AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Fakultə:İnşaat texnologiya
Kafedra:Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi
Fənnin adı: Mülki müdafiə
MÖVZU 6: Kimyəvi zədələnmə ocağının xarakteristikası.
Müəllim:
Mühazirənin planı:
1.Kimyəvi silah haqqında ümumi məlumat
2.Zəhərləyici maddələr və onların qrupları
3.Kimyəvi zədələnmə ocağı
ƏDƏBİYYAT:
1.H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki müdafiə) Bakı 2010, səh.388
2.H.O.Ocaqov , N.Nağıyev, R.Muxtarov Mülki mühafizə, Bakı 2011, səh.397
3.H.O.Ocaqov,S.A.Səbzəliyev.Əhalinin fövqaladə hadisələrdən mühafizəsi.
Bakı 2003, səh72. Dərs vəsaiti. I kitab.
4.H.O.Ocaqov,S.A.B.T.Bəkirov.Səbzəliyev.Əhalinin fövqaladə hallardan mühafizəsi.
Bakı 2003, səh78. Dərs vəsaiti. II kitab.
BAKI-2021
Kimyəvi zədələnmə ocağının xarakteristikası
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərləyici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasitələrə deyilir. Kimyəvi silahın əsasını zəhərləyici maddələr (ZM) təşkil edir.
ZM – hərbi sənaye və iqtisadiyyat obyektlərinə qoşunların, hərbiləşməmiş mülki müdafiə dəstələrinin şəxsi heyətlərini, fəhlələri, qulluqçuları, əhalini sıradan çıxaran, yaxud onların döyüş və əmək qabiliyyətinin zəifləməsinə, heyvanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bilən xüsusi kimyəvi birləşmələrdən (zəhərli maddələrdən) ibarətdir.
Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır:
– maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələmək imkanı: ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənməsi ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir;
– geniş sahələri zəhərləmək və zədələyici təsirini uzun müddət saxlamaq qabiliyyəti;
– zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması;
– istehsalının nisbətən ucuz başa gəlməsi.
Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə görə (toksikoloji təsnifatı), döyüş təyinatına və ərazidə zəhərlənmənin davamlığına görə (taktiki təsnifatı) qruplara ayrılır.
Bir sıra ölkələrin cəbhəxanalarındakı müasir zəhərləyici maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq mümkündür.
Hərbi məqsədlərlə bitkiləri zəhərləyici kimyəvi maddələr herbisid, defoliant və desikant maddələrdə tətbiq edilə bilər ki, bunlar dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına kənd təsərrüfatı heyvanlarının zəhərlənməsinə səbəb olur
Cədvəl
ZM-in qrupları
|
ZM adları
|
Sinir iflicedici təsiri (fosforlu üzvü) ZM
|
V - qazlar
zoman
zarın
|
Ümumzəhərləyicitəsirli ZM
|
Sianid turşusu
Xlorsian
|
Dəridə yaraçıxaran (rezobtivtəsirli) ZM
|
Texniki (kükürdlü) iprit:
Saf iprit:
Azotlu iprit
(trixlortrietilamin)
Lünzit
|
Boğucutəsirli ZM
|
Fosgen
Difosgen
|
Qıcıqlandırıcı təsirli ZM
|
Adamsit
Sİ – EC
|
Psixokimyəvi təsiri ZM
(psixotommimetrik maddələr)
|
Bi-zet
Psilosibin
Tremorin
Meskain
Lizerkin turşusunun
Törəmələri və s.
|
Göz yaşardıcı ZM
|
Xlorasetofenon
Brombenzilsianid
Xlorpikrin
|
Sinir iflicedici ZM – kimyəvi strukturuna görə fosforlu-üzvü maddədir (FÜM). Belə maddələrə zarin, zoman və V – qazlar aiddir.
Zarin və zoman rəngsiz (və ya sarımtıl) rəngli, səciyyəvi iyli mayelərdir; bunların xüsusi çəkisi vahiddən bir qədər artıqdır (1,02-1,1). Bu maddələr üzvi əridicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olunur, havada tez bir zamanda ölümcül konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini maye damcıları zarin 8 saaata, zoman isə bir sutkaya qədər müddətə zə-hərləyə bilər.
Zarinin buxarları havadan 4,77 dəfə, zomanınkı isə 6,33 dəfə ağırdır. Zarinin ikinci buludunun zədələyici təsiri 4-7 saatadək, sinir iflicedici ZM qrupuna aid digər maddələrinki isə onların bütün buxarlanması dövründə davam edir. Suaxmazlarda zarinin zəhərləyici təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır.
