Pedaqoji prosesin məzmunu və məqsədi ilə əlaqədar qanunauyğunluq. Pedaqoji prosesin təşkili təcrübəsi göstərir ki, onun məzmunu və məqsədi arasında qanunauyğun asılılıq mövcuddur: pedaqoji prosesin, yəni təlim, tərbiyə, təhsil və psixoloji inkişafın qarşısında qoyulan məqsəd onun məzmununu şərtləndirir. Sovet dövründə pedaqoji prosesin, bütövlükdə tədris müəssisəsinin başlıca məqsədi sovet quruluşuna, kommunizmə sadiq olan gənc nəsl yetişdirməkdən ibarət idi. O zaman tədris müəssisəsində həyata keçirilən bütün tədbirlər, istifadə olunan dərsliklər, dərs vəsaitləri həmin məqsədə xidmət edirdi.
Hazırda vəziyyət kökündən dəyişmişdir. Azərbaycan müstəqil dövlətdir. Onun tədris müəssisələri qarşısında tamam yeni məqsəd qoyulmuşdur. Pedaqoji prosesin məzmunu da yeni məqsəd baxımından nəzərdən keçirilir. Milli və ümumbəşəri dəyərlərin gənc nəslə məqsədyönlü, planlı və mütəşəkkil aşılanması üçün Azərbaycanda tədris müəssisələrinin ali məqsədi belədir: Azərbaycan Respublikasının dövlət müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını qorumağa, Azərbaycanı dünyanın inkişaf etmiş demokratik ölkələrindən birinə çevirməyə qadir olan fəal vətəndaşlar yetişdirməkdən ibarətdir.
İndi Azərbaycanın tədris ocaqlarında aparılan pedaqoji işlərin bütün növləri, onların məzmunu həmin məqsədin icrasına yönəldilməlidir.
Pedaqoji prosesin konkret vəzifələrində də belədir. Məsələn, əgər pedaqoji prosesdə tərbiyəçinin yaxın vəzifəsi uşaqlarda düzlük və doğruçuluq, yaxud dostluq və yoldaşlıq hissləri aşılamaqdırsa, o, başqa-başqa materiallar toplayır və işdə istifadə edir: toplanan faktik materiallar birinci halda düzlük və doğruçuluğa, ikinci halda isə dostluq və yoldaşlığa aid olur. Bu cür hallarda pedaqoji prosesin səmərəsi artır.
Təəssüf ki, pedaqoji işdə bunun əksi də müşahidə olunur, keçirilən tədbirin, görülən işin məqsədi və ya vəzifəsi lazımınca dəqiqləşdirilmir, təsadüfi faktlar toplanır. Nəticədə pedaqoji tədbirin səmərəsi xeyli azalır. Qanunauyğunluq göz qabağındadır: hər bir konkret halda pedaqoji işin məzmunu onun məqsədinə və ya vəzifəsinə tam uyğun seçildikdə və təlim- tərbiyə məhz bu zəmində aparıldıqda onun səmərəsi artır.
Bu qanunuyğunluğun qanun formasında ifadəsi belədir: pedaqoji prosesin məzmununun məqsəddən asılılığı qanunu.
Dostları ilə paylaş: |