Sekulyarlaşma nəzəriyyəsi “Sekulyarlaşma” termini latın dilində “dünyəvi” mənasına gələn “saecularis” sözündən yaranmışdır. Tarixdə ilk dəfə “sekulyarlaşma” termini XVII əsrdə istifadə olunmuşdur. İlk vaxtlar, bu termin kilsənin torpaq mülkiyyətinin dünyəvi hakimiyyətin idarəçiliyi altına keçməsi anlamında işlədilirdi. Zamanla sekulyarlaşma anlayışı daha geniş mənalar qazandı. Sosiologiya elmində sekulyarlaşma dedikdə, cəmiyyət və fərdlərin dinin təsirində azad olunması nəzərdə tutulur. Sekulyarlaşma nəzəriyyəsinə görə, elm və texnologiyanın inkişafı, bəşəriyyətin tərəqqisi nəticəsində yer üzündə dünyəviləşmə prosesləri get-gedə güclənəcək, nəticədə din bir dünyagörüşü kimi tamamilə yoxa çıxacaqdır. Hələ Ogüst Kont (1798-1857), Karl Marks (1818- MÜASİR DÖVRDƏ DİN 197 1883), Ziqmund Freyd (1856-1939), Emil Dürkheym (1858-1917), Maks Veber (1864-1920) kimi məşhur Qərb mütəfəkkirləri iddia edirdilər ki, cəmiyyətin müasirləşməsi dindarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır.