MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə69/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   65   66   67   68   69   70   71   72   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

1872-ci il 13 may Əsasnaməsi ilə Şimali Azərbaycanın bütün qəza məktəbləri 6 illik təhsil verən pullu şəhər məktəblərinə çevrildi.

1874-cü il 24 may Əsasnaməsi ilə 3 və 5 illik təhsil verən kənd ibtidai məktəbləri açıldı. Belə məktəblərdə kəndlilərin uşaqları oxuyur və təhsil yalnız rus dilində aparılırdı. Ümumiyyətlə, ibtidai məktəblərin saxlanılması xərclərini yerli şəhər idarələri və yaxud kənd cəmiyyətləri ödəyirdi.

Rusiya hökuməti tərəfindən Şimali Azərbaycanda gimnaziya tipli ilk rus dilli orta təhsil müəssisəsi 1865-ci ildə açılmış Bakı Realnı məktəbi idi. 1881-ci ildə isə Gəncədə də belə bir gimnaziya fəaliyyətə başladı. Qadınlara orta təhsil vermək üçün Bakıda 1874-cü ildə ilk qadın gimnaziyası (Nina qız məktəbi) açıldı. Orta məktəblərdə təhsil pullu idi və Universitetlərə qəbul olunmaq hüququ ancaq gimnaziya məzunlarına verilirdi.

Azərbaycan məktəblərində dərs demək üçün müəllim kadrlarının hazırlanmasında 1876-cı ildə açılmış Qori müəllimlər seminariyasının, xüsusilə M.F.Axundovun və A.O.Çernyayevskinin səyləri ilə bu seminariyanın 1879-cu ildən fəaliyyətə başlayan Azərbaycan şöbəsi böyük rol oynamışdı. 1899-cu ilədək, yəni iyirmi il ərzində Qori seminariyasında 89 nəfər azərbaycanlı müəllim hazırlanmışdı. Azərbaycanın maarifçi ziyalılarının təşəbbüsü və inadkarlığı hesabına XIX əsrin 80-ci illərində rus - tatar məktəbləri açılmasına başlandı. Əsas məqsəd azərbaycanlı şagirdləri orta məktəbə hazırlamaq idi. İlk belə məktəb Bakıda 1887-ci ildə gənc pedaqoqlar olan Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən yaradılmışdı. Digər rus məktəblərindən fərqli olaraq 1881-ci il Əsasnaməsinin tələbləri rəhbər tutularaq belə məktəblərdə birinci tədris ilində Azərbaycan dili məcburi fənn kimi keçilirdi. 1899-cu ilin sonunda Şimali Azərbaycanın bütün rus -tatar məktəblərində təhsil alan 837 şagirdin demək olar ki, hamısı azərbaycanlı idi.

XIX əsrin 60 - 90-cı illərində Şimali Azərbaycanda "üsuli - cədid" tipli yeni məktəblər açılmağa başladı. İlk belə məktəbi Seyid Əzim Şirvani 1869-cu ildə Şamaxıda açmışdı. 1882-ci ildə Ordubadda, 1894-cü ildə Naxçıvanda «üsuli - cədid» məktəblərinin açılmasında Məmməd Tağı Sidqinin böyük rolu olmuşdu. "İran maarifinin atası" sayılan Mirzə Həsən Rüştiyə tərəfindən 1883-cü ildə İrəvanda, 1887-ci ildə isə Təbrizdə «üsuli - cədid» məktəbləri açılmışdı. «Üsuli - cədid» məktəblərində tədris yeni usulla aparılırdı və hərf - heca üsulundan daha səmərəli səs üsuluna keçilmişdi. Bu məktəblərdə ilk dəfə olaraq elmi biliklər xalqımızın doğma ana dilində aparılırdı. Rus dili də tədris olunurdu. Əzbərləmə sistemi əvəzinə şüurlu mənimsəmə üsulu tətbiq edilir, cismani cəza verilmir, şagirdlərlə insan kimi rəftar olunur və müasir tədris avadanlıqlarından istifadə edilirdi.

Elm. XIX əsrdə yaşayıb - yaratmış Abbasqulu Ağa Bakıxanov (1794 - 1846) Şərq dilləri və ədəbiyyatının böyük bilicisi kimi tanınsa da, Vətənimizin tarixini ilkin mənbələr əsasında bütöv şəkildə araşdırmağın zəruriliyini ilk dərk edən görkəmli Azərbaycan tarixçisidir. Çoxillik elmi araşdırmaların nəticəsi kimi 1841-ci ildə tamamladığı «Gülüstani - İrəm» əsəri Vətənimizin tarixinin qədim zamanlardan 1813-cü il Gülüstan sülhünə qədər olan dövrünü əhatə edir.

“Əkinçi»yə qədər Tiflisdə rus dilində çıxan bir neçə qəzetə Azərbaycan-türkcəsində vərəq şəklində edilmiş Əlavələri saymasaq, Azərbaycanda başqa heç bir milli qəzet çap olunmamışdır. Azərbaycan milli-azadlıq hərəkatının banilərindən biri olan Həsən bəy Zərdabi milli mətbuatımızı yaratmaq üçün üç il ərzində məqsədyönlü şəkildə fəaliyyət göstərmiş, İstanbulda olaraq ərəbcə mətbəə hürufatı (şriftləri) əldə etmiş, Tiflisdən və başqa şəhərlərdən mətbəə avadanlıqları alıb gətirmişdi. Uzun yazışmalardan sonra 1875-ci il iyunun 22-də ilk milli qəzetimiz olan «Əkinçi» qəzetinin birinci nömrəsini çap etdirə bilmişdi. 1875 - 1877-ci illər ərzində «Əkinçi» qəzetinin 56 nömrəsi çapdan çıxmışdır. Ana dilində çap olunan «Əkinçi» qəzeti ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Hətta Qərb ölkələrində də tanınan «Əkinçi» qəzeti bütün Şərq dünyasında Avropa üslubunda nəşr olunmuş ilk mətbuat orqanı idi.

XIX əsrdə Azərbaycan rəssamlığında portret janrı inkişaf etmişdi. Bu sahədə aparıcı rəsam Mirzə Qədim İrəvani həmin əsrin 50-ci illərində İrəvan Xan sarayındakı Güzgülü salonun divar naxışlarının vurulmasında mühüm rol oynamış və «Cavan adam», «Oturmuş qadın», «Abbas Mirzə», «Şah Tələt» portretlərini çəkmişdir.

Dövrün digər rəssamı Mir Mövsüm Nəvvab (1833 - 1918) miniatür və illüstrasiyalarla yanaşı, Əmir Teymurun portretini yaratmışdır.

Məşhur ustad Qəmbər Qarabağlı şagirdləri ilə birlikdə 1848 - 1851-ci ildə Şəki Xan sarayının divar rəsmlərini bərpa etmişdi.

XIX əsrin şəhərsalma və memarlığında Qasım bəy Hacıbababəyov böyük rol oynamışdır. Bu məşhur memar Bakı şəhərinin Parapet adlanan mərkəzi meydanının tikintisini həyata keçirtmişdir. Onun ən böyük tikililərindən biri də Böyük karvansara (indiki Araz kinoteatrının binası) hesab olunur. 1898-ci ildə görkəmli memar İ.V.Qoslavskinin layihəsi əsasında H.Z.Tağıyevin xüsusi müsəlman qız məktəbinin inşasına başlanılmışdı.

XIX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, heç şübhəsiz Mirzə Fətəli Axundovdur (1812 - 1878). Nəinki Azərbaycan milli dramaturgiyasının, ümumiyyətlə müsəlman, türk dünyasında dramaturgiyanın banisi sayılan Mirzə Fətəli Axundov 1850 - 1855-ci illər arasında bu sahədə klassik nümunələr olan altı ölməz komediya yaratmışdır. Məhz onun bu əsərləri Azərbaycanın mədəni həyatında yeni bir hadisə olan Avropa tipli teatrın yaranmasına gətirib çıxartmışdır. «Şərqli Qoqol» adlandırılan M.F.Axundov əsərlərində millətimizin inkişafına mane olan nə varsa, onu kəskin şəkildə tənqid etməklə milli şüurumuzun oyanmasında öz əvəzsiz xidmətini göstərirdi.
Oxu materialları:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, M.Q.Abdullayevin elmi redaktorluğu ilə, Bakı, 2019, s.194-218.

2. İsmayılov M., İbrahimov M. Azərbaycan neft sənayesinin inqilabaqədərki tarixi. Bakı, 1991.

3. Мурадалиева Э.Б Города Северного Азербайджана во второй половине XIX века. Баку, 1998.

4. Сумбат-заде А.С. Сельское хозяйство Азербайджана в XIX в., Баку, 1958.

5. Сумбат-заде А.С. Промышленность Азербайджана в XIX в. Баку, 1964.



Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin