Tərbiyə kateqoriyası milli pedaqogikada necə başa düşülür?
Tərbiyə kateqoriyasının elmdə ənənəvi anlayışı və xalq anlamı bir-birinə yaxındır: bəsləyib yetişdirmək, qidalandırıb böyütmək, öyrədib alışdırmaq xalq anlamının mahiyyətini təşkil edir.
Tərbiyə kateqoriyasının mahiyyətini Milli pedaqogika belə ifadə edir: davranışla əlaqədar olan milli və ümumbəşəri mənəvi dəyərlərin müəyyən mühitdə adamlara məqsədyönlü, planlı və mütəşəkkil aşılanması prosesi tərbiyədir.
İlkin tərbiyə məfhumu. Tərbiyə işinin nisbətən asan həyata keçirilən növü ilkin tərbiyədir. Davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən milli və ümumbəşəri mənəvi keyfiyyətlərin adamlarda məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması prosesi ilkin tərbiyədir.
Yenidəntərbiyə məfhumu. Yenidəntərbiyə tərbiyəyə nisbətən çətindir. Çünki, yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş yanlış əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat etməli, onu inandırmalı və aradan qaldırmağa çalışmalı olur. Digər tərəfdən də tərbiyəçi dəf etdiyi qüsurlu xüsusiyyətin əvəzində cəmiyyət üçün faydalı olan keyfiyyətləri uşağa aşılamaq məcburiyyətində qalır.
Görkəmli pedaqoq alim Nəsirəddin Tusi hələ XIII əsrdə yazırdı ki, insanın tərbiyəsi yaşa dolduqdan, özünü anladığı vaxtdan deyil, hələ ruşeym halında olandan başlamalıdır; ruşeym halında verilən tərbiyə hiss edilmir, bəzən ata-ana bu işə laqeyd olur. Lakin hər necə olsa da buna diqqət verilməli və yeri gəldikcə, insanın qəbul etdiyi təam da götür-qoy edilməlidir.
Dahiyanə deyilmiş fikirdi. İndi tibb elmində dönə-dönə isbat olunmuşdur ki, hamilə qadının nə yediyi, nə içdiyi, papirosa və digər narkotik maddələrə aludə olub-olmadığı, əhatə olunduğu mənəvi-psixoloji mühit gələcək körpənin səhhətinə güclü təsir göstərir.
Deməli, adamın şüurunda və ya davranışında kök salmış zərərli keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil surətdə ləğvi və onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin ona aşılanması prosesi yenidəntərbiyədir.
Dostları ilə paylaş: |