V – qazı suda – zəif, üzvi əridicilərdə, yanacaq, sürt-gü materiallarında yaxşı həll olunan rəngsiz mayedir. Rezin-texniki məmulatlara və böyük lak örtüklərə yaxşı hopur.
Yavaş buxarlandırıcı üçün (20 S-də 10-3 mq/l) ərazidə uzun müddət qalır. V – qazının kimyəvi adı fosforiltioxolinlərdir
V – qazları, zoman, zarin davamlı ZM-dir.
Fosforlu üzvü ZM (FÜZM) tətbiq edilərkən zəhərlənmə adətən maye damcılarının dərinin səthinə düşməsi hallarında, yaxud həmin ZM-in buxarları tənəffüs yollarından keçərkən baş verəcəkdir.
Fosforlu zəhərli maddələrin konsentrasiyası 510-7 mq/l-dən az olan hallarda 5-6 saat müddətində əleyhqazsız qalmaq mümkündür.
Ümümzəhərləyicitəsirli ZM – əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən vacib sistemlərinə sürətlətəsir göstərən tezbuxarlanan kimyəvi birləşmələrdir.
Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir.
Xlorsian – kəskin iyli, sudan ağır rəngsiz mayedir.
13°S-də qaynayır, mənfi 7°S-də bərkiyir.
20°S-də buxarların maksimal konsentrasiyası 3300 mq/l-dir. Suda məhdud miqdarda (7%), azotlu, üzvi maddələrdə (spirt, efir), yağ və lipoidlərdə yaxşı həll olunur.
Xlorsian sianid turşusundan 2-4 dəfə az zəhərlidir.
Qıcıqlandırıcıtəsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası 0,0025 mq/l, güclü yaşaxma və bəbəklərin spazmasına səbəb olan dözülməz konsentrasiya 0,06 mq/l-dir. Bundan artıq konsentrasiyalar sianid turşusunun təsirində olduğu kimi orqanizmin ümumi zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zəhərli maddədir.
Dərini zədələyən ZM – elə zəhərli birləşmələrdir ki, onlar hətta ən cüzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər.
Kimyəvi təmiz iprit – zəif gənəgərçək iyli şəffaf, yağlı rəngsiz mayedir. Üzvi əridicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif (10°S-də – 0,07) həll olunur.
Ərzaq məhsullarına, məsaməli materiallara, boyaq örtüklərinə, rezin-texniki məmulatlara asanlıqla hopur və onların uzun müddətli zəhərlənməsinə səbəb olur. Ərazi uzun müddət: yayda – 7 sutka, qışda bir neçə həftə zəhərli qalır.
İprit suda yavaş hidroliz olunur və neytrallaşır (zəhərsizləşir). Qələvilərin təsirindən ipritin hidrolizi sürətlənir.
Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zərərsizləşdirir.
İprit təmasda olduğu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəri, mədə – bağırsaq sisteminə) təsir edir, bədənin zədələnmiş yerindən qana sorulması nəticəsində isə ümumzəhərləyici təsir göstərir. Bədənin səthinə düşən iprit damcıları 7 dəqiqədən sonra dərinin alt qatlarına keçir. 20-30 dəqiqə ərzində isə heç bir ağrı hissi törətmədən orqanizmdə tamamilə sorulur. İprit davamlı zəhərli maddədir.
Boğucu təsirli ZM – elə maddələrə deyilir ki, onlar xüsusən ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmirlər.
Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir. Son zamanlar fosgen güclü təsirli zəhərli maddələrə (GTZM) aid edilir.
Difosgen qaynama temperaturu 128°S olan mayedir, fosgenə nisbətən yavaş buxarlanır, havadan 7 dəfə ağırdır. Yayda ərazini açıq yerlərdə – 1 saata, meşəlik yerlərdə isə bir neçə saatadək zəhərləyir. Difosgen suda pis həll olunur, bu zaman xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen su hovuzlarını zəhərləmir.
Difosgen zəhərləyici xassələrinə görə fosgenə oxşayır. O, davamsız zəhərləyici maddələrə aiddir.
Qıcıqlandırıcı ZM (Sİ–ES) və adamsit aid edilir.
Adamsit yaşımtıl rəngli bərk maddədir, suda həll olunur: üzvi əridicilərdə, xüsusən qızdırılarkən və asetonda yaxşı həll olunur. Yavaş buxarlanması və pis həll olunmasına görə torpağı uzun müddət zəhərləyə bilər. Suda parçalanmır, qələvi maddələr onun suda hidrolizini sürətləndirir və nəticədə fenassazin oksidi yaranır.
Adamsitin 1,41 mq/l konsentrasiyası olan havada 2 dəqiqə və ya 0,28 mq/l konsentrasiyalı havada 20 dəqiqə qalarkən ölümcül zəhərlənmə baş verir.
Su–ES suda pis həll olunan rəngsiz maddədir. O, spirtdə bir qədər, asetonda, dioksanda, metilxloriddə, etilasetatda, benzolda isə yaxşı həll olunur. Aerozol şəklində tətbiq edilir.
Su–ES maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qızdırıcı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən bol yaş, burundan selik axmasına, tənəffüsün çətinləşməsinə səbəb olunur. Bunlardan başqa, dəriyə gicitkən kimi qaşındırıcıtəsir göstərir, yüksək konsentrasiyalarda ürək bulanması və qusma törədir. Sıradan çıxarıcı orta konsentrasiyası 0,001 – 0,005 mq/l-dir. Gözyaşardıcı və ya lakrimator (yunanca “lakrime”-gözyaşı) maddələr gözlərin burun-qırtlağın selikli qısalarını qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir. Bunlar tərkibində haloid olan üzvi maddələrdir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir.
Xlorasetonfenon bənövşə və ya meşəgilası iyi verən bərk maddədir. Üzvi əridicilərdə yaxşı həll olunur. Suda hətta qaynadılarkən də dağılmır. Müsbət 20°S-də buxarlanması 0,105 mq/l-ə bərabərdir, buxarları havadan 5,3 dəfə ağırdır. Yayda ərazidə bir neçə gün təsirini saxlayır.
Brombenzilsianid – acı badam iyli, rəngsiz, yaxud sarımtıl kristal maddədir. Suda demək olar ki, həll olunmur, üzvi əridicilərdə isə yaxşı həll olunur. Suda hidroliz olunmur, torpaqda bir ayadək qala bilər. Spirtin su məhlulunda natrium-sulfidlə reaksiyaya qoşularaq zəhərsiz maddəyə çevrilir.
LSD – rəngsiz bərk kristal maddədir, suda zəif, üzvi əridicilərdə yaxşı həll olunur. Bu maddənin duzları davamlı məhlullar yaratmaqla suda yaxşı həll olunurlar.
Orqanizmə tənəffüz yolları ilə təsir edəcəyi daha çox ehtimal olunur. Mədə-bağırsaq yolları ilə zəhərlənmə də mümkündür.
Bizet – suda həll olunmayan ağ kristal tozdur. Bizet orqanizmə tənəffüs və mədə-bağırsaq yolları ilə keçir.
Zəhərləyici maddələr zəhərlənmiş hava ilə nəfəs aldıqda, ZM dəri üzərinə və selikli qısaya düşdükdə, həmçinin zəhərlənmiş yeyinti məhsullarından və sudan istifadə etdikdə insanları və heyvanları zədələyir. Ona görə onların seçilməsi və tətbiqi üsulları yerli şəraitdən, ZM-in xassələrindən və qarşıya qoyulmuş məqsəddən asılı olaraq müxtəlif ola bilər.
Kimyəvi silah təyyarə bombalarında, top güllələrində, mayesi tökülə bilən təyyarə cihazlarında və müxtəlif tərtibatlarda ərazini zəhərləmək üçün, damcı-maye halında zəhərləmək üçün buxar və aerozol (tüstü, duman) şəklində tətbiq edilə bilər. Zəhərləyici maddələr küləyin istiqamətində on kilometrlərlə məsafəyə yayıla bilən zəhərli bulud yaradır.
Havanın zəhərlənmə təhlükəsinin dərəcəsi ZM-in qatılığı və mühafizə olunmayan adamın zədələndiyi vaxtla müəyyən edilir.
Ərazinin və ya obeyktin zəhərlənmə dərəcəsi oraya düşən ZM-in miqdarından asılıdır və ZM-in qramlarla miqdarının 1 m2 səthə nisbəti ilə ifadə olunan zəhərlənmə sıxlığı ilə müəyyən edilir.
ZM-in dayanıqlığı, yəni insanlara və heyvanlara göstərdiyi zədələyici təsirin müddəti, həmin ZM-in fiziki-kimyəvi xassələrindən, həmçinin ərazinin xarakterindən və havadan asılıdır. Havanın temperaturu yüksək olduqca ZM daha tez buxarlanır. Güclü külək buxarı səpələyir, yağış isə zəhərləyici maddələri torpaqdan, bitkilərdən, müxtəlif əşyalardan yuyub aparır. Binalarda, zirzəmilərdə, yarğanlarda, dərələrdə zəhərlənmiş hava uzun müddət qala bilər. Kimyəvi silahdan və GTZM-dən mühafizə olunmaq üçün əleyhqazdan, xüsusi paltardan və ya hermetik bağlanmış sığınacaqlardan istifadə edilir.
2010-cu ilə dək ölkədə təsərrüfatın müxtəlif sahələrində kimyəvi maddələr və materiallar istehsalının xeyli inkişaf etdirilməsi nəzərdə tutulur.
Hazırda dünyada 6 milyondan artıq kimyəvi birləşmələr məlumdur. Bu geniş kimya aləmində bizi istehsalatda və məişətdə 100-dən artıq güclü təsirli zəhərli maddələr əhatə edir.
Ölkə iqtisadiyyatının xeyli obyektlərində GTZM-dən ya bilavasitə istehsalat məqsədləri üçün, ya istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir, ya da çoxlu miqdarda belə maddələr saxlanılır.
GTZM-in saxlandıqları tutumlardan və qablardan kənara axması həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından və adi basqın vasitələrinin bilavasitə təsirindən və ya təxribat yolu ilə ZM avadanlığının dağıdılması nəticəsində baş verə bilər. Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı istehsalatlarda GTZM-in ətrafa yayılması (axması) mümkündür. Belə hallarda ikinci zəhərlənmə ocaqları yaranır.
Kimyəvi təhlükəli obyektlərə belə obyektlər aid edilə bilər:
kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri;
suyu təmizləmək (dezinfeksiya etmək) üçün xlordan istifadə edilmə, su kəməri və su təmizləmə qurğuları;
soyuducu agent (maddə) olaraq ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr və ilk növbədə yeyinti, meyvə-tərəvəz, ət-yağ sənayesi, balıq sənayesi sahələrinin, ərzaq ehtiyatlarını saxlayan digər nazirlik və idarələrin soyuducu qurğuları və bazaları;
GTZM daşıyan nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulan xüsusi dəmir yolu stansiyaları;
taxıl və taxıl məmulatı anbarlarının dezinfeksiya və deretizasiya edilməsi (həşərat və gəmiricilərlə mübarizə) üçün zəhərli maddələr ehtiyatları saxlanılan xüsusi anbar və bazalar;
kənd təsərrüfatında işlədilən kimyəvitəsirli maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar.
Respublikamızın xalq təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli zəhərli maddələri (bax: əlavə 2) nəzərdən keçirək:
Ammonyak (NHH3) – sənayedə nitrat turşusu, ammonium nitratı və sulfatlı maye gübrələr (ammiakatlar), sidik cövhəri, soda istehsal etmək, parçaların boyanmasında üzvi sintez üçün, soyuducu qurğularda soyuducu maddə kimi və güzgülərin parıldadılması və s. işlərdə tətbiq edilir. Suların, ağ neftin və bir sıra mineral yağların təmizlənməsi, dərinin aşılanması işlərində, şəkər zavodlarında ammonyaka təsadüf edilir, o həmçinin təmizlənməmiş asetilenin tərkibində də olur.
Ammonyak – boğucu, kəskin naşatır iyli rəngsiz qazdır, hiss olunma həddi 0,037 mq/l-dir, dadı çox acıdır, havadan yüngüldür, qaynama temperaturu 33-35°S-dir. Mənfi 33-35°S-dək soyudularkən sıxılaraq rəngsiz maye halına keçir. Suda yaxşı həll olunur (həll olunma miqdarı 526 q/l, həll olunma əmsalı 762,60-dır). Efirdə və digər üzvi əridicilərdə əriyir. Ammonyakın hava ilə 4:3 nisbətli və ya 15-28%-li quru qarışığı partlaya bilər. Qabdan kənara (atmosferə) çıxarkən tüstülənir. Sisternlərdə və ya balonlarda təzyiq altında mayeləşdirilmiş halda daşınır.
Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcıtəsir göstərir. Onun yüksək konsentrasiyaları gözlərdə ağrıya və güclü yaşarmaya, təngnəfəsliyə, kəskin öskürməyə, baş gicəllənməsinə, mədə ağrılarına, qusmaya səbəb olur.
Susuz, saf maye ammonyak dəridə ağır yanıqlar törədir, çünki o, nəinki qələvi kimi, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimitəsir göstərir.
İntektisid (həşaratqıran) maddələr, plastik kütlə materialları, boyaqlar və dərman vasitələri hazırlanmasında, texniki-rezin sənayesində, kağız sənayesində, kağızın ağardılmasında toxuculuq sənayesində – parçaların ağardılmasında əhəmiyyəti böyükdür.
Xlor – kəskin boğucu iyli göyümtül-sarı qazdır. Qaynama temperaturu 34,5°S, sıxlığı 3,214 q/l-dir, havadan 2,5 dəfə ağırdır. 5-6 atmosfer təzyiqində, mənfi 35°S-də sıxılarkən göyümtül sarı rəngli yağlı maye halına düşür.
Su təchizatı və kanalizasiya sistemlərinin təmizləyici qurğularında da içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün çoxlu xlor işlədilir.
Bir kiloqram maye xlor buxarlanarkən 316 litr qaz əmələ gəlir. Buxarlanma zamanı maye xlor su buxarları ilə birləşərək ağ duman yaranır.
Xlor suda yaxşı həll olunur. Demək olar ki, bütün kimyəvi elementlərlə birləşmələr yaradır. Təzyiq altında mayeləşdirilmiş halda sistemlərdə, xüsusi konteyner və balonlarda daşınır.
Xlor yuxarı tənəffüs yollarına kəskin nəzərə çarpan qıcıqlandırıcı təsir göstərir. Yüksək konsentrasiyalarda təsir zamanı dərhal ağciyər ödemi (şiş) inkişaf edir.
Xlorpikrin – kənd təsərrüfatı zərərvericiləri ilə mübarizə üçün, dezinfeksiya məqsədləri ilə taxıl, un və digər ərzaq anbarlarının təmizlənməsi, habelə əleyhqazların sazlığının yoxlanılmasında işlədilir.
Saf xlorpikrin kəskin iyli, rəngsiz yağlı mayedir. Dəndə, ağacda, kərpicdə, paltarlarda yaxşı sorbsiya olunur (tutulub saxlanılır) və çox yavaş desorbsiya olunur (yenidən buxarlanır). Bir sıra kimyəvi reagentlərə davamlıdır. Suda və qələvilərin su məhlulunda hidroliz olunmur.
Xlorpikrin buxarları gözlərin selikli qısalarını, ağciyərləri güclü sürətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır. Ümumi zəhərləyici təsirə də (xüsusən, kapillyar damarlara) malikdir.
Sianid turşusundan – plastik kütlələrin istehsalı üçün lazım olan xlorsian, akrilnitril, amin turşuları, akrilatların əldə edilməsində, həmçinin kənd təsərrüfatı ziyanvericilərini məhv edən fumiqant maddəsi kimi, habelə qapalı binaların və nəqliyyat vasitələrinin təmizlənməsi üçün istifadə edilir.
Sianid turşusu rəngsiz, şəffaf mayedir. Acı badam iyinə bənzər bihuşedici iyə malikdir. Ərimə temperaturu – 13,3°S, qaynama temperaturu +25,7°S-dir.
Sianid turşusu suda bütün nisbətlərlə qarışır, spirtdə, benzində və digər üzvi əridicilərdə həll olunur. Onun buxarları parçaların liflərində, məsaməli materiallarda, yeyinti məhsullarında, həmçinin kərpicdə, betonda, taxtada yaxşı adsorbsiya olunur.
Sianid turşusu – onun buxarları ilə nəfəs alarkən, dəri səthindən sorularaq və qida yolları ilə birbaşa daxilə keçərkən zəhərlənmələrə səbəb olur.
Fosgen – çürük ot iyi verən rəngsiz qazdır, havadan 3,5 dəfə ağırdır. 8,2°S-dən aşağı temperaturda rəngsiz mayeyə çevrilir. Özünün yüksək təzyiqi sayəsində fosgen aşağı temperaturlarda da sürətlə buxarlanır. Suda az – 0,9% həll olunur. Benzində, toluolda, ksilolda və sirkə turşusunda yaxşı həll olunur.
Fosgen qaz halındakı və suda həll olunmuş ammonyakla tez reaksiyaya girərək zəhərsiz maddəyə çevrilir.
Fosgen torpağı, texnikanı, avadanlığı zəhərləyə bilmir.
Fosgen buxarları ilə nəfəs alarkən ağ ciyərlərin spesifik zəhərlənməsi baş verir. Bundan başqa o, gözlərə və selikli qısalara zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir.
Kimyəvi silah tətbiq olunan rayonlarda və KTO-da zəhərlənmə baş verdikdə kimyəvi zəhərlənmə ocağı yaranır.
Kimyəvi zəhərlənmə ocağı – o əraziyə deyilir ki, orada kimyəvi silahın (ZM) və ya güclü təsirli ZM (GTZM) təsiri nəticəsində buradakı ərazidə əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM-lə bilavasitə zəhərlənən əsas zonaya, ZM-in buxar və ya aerozolları yayılan ikinci zonaya aid edilir. GTZM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi resperatorlardan istifadə olunur.
Dostları ilə paylaş: |