MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Mövzu 13. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı. Gülüstan və türkmənçay müqavilələri. 30-cu illərdə rus müstəmləkə əsarətinə qarşı üsyanlar



Yüklə 418,25 Kb.
səhifə56/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   52   53   54   55   56   57   58   59   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Mövzu 13. Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı. Gülüstan və türkmənçay müqavilələri. 30-cu illərdə rus müstəmləkə əsarətinə qarşı üsyanlar

Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının birinci mərhələsinin başlanması. 1801-ci il sentyabrın 12-də Rusiya imperatoru I Aleksandr (1801-1825) Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Kartli-Kaxetiya ilə birlikdə Azərbaycanın Qazax, Borçalı Şəmsəddil və Pəmbək torpaqları da Rusiyanın tərkibinə qatıldı. Bununla Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı başlandı.

Rusiya Qacar hökumətini qabaqlamaq və Azərbaycan xanlıqlarını öz siyasi təsiri altına almaq üçün ilk vaxtlar diplomatik addımlara üstünlük verərək Şimali Azərbaycan xanlarını Georgiyevsk şəhərində danışıqlara dəvət etdi. Xanların əksəriyyəti bu təklifi rədd etsələr də, 1802-ci il dekabrın 26-da Rusiya ilə Quba, Dərbənd və Lənkəran xanları, habelə Tarku şamxalı və Qaraqaytaq usmisi arasında müqavilə bağlandı. 12 maddədən ibarət olan Georgiyevski müqaviləsinə qoşulan xanlar və hakimlər könüllü olaraq Rusiyanın himayəsinə keçməklə, Qacarlar hücum edəcəyi təqdirdə birgə çıxış etməyə söz verirdilər. Müqavilədə Cənubi Qafqazda ticarətin genişləndirilməsi və Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsi məsələləri də nəzərdə tutulmuşdu.

1803-cü ildə Qafqazın baş komandanı təyin edilmiş general Sisianovun başçılıq etdiyi rus ordusu Qanıx çayı sahilində döyüşdə carlılar üzərində qələbə qazanaraq Balakəni ələ keçirtdi, ruslar əhaliyə amansız divan tutdular və Balakəni tamamilə dağıtdılar. 1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakən camaatılığı ilə Rusiya arasında imzalanmış «Andlı öhdəlik» haqında saziş bağlandı. Sazişə görə Car-Balakən əhalisi Rusiya xəzinəsinə hər il 220 pud ipək bac ödəməli, carlılar sədaqət əlaməti olaraq Tiflisə girovlar (əmanət) verməli, Car-Balakən ərazisində rus qoşunları yerləşdirilməli idi. 1804-cü ildə yenidən Cara hücum edən rus qoşunu Zaqatalada məğlub edildi və general Qulyakov öldürüldü. Həmin ilin yanvarında general Sisianov Car–Balakən camaatlığını yenidən rus silahının hökmünə tabe etdi.

1803-cü ildə Şəmkiri ələ keçirdən rus qoşununun növbəti hədəfi Gəncə oldu. Gəncə hakimi Cavad xan rusların tabe olmaq təklifini qətiyyətlə rədd etdi. Şəhər qəhrəmanlıqla işğalçılara müqavimət göstərsə də, silah və sayca üstün olan ruslar 1804-cü il yanvar ayının 2-dən 3-nə keçən gecə Gəncə şəhərini ələ keçirtdilər. Cavad xan və oğlu Hüseynqulu ağa qəhrəmanlıqla vuruşaraq Vətənimiz yolunda şəhid oldular. Sisianov Gəncə savaşını kütləvi qırğına–qətliyama çevirdi. Hərbçilər üçün «Gəncənin alınmasında iştirakına görə» medal təsis edən Rusiya Gəncə xanlığını ləğv edərək dairəyə çevirdi və min illik tarixi olan Gəncənin adını da dəyişdirdi. Çar I Aleksandrın arvadı Yelizavetanın şərəfinə bu tarixi şəhərimiz Yelizavetpol adlandırıldı. Kim «Gəncə» sözünü dilinə gətirərdisə, 1 rus gümüş manatı cərimə olunurdu.

Gəncə alınandan sonra Rusiya ordusunun Azərbaycanın içərilərinə doğru irəliləməsi Qacar dövlətini qəti addımlar atmağa məcbur etdi. Fətəli şahın Rusiyadan qoşunlarını Cənubi Qafqazdan çıxarmaq tələbi rədd edildi və 1804-cü il iyulun 10-da on ilə qədər davam etmiş I Rusiya-Qacar savaşı başladı. Bütün Qafqazı «kafir ruslardan təmizləyəcəyini» bəyan edən Fətəli şah şahzadə Abbas Mirzənin başçılığı altında olan 50 minlik ordunu Araz çayından şimala göndərdi. Bu ordu demək olar ki, Cənubi Azərbaycan türklərindən təşkil olunmuşdu. Mənbələrdə Qacar ordusu Səfəvilər dövründə olduğu kimi türklüyün rəmzi olan qızılbaş ordusu və yaxud «Azərbaycan ordusu» adlandırılırdı. Bu ordu ilə rus qoşunları arasında Eçmiədzin (Üçkilsə) yaxınlığında baş verən döyüşdə ruslar uğur qazandılar. Qəmərlidə baş verən qanlı döyüşdən sonra Sisianov başda olmaqla rus qoşunu İrəvanı tərk etməli oldular.

