Müqəddimə Məqalənin əsas hissəsi



Yüklə 75,19 Kb.
tarix28.04.2017
ölçüsü75,19 Kb.
#16036


Azərbaycanın rayonları üçün bölgə kolleci kompleksinin/Klasterinin yaradılması

Əhməd Vəliyev, Hamlet İsaxanlı, Məhəmməd Nuriyev, Mirdaməd Sadıqov və Ruslan Sədirxanov
Azərbaycanın rəqabət qabiliyyətli inkişafı və müasirləşdirilməsi strategiyasına dəstək məqsədilə
Müqəddimə

Məqalənin əsas hissəsi Çin, Hindistan, ABŞ, Braziliya və Vyetnam kimi bir sıra ölkələrin uğurlu təcrübəsi əsasında Bölgə Kolleci (Community College) modelinin Azərbaycanın rayonları (bölgələri) üçün hazırlanması, uyğunlaş­dırılması və həyata keçirilməsidir.

Aşağıdakı proqramlar məqaləyə mühüm təsir göstərmişdir:

"Azərbaycan gəncləri 2011-2015-ci illərdə" Dövlət Proqramı;

"2011 -2021 -ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə milli strategiya";

"2009-2013-cü illərdə Azərbaycan Respublikasının bölgələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı".

Məqalənin əsas məqsədi: Azərbaycanın xüsusiyyətləri nəzərə alınmaqla ali təhsil almaq imkanlarının genişləndirilməsi və onun mərkəzsizləşdirilməsi, təhsilxidmətlərinin keyfiyyətinin və çeşidinin artırılması, həmçinin ölkənin bölgələrində daha yüksək rəqabət qabiliyyətinə nail olunması üçün praktiki tədbirlərin görülməsinə köməklik göstərilməsi.
§1. Şəraitin təhlili və əsas məqsədin əsaslandınlması
2010-cu ildə Azərbaycanda ali təhsil almaq imkanlarına dair bəzi statistik məlumatlar aşağıdakı kimidir:

Ölkə əhalisi 9,1 mln nəfər olmuş-du. Ümumi Daxili Məhsul (ÜDM) cari qiymətlərlə - 51 968 400 000 ABŞ dolları təşkil etmişdi. Cari dövrün qiymətləri ilə adambaşına düşən ÜDM-in payı 5704 ABŞ dolları və ya ayda orta hesabla 475,3 ABŞ dolları olmuşdu, aylıq orta maaş 406 ABŞ dolları olmuşdu.

Ölkədə 51 ali məktəb fəaliyyət göstərmişdi ki, onlardan 35-i dövlət və 16-sı isə özəl mülkiyyətdə idi. Bu universitetlərin əksəriyyəti paytaxt Bakıda yerləşir (yalnız nisbətən 8 kiçik universitet paytaxtdan kənardadır).

Orta məktəbi bitirmiş 98622 şagirddən 29904-ü universitetlərə daxil olmuşdu. Beləliklə, orta təhsili başa vurmuş şəxslərin ümumi sayının 70%-ə qədəri ali məktəbdən kənarda qalmışdır. İnkişaf etmiş ölkələr isə ali təhsildən kənarda mümkün qədər az adam qalmasına çalışır: müasir iqtisadiyyatın bilik və texnologiya üzərində qurulması ali təhsildə həlledici rol ayırır.

Ölkədə ali məktəb tələbələrinin sayı 140241 nəfər olmuşdu. Tələbələrin sayının əhalinin hər 10000 nəfərinin sayına olan nisbəti 156 nəfər idi. İnkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrlə müqayisədə Azərbaycan kimi sürətlə inkişaf edən ölkə üçün bu nəticə aşağı göstəricidir. 31071 tələbə ali təhsili başa vurmuşdu ki, bu da əhalinin 10000 nəfərinin sayına ali təhsilli 35 məzun-mütəxəssis düşdüyünü göstərir. 2055 tələbə Dövlət Proqramı hesabına xaricdə təhsil almışdı.

2011-ci ildə dövlət büdcəsinin xərcləri 16 000 000 000 ABŞ dolları təşkil etmişdi, o cümlədən:

Təhsilə çəkiləcək xərclər 1673170653 ABŞdolları, yəni büdcə xərclərinin 10,5% və ya cari qiymətlərlə ÜDM-in 3,2%-ni təşkil etmişdi: bu, adambaşına 184 ABŞ dolları təşkil edir.

