Əsas səbəbləri[redaktə | əsas redaktə]
Qiymətlərin ümumi səviyyəsinin enməsi ümumi tələb çatışmazlığından irəli gəlir və bunun nəticəsində firmalar istehsal gücünü azaldaraq tələbin daha da aşağı düşməsinə səbəb olan işçilərin ixtisarını aparır. Bir tərəfdən istehlakçılar qiymətlərin düşməsiylə bağlı mövcud tələblərini də gecikdirir; digər tərəfdən isə artan işsizlik az olan tələbi daha da azaldaraq iqtisadiyyatın ortasında qara dəliyi xatırladan deflasiya prosesinin hər şeyi udmasına və iqtisadiyyatın durğunluq həddinə gəlib çıxmasına səbəb olur.
Klassik kapitalist nəzəriyyələri sistemin öz-özünü təmir edəcəyinə, qiymət və işçi maaşlarının elastik olduğuna inanır. Ancaq bunun praktikada özünü doğrultmaması kapitalist anlayışın digər modelinə, yəni ictimai xərcləri artıraraq tələbi dəstəkləməyə çağıran Keyns nəzəriyyəsinə üstünlük verildi. Həyata keçirilən təcrübələr müəyyən nəticə versə də, ictimai xərcləri faizli pul ilə artırma prosesi ölkələri inflyasiyaya və borc bataqlığına saldı. Çünki faizlə götürülən borc pul ilə sərf edilən xərclərin qaytarılması üçün hökumətlər vergiləri artırmaq və orta vədəli həm cari, həm də sosial xərcləri azaltmaq məcburiyyətində qaldılar.
Bir tərəfdən yüksələn vergilər istehsal xərclərini artırarkən, digər tərəfdən həm ictimaiyyətin orta vədəli xərclərini məhdudlaşdırma məcburiyyətində qalınması, həm də vergilərlə bazardan pulun yığılması yerli əhalinin tələbatını azaltdı.
Nəticədə qısa vədədə bir qədər faydalı görünən Keyns metodu orta və uzun vədədə, həm məsrəf inflyasiyasına, həm də tələbin azalmasına səbəb oldu. Beləliklə, dünya iqtisadiyyatı həm işsizlik, həm də inflyasiya adlanan yeni bir xəstəliklə – yəni staqflasiya ilə üzləşdi.
Deflasiya ilə aparılan mübarizədə xəstəliyin səbəbləri müəyyən edilmədiyi üçün verilən reseptlər bir növ yalnız ağrıkəsici rolunu oynamışdır. Xəstəlik davam etdi, sadəcə təsiri bir qədər azaldıldı. Çünki xəstəlik yerli əhalinin istehlak qabiliyyətini itirməsiylə bağlı olduğu halda, bu çatışmazlığın faizli pul ilə ödənilən ictimai xərclər vasitəsilə aradan qaldırılmasına səy göstərildi. Tələbi artırmaq məqsədilə istifadə edilən faizli pulun geri ödənilməsi orta müddətdə həm ictimai xərclərin məhdudlaşmasına, həm də vergi dərəcələrinin artırılmasına səbəb oldu.
Deflasiyadan çıxmaq üçün nə etməli sualına və indiyə qədər tətbiq olunan siyasətlərin niyə səhv və yaxud əskik olduğuna cavab tapmamışdan əvvəl gəlin daha vacib bir suala cavab axtaraq: iqtisadiyyat niyə deflasiyaya məruz qalır? İndiyədək bütün məşhur iqtisadi modellərin cavab tapa bilmədiyi bu sualı belə də qoya bilərik: inkişaf etməkdə olan iqtisadi güclər niyə bir müddətdən sonra durğunluğa qapılaraq davamlı inkişaf prosesindən kənarda qalırlar? Çünki iqtisadiyyatda arabir meydana gələn bu durğunluq dövrləriylə deflasiya xəstəliyinin kökü birdir.
Əvvəllər inkişaf etmiş ölkələrdə meydana gələn bu problem hal-hazırda başlıca xəstəlik kimi ölkəmiz başda olmaqla təxminən dünyanın hər yerində iqtisadiyyat üçün təhlükə yaradır. Belə olan halda yəqin ki bu xəstəliyi müalicə etmədən öncə onun səbəblərini müəyyən etmək lazımdır.
Hər təklifin öz tələbini formalaşdırması fikri böyük bir səhvdir. Əgər inkişaf edən bir iqtisadiyyata maliksinizsə bu inkişafı təmin edən istehlak həcmini istehsaldan əldə olunan gəlirlə təmin etmək mümkün deyil. Hər dövrdə bu inkişafa müqabil çatışmayan istehlak həcminin emissiya ilə tarazlanması zəruridir.
Bu əsas şərti gerçəkləşdirməyən ölkələr inkişafın müəyyən bir mərhələsinə çatandan sonra hər il inkişafla birlikdə sürətlə artan tələb çatışmamazlığı problemiylə də qarşılaşır və nəticədə bu proses iqtisadiyyatı öz daxilindən çökdürür. Bu vəziyyəti bədəni inkişaf edən bir insanın sümükləri kifayət qədər bərkimədiyi üçün ayaq üstündə dura bilməməsinə bənzədə bilərik.
Dostları ilə paylaş: |