Yaddaşa görə təhlil Biz alqoritmləri təhlil etdikdə onların mürəkkəbliyini əsasən vaxta görə təhlil edəcəyik. Bununla yanaşı, hər hansı proqramın işləməsi üçün nə qədər yaddaşın tələb olunması da əsas məsələlərdən biridir. Kompüterlərin inkişafının ilkin mərhələlərində, yəni kompüterlərin yaddaşının çox kiçik olduğu vaxtlarda, bu məsələ çox prinsipial əhəmiyyət kəsb edirdi. Alqoritmlər kifayət qədər məhdud yaddaş tələb edən və ya əlavə yaddaş tələb edən alqoritmlərə bölünürdü. Əksər hallarda proqramçılar daha az sürətli alqoritmlərə üstünlük verirdilər, çünki, onlar öz sərəncamlarında olan kiçik yaddaşa qane olmalı idilər. Ona görə də proqramçılar yaddaşdan qənaətlə istifadə etmək üsulları axtarırdılar. Fərz edək ki, (-10,10) intervalında həqiqi ədədləri yazmaq lazımdır. Əksər kompüterlərdə həqiqi ədədləri yerləşdirmək üçün adətən 4-8 bayt tələb olunur. Lakin, həmin ədədi əvvəlcədən 10-a vurub tam ədədə çevirsək, onun yerləşdirilməsi üçün 1 bayt kifayət edər. Deməli, 3-7 bayta qənaət etdik. 1000 belə ədədi yadda saxlayan proqramçı 300-700 bayta qənaət edəcəkdir. Nəzərə alsaq ki, 80-ci illərdə əksər kompüterlərin yaddaşı 32 Kb və ya 64 Kb idi, onda bu qənaət çox əhəmiyyətli olur. Məhz bu qənaət və proqramların uzun ömürlülük zərurəti 2000-ci ilin probleminə gətirib çıxarmışdı. Belə ki, əgər proqramda çoxlu müxtəlif tarixlərdən istifadə olunarsa, onda ilin yazılması üçün yaddaşın yarısına qənaət etmək mümkündür. Yəni, hər yerdə 1999 əvəzinə sadəcə olaraq 99 yazsaq böyük qənaət əldə oluna bilər. Məhz 80-ci illərdə yazılmış proqramların aqibəti bu səbəbdən 2000-ci ildə acınacaqlı oldu.
Hal-hazırda kompüter yaddaşı çox böyük olduğu üçün proqramçılar yaddaşa qənaət etmirlər, bəzən sadə proqramlar çox böyük yer tutur. Bu proqramı istifadə edənlər isə vəziyyətdən çıxış yolunu əlavə yaddaş almaqda görürlər. Məhz bunun nəticəsidir ki, kompüterlər öz dövrlərindən qatqat əvvəl köhnəlir. Alqoritmlərin təhlilinin digər problemi yaddaş və sürət arasında seçim etməkdən ibarətdir.
Alqoritmi elə tərtib etmək olar ki, o, böyük həcm istifadə etməklə məsələni tez həll etsin və ya tərsinə, yavaş işləyərək az yaddaş tutsun. Buna misal olaraq ən qısa məsafə axtarışı alqoritmini göstərmək olar. Şəhərin xəritəsini şəbəkə şəklində təsvir edib iki nöqtə arasında ən qısa yolu tapmaq alqoritmini tərtib etmək olar. Hər dəfə hesabat aparmamaq üçün iki nöqtə arasındakı məsafəni cədvəl şəklində kompüterin yaddaşında saxlamaq olar. Böyük şəhərlər üçün belə nöqtələrin sayı bir neçə yüz minlərlə ola bilər. Onda bizə 10 milyarddan çox yaddaş xanası lazım gələrdi. Göründüyü kimi, bu halda seçim etmək üçün sadəcə olaraq əlavə 10 Gb yaddaş istifadə etməklə proqramı daha sürətli etmək olar.