Texniki peşə və orta ixtisas təhsilinə çəkiləcək xərclər 90 971 166 ABŞ dolları olmuşdu: bu, adambaşına 10 ABŞ dolları təşkil edir.

Ali təhsilə çəkiləcək xərclər 156 615 411 ABŞ dolları, yəni büdcə xərclərinin 0,98% və ya ÜDM-in cari qiymətlərlərlə 0,3%-ni təşkil etmişdi; bu, adambaşına 17 ABŞ dolları təşkil edir.

Beləliklə, üçüncü pillə təhsilinə (üçüncü pillə təhsili ali təhsili və tam orta təhsildən sonrakı bütün təhsil növlərini əhatə edir) çəkiləcək xərclər 247 586 577 ABŞ dolları təşkil etmişdi; bu, adambaşına 27 ABŞ dolları təşkil edir.

Ölkədə ali təhsil almaq prosesinə əhalinin geniş kütlələrinin cəlb edilmə­sinin aşağı səviyyədə olmasının əsas səbəbləri arasında bunları qeyd etmək olar:

■ ölkə rayonlarında əhalinin nisbətən azgəlirli təbəqələrinin çoxluq təşkil etməsi;

■ universitetlərin daha çox Bakı şəhərində cəmləşməsi; əhalinin əksəriyyəti üçün universitetlərin coğrafi uzaqlığı və bu faktor ali təhsil almaq imkanını daha da bahalaşdırır.
Beləliklə, mövcud problemin mahiyyəti ondadır ki, istər maliyyə, istərsə də coğrafi baxımdan, universitet təhsili ölkə rayonlarının əhalisinin əksəriyyəti üçün
hələ də tam əlçatan deyildir.

Bu ikili problemi Azərbaycanın təhsil mühitinin rəqabət qabiliyyətini zəiflədən problem kimi nəzərdən keçirmək lazımdır. Bu problem digər ölkələrdə necə həll olunur? (Daha təfsilatlı məlumat üçün Ədəbiyyatda [1-9] baxın). Azərbaycan üçün, aparıcı iqtisadi liderlər sırasına aid edilən Çin, Hindistan, ABŞ və digər ölkələrdə əlçatan ali təhsilin inkişaf təcrübəsi xüsusi maraq kəsb edir. Bu ölkələrdə ali təhsili ikiillik kolleclər (Bölgə Kollecləri) və universitetlər vasitəsilə alırlar. Bir çox tələbə üçüncü kursdan etibarən bakalavr dərəcəsi almaq üçün universitetlərə köçürülməkdən öncə, ikiillik kolleclərdə assosiativ dərəcə əldə edirlər (bu ikillik kolleclər universitetlərdəki birinci iki ildəki təhsilin proqramını və ya onun mühüm hissəsini əhatə edir). Bölgə Kolleci missiyasının düzgün anlaşılması Azərbaycan üçün vacibdir. Burada onu qeyd etməliyik ki, "Birləşmiş Ştatlarda ikiillik kolleclərin tarixi-missiyası, çox az sayda başqa imkanları olan, azgəlirli ailələrdən çıxan orta məktəb məzunlarını tam orta təhsildən sonrakı təhsillə təmin etməkdən ibarətdir".




Bölgə Kollecinin sxematik strukturu və onun fəaliyyəti
Bölgə Kollecinin hər hansı universitet və ya universitetlərlə əlaqəsi olmalıdır. Universitetlərlə əlaqənin olmasının əsas məqsədi ondadır ki, o, Bölgə Kollecinə təhsilin birinci və ikinci ili ərzində onların proqramlarından, tədris texnologiyası və insan qaynaqlarından istifadə etmək hüququ verir. Bölgə Kollecinin təklif etdiyi xidmətlərin dörd əsas növü aşağıdakılardan ibarətdir:

Xidmətlərin birinci növü əlaqəli universitet(lər)in kreditlərini və müvafiq proqramlarını əhatə edən ikiillik baza təhsili tələb olunan kreditlərin hamısını mənimsəmiş kollec məzunu assosiativ diplom/subbakalavr diplomu və əldə etdiyi ixtisas üzrə sertifikat alır. Bu diplom məzuna bakalavr dərəcəsi almaq üçün əlaqəli universitetin uyğun proqramı üzrə qazanılmış kreditləri nəzərə almaqla, təhsilini davam etdirmək hüququ verir (ən yaxşı halda həmin universitetin üçüncü kursundan etibarən).

Xidmətlərin ikinci növü (qısamüddətli) ayrı-ayrı fənlər/istiqamətlər üzrə kurslar və seçilmiş ixtisas üzrə təhsil. Təhsili başa vurduqdan sonra, məzunlar dinlədikləri kursiar üzrə (imtahan nəticələri nəzərə alınmaqla) müvafıq sertifikat və əldə etdikləri ixtisas üzrə sertifikat əldə edirlər.

Xidmətlərin üçüncü növü (qısamüddətli) yalnız müvafiq sertifikatla təsdiq olunan ixtisas təhsili.

Xidmətlərin dördüncü növü (qısamüddətli) müvafiq sertifikatla təsdiq edilən, təhsil səviyyəsinin artırılması və ya yeni bilik sahəsi üzrə təhsil.

Ölkəmizdə sovet nümunəli iki və üçillik texnikumların adları mexaniki olaraq kolleclərlə əvəz edilib və bu da çaşqınlıq yaradır. Onu qeyd etmək kifayətdir ki, ali təhsil almaq üçün Azərbaycan texnikum-kolleclərinin məzunları universitetin birinci kursuna daxil olmalıdırlar. Bu isə ali təhsil baxımından onların statusunu orta məktəblə eyniləşdirir, əslində isə onlar orta məktəblə ali məktəb arasında bir statusa malik olmalıdırlar.

Bölgə Kollecinin təklif edilən modelinin həyata keçirilməsi üçün mümkün olan sxem Azərbaycanın mövcud qanunlarını və Bolonya Prosesi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmur. Bu sxem iki hissədən ibarətdir:

Birinci hissə abituriyentlər üçün ümumi dövlət test imtahanlarından ibarətdir; hər hansı universitetlə assosiativ (əlaqəsi) olan Bölgə Kollecinə daxil olmaq istəyənlər müvafiq qrafada həmin universiteti qeyd edirlər. Test imtahanın uğurla keçdikləri halda, müvafiq universitetdə sənədləri rəsmiləşdirərkən, onlar alacaqları təhsilin formatını qeyd edirlər (sözügedən halda bu, Bölgə Kolleci olacaq). Beləliklə, abituriyent bu Bölgə Kollecinin tələbəsi olur.

İkinci hissə aşağıdakı zəruri təşkilati məsələlərin həllindən ibarətdir. İlk öncə, assosiativ (əlaqəli) universitetin birinci və ikinci kurslarının təhsil proqramı əsasında Bölgə Kolleci üçün xüsusi proqram olmalıdır, bu proqrama tələbələrə universitetin uyğun pilləsində (toplanılmış kreditlərdən asılı olaraq - ən yaxşı halda üçüncü kursda) təhsili davam etdirməyə imkan verəcək bütün zəruri fənlər və kreditlər daxildir. Bölgə Kollecində ikiillik təhsili başa vurduqdan sonra məzun əlaqəli universitetdən müvafiq sənəd alır ki, onu da seçdiyi sahə üzrə as-sosiativ dərəcə diplomu adlandırmaq olar. Digər tərəfdən, dünya təcrübəsinə əsaslanaraq, konkret ixtisas əldə etmək üçün praktiki məşğələlər əsasında icbari ixtisas təhsili də təklif olunacaqdır; mü-vafiq imtahanları uğurla vermiş tələbə seçdiyi ixtisas üzrə setifikat alacaqdır. Beləliklə, Bölgə Kollecinin məzunları kolleci bitirdikdən sonra konkret ixtisas/ peşə əldə edəcək və assosiativ (əlaqəli) universitetin uyğun pilləsində təhsillərini davam etdirmək imkanı qazanacaqlar.

