Təhsil pedaqoji prosesin tərkib hissəsi kimi. Təhsilin növləri və formaları
Başlıca xüsusiyyətləri nəzərə alınaraq yuxarıda təhsil məfhumuna belə tərif verilmişdi: sosial-iqtisadi həyatın tərkib hissəsi kimi, təhsil - müvafiq tədris müəssisəsində müəyyən müddətdə məqsədyönlü, planlı və mütəşəkkil öyrədilən, tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin bir halda zəruri şərti, digər halda isə nəticəsi kimi özünü göstərən, habelə milli və ümumbəşəri səciyyəli biliklər, bacarıq və vərdişlər sistemidir.
Bu cür başa düşülən təhsilin müxtəlif növləri və formaları var.
Təhsilin növləri. Təhsil ümumiləşmiş məfhumdur. Bu məfhum təhsilin bütün növlərini və formalarını özündə cəmləşdirir. Ümumi təhsil, peşə təhsili, ixtisas təhsili, təkmilləşmə təhsili, aspirantura təhsili, doktorantura təhsili, özünütəhsil və s. təhsil məfhumunun məzmununa daxildir.
Sadalanan təhsil növləri də nisbi mənada ümumi məfhumlardır. Məsələn, ümumi təhsil deyəndə ibtidai təhsil, natamam orta təhsil və ümumi orta təhsil nəzərdə tutulur. Yaxud, ixtisas təhsili məfhumuna orta ixtisas təhsili və ali ixtisas təhsili məfhumları daxildir. Sonuncu təhsil növləri də xeyli şaxələnir. Məsələn, orta ixtisas təhsilinə orta pedaqoji, orta tibb, orta mühasibat, orta rabitə, orta inşaat və s. və i.a. təhsili aiddir.
Ali ixtisas təhsilinin də növləri çoxdur. Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən ali təhsil iki pillədən ibarətdir: bakalavar pilləsi və magistr pilləsi. Bununla Azərbaycanda ali təhsil qabaqcıl ölkələrin ali təhsil strukturuna yaxınlaşdırılmışdır.
Dostları ilə paylaş: |