azərbaycan torpaqlarını bölgəyə yad olan «erməni yurduna» çevirmək üçün istənilən addımı atır və dövlətin bütün hərbi, siyasi və maliyyə imkanlarını demək olar ki, bu işə səfərbər etmişdi. 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra Qacar dövlətinin Azərbaycan vilayətindən 40 min, Osmanlı ərazisindən isə 84 min nəfərdən çox erməni əhalisi Şimali Azərbaycana köçürülərək İrəvan, Naxçıvan və Qarabağ torpaqlarında yerləşdirilmişdi. Bu işin əsas təşkilatçılarından biri olan rus diplomatı A.S.Qriboyedov yazırdı: «ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlman əhalidə yaranacaq qorxunu aradan qaldırmaq və köçürmə nəticəsində düşə biləcəkləri ağır vəziyyətlə müsəlman əhalisini barışdırmaq məsələsi dəfələrlə müzakirə olunmuşdur». Rus tarixçisi N.N.Şavrov kütləvi erməni köçürmələrinin bölgədəki demoqrafik vəziyyətə təsiri ilə bağlı yazırdı: «müharibədən sonrakı iki ildə Zaqafqaziyaya Persiyadan (Qacardan- red.) 40 min, Osmanlıdan 84 min nəfər erməni köçürmüş və onları ermənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol quberniyalarında… yerləşdirmişik…. XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon nəfər erməninin bir milyonu diyarın yerli sakinləri olmayıb, bizim (yəni ruslar-red.) tərəfimizdən məskunlaşdırılmışdır». Şavrova görə, ermənilərə məskən salmaq üçün hökumət tərəfindən 200 min desyatin xəzinə torpağı ayrılmış və müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı.
Dövlət səviyyəsində və ardıcıl həyata keçirilən erməni köçürmələri müsəlman-türk əhalinin yaşadığı torpaqlarda demoqrafik vəziyyətə çox kəskin şəkildə mənfi təsir göstərmişdi. 1823-cü il siyahıyaalmasına görə, Qarabağ əyalətinin xristian – erməni əhalisinin xüsusi çəkisi 8,4 %-dən 1832-ci ildə 34,8 %-ə, 1897-ci il sayımına görə isə 53%-ə qalxmışdı. İşğaldan qabaq İrəvan xanlığının əhalisinin 78 %-dən çoxunu təşkil edən Azərbaycan türklərinin xüsusi çəkisi artıq 1834-1835-ci illərin rəsmi statistikasına görə 46 %-ə enmişdi.
Köçürmələr nəticəsində dədə-baba torpaqlarımıza yiyələnən ermənilər Rusiya hökumətinin himayəsi altında ilk əvvəl bizi sıxışdırmağa, bizə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar. Sonra isə elə bir məqsədyönlü soyqırım və deportasiya siyasəti yeritdilər ki, hal-hazırda tarixi İrəvan torpağında, yəni indiki Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmamışdır.
Şimali Azərbaycan kəndlilərinin torpaqla təminatı qayğısına qalmayan və torpaqsız kəndlilərin öz doğma yurdunda onlara torpaq payı ayrılması xahişini on illərlə qulaq ardına vuran rus hökumət orqanları köçürüb gətirdiyi xristian əhalini çox yüksək səviyyədə himayə edirdi. Erməni əhalisi köçüb gələndən sonra 6 il ərzində bütün vergi və mükəlləfiyyətdən azad edilirdi və hətta Qacar hökumətindən alınan təzminatın bir hissəsi əlavə vəsait kimi onlar üçün ayrılırdı. 1830-cu il 20 oktyabr ali çar fərmanı ilə Rusiyanın mərkəzi quberniyalarından 4 il ərzində bidətçi sayılan təriqətlərə mənsub olduqlarına görə, rəsmi provoslavlıq üçün təhlükəli sayılan 504 rus ailəsi (2522 nəfər) köçürülərək Azərbaycanın Şirvan və Qarabağ bölgələrində yerləşdirilmişdir. Təkcə Qarabağa köçürülən 39 təriqətçi ailəsinə yerləşmək üçün 160 desyatin, taxıl əkini və biçənək üçün 1000 desyatin torpaq sahəsi ayrılmışdı. Köçkün rus əhalisi bizim əhalinin hesabına ərzaq məhsulları ilə də təmin olunurdu. Çox zaman bidətçi rusların hökumət tərəfindən bəylərin yaylaq və qışlaqlarında onların razılığı alınmadın yerləşdirilməsi maldarlıq təsərrüfatına böyük ziyan vurmuşdu.
Dostları ilə paylaş: |