Hörmət və tələbkarlıqla əlaqədar qanunauyğunluq. Bu məsələ ilə əlaqədar müəllimləri (tərbiyəçiləri) üç qrupa bölmək olur. Birinci qrupa aid olan müəllimlər (tərbiyəçilər) tələbələrə münasibətdə yalnız hörmətə üstünlük verirlər. Belə müəllimlər güman edirlər ki, uşaqlara qarşı həlim olmaq, yumşaqlıq göstərmək, onların şəxsiyyətini nəzərə almaq faydalıdır: ciddilik, tələbkarlıq uşaqları müəllimdən (tərbiyəçidən) uzaqlaşdırır.
İkinci qrup müəllimlər (tərbiyəçilər), əksinə, pedaqoji işdə tələbkarlığı, ciddiliyi ön plana çəkirlər. Belə müəllimlər düşünürlər ki, tələbkarlıq, ciddilik uşaqları səfərbər edir, intizama alışdırır, onlara məsuliyyət hissi aşılayır.
Üçüncü qrup müəllimlər (tərbiyəçilər) eyni zamanda həm tələbkarlığın, həm də hörmətin tərəfdarıdırlar. Belə müəllimin (tərbiyəçinin) əqidəsinə görə uşaqlara, şagirdlərə, tələbələrə qarşı tələbkar olmaq və eyni zamanda onların şəxsiyyətinə hörmət etmək müəllim (tərbiyəçi) simasında birləşməlidir.
Müəllim (tərbiyəçi) mülayim, həlim, mehriban olduğu qədər də ciddi, tələbkar, kobudluqdan uzaq olan sərt olmağı bacarmalıdır.
Faktlar göstərir ki, şagirdlər (tələbələr) adətən, sonuncu qrupa aid olan müəllimləri (tərbiyəçiləri) daha çox sevirlər, belə müəllimlərin məsləhətlərinə məsuliyyətlə əməl etməyə çalışırlar. Birinci qrup müəllimlərin şagirdlərində (tələbələrində) məsuliyyətsizlik, vəziyyətdən sui istifadə halları, ikinci qrup müəllimlərin tələbələrində isə müəllimə (tərbiyəçiyə) və onun fənninə, məsləhətinə soyuqluq halları baş qaldıra bilir.
Göründüyü kimi, öyrənənlərin şəxsiyyətinə hörmət və tələb- karlıqla mənimsəmə və tərbiyəlilik arasında müəyyən asılılıq mövcuddur: müəllimin (tərbiyəçinin) şəxsiyyətində hörmət və tələbkarlıq keyfiyyətləri birləşdiyi hallarda mənimsəmə və tərbiyəlilik səviyyəsi yüksək olur. Həmin qanunauyğunluğun qanun forması belədir. Pedaqoji prosesdə hörmət və tələbkarlığın vəhdəti qanunu.
Dostları ilə paylaş: |