ÜRƏYİN KEÇİRİCİ SİSTEMİNİN POZULMALARI. ARİTMİYALAR
Normal halda ürəyin avtomatizm, oyanma, keçiricilik və yığılma funksiyaları ayırd edilir. Ürək avtomatizmi dedikdə onun spontan impuls yaratma qabiliyyəti nəzərdə tutulur. Normal şəraitdə ürək avtomatizmi sinus düyünü (Kis-Flak düyünü) vasitəsilə təmin olunur. Ona həm də I dərəcəli avtomatizm mərkəzi deyilir, bu düyündə 1 dəqiqədə 60-80 impuls yaranır və normada ürəyin işinə rəhbərlik edir. Məhz bu səbəbdən normal ürək ritmi sinus ritmi də adlanır. Normal ürək fəaliyyəti keçirici sistemin fəaliyyətindən birbaşa asılıdır. Ürəyin keçirici sisteminə qulaqcıqlarda olan keçirici liflər, qulaqcıq-mədəcik (Aşof-Tavar) düyünü, Hiss dəstəsi və Purkinye lifləri aiddir. Keçirici sistemin hər bir şöbəsi avtomatizm xüsusiyyətinə malik olub, özündən yuxarıda yerləşən şöbənin ciddi nəzarəti altında fəaliyyət göstərir. Atrioventrikulyar düyündə bir dəqiqədə 40-60 impuls yaranır, ona II dərəcəli avtomatizm mərkəzi deyilir. Hiss dəstəsi və Purkinye lifləri bir dəqiqədə 25-45 impuls yarada bilir, onlara III dərəcəli avtomatizm mərkəzi deyilir.
Aritmiyalar ürək patologiyalarının tipik formaları olub, ürəyin normal ritminin pozulmasına deyilir. Aritmiyaların inkişafı ürəyin əsas funksiyalarının: avtomatizm, oyanma, keçiricilik və yığılma qabiliyyətinin pozulması ilə əlaqədardır. Elə bu səbəbdən də aritmiyaların aşağıdakı formaları ayırd edilir:
avtomatizmin pozulmaları ilə əlaqədar olan aritmiyalar;
oyanmanın pozulması ilə bağlı olan aritmiyalar;
ürəkdə keçiriciliyin pozulması ilə əlaqədar olan aritmiyalar;
ürəkdə eyni vaxtda oyanmanın və keçiriciliyin pozulması ilə bağlı olan aritmiyalar;
ürəkdə yığılmanın pozulması ilə əlaqədar olan aritmiyalar.
Dostları ilə paylaş: |