Fəlsəfəsi
Ş.V.Dehləvinin metafizik düşüncələri “Əl-Xeyr əl-kəsir”, “Fəysalat əl-vəhdət əl-vücud və vəhdət əl-şühud”, “Əl-Məktubu’l – mədəni fi hakaikı’t-tövhid” və digər əsərlərində öz əksini tapmışdır. “Hüccətulahi’l-baliğa”da o, islamın təməl prinsiplərini elmi-nəzəri təhlilə cəlb edərək, ictimai bir fəlsəfə - islamın fəlsəfəsini yaratmışdır. Məqalə sonuncu əsərin birinci cildinə əsasən yazıldığından, biz filosofun metafizik görüşlərinə qısaca nəzər salmaqla kifayətlənəcəyik.
Şah Vəliyullahın bütün fəaliyyəti və ideyaları Quran və Sünnədən qaynaqlandığı kimi, fəlsəfi düşüncələri də islam prinsiplərinə söykənir. Mütəfəkkir varlıq aləmində hər şeyin Allah Təala tərəfindən yaradıldığını qəbul edir. O, göstərir ki, aləmin meydana gətirilməsində Allaha bir-biri ilə bağlı üç keyfiyyət xasdır: birincisi, varlığı heçdən yaratması; ikincisi, bir şeyi başqa bir şeydən yaratması (məsələn, Adəmi torpaqdan, cini atəşdən yaratması kimi); üçüncüsü, aləmdə baş verən bütün hadisələri öz qoyduğu nizama tabe etməsi (1, 37-38). Bununla da müəllif Allahın həm bütün mövcud olanları yaratdığını, həm də aləmdə baş verən proses və hadisələri öz nəzarətində saxladığını, öz iradəsinə tabe etdiyini aydın şəkildə bildirir. Lakin bu fikirdən Şah Vəliyullahın insanın iradə azadlığını tam inkar etməsi nəticəsi çıxarılmamalıdır. Bu məsələdə o, islamın insanın öz əməllərinə görə Allah qarşısında məsuliyyət daşıması haqqında təliminə uyğun mövqe tutmuşdur. Mütəfəkkirə görə, Allahın sonsuz iradəsi olmuş və olacaq hər şeyi əhatə edir, bununla bərabər, onun ədaləti insana pis əməldən çəkinmə və yaxşı əmələ yönəlmə azadlığını zəruri edir. Fitrətən insanda iki qüvvə yerləşdirilmişdir: biri onu yaxşıya, digəri isə pis əmələ yönləndirir. Yaxşı və ya pis əməl arasında seçim etmək insanın üzərinə düşür (1, 63).
İnsanın iradə azadlığı və qədərə inam məsələsində də Şah Vəliyullah orta yolçudur və onun görüşləri əl-Əşərinin təlimi ilə səsləşir: mütəfəkkir Allahı külli iradə sahibi saysa da, insanın cüz’i iradə azadlığına malik olduğunu qəbul edir. Onun fikrincə, insanın öz hərəkətlərinin icrasına məcbur edilməsi fikri yanlış olduğu qədər, onun mütləq azadlığa malik olduğunu söyləmək də islama ziddir.
Şah Vəliyullah varlıq aləmində maddi dünya ilə bərabər mənəvi dünyanın da mövcudluğuna və bunların arasında sıx, pozulmaz əlaqənin olduğuna inanır. Bu məsələdə onun düşüncələri Platonun “ideyalar” haqqında təlimi ilə səsləşir. Mütəfəkkirə görə, maddi dünyanın bütün varlıq və hadisələri əvvəlcə mənəvi aləmdə təzahür edir, sonra zaman və məkan içində mövcud olur və “orada necə idisə, maddi varlıq aləmində də eynilə olur” (1, 41).
Filosofun materiya, zaman və məkan haqqında fikirləri də maraqlıdır. O, materiyanı zaman və məkanın zahiri şəkli kimi səciyyələndirir və buna görə də onun yalnız zaman və məkan çərçivəsində dərk oluna biləcəyini vurğulayır. Şah Vəliyullaha görə zaman və məkan da bir-birindən ayrılıqda dərk oluna bilməzlər, çünki onlar iki ayrı kateqoriya deyil, vahid zaman-məkan kateqoriyasıdır. Bütün yaradılmışlar kimi zaman və məkanın da əvvəli və sonu vardır (7, 360).
Şah Vəliyullahın dünyagörüşünə sufilik fəlsəfəsinin, xüsusən də əl-Qəzalinin (öl.1111) və İbn Ərəbinin (1240) təlimlərinin böyük təsiri olmuşdur. Və o, digər məsələlərdə olduğu kimi, sufilik fəlsəfəsində də iki məşhur konsepsiyanı – vəhdəti-vücud və vəhdəti-şühudu barışdırmağa çalışmışdır. Bir çox müasirlərinin bu iki konsepsiyanı barışmaz hesab etmələrinə baxmayaraq, Dehləvi ilk mütəfəkkirdir ki, İbn Ərəbi ilə Şeyx Əhməd Sirhindinin (öl. 1624; daha çox İmam Rəbbani adı ilə məşhurdur) təlimlərini bir araya gətirir və onların arasındakı fərqin önəmsiz olduğunu, metafizik məsələlərə yansıtmadığını, hər iki filosofun eyni həqiqəti ayrı-ayrı şəkildə izah etdiklərini yazır (ətraflı bax: 7, 356-360).
Əvvəldə vurğuladığımız kimi, Ş.V.Dehləvinin mühüm xidmətlərindən biri təşri fəlsəfəsini – islam şəriətinin fəlsəfəsini yaratmasıdır. O, cəmiyyətin sosial-siyasi və iqtisadi inkişafına dair görüşlərini islamın əxlaq və mədəniyyət sisteminə uyğun şərh edərək, ictimai bir fəlsəfə yaratmışdir. Filosof sosial, əxlaq və din sistemləri arasındakı münasibətləri şəriətin ruhuna uyğun araşdıraraq, bu sistemlər içərisində insanın yerini müəyyənləşdirməyə çalışmışdır. Onun qənaətinə görə, insan xoşbəxtliyinin fərdi və ictimai olaraq iki yönü vardır: birincisi, insanın Allahla olan fərdi münasibəti; ikincisi isə, insanın digər insanlarla olan münaslbəti. İslam dini insanın şəxsi etiqadına, fərdin Allahla münasibətinə böyük önəm verir. Amma islam insanı həm də icmanın, toplumun üzvü kimi dəyərləndirir və onun üzərinə böyük məsuliyyət qoyur. Bundan çıxış edən mütəfəkkir insan xoşbəxtliyini toplumun vəziyyətilə, sosial ehtiyaclar və onların təmin olunması üçün vacib olan müəssisə və institutların fəaliyyətilə sıx əlaqədə götürür. O, insanların çoxsaylı ehtiyac və istəklərinin olduğunu və bunların qarşılanması üçün isə fərdlərin qarşılıqlı münasibətlərinin və bu münasibətlər zəminində cəmiyyətin və müəyyən normaların formalaşmasının zəruriliyini əsaslandırır (1, 127-139).
İnsanların ehtiyacları və onların qarşılanması məsələsini Şah Vəliyullah irtifaqlar (ərəbcə hərfən yardım etmə, yoldaşlıq, səmərəli istifadə deməkdir) anlayışı ilə ifadə edir. Tədqiqatçılar onun fəlsəfəsində bu anlayışı müxtəlif mənalarda şərh edirlər; məsələn, yardımlaşma və münasibətlər, sosial ehtiyaclar və ictimai qurumlar, insan münasibətləri, mərhələ və s. “Hüccətulahi’l-baliğa”nın Türkiyə türkcəsinə tərcüməsində irtifaqlar ehtiyaclar və bunların qarşılanması kimi mənalandırılır. Zənnimizcə, irtifaqlar anlayışı mütəfəkkirin təqdimatında bu mənaların hamısını ehtiva edir. Çünki Şah Vəliyullah “Hüccətulahi’l-baliğa”nın “İrtifaqlar” adlandırdığı bölümündə dil, cəmiyyət, dövlət, siyasət, idarəçilik, ailə, hüquq, ədalət, əxlaq və s. məsələləri araşdırır və irtifaqlar anlayışı ilə insanların bir-birilə qarşılıqlı yardımlaşmalarını, bir-birindən faydalanaraq iş birliyi yaratmalarını, bununla da möhkəm, ölçülü və nizamlı mədəni həyat qurmaq üçün birgə faydalı işlər görmələrini nəzərdə tutur.
Şah Vəliyullah “Hüccətulahi’l-baliğa”da insanların zəruri ehtiyaclarını və onların qarşılanması ilə ilgili institut və qurumları səciyyələndirir. İlk olaraq insanın öz məramını ifadə edə bilməsi vasitəsi olan dil haqqında fikir bildirir. Mütəfəkkir dili zamanla dəyişərək təkmilləşən, yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətin inkişafında önəmli yer tutan bir amil kimi dəyərləndirir. Bunun ardınca o, digər ehtiyacların təmin olunması yollarından bəhs edir və bu sırada əkinçilik, sənətkarlıq və inşaat sahəsində fəaliyyəti, əmtəə mübadiləsi, ailə institutunun formalaşması kimi məsələləri incələyir. Şah Vəliyullaha görə, əkin əkib-becərmək, suvarma şəbəkəsi yaratmaq, heyvanları əhlilləşdirmək və onlardan (ətindən, südündən, dərisindən və s.) istifadə etmək qida ehtiyaclarını qarşılamaqda önəmli fəaliyyətlərdəndir; sənətkarlıq insanların həyati ehtiyaclarını təmin etməyin vacib yollarındandır; insanları qışın soyuğundan və yayın istisindən qorumaq üçün təbii sığınacaqlardan istifadə etmək və zamanla evlər tikmək ehtiyacları qarşılamaq üçün vacib şərtlərdəndir (1, 133-134).