1805-ci ildə Qarabağ hakimi İbrahimxəlil xan, Şəki hakimi Səlim xan Rusiyanın hədə-qorxulu tələbləri qarşısında general Sisianovun Kürəkçay yaxınlığındakı düşərgəsinə gəlməyə məcbur oldular. 1805-ci il mayın 14-də rus komandanı Sisianovla İbrahimxəlil xan arasında «Andlı öhdəlik» bağlandı. 11 maddədən ibarət olan Kürəkçay müqaviləsinə görə Qarabağ xanlığı Rusiyanın vassal asılılığına keçir, xan özü və varisləri üzərində Rusiya imperatorunun ali və yeganə hakimiyyətini tanıdığına and içməklə söz verirdi. Xanın və varislərinin xanlıq üzərində hakimiyyəti dəyişməz olaraq saxlanılmalıydı. Daxili idarəetmə, məhkəmə və divanxana işləri, xanlıqdan gəlirlərin yığılması xanın səlahiyyətində qalırdı. Şuşa qalasında 500 nəfərlik rus qoşunu yerləşirdi. Xanlıq ildə rus xəzinəsinə 8 min çervon (1 çervon-3,14 manat) bac verməyi öhdəsinə götürürdü. Müqavilənin 10-cu maddəsində andlaşmanın əbədi müddətə bağlanması nəzərdə tutulmuşdu. 1805-ci il mayın 21-də Kürəkçayda Şəki xanlığı da təxminən eyni məzmunda müqavilə bağlamağa məcbur edildi. Əsas fərq ondan ibarət idi ki, ruslar 500 nəfərlik qoşunun yerləşməsi üçün xanlıqda özləri qala tikməli idilər. Bu şərti əməl etməyən ruslar memarlıq incisi olan Şəki xan sarayını kazarmaya çevirmişdilər. Xanlığın əhalisinin sayı nəzərə alınaraq üzərinə 7 min çervon bac qoyulmuşdu. Qarabağ və Şəki xanlıqları Rusiyanın razılığı olmadan heç bir dövlətlə əlaqələr saxlaya bilməzdilər. Bu, əslində xanlıqların müstəqil xarici siyasət hüququndan məhrum edilməsi demək idi.

Rusların tabe olmaq tələblərini müxtəlif bəhanələr və şərtlərlə rədd edən Şamaxı hakimi Mustafa xan da rus qoşunlarının hücumu təhlükəsi qarşısında Kürəkçay müqaviləsinin şərtlərini bəzi fərqlərlə təkrar edən «Andlı öhdəliyi» imzalamağa məcbur oldu. 1805-ci il 27 dekabr müqaviləsi ilə Şamaxı xanlığı başqa dövlətlərlə əlaqə saxlamaq hüququndan imtina edir, rus xəzinəsinə ildə 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Rus qoşunlarının Şamaxıda yerləşməsinə Mustafa xan razı olmadığından Cavad məntəqəsində ruslara qala tikmək hüququ verilirdi.

Rus komandanı 1806-cı ilin yanvar ayında Bakı xanlığının Rusiyanın tabeliyi altına keçməsi haqqında çox ağır şərtlərini Hüseynqulu xana göndərdi. Bu şərtlərə görə Bakı xanlığının bütün gəliri Rusiya xəzinəsinə verilməli, Bakı şəhəri tamamilə ruslardan ibarət xüsusi bir idarə orqanının tabeliyinə keçməli, qalada rus topları və minə yaxın əsgər yerləşdirilməli idi. Amansız, amansız olduğu qədər də şöhrətpərəst Sisianovla Bakı hakimi Hüseynqulu xan arasında 1806-cı il fevralın 8-də Bakının Qoşa qala qapısı yaxınlığında görüş zamanı rus generalı xanın yaxın qohumu tərəfindən öldürülərək öz layiqli cəzasını aldı. Bu hadisə Bakının işğalının qarşısını almasa da, onu bir qədər ləngitdi.

1806-cı ilin yazında Abbas Mirzənin ordusunun Qarabağ istiqamətində ruslara savaş açması mənbələrdə deyildiyi kimi, bir çox Qarabağ əyanlarının qızılbaş qoşununa qoşulmasına səbəb olmuşdu. Gəncə hakimi Cavad xanın qatili mayor Lisaneviç çox ciddi nəzarət altında saxladığı İbrahimxəlil xanın da Qacarlarla birləşmək ehtimalını aradan qaldırmaq üçün böyük bir qətliyam törətdi. İbrahimxəlil xan ailə üzvləri və yaxın adamları ilə birlikdə amansızlıqla qətlə yetirildi. Qarabağ xanlığında hakimiyyət onun oğlu Mehdiqulu xana verildi.

Rus zabiti Lisaneviçin vəhşiliyinə cavab olaraq Şəki hakimi Səlim xan 1806-cı ildə Rusiya ilə əlaqələri kəsdi və rus qoşunlarını xanlığından qovub çıxartdı. Ancaq ruslar 1806-cı il oktyabrın 22-də Şəki yaxınlığındakı döyüşdə Səlim xanı məğlubiyyətə uğratdılar. Sonra Car-Balakənə yollanaraq oradakı üsyanları amansızlıqla yatırdılar. Qacarlardan üz döndərib Rusiyanın tərəfinə keçmiş Cəfərqulu xan Xoylu Şəki xanı təyin edildi. Xanlığa gələrkən Xoy əhalisinin bir hissəsini də özü ilə gətirib Şəki şəhərinin ətrafında yerləşdirdi.

1806-cı ildə Abbas Mirzənin Qarabağda, Şəkidə və digər bölgələrdə ruslarla apardığı döyüşlər müvəffəqiyyət qazanmadı. Ruslar isə əksinə 1806-cı ilin iyunun 22-də Dərbəndi, sentyabrın 3-də isə Bakını ələ keçirtdilər. Sonra isə Quba xanlığı tabe edildi.

1808-1809-cu illərdə Abbas Mirzənin ordusu ilə rus ordusu arasında hərbi əməliyyatlar ruslar üçün uğursuz oldu. 1809-cu il Qarababa döyüşündə ruslar məğlubiyyətə uğradılar.

Cənubi Qafqazda rus işğalına uzun müddət seyirçi mövqe tutan Osmanlı dövləti sükutu pozaraq 1806-cı ildə Rusiya ilə müharibəyə başladı. 1807-ci il Gümrü döyüşündə məğlubiyyətə uğradı. 1812-ci ildə Rusiya ilə bağlanan Buxarest sülhünə görə Osmanlı dövlətinin Qafqazdakı sərhədləri dəyişməz qalırdı, ancaq Osmanlı hökuməti Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğalı faktını tanımalı oldu.

1812-ci ilin əvvəllərində Qacarların Abbas Mirzənin başçılığı altında olan 20 minlik ordusu Qarabağ xanlığına daxil olsa da, burada möhkəmlənə bilmədi. Lənkəran xanlığında mövqe tutan Abbas Mirzənin qoşunu 1812-ci ilin oktyabrın 18-də Aslandüz döyüşündə ağır məğlubiyyətə uğradı. Bu məğlubiyyət həm birinci qacar-rus müharibəsinin, həm də Lənkəran xanlığının taleyini həll etdi. Rus ordusu 1813-cü ilin yanvarın 1-də Lənkəran qalasını ələ keçirtdi. İngiltərənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Rusiya ilə Qacarlar arasında 1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində barışıq müqaviləsi bağlandı. 11 maddədən ibarət olan Gülüstan müqaviləsinin şərtlərinə görə hər iki dövlət arasında savaşa son qoyulur (maddə 1), Fətəli şah Qacar Şimali Azərbaycan xanlıqları olan Gəncə, Qarabağ, Şəki, Şamaxı, Dərbənd, Quba, Bakı, Lənkəran, eyni zamanda Dağıstan və Gürcüstanın Rusiya imperatorluğunun tabeçiliyinə keçməsini təsdiq edirdi (maddə 3), Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olmalı idi (maddə 5), Qacar dövlətinə gələn rus tacirlərindən gətirdikləri mallara görə 5%-dən çox gömrük alınmamalı idi (maddə 9), Qacar dövlətinin təbəələri olan tacirlərdən də eyni qaydada 5%-lik gömrük tələb olunmalı idi.

Araz çayından şimaldakı Azərbaycan torpaqlarına iddialı olan Qacarlarla işğalçı Rusiya arasında bağlanmış bu ədalətsiz və qeyri-bərabər müqavilə nəticəsində Şimali Azərbaycanın böyük bir hissəsi Rusiya imperiyasının tərkibinə qatıldı. Naxçıvan və İrəvan xanlıqları rus qoşunları tərəfindən tutulmadığından həmin ərazilərimiz müqavilədən kənarda qaldı. Şimali Azərbaycanın Rusiyanın tərkibinə daxil edilən torpaqları ilə həmin xanlıqlar arasındakı sərhədlər də Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmişdi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin