Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
Q Ə R A R I
15 noyabr 2013-cü il № 5 Bakı şəhəri
Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamı ilə dövlət orqanları qarşısında təxirəsalınmaz vəzifələr qoyulmuş, o cümlədən yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxslər tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinin təmin edilməsi və digər tədbirlərin həyata keçirilməsi təklif olunmuş, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir.
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması haqqında işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə dair materialları müzakirə edərək Ali Məhkəmənin Plenumu qeyd edir ki, bu kateqoriyadan olan cinayət işləri məhkəmələr tərəfindən əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilir.
Bununla yanaşı məhkəmə təcrübəsində bu növ cinayət işləri üzrə istər faktların müəyyən edilməsi, istərsə də hüququn tətbiqi məsələlərində səhvlərə yol verilir, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasının tətbiqini nəzərdə tutan hökmlərin icrası heç də həmişə qanunun tələbinə uyğun həyata keçirilmir.
Bir sıra hallarda məhkəmələr işin bütün faktiki hallarının araşdırılmasına lazımi diqqət yetirmir, təqsirləndirilən şəxslərlə yanaşı yol hərəkətinin digər iştirakçılarının da hərəkət və ya hərəkətsizliyinin cinayətin baş verməsinə səbəb olması faktlarına və qarşılıqlı təqsirin mövcudluğuna əhəmiyyət vermirlər.
Yol hərəkəti və nəqliyyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirli bilinən şəxslərə əsas və əlavə cəzaların təyin edilməsi, habelə cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddianın həlli məsələlərində də nöqsanlar mövcuddur.
Məhkəmələrin fəaliyyətində qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması və bu işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L I R:
1. İzah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin.
2. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər.
Hərbi qulluqçular tərəfindən idarə olunan hərbi maşınlar, döyüş, xüsusi və ya nəqliyyat maşınları (tanklar, zirehli maşınlar, özüyeriyən artilleriya və raket qurğuları, tikinti, yanğınsöndürən, tibbi, sanitar xidməti nəqliyyatı, səyyar təmir emalatxanaları, laboratoriyalar, mühəndis və buna oxşar funksiyaları yerinə yetirən özüyeriyən nəqliyyat vasitələri, şəxsi heyətin, silahların, hərbi sursatın, hərbi-texniki əmlaklın daşınması üçün nəzərdə tutulan, habelə gündəlik təsərrüfat, mədəni-məişət və sair xidmətlərin həyata keçirilməsi üçün istifadə edilən maşınlar, hərbi hissənin çöl və daimi parklarında olan bütün mexaniki nəqliyyat vasitələri) CM-nin 263 və 263-1-ci maddələrinin predmetinə aid deyil və bunlar döyüş, xüsusi və ya nəqliyyat maşınlarının idarəetmə və istismar qaydalarını pozmağa görə CM-nin 351-ci maddəsində məsuliyyət nəzərdə tutan hərbi cinayətin predmeti hesab olunurlar.
4. CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər).
Məhkəmələrə izah olunsun ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir.
5. CM-nin 263 və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə şəxsin bu maddələrlə təqsirli bilinməsi məsələsi həll edilərkən onun nəqliyyat vasitəsini özbaşına və ya icazə ilə idarə etməsi heç bir əhəmiyyət kəsb etmir.
Məhkəmələrə izah edilsin ki, şəxs digər cinayət xarakterli əməllər törətməklə (oğurluluq, soyğunçuluq, quldurluq yolu ilə və sair cinayətlər), habelə talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirdikdən sonra onu idarə edərkən həm də yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını və ya döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozduqda onun əməli cinayətlərin məcmusu üzrə müvafiq olaraq CM-nin 263, 263-1 və 351-ci maddələri ilə yanaşı özgə əmlakını qanunsuz ələ keçirməyə görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddələri ilə (CM-nin 177, 180, 181, 185-ci və sair maddələri ilə) tövsif edilməlidir.
6. 16 yaşına çatmamış şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması CM-nin 263.3, 263-1.3 və 263-1.4-cü maddələrində (ağır cinayətlər) nəzərdə tutulmuş nəticələrə səbəb olduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün CPM-nin 435-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi üçün əsas ola bilər.
7. Məhkəmələrə izah edilsin ki, ikitərəfli idarə etmə qurğuları ilə təchiz olunmuş təlim avtomaşınlarının idarə edilməsi zamanı müdavim tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti bunun qarşısını almaq imkanında olmuş təlimatçı, təlimatçının göstərişlərinə əməl etmədikdə isə - avtomaşını bilavasitə idarə edən şəxs daşıyır.
Təlim avtomaşınlarında təlimatçının və müdavimin birlikdə yol hərəkəti qaydalarını pozmaları (məsələn, onların spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə avtomaşını idarə etmələri) yol-nəqliyyat hadisəsinin nəticələrindən asılı olaraq onların hər ikisinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmələrinə səbəb olur.
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan müdavim özbaşına, təlimatçının müşaiyəti olmadan və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduqda CM-nin 263-1-ci maddəsi ilə, bütün digər hallarda isə CM-nin 263-cü maddəsi ilə məsuliyyət daşıyır.
8. Döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma cinayətinin subyekti həm belə maşınları bilavasitə idarə edən, həm də müvafiq normativ sənədlərlə və ya əmrlərlə üzərinə onların istismarı qaydalarına əməl edilməsi vəzifəsi qoyulmuş hərbi qulluqçular ola bilər. Bunlara sürücülər, hərbi hissənin texniki xidmətinin vəzifəli şəxsləri, zirehli və digər döyüş və xüsusi maşınların komandirləri, nəzarət-texniki məntəqələrinin rəisləri, avtopark üzrə növbətçilər və sair şəxslər aiddirlər.
Döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarını idarə edən, lakin hərbi qulluqçu statusuna malik olmayan şəxsin, habelə öz şəxsi və ya CM-nin 351-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə aid olmayan digər nəqliyyat vasitələrini idarə edən hərbi qulluqçuların yol hərəkəti və ya nəqliyyat vasitələrini idarə etmə qaydalarını pozmaları CM-nin 263 və ya 263-1-ci maddələri ilə məsuliyyətə səbəb olur.
9. Məhkəmələrə izah edilsin ki, CM-nin 262, 263, 263-1, 264 və 351-ci maddələri ilə məsuliyyət daşıyan şəxslər istisna olmaqla, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozan hər bir şəxs (sərnişin, piyada, velosipedçi, avtomobil və digər nəqliyyat vasitələrinin konduktorları və başqa şəxslər) CM-nin 267-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti ola bilərlər. CM-nin 267-ci maddəsi mexaniki olmayan nəqliyyat vasitələrini, yəni, məsələn, at-arabanı (kirşəni) idarə edən şəxslərin də cinayət məsuliyyətini istisna etmir, lakin belə nəqliyyatı idarə edən şəxsin yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozması yalnız mexaniki nəqliyyat vasitəsilə əlaqəli şəkildə yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olduqda CM-nin 267-ci maddəsi ilə tövsif edilir. Bütün digər hallarda, (at-araba ilə piyadanı vurma, özgə əmlakını məhv etmə və sair bu kimi hallarda) təqsirkarın əməli CM-nin şəxsiyyət və ya mülkiyyət əleyhinə törədilən cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.
10. Məhkəmələrə tövsiyə edilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan, bu hüquqdan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum edilmiş və ya həmin hüququ məhdudlaşdırılmış, habelə “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ əldə etməmiş şəxslərin CM-nin 263-1-ci maddəsi ilə təqsirləndərilmələrinə dair işlərə baxarkən belə şəxslərə nəqliyyat vasititəsini idarə etmələrini etibar etmiş nəqliyyat vasitələrinin sahiblərinin (fiziki, hüquqi və ya vəzifəli şəxslərin) bununla bağlı törətdikləri əməllərində hər hansı cinayətin əlamətlərinin olması haqqında məlumatlar aldıqda və bu haqda ibtidai araşdırma orqanları tərəfindən müvafiq qərar qəbul edilmədikdə, məhkəmə CPM-nin 207.6-cı maddəsinin tələblərinə uyğun olaraq onda olan bütün məlumatları ibtidai araşıdrmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir.
11. Nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir.
12. Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir.
Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.
13. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun.
Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.
14. CM-nin 263, 263-1 və 351-ci maddələrində qeyd olunan nəticələr yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması deyil, yüklərin boşaldılması və ya yüklənməsi, nəqliyyat vasitələrinin təmiri, tikinti işlərinin aparılması zamanı baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən şəxsin əməli onun statusundan, baş vermiş nəticələrdən və təqsirin formasından asılı olaraq, CM-nin şəxsiyyət əleyhinə olan, yaxud müəyyən işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozmağa görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır.
15. Məhkəmələrin diqqəti ona cəlb edilsin ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin IY hissəsi).
Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərər çəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli CM-nin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də CM-nin 143-cü maddəsi ilə tövsif olunur.
Zərər çəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərər çəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir.
16. Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin.
Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz.
17. Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir.
Biri biri ilə əlaqədar olmayan və müxtəlif vaxtlarda yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması qeyd edilən maddələrdə nəzərdə tutulmuş eyni nəticələrə səbəb olduqda törədilmiş əməllər CM-nin həmin nəticəyə görə məsuliyyət müəyyən edən müvafiq maddəsi ilə, belə əməllərin hər birisi müxtəlif nətiəcələrə səbəb olduqda isə həmin əməllər cinayətlərin məcmusu qaydasında tövsif edilir.
18. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması və bunun yalnız onun özünün sağlamlığına az ağır və ya ağır zərərin vurulmasına səbəb olması, habelə piyadanın (sərnişinin) hərəkət təhlükəsizliyi qaydalarını pozması və bu pozuntunun həmin şəxslərin özlərinin CM-nin 263 və 351-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olması hadisənin qarşısını almaq imkanında olmayan nəqliyyat vasitəsini idarə edən şəxsin barəsində cinayət təqibini istisna edən hal kimi nəzərdən keçirilməlidir.
19. İzah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir.
Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Nəzərə alınmalıdır ki, «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir.
Məhkəmələrin diqqəti itidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.
Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir.
Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz.
CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir.
20. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üçtünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər.
21. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır.
CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz.
22. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir.
CM-nin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM-nin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər.
23. Məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur.
Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır.
Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
CM-nin 79-cu maddəsində nəzərdə tutulmuş əsaslarla şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın icrası təxirə salındıqda, həmin cəzaya əlavə olaraq təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza icraya yönəldilir.
24. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı CPM-nin 183-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli və bu iddia üzrə CPM-nin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər.
25. Məhkəmələr diqqət yetirməlidirlər ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsəvurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr cinayət prosessual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 9-cu bölməinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir.
Məhkəmlər nəzərə almalıdırlar ki, MM-nin 1113.1-ci maddəsinə əsasən cinayət hərəkətləri nəticəsində birlikdə vurulmuş ziyanin ödənilməsinə görə bütün təqsirli şəxslər birgə qaydada məsuliyyət daşıyırlar. MM-nin 1113.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərər çəkmiş şəxsin ərizəsi olduqda və onun mənafeyi üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Bu zaman birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkmişə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
MM-nin 1108.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ayrı-ayrı hüquqi və fiziki şəxslərə, təşkilatlara məxsus olan nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol-nəqliyyat hadisəsi törədildikdə fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Məhkəmələrə izah edilsin ki, CPM-nin 106-1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi və eyni zamanda onun vərəsəsi hesab olunduğu hallarda ona qarşı verilmiş mülki iddialar icraata qəbul edilməklə MM-nin 1306-cı maddəsinin tələblərinə uyğun olaraq ölmüş təqsirləndirilən şəxsin miras əmlakı hesabına ödənilə bilər.
26. Məhkəmələrə izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Yetkinlik yaşına çatmayanların vurduqları zərərə görə ödəmə MM-nin 1103 və 1104-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilməlıdir.
27. Məhkəmələr nəzərə almalıdırlar ki, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, həmçinin ölümünə səbəb olduqda CM-nin 265-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Buna görə, məhkəmələr yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ilə bağlı cinayət işlərinə baxarkən CM-nin 265-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradan əlamətləri aşkar etdikdə, CPM-in 207.6-cı maddəsində nəzərdə tutulan hərəkətləri yerinə yetirməyə borcludurlar.
28. Məhkəmələrə tövsiyə edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işlərinə məhkəmə baxışı zamanı fiziki və ya hüquqi şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıq və səhvlərin cinayətin baş verməsinə səbəb olması və ya şərait yaratması hallarını müəyyən etdikdə CPM-nin 355-ci maddəsinə uyğun olaraq xüsusi qərar çıxarmaqla belə hallara münasibət bildirsinlər.
29. Bu qərarın qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 saylı və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının yerinə yetirilməsi gedişi barədə” 31 may 2006-cı il tarixli 04 saylı qərarları qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikası
Ali Məhkəməsinin Sədri Ramiz Rzayev
Dostları ilə paylaş: |