Filosof sosial sistemi inkişaf prosesində götürərək, təbii ehtiyacların (yemə, içmə, isti və soyuqdan qorunma, cinsi əlaqədə olma və s.) təmin olunmasının yeni ehtiyaclar doğuracağı nəticəsinə gəlir və dövlətçilik institutunun meydana çıxmasını da bu baxış bucağından izah edir. Şah Vəliyullahın əsaslandırmasına görə, insanlar qarşılanması vacib olan ehtiyac və istəklərə görə eyni olsalar da, təbiətcə fərqlidirlər ki, bu da fərdlərarası münasibətlərdə, yardımlaşma və işbirliyində xoşa gəlməyən halların (haqq və hüququn inkarı, məsuliyyətdən boyun qaçırma, paxıllıq, xəsislik və s.) ortaya çıxmasını şərtləndirir. Belə halları önləmək və ya nizamlamaq üçün insanlar zəruri olaraq idarəçilik qurumuna ehtiyac hiss etmişlər. Mütəfəkkirin fikrincə, dövlət sosial ədalətin bərqərar olmasında ən başlıca rol oynamalıdır. İnsanların asayiş və təhlükəsizliyini təmin etmək, zülm və fəsadların (adam öldürmə, döymə, oğurluq, xalqı üsyana qaldırma, zina və s.) qarşısını almaq, rüşvət və qumar kimi sosial bəlaları, ticarətdə pis vərdişləri (çəki və ölçüdə aldatma, ehtikarlıq, mallarda qüsuru gizlətmə və s.) önləmək və aradan qaldırmaq dövlətin əsas vəzifələrindəndir (1, 152-153). Bunlarla yanaşı, dövlət toplumu inkişafa və xoşbəxtliyə aparacaq yol və vasitələr tapmalı və tətbiq etməlidir. Şah Vəliyullaha görə, dövlətin fəaliyyətində və sosial nizamın tənzimlənməsində müxtəlif peşə və ixtisasların xalq arasında müəyyən nisbətdə paylanmasına nəzarət mühüm yer tutmalıdır. Onun müşahidə və araşdırmalar əsasında gəldiyi qənaət bundan ibarətdir ki, peşə və sənət sahələri xalq arasında düzgün bölüşdürülməsə, toplumun sosial-iqtisadi həyatında geriləmə baş verəcəkdir. Məsələn, xalqın böyük əksəriyyətinin ticarətlə məşğul olması kənd təsərrüfatının geriləməsinə yol açacaq. Yaxud da çoxluq hərbi işlərə meyl edərsə, geriləmə həm ticarətdə, həm də kənd təsərrüfatında özünü göstərəcəkdir (1, 153).
Ş.V.Dehləvi sosial ədalət prinsipləri üzərində qurulmuş və iqtisadi baxımdan güclü bir sistemi xalqın rifah və xoşbəxtliyinin əsas meyarlarından biri kimi təqdir edir. Belə bir sistem islamın təbliğ etdiyi prinsiplərə də uyğundur. Dövlət belə bir sistem qurub onu yaşada bilmədiyi halda tənəzzülə məhkumdur. Mütəfəkkir bu baxış bucağından və öz dövrünün şərtlərindən çıxış edərək, dövlətin çöküşünün iki əsas səbəbini göstərir: birincisi, dövlət xəzinəsinin talan olunması – bu bir qisim insanın dövlət büdcəsindən mütəmadi maddi yardım alması nəticəsində baş verir. Bu insanların sırasında xəzinədə haqqı olan hərbçilər və elm adamlarından başqa dövlət adamlarının mükafatlandırdığı şairlər, zahidlər və dilənçiliyi adət halına gətirən tüfeylilər də var. İkincisi, kəndlilərin, tacirlərin və digər peşə sahiblərinin üzərinə ağır vergilərin qoyulması. Bu hal bir tərəfdən verginin ödənilməsinin mümkünsüzlüyünə, digər tərəfdən isə iqtisadiyyatın geriləməsinə səbəb ola bilər; yaxud da bəzilərinin vergidən yayınması, ya da üsyana qalxması ilə nəticələnə bilər (1, 154-155). Nəticədə ölkə tənəzzülə uğrayar. Buna görə də filosof dövlətin belə halların qarşısını almasını zəruri sayır.
Şah Vəliyullah insanların yaşayış səviyyəsində, maddi durumunda da orta yolu tövsiyə edir. O, nə aşırı maddi rifahı, nə də yoxsulluq və səfaləti təqdir etmir. Mütəfəkkirin fikrincə, maddi rifahın yaxşı tərəfi ilə yanaşı pis tərəfi də var: aşırı mal-mülk, var-dövlət düşkünü olanların mənəvi saflığı pozulur, onlar gözəl əxlaq prinsiplərindən uzaqlaşırlar. Lakin Şah Vəliyullah dünya nemətlərindən imtina etməyi də düzgün saymır və Allahın kasıbları sevdiyinə dair müsəlmanlar arasında kök salmış fikrin də yanlış olduğunu əsaslandırır. İslam insan həyatının hər iki dönəminə (dünya və axirət həyatı) eyni səviyyədə yanaşılmasını təbliğ edir, var-dövlət hərisi olub nəfsini axirət üçün saflaşdırmamağı məqbul saymadığı kimi, dünya malından əl çəkmək, gözəlliklərdən üz çevirmək kimi davranışları da təqdir etmir. Ehtiyacların qarşılanmasına laqeyidlik göstərmək Allahın məmnun qaldığı bir şey deyildir. Buna görə peyğəmbər də dünya nemətlərindən əl çəkərək özünü ibadətə həsr etmək istəyən kəslərə qarşı çıxmışdır. Ən yaxşısı orta yoldur. İslamın da təbliğ etdiyi “dəngəli bir həyat tərzinin əsas alınmasıdır” (1, 188; 385).
Şübhəsiz ki, bir məqalədə Ş.V.Dehləvi kimi böyük düşüncə sahibinin fəaliyyətini və dünyagörüşünü yetərincə təhlil etmək və dəyərləndirmək mümkün deyil. Amma hesab edirik ki, bu məqalə ilə tədqiqatçıların diqqətini Şah Vəliyullaha yönəldə bilərik.
Nəticə
Şah Vəliyullah bütün məsələlərin şərhində - istər sosial-siyasi olsun, istər iqtisadi, istərsə də mənəvi – islam prinsiplərinə əsaslanmışdır. O, islamı insana yalnız fərdi deyil, həm də sosial yöndən yanaşan, bütün sosial münasibətləri və fəaliyyətləri nizama salan həyati sistem kimi dəyərləndirmişdir. Mütəfəkkir islamın dini-əxlaqi və sosial-iqtisadi əsaslarını bir bütün olaraq nəzərdən keçirmiş, islam alimləri içərisində ilk dəfə olaraq əxlaq elminin iqtisad elmi ilə sıx bağlılığını əsaslandırmışdır. Və onun gəldiyi nəticəyə görə bu bağlılığın pozulması, yalnız iqtisadiyyat sahəsinə və əxlaqi dəyərlərə deyil, bütünlükdə insan münasibətlərinə, mədəniyyətə və normal həyata mənfi təsir göstərər.
Ş.V.Dehləvi bütün fəaliyyəti və yaradıcılığı boyu barışdırıcı, ortayolçu mövqe sərgiləmişdir. O, islam hüququ ilə hədisi uzlaşdırmağa çalışmış, ana hüquq məktəblərinə yanaşmasında, ictihad və təqlidə münasibətində “qızıl orta”nı tapmağa səy göstərmişdir. Mütəfəkkir həmçinin o zamanlar Hindistanda çox yayılmış sufi təriqətlərini (qadiriyyə, nəqşbəndiyyə, çiştiyyə), vəhdəti-vücud və vəhdəti-şühud kimi təzadlı təlimləri bir araya gətirməyə çalışmışdır. Onun əsas məqsədi islamın tamlığını, bütövlüyünü özünə qaytarmaq olmuşdur. Bununla da demək olar ki, Şah Vəliyullahın bütün səyləri müsəlmanları bir sırada birləşdirməyə yönəlmişdi.
Mütəfəkkir islami elmləri dirçəltməsinə, canlandırmasına görə “Hindistanın Qəzalisi” adını almış, zərərli bidətlərə açdığı savaşa görə isə İbn Təymiyyə səviyyəsində alim kimi dəyərləndirilmişdir.
Şah Vəliyullah zamanını qabaqlayan, islahatçı və yenilikçi bir düşüncə sahibi, saf islama dönmək yolunda mücahid idi. Buna görə də onu Yeni dövr islam islahatçılığının və modernizminin qurucularından hesab etmək olar.
Dostları ilə paylaş: |