Sinus bradikardiyaları ürək vurğularının 60-dan az olmasıdır. Əsas səbəbləri aşağıdakılardır:
Ürəyə parasimpatik təsirin qüvvətlənməsi. Bu hal azan sinir nüvələrinin və sinir uclarının qıcıqlanması zamanı (meningit, ensefalit və digər patologiyalar fonunda kəllədaxili təzyiqin artması), mədəciklərdaxili təzyiqin artması və miokardın tonusunun yüksəlməsi (Besold-Yariş refleksi), göz almasına (Danini-Aşner refleksi), yuxu arteriyasının şaxələnmə nahiyəsinə (Çermak refleksi) təzyiq edən zaman müşahidə edilir.
Ürəyə simpatoadrenal effektin zəifləməsi. Sinus bradikardiyası ali sinir fəaliyyətinin pozulmalarında (nevrozlar zamanı), sinir strukturlarının (məsələn, hipotalamus), keçirici yolların, ürəkdaxili qanqlionların və simpatik sinir uclarının zədələnmələri zamanı müşahidə edilir.
Müxtəlif amillərin sinus düyününə zədələyici təsiri. Belə amillər kimi mexaniki travma, sinus düyünü sahəsində qansızma və infarkt, toksinlər, bəzi dərman preparatları (xininlər, opium, xolinomimetiklər), habelə metabolitlər (sərbəst bilirubin, öd turşuları və s.) rol oynaya bilər.