Bu sxem üzrə ölkənin müxtəlif yerlərində Bölgə Kollecləri yaratmaq olar ki, onlar da öz fəaliyyətlərini ölkənin bir və ya bir neçə universiteti ilə birləşmə müqaviləsi əsasında həyata keçirəcəklər. Bu, müxtəlif universitetlərlə birləşmə haqqında müqaviləsi olduğuna görə, kollecin təklif etdiyi təhsil xidmətlərinin uyuş-qanlığını və çeşidlərini əsaslı surətdə gücləndirəcək. Ölkənin ali təhsil almaq imkanlarının genişləndirilməsi üçün xeyli dərəcədə əlavə dəstəyə ehtiyacı olduğu mərkəzdən uzaqda yerləşən rayonları üçün Bölgə Kolleci modelinin reallaşması xüsusi maraq kəsb edir.

Bölgə Kollecinin üstünlüyü həm xeyli dərəcədə azaldılmış təhsil xərcləri, həm də tələbələrin yaşayış yerlərinə yaxınlığı olacaqdır. Ölkə əhalisinin ənənə və təfəkkürünü nəzərə alaraq sonuncu amil qız abituriyentlər üçün xüsusi əhəmiyyət kəsb edir, çünki valideynləri çox vaxt onları uzaq şəhərlərə oxumağa göndərmək istəmirlər. Burada qeyd etmək lazımdır ki, bir qayda olaraq, Bölgə Kollecinin fəaliyyəti universitetin fəaliyyətindən daha ucuz başa gəlir. Bu, ilk növbədə, onunla əlaqədardır ki, bu cür kolleclərdə ali təhsiiin bahalı tərkib hissəsi olan genişmiqyaslı elmi tədqiqat işi yoxdur. Onu da vurğulayaq ki, bir qayda ola-raq, tələbələrin elmi-tədqiqat işinə cəlb edilməsi üçüncü kursdan tez başlamır. Nəhayət, bu kollecin xüsusi üstünlüyü bir də o faktdır ki, onu bitirdikdən sonra işə düzəlib təhsili davam etdirmək üçün pul qazanmaq mümkündür.

Bölgə Kollecinin miqyası və onun təhsil proqramları, ixtisasları və müəllim kadrları yerli tələbləri və yerli sahibkarlıq mühitinin inkişaf xüsusiyyətləri nəzərə alınmaqla, maksimum dərəcə praqmatik olaraq əlaqələndirilməlidir. Hərtəhsil növü onun aparıldığı məqsədlər baxımından iqtisadi cəhətdən əsaslandırılmalıdır: sərf edilmiş pullar və vaxt kollec məzunlarının seçdikləri ixtisas üzrə gələcəkdə işə düzəlməsinin konkret tələblərinə cavab verməlidir.

Dünyanın digər ölkələrində də olduğu kimi, Azərbaycan Respublikası əhalisinin də əksəriyyətini azgəlirli insanlartəşkil etdiyini nəzərə alsaq, Bölgə Kolleci sisteminin inkişafı ölkənin bütün vətəndaşlarına ali təhsil almaq üçün ədalətli imkan yaratmaq prosesinə xeyli dərəcədə köməklik göstərəcəkdir. Bundan başqa, qeyd etmək lazımdır ki, informasiya və texnologiya sahəsində əldə olunmuş tərəqqi sayəsində, bu sahənin texniki nailiyyətlərinə yönəlmiş və ya əhəmiyyətli dərəcədə onlardan istifadə edən istənilən ali təhsil növü hər 5-7 ildənbir köhnəlir. Buna görə də əmək bazarında rəqabət qabiliyyətini saxlamaq üçün əvvəllər əldə olunmuş bilik və vərdişləri yeniləmək tələb olunur. Yenidən universitetdə oxumaq əksər adamlar, xüsusilə də ölkənin rayonlarından olan şəxslər üçün, demək olar ki, qeyri-mümkündür. Bu baxımdan, bir sıra xarici ölkələrdə səmərəli həyata keçildiyi kimi, bilik və vərdişlərin yeniləşdirilməsində yaranan ehtiyacı ödəmək üçün Bölgə Kollecinin resurslarından istifadə etmək olar. Orada, fasiləsiz təhsil sahəsində Bölgə Kolleci əsas amillərdən birinə çevrilir. Onların bazası əsasında istənilən yaşda olan in­sanlar istər sərbəst dinləyicilər formasında, istərsə də xüsusi peşəkar treninqlər və ya ümumi təhsil kursu formasında yeni ixtisaslar əldə edirlər.

Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi prosesinin cari mərhələsində ali təhsil almaq imkanlarının (xüsusilə də ucqar ərazilərdə) genişləndirilməsi üçün arzuolunan vari-ant ən yaxşı dünya təcrübəsi üzərində əsaslanmış ikiillik bölgə kolleclərinin yara-dılması variantıdır. Bu məqsədə çatmaq naminə, Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti Bölgə Kollecinin Azərbaycan şəraitinə uyğunlaşdırılmış işçi modelinin hazırlanması üçün öz səylərini Alyans çərçivəsində birləşdirməyi qərar almışlar. Bu universitetlər müvafiq ikiillik kolleclə əlaqəsi olan universitetlər rolunda çıxış etməyə razıdırlar.

Bölgə Kollecinin yerləşdirilməsi üçün müvafiq olan ilk rayonlardan biri Qazax rayonu ola bilər. O, Bakıdan uzaqda yerləşən rayonlar sırasına daxildir (Bakıdan Qazağa olan məsafə 470 km-dir). Rayonun ərazisi 700 kv. km-dir. Rayon əhalisinin sayı 89000 nəfərdən çoxdur. Rayonun mərkəzi olan Qazax şəhərində 20 minə yaxın əhali yaşayır. 2010-cu ildə rayonda orta əməkhaqqı 250 ABŞ dolları təşkil etmişdi.

Bölgə Kollecinin yerləşməsi üçün uyğun gələn digər rayonlar Qəbələ və ya Şamaxı, Qax və ya Zaqatala, Masallı və ya Lənkəran, Qusar və ya Xaçmaz, Şirvan, Mingəçevir və Şəki rayonlarıdır.

Bölgə Kolleci modelinin reallaşmasının ən səmərəli variantı sosial baxım-dan əhəmiyyət kəsb edən dörd tərətln tərəfdaşlığı əsasında mümkündür. Bölgə Kollecləri yaratmaq üçün birləşmiş üç universitet Alyansı; dövlət (məsələn, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və idman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, işgüzar dairələr (ilk növbədə yerli müəssisələr, həmçinin özəl investorlar), yerli hakimiyyət orqanları (icra hakimiyyəti və bələdiyyələr).
§2. Bölgə Kolleci kompleksinin/ klasterinin əsas komponentlərinin (tərkib hissələrinin) təsvirinin mümkün variantı
Güman edilir ki, coğrafi baxımdan kompleksin/klasterin ərazisi rayon mərkəzinə yaxın olmalıdır. Bütün tikililər yerli şərait nəzərə alınmaqla seysmik baxımdan dayanıqlı olmalıdır. Kompleksin/ klasterin tikililəri su, qaz, işıq və kanalizasiya, həmçinin digər kommunikasiya strukturları ilə (yollar, avtomobillər üçün dayanacaqlarla...) təchiz olunmalıdır.

Kompleksin/klasterin iki əsas tərkib hissəsi:

A) Bütövlükdə (yardımçı tikililəri ilə birlikdə) Bölgə Kolleci müvafiq
sahəli ərazidə yerləşdirilə və 1000-1200 tələbənin təhsil ala bilməsi üçün layihələşdirilə bilər.

Məsələn, bir model olaraq Bölgə Kolleci altı fakültədən ibarətdirsə, müvafiq qaydada altı bina ilə təmin olunacaqdır; yeddinci binada kollecin idarəetmə heyəti, kitabxana, idman zalı və sair yerləşəcəkdir. Səkkizinci bina müxtəlif məqsədlər üçün istifadə olunacaqdır. Orada Bölgə Kollecinin ezam olunan təlimçi mütəxəssisləri və müəllimləri üçün qonaq evi və tələbələr üçün yataqxana yerləşəcəkdir. Həmin binada yeməkxana ilə yanaşı, içərisində kitablar, dəftərxana ləvazimatları və gündəlik qida məhsulları satılan kiçik mağaza da yerləşəcəkdir. Binanın zirzəmisi qaraj, anbar, camaşırxana, kimyəvi təmizləmə məqsədləri üçün uyğunlaşdırılacaqdır. Bölgə Kollecinin ərazisində idman meydançaları və avtomobil dayanacağı tikiləcəkdir.


Bölgə Kollecinin ilk fakültələri aşağıdakılar ola bilər:

  • orta səviyyəli mütəxəssislər üçün aqrobiznes və menecment fakültəsi;

  • turizm, restoran və ticarət biznesi fakültəsi;

  • mühasibat və audit fakültəsi;

  • informasiya texnologiyaları fakültəsi;

  • kiçik və orta-səviyyəli tibbi işçilərin hazırlığı fakültəsi,

  • kollecin gələcək tələbələri üçün hazırlıq fakültəsi;

B) Bölgə kollecinin fəaliyyəti ilə bağlı olan aşağıdakı strukturlar (onlar addım-addım, vahid plana uyğun şəkildə yaradılacaq) bütün bölgənin inkişafına və onun rəqabət qabiliyyətinin artmasına imkan yaradacaqlar; onlar müvafiq sahəli ərazidə yerləşəcəklər.

Xəstəxana-poliklinika, burada kollecin orta-səviyyəli tibbi personal səviyyəsində təhsil alan tələbələri, yəni tibb bacıları, feldşer və texniklər təhsil alacaq və təcrübə keçəcəklər.

20-30 ədəd kiçik "start-up" (yəni "yeni yaradılmış") müəssisələrdən ibarət biznes-inkubator və biznes mərkəzi, kollecin tələbələri biznes-inkubatorda və biznes mərkəzində təcrübə keçə biləcəklər, biznes-inkubatorun və biznes mərkəzinin əməkdaşları və iş adamları kollecdə dərs deməyə cəlb olunacaqlar. Biznes inkubator kollecin fəaliyyətinin yenilikçi xarakterini təmin edəcəkdir.

40-50 otaqlı mehmanxana tipli hotel və müasir supermarket, burada tələbələr müvafiq ixtisaslar üzrə praktiki vərdişlər əldə edəcəklər.

100-150 işçi yeri olan, ekoloji cəhətdən təmiz aqrobiznes müəssisələri, burada kollecin tələbələri praktiki vərdişlər əldə edəcəklər.

Müasir kinoteatrlı əyləncə kompleksi.

Hazırlıq sinifləri olan innovasiya məktəbi, məktəbin proqramı kollecin spesifikasını nəzərə alacaqdır, burada kompyuter texnikası və xarici dillərin dərindən öyrənilməsi nəzərdə tutulur. Məktəbin nəzdində uşaq bağçası da fəaliyyət göstərəcəkdir.

Regional lider kimi ölkənin möhtəşəm iqtisadi nailiyyətləri və inkişafın artan dinamikası nəzərə alınmaqla, Bölgə Kollecinin kompleks/klaster strukturu çərçivəsində yaradılması güclü sosial-iqtisadi amil kimi Azərbaycanın rayonlarında gənclərin keyfiyyətli inkişafına müsbət təsir edəcəkdir.


Ədəbiyyat

Postiglione, G. "Community Colleges in China's Two Systems". Site original article: Community Colleges in China's Two Systems, in Rosalind Latiner Raby and Edward Valeau, Community College Models: Globalization and Higher Education Reform, Amsterdam, Springer Press, 2009.

Kong, X., & Gimmested, M. "A com-parative Study of US Community colle-ges and Counterpart Institutions in the Higher Education System of China." University of Northern Colorado. Presented at the 1998 Annual ASHE Conference, Miami, Florida. http://www.eric.ed.gov/ PDFS/ED427567.pdf

Boggs, G. "U.S. Community Colleges: A Gateway to Higher Education", November 2005. http://www.america.gov/ st/educ-english/2008/April/2008051821 4650SrenoD0.4170343.html

Sadirkhanov, R. "Two-year US institutions: a model to facilitate access to higher education in Azerbaijan", Journal of Azerbaijani Studies, vol.13, N°. 3, 2010, pp. 58 - 66.

Sadirkhanov, R. & Valiyev, A. "Azərbaycanda ali təhsil ala bilmək imkanlarının genişləndirilməsi, Analitik informasiya jurnalı Milli Məclis, May-İyun, 2011, pp. 62-65.

2010 FACT SHEET. American Asso-ciation of Community Colleges. http:// www.aaccnche.edu/AboutCC/Docu-ments/factsheet2010.pdf

Isaxanli, H. On Education System in Transition Economy. A View from Azerbaijan. Khazar University Press, 2006.

İsaxanlı, H. Müasir dünyada ali təhsil sistemində nələr baş verir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" necə olsa yaxşıdır. Xəzər Universitəsi Nəşriyyatı, 2008.

Isaxanli, H. On the Philosophy, History and Management of Quality in Education. Journal of Azerbaijani Studies, V.13, No 1-3, 2010, pp. 62-87; 52-64; 45-57.


Prof., Dr. Əhməd Vəliyev (Odlar Yurdu Universitetinin rektoru), Prof., Dr. Hamlet isaxanlı (Xəzər Universitetinin direktorlar və qəyyumlar şurasının sədri), Prof., Dr. Mirdaməd Sadıqov (Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru). Prof., Dr. Ruslan Sədirxanov (Odlar Yurdu Universitetinin prorektoru, Təhsil Nazirliyinin Ali Təhsildə Keyfıyyətin Təminatı üzrə Milli Müşaviri) və Prof., Dr. Məhəmməd Nuriyev (Xəzər Universitetinin prorektoru). Məqalənin əsas hissəsi ABŞ, Çin, Hindis-tan, Braziliya və Vyetnam kimi bir sıra ölkələrin uğurlu təcrübəsi əsasında Bölgə Kolleci (Community College) modelinin Azərbaycanın rayonları (bölgələri) üçün hazırlanması, uyğunlaşdırılması və həyata keçirilməsidir. Azərbaycanın xüsusiyyətləri nəzərə alınmaqla, məqalə, ali təhsil almaq imkanlarının genişləndirilməsi və onun mərkəzsizləşdirilməsi, təhsil xidmətlərinin keyfiyyətinin və çeşidinin artırılması, həmçinin ölkənin bölgələrində daha yüksək rəqabət qabiliyyətinə nail olunması üçün praktiki tədbirlərin görülməsinə köməklik göstərmək məqsədi güdür.

Əsas terminlər: ali təhsil, Bölgə Kolleci, təhsil xidmətlərinin keyfiyyətinin və çeşidinin artırılması, ali təhsil almaq imkanlarının genişləndirilməsi və onun mərkəzsizləşdirilməsi.


Prof., Dr. Ahmad VALIYEV (Rector of OdlarYurdu University), Prof., Dr. Hamlet ISAKHANLI (Chairman of the Board of Directors and Trustees of Khazar University),

Prof., Dr. Mirdamad SADIGOV (Rector of Azerbaijan State Agricultural University), Prof., Dr. Ruslan SADIRKHANOV (Vice-Rector of Odlar Yurdu University, the National Adviser for Higher Education Quality Assurance of the Ministry of Education of Azerbaijan), Prof., Dr. Magomed NURIYEV (Vice-Chancellor of Khazar University). The main part of the presented article is development, adaptation and implementation of a community college model for the regions of Azerbaijan on the basis of successful experience of a number of countries such as, the United States of America, China, India, Brazil and Vietnam.



The article aims to contribute to the devel-opment of practical measures designed to expand access to higher education and its decentralization, taking into account the peculiarities of Azerbaijan, to enhance the quality and diversity of educational services, as well as to achieve greater competitiveness in the regions of the country.
Проф., доктор наук Ахмед Валиев (ректор Университета Одлар Юрду), проф., доктор наук Гамлет Исаханлы (Председатель Совета директоров и попечителей Университета Хазар), проф., доктор наук Мирдамед Садыгов (ректор Азербайджанского Государственного Аграрного Университета), проф., доктор наук Руслан Садырханов (проректор Университета Одлар Юрду, Национальный Советник Министерства Образования по вопросам обеспечения качества в высшем образовании), проф., доктор наук Магомед Нуриев (проректор Университета Хазар). Основная часть статьи представляет собой разработку, адаптацию и реализацию модели комьюнити колледж для регионов/районов Азербайджана на основе успешного опыта таких стран, как США, Китай, Индия, Бразилия, Вьетнам. Проект призван способствовать созданию практических мер для расширения доступности высшего образования и его децентрализации с учетом особенностей Азербайджана, усилению качества и разнообразия образовательных услуг, а также достижения большей конкуренто­способности в регионах/ районах страны.



Yüklə 75,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin