III. ƏŞYALARIN DÖVRİYYƏSİNƏ VƏ ONUN ŞƏRTLƏRİNİN GÖZLƏNİLMƏSİNƏ NƏZARƏT
3.1. Xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə riayət olunmasına əşyaların dövriyyəsinə xüsusi icazə verən müvafiq dövlət orqanları nəzarət edirlər.
3.2. Xüsusi icazə sahiblərinin (sahibkarlar istisna olmaqla) fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğunun yoxlanılması məqsədi ilə ildə bir dəfə növbəti yoxlamalar, dövlət və yerli özünüidarəetmə orqanlarının, həmçinin hüquqi və fiziki şəxslərin əsaslandırılmış müraciətləri əsasında isə növbədənkənar yoxlamalar aparılır. Xüsusi icazə verilmiş sahibkarların fəaliyyətinin əşyaların dövriyyəsi şərtlərinə uyğunluğu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada yoxlanılır.ii
IV. ƏŞYALARIN DÖVRİYYƏSİ ÜÇÜN VERİLƏN XÜSUSİ İCAZƏNİN QÜVVƏSİNİN DAYANDIRILMASI, BƏRPA EDİLMƏSİ VƏ YA LƏĞV EDİLMƏSİ
4.1. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin qüvvəsini aşağıdakı hallarda dayandırır:
4.1.1. xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsi üçün verilmiş xüsusi icazənin qüvvəsinin dayandırılması barədə müvafiq ərizə təqdim edildikdə;
4.1.2. xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsi və bununla əlaqədar onun fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlara əməl edilmədikdə;
4.1.3. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
4.2. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin dayandırılması haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə məlumat göndərməklə xüsusi icazənin qüvvəsini dayandırır.
4.3. Əşyaların dövriyyəsi üçün xüsusi icazənin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra xüsusi icazə onun sahibinin müraciətinə və həmin halların aradan qaldırılmasını təsdiq edən sənədlərə əsasən bərpa edilə bilər. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı tərəfindən bu barədə qərar qəbul edildikdə, xüsusi icazənin qüvvəsi bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 3 gün müddətində yeni xüsusi icazə verilir.
4.4. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazəni aşağıdakı hallarda ləğv edir:
4.4.1. xüsusi icazə sahibi tərəfindən əşyaların dövriyyəsi üçün verilmiş xüsusi icazənin ləğv edilməsi barədə müvafiq ərizə təqdim edildikdə;
4.4.2. xüsusi icazənin verilməsi üçün təqdim edilən sənədlərdə saxta və təhrif olunmuş məlumat aşkar edildikdə;
4.4.3. məhkəmənin müvafiq qərarı olduqda;
4.4.4. hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs vəfat etdikdə;
4.4.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
4.5. Əşyaların dövriyyəsi üçün xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 gün müddətində yazılı şəkildə xüsusi icazənin sahibinə məlumat göndərməklə xüsusi icazəni ləğv edir. Xüsusi icazə sahibi 3 gün müddətində xüsusi icazəni onu vermiş dövlət orqanına geri qaytarmalıdır.