4.4.Bitməmiş istehsalın qiymətləndirilməsi və uçotu
Bitməmiş istehsala o məhsullar aid edilir ki, onlar istehsal prosesində müəyyən olunmuş bütün mərhələlərdən keçməyib, hazır məhsul kimi istehsalı başa çatmayıb, müəssisənin texniki nəzarət şöbəsi tərəfindən qəbul olunmayıb və sifarişçiyə göndərilməmiş yaxud təhvil verilməyib. Bu kimi məhsullara sərf olunan məsrəflər bitməmiş istehsal məsrəfləri adlanır.
Hesabat dövründə hazır məhsulların istehsalına sərf olunmuş məsrəfləri müəyyən etmək üçün, onlara sərf olunmuş məsrəfləri bitməmiş istehsal məsrəflərindən ayırmaq lazımdır. Çünki istehsal prosesində ay ərzində həmin məhsulların məsrəflərinin uçotu birlikdə aparılır.
Ay ərzində bitməmiş istehsalın həcmini müəyyən etmək üçün həmin dövrdə yaranmış detalların, hissələrin və s. bitməmiş istehsalın uçotu aparılmalı, onların qalığı müəyyənləşdirilməlidir. Bir qayda olaraq müəssisə sexlərində bitməmiş istehsalın operativ uçotunu sexin dispetçer xidməti işçiləri aparır və daimi olaraq istehsaldan keçən detalların aparılan əməliyyatlar üzrə uçotu müəyyən olunmuş standart kartoçkalarda əks olunur.
Lakin, bitməmiş istehsalat haqqında əsas məlumat hər ayın sonunda aparılan inventarlaşma əsasında müəyyən olunur. İnventarlaşma müəssisənin mühasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olunması üsulu olub, bitməmiş istehsalat üzrə bütün əməliyyatları, onların düzgün aparılmasını müəyyənləşdirir. Bitməmiş istehsalın inventarlaşdırılması sexin inventarlaşma komissiyası tərəfindən, dispetçer bürosunun, mühasibatlığın, sahə ustasının iştirakı ilə aparılır.
Bitməmiş istehsalın inventarlaşmasını apararkən aşağıdakıları müəyyən etmək vacibdir:
- istehsalda faktiki mövcud olan işlərin, detal və hissələrin, yığılması başa çatmamış məhsulların qalıq miqdarını müəyyən edilməsi;
- istehsal prosesin faktiki olaraq başlanmış, lakin qurtarmamış istehsalatların müəyyənləşdirilməsi;
- ləğv olunmuş sifarişlər üzrə bitməmiş istehsal qalığını və sifarişlər üzrə icrası dayandırılmış əməliyyatlar üzrə qalığın müəyyən edilməsi.
İstehsalın xüsusiyyətindən asılı olaraq inventarlaşma başlamazdan əvvəl sexdə qalan bütün lazım olmayan materiallar, alınmış hissələr və yarımfabrikatlar və istehsalı tam başa çatmamış detallar, hissələr, qurğular anbara təhvil verilməlidir.
İnventarlaşma nəticəsi üzrə akt hər bir sex, sahə və bölmə üzrə ayrılıqda tərtib olunmaqla yanaşı, qalıqda olan bütün bitməmiş istehsalat və digər məhsullar üzrə görülməsi tələb olunan bütün işlər və əməliyyatlar göstərilməlidir.
Sexdə iş yerində olan emaldan keçməmiş xammal və materiallar, alınmış yarımfabrikatlar bitməmiş istehsalat üzrə inventarlaşdırma sisteminə daxil edilmir və ayrı aktla sənədləşdirilir.
İnventarlaşdırmanın aparılmasında çox vacib məsələlərdən biri bitməmiş istehsal qalığının həcminin düzgün müəyyən olunmasıdır, çünki hazır məhsulun maya dəyərinin hesablanması bu göstərici ilə bilavasitə əlaqədardır. Belə ki, hazır məhsulun maya dəyərini hesablamaq üçün ayın əvvəlinə olan bitməmiş istehsal məbləğinin üzərinə ay ərzindəki məsrəflər əlavə olunur və həmin məbləğdən ayın sonuna olan bitməmiş istehsal qalığı çıxılır. Bununla da bitməmiş istehsalın qalığı üzrə səhvlərə yol verilməsi buraxılan məhsulun maya dəyərinin düzgün hesablanmaması ilə nəticələnə bilər.
Bitməmiş istehsalat emalı başa çatmamış və hazır məhsulların tərkibinə daxil olmayan detallar, yarımfabrikatlar nəzərə alınmaqla faktiki maya dəyəri ilə qiymətləndirilir. Bitməmiş istehsalın qiymətləndirilməsi zamanı birbaşa xərclərin müəyyən edilməsi əsas ölçü vahidi hesab olunur. Birbaşa xərclər (materiallar, əmək haqqı) hər bir kalkulyasiya obyekti üzrə mövcud olan normalar əsasında hesablanır.
Bitməmiş istehsal üzrə aparılan inventarlaşdırma nəticəsində əksik və artıq gəlmə müəyyən olunarsa bütün səbəblər araşdırlmalı, təqsirkar şəxslər müəyyən olunmalı və müvafiq təkliflər hazırlanmalıdır. Əskik və artıq gəlmə müəyyən olunduqda mühasibat uçotunda aşağıdakı mühasibat yazılışları aparılır:
- müəyyən olunmuş ümumi əskik gəlmə məbləği üzrə 84 «Sərvətlərin əskik gəlməsi və xarab olmasından itkilər» hesabının debeti, 20 «Əsas istehsalat» və 23 «Köməkçi istehsalatlar» hesablarının kredit;
- sex işçilərinin təqsiri üzündən müəyyən olunmuş əskik gəlmələr 73 «Sair əməliyyatlar üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının 73/3 «Maddi zərərin ödənməsinə görə hesablaşmalar» subhesabının debetinə və 84 «Sərvətlərin əskik gəlməsi və xarabolmasından itkilər» hesabının krediti;
- təqsirkar şəxs müəyyən olunmadıqda əskik gəlmələr 25 «Ümumi istehsalat xərcləri» və 26 «Ümumtəsərrüfat xərcləri» hesablarının debeti və 84 «Sərvətlərin əskik gəlməsi və xarabolmasından itkilər» hesabının krediti;
- artıq müəyyən olunduqda 20 «Əsas istehsalat» hesabının debeti və 80 «Mənfəət və zərərlər» hesabının krediti.
Dostları ilə paylaş: |