Atrioventrikulyar (düyün) ritm peysmeykerin atrioventrikulyar düyünün yuxarı, orta və aşağı şöbələrində yerləşməsi zamanı baş verir. Bu zaman ürək yığılmalarının tezliyi 1 dəqiqədə 70-dən 40-a qədər azalır.
Ritm sükanının miqrasiyası. Bu zaman ürəyin ritm sükanı sinus düyünündən aşağı şöbələrə (əsasən atrioventrikulyar düyünə) və əksinə yerini dəyişir. İdioventrikulyar ritm I və II dərəcəli avtomatizm mərkəzlərinin fəaliyyəti zəiflədikdə inkişaf edir. Adətən, ürəyin işinə rəhbərlik edən impulslar mədəcikarası çəpərin yuxarı hissəsindən (Hiss dəstəsindən), onun hər hansı bir ayaqcığından (Hiss dəstəsi ayaqcığı ritmi), az hallarda isə Purkinye liflərindən başlanğıc götürür. Ürək yığılmalarının dəqiqəlik sayı 1 dəqiqədə 40-dan az olur.