Ümumiləşdirmə. Ümumiləşdirmə elə bir metoddur ki, onun vasitəsilə bir neçə obyektin ümumi cəhətləri bir məfhumda birləşdirilir. Məsələn, “udi xalqı”, “ingiloy xalqı” və “xınalıq xalqı” məfhumları “alban xalqları” məfhumunda ümumiləşdirilir. Obyektlərin ümumi cəhətləri onların analiz və müqayisə olunması nəticəsində əldə olunur. Ümumiləşdirmə metodu xüsusi məfhumdan ümumi məfhuma doğru yönəlmişdir. Məfhumun ümumiləşdirilməsi bir məntiqi əməliyyat kimi onun həcminin genişlənməsi, məzmununun isə daralması ilə xarakterizə olunur. Bu əməliyyat eyni zamanda məfhumun konkretliyinin azalmasına da səbəb olur. Ümumiləşdirmə metoduna əks olan metoda məhdudlaşdırma deyilir. Məhdudlaşdırma ümumi məfhumdan konkret məfhuma keçidə səbəb olan məntiqi əməliyyatdır. Bu keçid verilmiş məfhuma müəyyən əlamətləri əlavə etməklə reallaşır.