Mədəcikdaxili (intraventrikulyar) blokadalar zamanı oyanma dalğası Hiss dəstəsinin hər hansı bir ayaqcığında və Purkinye lifləri səviyyəsində ləngiyir və ya tamamilə ötürülmür. Bu, EKQ-də QRS kompleksinin davametmə müddətinin uzanması (normada 0,08-0,1 saniyə) və deformasiyası ilə özünü büruzə verir.
Bəzən ürəkdə keçiriciliyin pozulması zirvə nahiyəsində, yəni Purkinye lifləri səviyyəsində ola bilər. Buna arborizasiya deyilir.
Ürəkdə keçiriciliyin sürətlənməsi sinus düyünündə yaranan impulsların həm əsas (atrioventrikulyar), həm də əlavə keçirici yollarla mədəciklərə çatması zamanı baş verir. Bu zaman əlavə keçirici yollarla gələn impulslar atrioventrikulyar yola nisbətən daha tez və sürətlə mədəciklərə çatır. Beləliklə, əlavə yayılan impulslar mədəciklərin müəyyən bir hissəsinin vaxtından əvvəl oyanmasına səbəb olur. Atrioventrikulyar düyündən gələn impulslar isə mədəciyi nisbətən gec oyadır. Bütün bunlar taxikardiya ilə nəticələnir. Ürəkdə əlavə keçirici yollar aşağıdakılardır:
Paladino-Kent lifləri – atrioventrikulyar həlqə sahəsində dəyişikliyə uğramış miokard toxumasıdır. Bu liflər atrioventrikulyar düyündən yan keçməklə impulsları qulaqcıqdan mədəciyə ötürür.
Mahaym lifləri – Hiss dəstəsinin yuxarı şöbəsini mədəciklərlə əlaqələndirir.
Ceyms lifləri – qulaqcığı atrioventrikulyar düyünün aşağı şöbəsi və ya Hiss dəstəsi ilə əlaqələndirir.
Ürəkdə keçiriciliyin sürətlənməsi klinik cəhətdən 2 sindrom şəklində özünü təzahür etdirir:
Volf-Parkinson-Uayt sindromu (WPW)– paroksizmal taxikardiyalar, qulaqcıq və mədəciklərin titrəməsi və ya səyriməsi formasında təzahür edir. Bu sindroma mədəciklərin vaxtından əvvəl oyanma sindromu da deyilir. WPW sindromunda oyanma mədəciklərə 2 yolla: atrioventrikulyar düyün və Kent dəstəsi vasitəsilə ötürülür və mədəcik taxiaritmiyası yaranır. Normada oyanma dalğası sinus düyünündən qulaqcığa yayılır, atrioventrikulyar düyünə çatır və burada impulsların ötürülməsinin ləngiməsi (fizioloji ləngimə) baş verir. Ona görə də mədəciklər kiçik gecikmə ilə qulaqcıqlardan sonra yığılır. Ancaq WPW sindromu olan xəstələrdə qulaqcıq və mədəciklər arasında impulsların ötürülməsinin əlavə yolları hesabına impulslar qulaqcıqlardan mədəciklərə ötürüldükdə atrioventrikulyar düyündə ləngimir və heç bir ləngimə olmadan sürətlə mədəciklərə çatır. Buna görə də qulaqcıq və mədəciklər eyni vaxtda yığılır. Bu da ürəkdaxili hemodinamikanın pozulmasına gətirib çıxarır və ürəyin nasos funksiyasının effektivliyi azalır.
WPW sindromunun elektrokardioqrafik olaraq 3 əsas əlaməti var:
sinus ritmi fonunda P-Q intervalının qısalması;
QRS kompleksinın genişlənməsi;
R dişciyinin qalxan hissəsinin deformasiyası (Δ dalğaları).
Klerk-Levi-Kristesko sindromu zamanı mədəciklərin vaxtından əvvəl oyanması impulsların Ceyms dəstəsi vasitəsilə ötürülməsi nəticəsində yaranır. EKQ-də P-Q intervalının qısalması və ürək yığılmalarının dəqiqəlik sayının artması müşahidə edilir.
Dostları ilə paylaş: |